Məhkəmə qərarları › İş №e-2(008)-7634/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7634/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7634/2025 26.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 482,60 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı olmaqla cəmi 514,80 (beş yüz on dörd manat 80 qəpik) manat məbəğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) İddiaçı (Sunny Electronics) mağazası (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh) arasında bağlanmış 28 noyabr 2013-cü il tarixli, 12365 saylı alqı-satqı müqaviləsinə əsasən borcluya 1500 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 05 ay, 05 gün müddətinə hissə-hissə ödənilməsilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdeh(lər) müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdılar. Daha sonra gecikdirilmiş borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5746/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Cavabdeh1 və Cavabdeh2 cəmi 1221 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 07 il, 11 ay, yəni (95 ay) müddətində xx.xx.2022-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdeh(lər) qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı, öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin, cavabdeh(lərin) məhkəmə qərarı üzrə öhdəliyinizi icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 1221 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (1221 azn x 0,05 % = 61,05 azn / 12 ay = 5,08 azn x 95 ay = 482,60 azn) təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdeh(lərə) rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdeh(lər) icra etməmişlər (ödəməmişlər). İddiaya etiraz: MPM-nin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Mülki işin materialları: -Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5746/2014 saylı, xx.xx.2014-cu il tarixli məhkəmə əmrindən görünür ki, borclular Cavabdeh1 və Cavabdeh2 cəmi 1221 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdir. -Sunny Electronics mağazası tərəfindən təqdim olunan xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə ərizədən görünür ki, borc borclular Cavabdeh1 və Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarı: “... faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. .... Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5746/2014 saylı, xx.xx.2014-cu il tarixli məhkəmə əmrinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 cəmi 1221 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi əmr edilmişdir. Həmin əmr üzrə borclular xx.xx.2022-ci il tarixdə öhdəliyi icra etdiklərindən icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı isə məhkəmə qətnaməsinin gec icra olunması nəticəsində əldən çıxmış faydanın ödənilməsini tələb edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və müqavilə lazımınca icra edilmədiyindən məhkəmə əmri ilə məcburi icraya yönəldilmişdir. Göründüyü kimi, müqavilə üzrə cavabdehlər müqavilə şərtlərini pozmuşlar və bununla da iddiaçının maraq və mənafelərinə xələl gətirmişlər. Azərbaycan Respublikasının mülki qanunvericiliyi “servanda sunt pacta” prinsipini rəhbər tutuaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsində “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəsli təsbit etmişdir. Həmin fəsildə yerləşən MM-nin 449.1-ci maddəsi özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplamaqla faydalanmaqla bağlı maliyyə sanksiyası kimi faiz ödənilməsini nəzərdə tutumuşdur. Mülki qanunvericilikdə faydalanmanın anlayışı göstərilməsə də, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarda verilmiş anlayışa əsasən faydalanma yuxarıda qeyd olunan 4 hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırılması zamanı aşkar edilmişdir ki, məhkəmə əmri xx.xx.2014-cu il tarixində qəbul edilmiş, məhkəmə qərarı isə xx.xx.2022-ci il tarixində icra edilmişdir, yəni qərarın qəbul edilməsindən 95 ay sonra icra edilmişdir. Göründüyü kimi, cavabdehlər iddiaçıya məxsus olan pul vəsaitini 95 ay müddətinə qanunsuz saxlamaqla, aşkardır ki, həmin zaman kəsiyi ərzində ondan faydalanmışlar və məhkəmə hesab edir ki, iddiaçı iddia qaldırmağa haqlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə iddia tələbi təmin olunduğundan hesab edir ki, iddiaçının iddia qaldırmaq üçün ödədiyi 57.5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh2 hesablanan 482,60 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı olmaqla cəmi 514,80 (beş yüz on dörd manat 80 qəpik) manat məbəğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar