Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1017/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin xx.xx.2023cü il tarixli, A23-132 nömrəli əmrində dəyişiklik edilməsini və əmək müqaviləsinin ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2005-ci il tarixli əmək müqaviləsi əsasında müəssisədə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. 2005-ci ildən 2023-cü il tarixədək fasiləsiz və qüsursuz olaraq həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş yükünün çoxluğu və əmək şəraitinin ağırlığı səbəbindən işdən ayrılmaq qərarına gəlmiş və başqa iş axtarmağa başlamışdı. Belə ki, xx.xx.2023-cü il tarixdə “Akademik M.Mirqasımov adına Respublika klinik xəstəxanası” X7 əmək müqaviləsi bağlayaraq həmin müəssisədə böyük tibb bacısı vəzifəsinə işə düzəlmişdir. Cavabdeh MMC-də işdən çıxma məsələlərini həll etmək üçün “Akademik M.Mirqasımov adına Respublika klinik xəstəxanası” X7 müqavilə bağlayarkən həmin müqaviləni xx.xx.2023-cü il tarixi üçün bağlamışdılar. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə gedərək ərizə yazdı və yeni işə düzələcəyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xitam verilməsini xahiş etmişdi. Həmçinin, “Akademik M.Mirqasımov adına Respublika klinik xəstəxanası” X7 bağlanmış əmək müqaviləsinin surətini Kadrlar şöbəsinin müdirinə şəxsən təqdim etmişdir. Əməliyyatxana şöbəsinin müdiri Asəf Məmmədov bu haldan çox əsəbiləşdi və onun istifadəsində olan bütün əmək alətlərini (ləvazimatları, avadanlıqları) səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə şöbənin əməkdaşı Təranə Hüseynovaya təhvil verməyi tapşırdı. Bundan sonra həmin gün şöbə əməkdaşı Ülkər Məmmədova ona zəng edərək bildirdi ki, həmin şöbənin əməkdaşı Təranə Hüseynova (kiminlə ki, təhvil-təslim etməli idi) işdə olmayacaq və xx.xx.2023-cü il tarixdə gəlməyini bildirdi. O da xx.xx.2023-cü il tarixdə təhvil-təslim etmək üçün iş yerinə getdi. Ülkər Məmmədovanın dediyi tarixdə o iş yerinə getdikdə cavabdeh müəssisənin kadrlar şöbəsinin müdiri Nikbin Yusubovun təkidi əsasında müəssisənin baş tibb bacısı İlhamə Babayeva işlərin çoxluğu ilə əlaqədar ona bir ay daha qalıb həmin müəssisədə işləməyini və onlara kömək etməyini istədi. O bununla razılaşaraq, həmin tarixdən xx.xx.2023-cü il tarixədək müəssisədə işlədi. xx.xx.2023-cü il tarixdə isə onu müəssisədə işdən çıxarılma əmri ilə tanış etdilər. Belə ki, Cavabdeh MMCnin xx.xx.2023-cü il tarixli, A23-132 nömrəli əmri ilə onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddənin “a” bəndinə əsasən, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə) əsasən xitam verilmişdir. Hesab edir ki, cavabdeh müəssisə başqa yerdə işə düzəlməyini qəbul etməyərək ondan intiqam almaq qərarına gəlmiş, əlavə olaraq bir ay işlətdikdən sonra qərəzli olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırkı halda, onun Əmək Məcəlləsinin 71-ci maddəsində göstərilən heç bir hal mövcud deyil. Belə ki, əmək funksiyalarımı və vəzifə borcunu (öhdəliklərimi) mütəmadi olaraq yerinə yetirmişdir. Eləcə də onun hər hansı bir əməli nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış, həmçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Odur ki, Cavabdeh MMC-nin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, A23- 132 nömrəli əmrində dəyişiklik edilməsi və müqaviləyə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin qeyd edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında izahatı alınmış İddiaçı izahatında iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili Vəkil izahatında bildirmişdir ki, qarşı tərəf həmin gün işin və xidmətin ahənginin pozulmasını sübut edən heç bir sənəd, mötəbər sübut təqdim etməmişdir, İddiaçı həmin gün üzrsüz səbəbdən gəlməməsi əsassızdır. X4 tənzimləyən Komissiyanın statusu, Həmkarlar İttifaqı Komitəsinin Nizamnaməsinin, iclas protokolunun təqdim edilməməsi, həmçinin İdarə Heyətinin belə bir səlahiyyətinin olub-olmaması da şübhə doğurur. Bütün bunları nəzərə alaraq qanunsuz və əsassız əmrə dəyişiklik edilməli, işçinin işdən çıxma əsasları 69-cu maddə ilə əvəz edilməlidir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddiaçı Klinikada həmin gün əməliyyat olacağını bilə-bilə işə gəlməmiş, onu əvəz edən işci olmamış və işçinin bu əməli Klinikanın nüfüzunu şübhə altına salmışdır. İşçi 1 iş günü ərzində heç bir üzrsüz səbəb olmadan işə gəlməyərsə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilə bilər. Həmçinin iş materiallarından da aydın olur ki, işçi heç bir üzrsüz səbəb olmadan həmin gün işə gəlməmiş və bu səbəbdən də işci işdən azad edilmişdir. Bunları nəzərə alaraq iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı X2 İİ dərəcəli stajor tibb bacısı vəzifəsinə işə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, A23-132 saylı əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə işdən azad edilmişdir. Əsas: Tibb bacısı İddiaçı işə gəlməməsi barədə xx.xx.2023-cü il tarixli Akt, Kadr məsələlərinin tənzimlənməsi üzrə komissiyanın qərarı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli qərarından çıxarış qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə başqa müəssisədə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2005ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Mərkəzi Klinika” MMC-nin xx.xx.2023-cü il tarixli, A23-132 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə işdən azad edilmişdir. Əsas: Tibb bacısı İddiaçı işə gəlməməsi barədə xx.xx.2023-cü il tarixli Akt, Kadr məsələlərinin tənzimlənməsi üzrə komissiyanın qərarı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli qərarından çıxarış qeyd edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı həmin əmrə dəyişiklik edilməsini və əmək müqaviləsinin ləğv edilməsi əsası kimi Əmək Məcəlləsinin 69-cu maddəsinin qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənini 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilənlər əmrin etibarsızlığı və ləğvi üçün əsas ola bilər, seçim hüququ işəgötürənə aid olduğundan işəgötürənin üzərinə əmrə dəyişiklik edilməsi vəzifəsi qoyula bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1017/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1017/2023
08.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver