Məhkəmə qərarları › İş №e-2(009)-102/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-102/2025

11.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-102/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh «X3 Eksport LTD» MMC-yə qarşı son haqq-hesabının və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh «X3 Eksport LTD» MMC-yə qarşı son haqq-hesabının və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2011-ci il tarixindən “X3 Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində satış meneceri vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixində öz ərizəsi əsasında onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, satış meneceri vəzifəsində işə qəbul edilsə də, işəgötürənin tələbi ilə iki fərqli iş icra etmişdir. Belə ki, o, satış meneceri vəzifəsindən əlavə, “X3 Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “Hyundai HD 72” markalı, H 024 598 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü kimi işlədilmiş, işlədiyi müddət ərzində, yəni 2011-2024-cü il tarixlərində işəgötürənin istəyi ilə əmək məzuniyyətlərindən istifadə etməmişdir. MMC-nin əməkdaşı olduğu vaxtlarda onun əməyinin ödənilməsi düzgün formada həyata keçirilməmiş, əmək qanunvericiliyinin normaları işəgötürən tərəfindən dəfələrlə pozulmuşdur. Belə ki, onun işlədiyi müddət ərzində 2023-cü ilin dekabr ayı üçün hesablanmış əmək haqqı xx.xx.2024-cü il tarixində ödənilmiş, 2024-cü ilin yanvar ayındakı əmək fəaliyyəti üçün hesablanmış əmək haqqı isə iyun ayında qismən ödənilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilsə də bununla əlaqədar son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin) ona ödənilməmişdir. Əmək qanunvericiliyinə əsasən son haqqhesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr hesab edilir. Bildirir ki, o, əmək qanunvericiliyi ilə müəyyən edilmiş, haqqı çatan müvafiq məbləğdə ödənişin ona ödənilməsi tələbi ilə dəfələrlə işəgötürənə müraciət etmiş, lakin həmin müraciətləri nəticəsiz qalmışdır. Yekunda, onun xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar 2011-2024-cü il tarixlərində istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabının hesablanıb tam formada ödənilməsi və əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz məbləğində əlavə ödəncin verilməsi tələbi ilə YA0245/2024 nömrəli pretenziya məktubu ilə “X3 Eksport LTD” MMC-yə müraciət edilmiş, lakin MMC tərəfindən hər hansı hərəkətlilik göstərilməmişdir. Qeyd edilənlər məsələnin məhkəmə qaydasında həll edilməsinin zəruri olduğunu təsdiq edir. Hesab edir ki, onun xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqqhesabının hesablanaraq tam formada ödənilməsi və əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz məbləğində əlavə ödəncin verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin) tam formada ödənilməsi öhdəliyinin “X3 Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hesablamaların dəqiqləşdirilməsi zərurəti olduğundan, işçinin əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin cavabdehdən tutulması iddia ərizəsində göstərilməmişdir. Hazırda qeyd edilən məbləğlərin cavabdehdən tələb edilməsi, bu səbəbdən iddia tələbinin həcminin artırılması zəruridir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin, əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin) tam formada ödənilməsi öhdəliyinin “X3 Eksport LTD” MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı həcmi artırılmış iddianı tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, cavabdeh təşkilatda 2011-ci ildən satış təmsilçisi vəzifəsində işləmiş, malı depodan götürüb satış məntəqəsinə təqdim etmişdir. 2011-ci ildən 2024-cü ilə qədər qeyri-iş günlərini işləmişdir. Belə ki, məhkəməyə təqdim etdiyi ərizədə illər üzrə işlədiyi qeyri-iş günlərinə dair geniş məlumat vermişdir. 2011-ci ildə 10, 2012-ci ildə -13, 2013-cü ildə - 14, 2015-ci ildə - 13, 2016-cı ildə - 14, 2017-ci ildə - 12, 2018-ci ildə - 12, 2019-cu ildə - 13, 2020-ci ildə - 15, 2021-ci ildə - 14, 2022-ci ildə - 16, 2023cü ildə - 15, 2024-cü ildə - 10 qeyri-iş günlərində, cəmi bu illər ərizində 186 gün istirahət günü olmaqla işləmiş və gündəlik tarif maaşının 26,41 manat, onun iki qatının 52,82 manat olmasını nəzərə alınmaqla həmin müddət üçün ödənilməyən əmək haqqı məbləği 9.824,52 manat təşkil edir. Həmin illərdə qeyri-iş günləri işləməsini həmin günlərdə tərtib edilmiş qaimələr və həmin illər üçün işəgötürənin qeyri-iş günlərinə dair qəbul edilmiş əmri təsdiq edir. İddiaçı cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirərək göstərmişdir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən o, işdən azad olunduğu tarixdə son haqq-hesabı hesablanarkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr ödənməli idi. O, öz xahişi ilə işdən azad olunmuş, lakin ona tələbində qeyd etdiyi məbləğlər ödənilməmişdir. Ona görə də cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsassızdır. İddiaçı eyni zamanda göstərmişdir ki, hər il işçilərin hansı gün qeyri-iş günləri olması barədə direktorun lövhədə qeyd olunmuş və işçilər yalnız həmin günləri qeyri-iş günü kimi istifadə etmişlər. İş vaxtı isə saat 09.00-dan 18.00-dək olmuşdur, sərbəst iş qrafiki olmamışdır. Həmin günlər təkcə ofis işçilərinə aid olmamışdır. Qaldırdığı iddianı tam həcmdə əsaslı hesab edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən 2011-2024-cü illər üzrə iddiaçı əmək məzuniyyətindən istifadə etməmişdir. Hətta onlar həmin illər üzrə ödənilməyən məbləğin 6772 manat olması barədə arayış da təqdim ediblər. Onların bu məbləği ekspert tərəfindən təsdiq olunub. İddiaçı isə bonus aldığı üçün məzuniyyət hüququndan istifadə etməyib. Ekspeditorlar sərbəst iş rejimində işləmişlər. İddiaçının əmək münasibətində olduğu 2011-2024-cü illər üzrə qeyri-iş günlərində işləməsi işəgötürənin əmri ilə rəsmiləşdirməmişdir. Yəni hətta qeyri-iş günləri malın verilməsi işçinin öz təşəbbüsü ilə baş vermişdir. İşəgötürənin bununla bağlı hər hansı göstərişi olmamışdır. Cədvəldə qeyd edilən qeyri-iş günləri isə yanız ofis işçilərinə aid olmuşdur, ekspeditorlara yox. Digər tərəfdən iddiaçının vəzifəsi malların ünvanlara çatdırılması ilə bağlıdır. Bu vəzifənin icrası ilə əlaqədar ona avtomaşın təhkim edilmişdir. Yəni vəzifəsinin icrası ilə bağlı avtomaşın idarə edib satış məntəqələrinə malın verilməsi sürücü kimi vəzifənin icrasını da həyata keçirilməsi demək deyil. Bununla belə iddiaçı qanunda nəzərdə tutulan 1 illik iddia müddətini ötürmüşdür. Ona görə də hesab edir ki, iddiaçının tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar əsassızdır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, «X3 Eksport LTD» MMC-də 2005-ci ildən 2023-cü ilədək işləmişdir, Adillə iş yoldaşı olmuşdur. Hər il işçilər üçün qeyri-iş günləri ilə bağlı dəhlizdə lövhə asılmışdır və işçilər həmin lövhədə göstərilən tarixlərdə evdə qalır, yerdə qalan günlərdə isə işləyirdilər. Əgər qeyri-iş günü şənbə və ya bazar gününə düşərdisə, növbəti həftənin birinci günü işə çıxmırdılar. Həmin qrafik Cəmiyyətin bütün işçilərinə aid idi. İş vaxtı saat 09.00-dan saat 18.00-dək idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, «X3 Eksport LTD» MMC-də 2009-cu ildən 2025-ci ilədək işləmişdir. Həqiqətən təsdiq edir ki, hər il üçün qeyri-iş günləri barədə məlumat lövhədə qeyd olunub və onlar həmin günlərdə işə çıxmamışlar. İş üzrə «X3 Eksport LTD» MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən «X3 Eksport LTD» MMC-yə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə «X3 Eksport LTD» MMC tərəfindən verilmiş xx.xx.2024-cü tarixli hesabat arayışının surətindən görünür ki, «X3 Eksport LTD» MMC-də çalışmış İddiaçı 2012-ci ildə 27 gün məzuniyyət müddəti üçün 180 manat (əmək haqqı),159,8 manat (məzuniyyət haqqı), 2013-cü ildə 29 gün məzuniyyət müddəti üçün 230 manat (əmək haqqı), 204,3 manat (məzuniyyət haqqı), 2014-cü ildə 29 gün məzuniyyət müddəti üçün 233,3 manat (əmək haqqı), 219,4 manat (məzuniyyət haqqı), 2015-ci ildə 36 gün məzuniyyət müddəti üçün 260 manat (əmək haqqı), 307,9 manat (məzuniyyət haqqı), 2016-cı ildə 36 gün məzuniyyət müddəti üçün 271,6 manat (əmək haqqı), 321,5 manat (məzuniyyət haqqı), 2017-ci ildə 36 gün məzuniyyət müddəti üçün 340 manat (əmək haqqı), 402,7 manat (məzuniyyət haqqı), 2018-ci ildə 36 gün məzuniyyət müddəti üçün 340 manat (əmək haqqı), 402,7 manat (məzuniyyət haqqı), 2019-cu ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), 2020-ci ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), 2021-ci ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), 2022-ci ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), 2023-cü ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), cəmi 6.772,3 manat təşkil etmişdir. İş üzrə «X3 Eksport LTD» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinə əsasən dövlət qulluqçusu İddiaçı «X3 Eksport LTD» MMC-nin satış üzrə menecer vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanılır. Dövlət qulluqçusuna hər ay 803 manat məbləğində dövlət məvacibi ödənilir. Dövlət məvacibi 803 manat məbləğində vəzifə maşından, 803 manat məbləğində aylıq vəzifə maaşının faizi miqdarında qulluq stajına görə əlavə haqdan ibarətdir. İş üzrə «X3 Eksport LTD» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamənin surətindən görünür ki, İddiaçı «X3 Eksport LTD» MMC-də mart 2011-ci ildən bu günə qədər satış üzrə menecer vəzifəsində işləyir. İşlədiyi müddət ərzində müəssisədə o, özünü bacarıqlı, ciddi əməkdaş kimi göstərmişdir. İntizamlıdır və öhdəsinə düşən vəzifəni lazımi səviyyədə dürüst yerinə yetirir. İşində heç bir qüsura yol verməmişdir. İddiaçı müəssisədə işlədiyi müddət ərzində zəhmətsevərliyi və gözəl insani keyfiyyətləri ilə kollektivin etimadını qazanmışdır. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2011-ci il tarixdə «X3 Eksport LTD» MMC-yə ekspeditor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2014-cü il tarixdə ekspeditor vəzifəsindən satış üzrə menecer vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İş üzrə «X3 Eksport LTD» MMC-nin xx.xx.2024-cü il tarixli 010 nömrəli əmrin surətindən görünür ki, «X3 Eksport LTD» MMC-də satış üzrə menecer vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 36 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. İş üzrə «X3 Eksport LTD» MMC-nin xx.xx.2024-cü il tarixli 010 nömrəli əmrin surətindən görünür ki, satış üzrə menecer İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xx.xx.2024-cü il tarixdən ləğv olunmuşdur.Əmrin əsası kimi ərizəsi göstərilmişdir. İş üzrə xxxxxxx0001X0 saylı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, «X3 Eksport LTD» MMC-nin 010 saylı, xx.xx.20204-cü il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə «X3 Eksport LTD» MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədk müəssisənin əməkdaşı olmuş İddiaçı bayram və qeyri-iş günlərində işə cəlb edilmə halları baş verməmişdir. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən «X3 Eksport LTD» MMC-yə ünvanlanmış pretenziyanın surətindən görünür ki, İddiaçı 2011-ci il tarixdən «X3 Eksport LTD» MMC-də satış meneceri vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdə öz ərizəsi əsasında onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, satış meneceri vəzifəsində işə qəbul edilsə də, iki iş icra etmişdir. «X3 Eksport LTD» MMC-nin balansında olan “Hyundai HD 72” markalı, H 024 598 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü kimi işlədilmişdir. İşlədiyi müddət ərzində yəni 2011-2024-cü il tarixlərində əmək məzuniyyətlərindən işəgötürənin istəyi ilə istifadə etməmişdir. MMC-nin əməkdaşı olduğu vaxtlarda onun əməyinin ödənilməsi düzgün formada həyata keçirilməmiş, əmək qanunvericiliyinin normaları dəfələrlə işəgötürən tərəfindən pozulmuşdur. Belə ki, İddiaçı işlədiyi müddət ərzində 2023-cü ilin dekabr ayı üçün hesablanmış əmək haqqı xx.xx.2024-cü il tarixində ödənilmiş, 2024-cü ilin yanvar ayındakı əmək fəaliyyəti üçün hesablanmış əmək haqqı isə iyun ayında qismən ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də, bununla əlaqədar son haqq-hesabı ona ödənilməmişdir. Əmək qanunvericiliyinə əsasən son haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr hesab edilir. Yuxarıda qeyd edilənləri və əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq İddiaçı xx.xx.2024-cü il tarixdə işdən çıxması ilə əlaqədar 2011-2024-cü illər üçün istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabın hesablanıb tam formada ödənilməsini və əmək haqqının gecikdirildiyi hər gün bir faiz məbləğində əlavə ödəncin verilməsini 3 gün ərzində təmin etməsini xahiş etmişdir. Əks halda hüquq və mənafelərin müdafiəsi və pul tələbinə dair iddia ərizəsi ilə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət ediləcəkdir. İş üzrə Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/6-01314 saylı arayışın surətindən görünür ki, işçinin son haqq-hesabı və digər ödənişlərin ödənilməsi tələbinə dair mübahisəsi üzrə İddiaçı və «X3 Eksport LTD» MMC-nin nümayəndəsi Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/925 saylı rəyinə əsasən: -1-ci sual üzrə: İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək «X3 Eksport LTD» MMC-də işlədiyi dövrdə istifadə edilməmiş əmək məzuniyyətinin məbləği iş materiallarında olan mühasibat arayışını nəzərə almaqla 2011-2013-cü illər üzrə 950,80 manat olmaqla ümumilikdə 7.723,10 manat təşkil etdiyi müəyyən edilir; -2-ci sual üzrə: iş materiallarında olan sənədlərə və təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 002 saylı, xx.xx.2023-cü il tarixli 003 saylı məktublara əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək «X3 Eksport LTD» MMC-də işlədiyi dövrdə Bayram və qeyri-iş günlərində işə çıxma və iş normasından artıq, gecə saatlarında işə cəlb edilmə hallarının olmadığı müəyyən edilir; -3-cü sual üzrə: İddiaçı əmək haqqının hər gecikdirilmiş gün üçün hesablanmış 1% ödəncin məbləğinin ümumilikdə 3402,19 manat təşkil etdiyi müəyyən edilir. İş üzrə «X3 Eksport LTD» MMC-nin baş direktor Qanuni nümayəndə tərəfindən imzalanmış məlumata əsasən 2023-cü il üçün qeyri-iş günləri: 20-21 mart – Novruz Bayramı, 21,22 aprel – Ramazan Bayramı, 28,29 iyun – Qurban Bayramı, 20 yanvar – X5, 2024-cü il üçün qeyri-iş günləri: 21,22,23 mart – Novruz Bayramı, 10,11 aprel – Ramazan Bayramı, 17 iyun – Qurban Bayramı, 20 yanvar – X5 kimi qeyd edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixdə «X3 Eksport LTD» MMC-yə ekspeditor vəzifəsində işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə ekspeditor vəzifəsindən satış üzrə menecer vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilib son haqq-hesab hesablanarkən işlədiyi illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi və qeyri-iş günləri işlədiyi günlər üzrə əmək haqqı ödənilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, satış meneceri vəzifəsində işə qəbul edilsə də, işəgötürənin tələbi ilə iki fərqli iş icra etmişdir. Belə ki, o, satış meneceri vəzifəsindən əlavə, “X3 Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “Hyundai HD 72” markalı, H 024 598 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü kimi işlədilmiş, işlədiyi müddət ərzində, yəni 2011-2024-cü il tarixlərində işəgötürənin istəyi ilə əmək məzuniyyətlərindən istifadə etməmişdir. MMC-nin əməkdaşı olduğu vaxtlarda onun əməyinin ödənilməsi düzgün formada həyata keçirilməmiş, əmək qanunvericiliyinin normaları işəgötürən tərəfindən dəfələrlə pozulmuşdur. Belə ki, onun işlədiyi müddət ərzində 2023-cü ilin dekabr ayı üçün hesablanmış əmək haqqı xx.xx.2024-cü il tarixində ödənilmiş, 2024-cü ilin yanvar ayındakı əmək fəaliyyəti üçün hesablanmış əmək haqqı isə iyun ayında qismən ödənilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilsə də bununla əlaqədar son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin) ona ödənilməmişdir. Bu səbəbdən iddiaçı onun xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin, əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin) tam formada ödənilməsi öhdəliyinin “X3 Eksport LTD” MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı işlədiyi müddət ərzində işəgötürən tərəfindən ona ödənilməli olan son haqqı-hesabın və müavinətlərin ödənilməməsi səbəbi ilə məhkəmədə iddia qaldırması haqlı hesab edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Konstiutsiyasının 37-ci maddəsinin 1-ci hissəsi hər kəsin istirahət hüququna malik olmasını bəyan etmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı 1 dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Yəni Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin məzuniyyət hüququna təminat vermişdir. Məzuniyyət hüquq münasibətlərini tənzimləyən normalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin V-ci bölməsinin XVİ-XXİİİ fəsillərinə daxil edilmişdir. Müəssisənin mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq əmək müqaviləsi ilə işləyən hər bir işçi ödənişli əmək məzuniyyətindən istifadə etmək hüququna malikdir. İşçi ödənişli məzuniyyət hüququnu əmək müqaviləsi qüvvəyə mindiyi andan əldə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 139-cu maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yuxarıda qeyd edildiyi kimi iddiaçı işlədiyi 2011-2024-cü illər üçün nəzərdə tutulmuş əmək məzuniyyətlərindən istifadə etməmiş və işəgötürən tərəfindən istifadə etmədiyi əmək məzuniyyətlərinə görə həmin iş ili (iş illəri) üçün müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməmişdir. Eyni zamanda iddiaçı ilə əmək münasibətlərinə xitam veriləkən son haqq-hesab hesablanarkən də həmin kompensasiya məbləği iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Qeyd edilən Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya nə əmək məzuniyyətinə çıxmadığı illərin sonunda, nə də son haqq-hesab verilərkən bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi verilmədiyindən, bu hal cavabdehin özü tərəfindən də etiraf olunduğundan, məhkəmə hesab edir ki, iddiaçı həmin kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin məhkəmə iddia tələbinin istifadə edilməmiş əmək məzuniyyətinə görə 10.280 manat pul əvəzinin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh təşkilatda işlədiyi dövrdə istifadə edilməmiş əmək məzuniyyətinin ümumi məbləği 7723,10 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, işlədiyi illər üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə cavabdehdən iddiaçının xeyrinə 7723,10 manat məbləğində kompensasiya tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilməli olan kompensasiyanın gecikdirilməsinə görə hər gün üçün 1% olmaqla cəmi 6843 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, qeyd edilən ekspert rəyində həmin məbləğin 3402,19 manat təşkil etməsi müəyyən edildiyindən, tələb də həmin həddə təmin edilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Məhkəmə hazırkı kompensasiyanın tutulması ilə bağlı iddia müddətinin tətbiq edilməli olmasına dair cavabdehin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının verilməsi ilə bağlı tələbə iddia müddəti tətbiq edilə bilməz. Qanunun yuxarıda qeyd edilən normasının tələbləri baxımından əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İşçinin hər ilin sonunda istifadə etmədiyi məzuniyyətə görə kompensasiya tələb etməməsi, işçi ilə əmək münasibətlərinə xitam verilərkən həmin məbləğin verilməli olmasının qanunda nəzərdə tutulması işçinin həmin məbləğin alınmasında gözləntisi olduğu nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin və ona hesablanmış gecikdirilmiş gün üçün 1% ödəncin tutulması ilə bağlı tələbə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Qeyd edilən Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış pul məbləği onun mülkiyyəti hesab olunur və həmin pul məbləğinin iddiaçının sərəncamına verilməməsi, onun həmin puldan istifadə etməsinə imkan verilməməsi kimi qiymətləndirilməli və həmin pul məbləğinin işçinin sərəncamına verilməsi işəgötürənin üzərinə düşən vəzifə olduğundan, həmin vəzifənin yerinə yetirilməməsi iddiaçının həmçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin işçinin əmək münasibətində olduğu illər üzrə bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə 10.483 manat əmək haqqı tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. İddiaçı həmin tələbin əsası kimi işlədiyi illər üzrə bayram və qeyri-iş günlərində malın təhvil verilməsini təsdiq edən qaimələrin və işəgötürənin 2023 və 2024-cü illər üzrə qeyri-iş günlərinin tarixləri barədə qəbul etdiyi və məhkəməyə təqdim etdiyi yazılı sənədin mövcud olmasını göstərmişdir. Cavabdehin nümayəndəsi işəgötürənin işçilərin qeyri-iş və bayram günləri işləməsi barədə göstərişin olmamasını və həmin münasibətə də iddia müddətinin tətbiq edilməli olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən:

1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ var. Həmin Məcəllənin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəlləsinin 102.1-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Məhkəmə qeyd edir ki, hazırkı münasibətə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilən maddənin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh təşkilatda işlədiyi 13 il ərzində bayram və qeyri-iş günləri üçün işə cəlb edilməyinə görə pul ödənilməsini tələb etsə də, məhkəmə yalnız sonuncu 1 il üçün olunan tələbi əsaslı hesab edir. Belə ki, iddiaçı 1 ildən əvvəlki dövr üçün həmin məbləğin tələb edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə iddiaçının işdən azad olunduğu tarixdən 1 il əvvəlki dövr ərzində bayram və qeyri-iş günləri 15 gün işə cəlb edilməsini, gündəlik tarif maaşının 26,41 manat olması, onun iki qat mislinin 52,82 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, həmin məbləği 15 günə vurmaqla (52,82x15=792,30 manat) alınan 792,30 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən işəgötürənin bununla bağlı hər hansı göstəriş və əmrinin mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Digər tərəfdən vəzifəsinin icrası ilə əlaqədar malların satış məntəqələrinə çatdırılması üçün digər əməkdaşlar kimi ona da avtomaşın təhkim olunmasını məhkəmə ona həm də sürücü kimi də maaş verilməli olması barədə iddiaçının dəlillərini də əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının - istifadə edilməmiş əmək məzuniyyətinə görə 7.723,10 manat, əmək haqqının hər gecikdirilmiş gün üçün 1% olmaqla 3.402,19 manat, həmçinin bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə 792,30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı,iddia tələbləri qalan hissədə təmin edilməməlidir. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün, cavabdehdən dövlət nəfinə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi kimi 125,75 manat, keçirilmiş ekspertiza xərci - 100 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ :

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının - istifadə edilməmiş əmək məzuniyyətinə görə 7.723,10 manat, əmək haqqının hər gecikdirilmiş gün üçün 1% olmaqla 3.402,19 manat, həmçinin bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə 792,30 manat, cəmi 11.917,59 (on bir min doqquz yüz on yeddi manat, əlli doqquz qəpik) manat məbləğində pul cavabdeh «X3 Eksport LTD» MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə əsassız olduğu üçün təmin edilməsin. «X3 Eksport LTD» MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 125,75 manat və keçirilmiş ekspertiza xərci – 100 manat, cəmi 225,75 (iki yüz iyirmi beş manat, yetmiş beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar