Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-848/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X5, İlk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil1, İlk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən, qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin cavabdehin hesabına sökülməsi tələbinə dair ilk iddia, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı İddiaçı Cavabdeh məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən ona məxsus 0,03 ha torpaq sahəsindən, qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin cavabdehin hesabına sökülməsi və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən torpq sahəsinin 19.04.2018-ci il tarixdən mülkiyyətçisidir. Cavabdeh həmin torpaq sahəsi üzərində 50 kv. m sahəni zəbt edən, iddiaçıya aid olmayan qanunsuz tikili inşa etmiş və qeyri-yaşayış sahəsi kimi istifadə edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək X7 ilə İddiaçı arasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin satılmasına dair bağlanmış 07.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin torpaq sahəsinə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 0,01 ha torpaq sahəsi ona məxsusdur, 2010-cu ildən həmin sahənin mülkiyyətçisidir. İddiaçı oranı qanunsuz özəlləşdirmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək qeyd etdi ki, cavabeh həmin 3 sotun 1 sotunu Ağayev Canbulatdan etibarnamə əsasında almışdır. Canbulat iddiaçıya əslində 2 sotu satmışdır. Nəyin əsasında iddiaçı gedib 3 sota dair Çıxarış alıb bəlli deyil. Bundan başqa, həmin torpaq satılan zaman Canbulat evli olmasına baxmayaraq, subay olması barədə ərizə yazmış və onun arvadının razılığı alınmamışdır. Odur ki, məhkəmədən ilk iddia tələbnin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməldir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 sot torpaq sahəsi X3 mülkiyyətində olmuşdur (Torpaq Komitəsi tərəfindən verilmiş JN seriyalı, 28185D №-li, 21.02.2006-cı il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhdətnamə, DƏDRX tərəfindən verilmiş ******* №-li, 29.06.2011-ci il tarixli Çıxarış). Ağayev Canbulat 08.10.2010-cu il tarixdə həmin torpağın 0,01 ha hissəsinə dair Torpaq Komitəsi tərəfindən verilmiş JN seriyalı, 28185D №-li, 21.02.2006-cı il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhdətnaməyə əsasən 50 il müddətinə Cavabdeh etibarnamə vermiş, bu zaman Ağayev Canbulatın arvadı 0,12 ha torpağın 0,01 ha hissəsinin satıılmasına razılıq vermişdir. Cavabdeh həmin 0,01 ha torpaq hissəsini satın almış hesab etmiş və onun üzərində qeyri-yaşayış sahəsi inşa etdirmişdir. X4 mülkiyyətində olan torpağın yarısını DƏDRX tərəfindən verilmiş ******* №-li, 29.06.2011-ci il tarixli Çıxarış əsasında 03.11.2011-ci il tarixdə satmış, yarısını öz mülkiyyətində saxlamışdır. Belə ki, həmin 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsini Ağayev X1, 0,03 ha hissəsini Əliyev Vüsal Əli oğluna satmış, 0,06 ha hissəsi özünün mülkiyyətində qalmışdır (15 saylı notariat kontorunda təsdiqlənmiş AN-İ seriyalı ******* №-li, 03.11.2011-ci il tarixli alqı-satqı müqaviləsi). X7 isə ona məxsus 0,03 ha torpaq sahəsini 07.04.2018-ci il tarixdə 14 saylı notariat kontorunda təsdiqlənmiş AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi əsasında hazırki iş üzrə İddiaçı satmışdır. Hazırda həmin 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir (DƏDRX tərəfindən verilmiş ******* №-li, 19.04.2018-ci il tarixli Çıxarış). Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli torpağa baxış keçirilmişdir. Məhkəmə müəyyən etmişdir, mübahisəli torpağın üzərində idiaçıya məxsus ev var, küçə ilə sərhəd hissəsində cavabdehə məxsus qeyri-yaşıyış sahəsi. Adıçəkilən qeyri-yaşıyış sahəsinə dair cavabdehdə hər hansı bir sənəd möcud olmamışdır. Cavabdeh satın aldığını iddia etdiyi 0,01 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olan 0,03 ha hissəsinin ərazi hüdudlarında yerləşməsi işin mübahisəsiz halıdır. Hazıra ilk iddia üzrə iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsindən, qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasını, qeyri-yaşayış sahəsinin cavabdehin hesabına sökülməsini istəyir. Məhkəmə aşağıda qeyd olunan hüquqi əsaslara görə ilk iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Qeyd edildiyi kimi, iddiaçının mülkiyyətində olan 0,03 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və həmin reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh 08.10.2010-cu il tarixdə adına verilən etibarnamə əsasında həmin torpağa dair sərəncam vermək imkanı olmuş, lakin o, bunu etməmişdir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edildiyi kimi, sökülməsi tələb edilən qeyri-yaşayış sahəsi başqasının mülkiyyətində olan torpaq sahəsində və lazımi icazələr olmadan inşa edilmişdir. Odur ki, həmin tikili cavabdehin hesabına sökülməlidir. Məhkəmə aşağıdakı hüquqi əsasları görə qarşılıqlı iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Ağayev Canbulat 0,03 ha torpaq sahəsini X6 03.11.2011-ci il tarixdə satarkən notariat kontorunda nikahının olmaması və subay olması, gələcəkdə bununla əlaqədar hər hansı bir anlaşılmazlığın olduğu təqdirdə bütün məsuliyyətin öz üzərinə götürməsi barədə ərizə vermişdir (notariat kontorundan təqdim edilən alqı-satqıya dair qovluq). Lakin, o, 2007-ci ildə evlənmişdir (307199 №-li nikah haqqında Şəhadətnamə). Məhkəmə Ağayev Canbulatın torpağı satan zaman evli olub-olmamasını araşdırmamışdır. Belə ki, məhkəmə hesab edir ki, müqavilənin bu əsasdan etibarsızlığı barədə iddia qaldırmağa Cavabdeh subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən və qeyri-yaşayış sahəsindən çıxarılsın, qeyri-yaşayış sahəsi cavabdehin hesabına sökülsün. Ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-848/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-848/2021
27.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver