Məhkəmə qərarları › İş №e-2(009)-1045/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1045/2023

21.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1045/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı - cavabdeh «AMEA»-nın İşlər İdarəsinə qarşı «mənzil və zərər» barədə iddia ərizəsi üzrə mülki işə 21 iyun 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh «AMEA»-nın İşlər İdarəsinə qarşı «mənzil və zərər» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərifzadə küçəsində tikilən evdən ona mənzil ayrılması, maddi-mənəvi ziyan olaraq 200,000 manat mənzilin dəyəri qədər pulun və 100,000 manat mənəvi ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı AMEA-nın aspiranturasında təhsilini, elmi işini atıb, iki körpə uşaqlı ailəsini qoyub Qarabağ uğrunda savaşa getmişdir. 1-ci dərəcəli Qarabağ əlilidir. Ağdərədə döyüşlərdə olan zaman kimya doktoru həyat yoldaşı televiziya ilə onun ölümü haqqında verilən xəbərdən stress keçirib, 2-ci dərəcəli əlildir. O, savaşda olanda ailəsini AMEA-nın Şərifzadə küçəsində yerləşən yataqxanasından çıxarıblar. İndi isə onun yerində tikilən binadan ona mənzil ayrılmasına imkan verilmir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun məzmunda ifadə verərək, iddianın təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, ona ev əvəzinə yataqxanada otaq təklif edildi. Ancaq o qəbul etmədi. Çünki 1987-ci ildən mənzil növbəsində idi. Azərbaycan Respublikasının Prezidentinə müraciət edilib, PA-nın humanitar siyasət məsələləri şöbəsinin müdiri xx.xx.2013 tarixli ,daxil olma N:287 məktubla ərizəmi AMEA-ya göndərib. AMEA işlər müdiri Fətəli Abdullayev xx.xx.2013 tarixli 06-2-22 N:-li cavabla bildirib ki, "AMEA-nın Aspirantlar yataqxanasının yanında inşa edilən yaşayış binasından AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzillər ayrılması nəzərdə tutulub. AMEA-ya ayrılacaq mənzillərdən köçürülmədən əlavə mənzil qalarsa, AMEA-nın mənzil şəraitini yaxşılaşdırmağa daha çox ehtiyacı olan elmi işçilərinin yerləşdirilməsi məsələsinə baxılacaqdır". Bu cavabla razılaşmayıb, satılan mənzilinin yerində tikilən evdən mənzilini tələb etmişdir. Buna cavab olaraq işlər müdiri Fətəli Abdullayev və müavini Sərdar Əliyev elə qanunsuzluqlar edib ki, hətta ilk gündən körpə uşaqlarını qoyub savaşa qatılan şəxsin savaşda iştirak etmədiyi şər-böhtanına əl atılıb, 1-ci dərəcəli Qarabağ əlilini intihar həddinə çatdırıblar. Milli Aviasiya Akademiyasının rektorunun AMEA prezidenti Akif Əlizadəyə müraciəti sonucunda 2015-ci ilin sentyabrında AMEA-nın X1 sədrliyi ilə videoçəkilişlə keçirilən Rəyasət Heyətinin iclasında AMEA prezidenti 2 il gözləmək şərtilə Şərifzadə küçəsində tikilən evdən mənzil ayrılmasına göstəriş verdi. Bundan sonra İşlər İdarəsi yenə də qərəzli özbaşınalığını davam etdirdi. Hüquq mühafizə orqanlarına şikayətinə cavab olaraq polis prokurorluğa, prokurorluq polisə göndərməklə kifayətləndi. Beləliklə, dələduzluqla, qərəzlə, AMEA prezidentinin söz verməsinə baxmayaraq, Şərifzadə küçəsində tikilən evdən mənzillə təmin olunmaq hüququna qadağa qoyuldu. Azərbaycan Reslublikasının 1-ci vitse-prezidentindən, Milli Məclisdən və s. daxil olan müraciətlərə cavab olaraq AMEA işlər idarəsinin müdir müavini xx.xx.2017 tarixli, xx.xx.2018 tarixli və s. eyni məzmunlu məktublarla bildirib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış "AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyası"nın qəbulunda bizi maraqlandıran suallara cavab ala bilərik. Bizi maraqlandıran isə 36 ildir mənzil növbəsində olmağımıza, savaşda olan zaman yataqxana otağından çıxarılmağımıza baxmayaraq hələ də mənzilsiz qalmağımıza görə tədbir görülməsi, satılan mənzilimizin əvəzinə ya mənzil, ya da kompensasiya ödənilməsidir. AMEA-da mənzil növbəsində 1987-ci ildən dayandığını sübut edən AMEA-nın arayışları əlavə olunur. X3 Prosesləri İnstitutu da 2002ci ildən tikilən evdən mənzil ayırıb, amma BŞİH həmin mənzili özünə götürüb. Bir müddət əvvəl Xızı rayonunda aspirantlara torpaq sahələri paylanırdı. Müraciətlərinə baxmayaraq yenə də ona torpaq sahəsi verilmədi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, AMEA-nın mənzil fondu yoxdur. İddiaçı heç bir zaman AMEA-da mənzil növbəsinə alınmamışdır. İddiaçının müraciətləri əsasında o, dövlət tərəfindən Nizami rayonu ərazisində, indiki Babək prospektində, 71 nömrəli evin 5 nömrəli mənzili və Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsində 46 nömrəli yaşayış evində mənzil ilə təmin edilmişdir. İddiaçının əvvəllər işlədiyi institut hal-hazırda Elm və Təhsil Nazirliyinin nəzdindədir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: AMEA tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 30 noyabr 2007-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı 1987-ci ildən Azərbaycan EAda mənzil növbəsində olmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçirilmişdir. AMEA-nin prezidentinin Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanladığı 25 iyun 2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı respublikanın rəhbər orqanlarına və AMEA-nın rəhbərliyinə çoxsaylı müraciətlər edərək, İddiaçı Qarabağ müharibəsində könüllü iştirak etdiyini və müharibə əlili olduğunu, müharibəyə gedərkən akademiyanın yataqxanasında yaşadıqlarını, hər ikisinin də akademiyada işlədiklərini, yaşayış sahələrinin çox darısqal olduğunu bildirirlər və yataqxana ərazisində inşa edilən binadan onların ailəsinə mənzil ayrılması üçün köməklik göstərilməsini xahiş edirlər. Onların yaşayış şəraitlərini araşdırarkən məlum olmuşdur ki, İddiaçı (tək özünə) Nizami rayon İcraiyyə Komitəsi tərəfindən 02 mart 1998-ci il tarixli, 248894 nömrəli orderlə, Nizami rayonu ərazisində, indiki Babək prospektində, 71 nömrəli evin 5 nömrəli mənzili verilmişdir. Bundan başqa əlil olduğunu nəzərə alaraq, 13 avqust 2009-cu il tarixli 006523 nömrəli orderlə onun 4 nəfərdən ibarət ailəsinə Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsində 46 nömrəli yaşayış evində mənzil verilmişdir. AMEA tərəfindən iddiaçıya ünvanlanmış 27 aprel 2015-ci il tarixli məktubda qeyd edilmişdir ki, axırıncı 3 il müddətində AMEA tərəfindən işçilərinə heç bir mənzil sahəsi ayrılması imkanı olmamışdır və ayrılmamışdır. Hazırda qüvvədə olan mənzil qanunvericiliyində iş yerində mənzil uçotunun aparılması nəzərdə tutulmadığına görə AMEA-da mənzil uçotu aparılmır. AMEA tərəfindən məhkəməyə ünvanlanmış 13 iyun 2023-cü il tarixli məktubda və məktuba əlavə edilmiş 35 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 12 ünvanında yerləşən AMEA-nin Aspirantlar yataqxanasında heç vaxt qeydiyyatda olmayıb və yaşamayıbdır. AMEA tərəfindən məhkəməyə ünvanlanmış 20 iyun 2023-cü il tarixli məktubda və məktuba əlavə edilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı mənzil növbəsində olması və aspirantlar üçün nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən yataqxananın həyətində tikilmiş binada mənzillə təmin olunması ilə bağlı məlumatlar mövcud deyil. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi AMEA-nın Şərifzadə küçəsində yerləşən yataqxanasında yaşamasını göstərir. Belə ki, o qeyd edir ki, sözügedən yataqxanada yaşadığından sonradan məhz həmin yataqxananın yerində tikilmiş binadan ona mənzil ayrılmalıdır. Məhkəmə bu əsasa münasibətdə qeyd edir ki, iddiaçının AMEA-nın Şərifzadə küçəsində yerləşən yataqxanasında yaşaması iş materialları ilə öz təsdiqini tapmamışdır. Əksinə AMEA-nın 35 saylı arayışından görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 12 ünvanında yerləşən AMEA-nin Aspirantlar yataqxanasında heç vaxt qeydiyyatda olmamış və yaşamamışdır. Bundan başqa iş materialları ilə təsdiq olunur ki, iddiaçının mənzillə təmin olunması ilə bağlı müvafiq orqanlara müraciətləri nəticəsində iddiaçı Nizami rayonu ərazisində, indiki Babək prospektində, 71 nömrəli evin 5 nömrəli mənzili və Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsində 46 nömrəli yaşayış evində mənzil ilə təmin edilmişdir. Məhkəmə eyni zamanda AMEA tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 30 noyabr 2007-ci il tarixli məktuba münasibətdə qeyd edir ki, həmin məktubda iddiaçının 1987-ci il tarixdən mənzil növbəsində olduğu və sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçirildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sözügedən məktubda iddiaçının AMEA-nın Şərifzadə küçəsində yerləşən yataqxanasında qeydiyyatda olması və həmin yataqxananın yerində aspirantlar üçün tikilən binada mənzil növbəsinə durduğunu təsdiq edə biləcək hər hansı bir məlumat qeyd edilməmişdir. Hazırda isə iddiaçı iddiasının əsası kimi AMEA-nın Şərifzadə küçəsində yerləşən yataqxanasında qeydiyyatda olmasını göstərir və bu səbəbdən məhz həmin yataqxanın yerində tikilən binada mənzillə təmin olunmasını xahiş edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsaslarına dair iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilməlidir. İddia tələbinin “100,000 manat mənəvi ziyanın cavabdehdən tuutlması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin bu hissəsinin əsasında mənzilin təhvil verilməsi və mənzilin dəyəri kimi 200,000 manat pulun cavabdehdən tutulması durduğundan və tələb həmin hissədə təmin edilmədiyindən mənəvi ziyanın tutulması hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdeh «AMEA»-nın İşlər İdarəsinə qarşı «mənzil və zərər» barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar