Məhkəmə qərarları › İş №e-2(009)-1065/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1065/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1065/2023 25.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh (X1 qanuni nümayəndəsi) Cavabdeh qarşı “müqavilə üzrə pul tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı MMC-nin cavabdeh (X1 qanuni nümayəndəsi) Cavabdeh qarşı “müqavilə üzrə pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh İddiaçı MMC-nin xeyrinə ümumilikdə 946 manat dəbbə pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı MMC ilə təhsil alan X1 valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında 231/2021 (T2017-2018) saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC X3 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, Cavabdeh 2021-2022-ci təhsil ili üçün 3500 (üç min beş yüz) manat məbləğində təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun övladına təhsil verilsə də, o təhsil haqqının 2699 (iki min altı yüz doxsan doqquz) manat hissəsini ödəmiş, 801 (səkkiz yüz bir) manat borcu qalmışdır. Bununla bağlı bocluya xx.xx.2023-cü il tarixli pretenziyalar edilsə də, o borcun ödənilməsini təmin etməmişdir. xx.xx.2021-ci il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmş borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən dəbbə pulu 145 (yüz qırx beş) manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, cavabdehdən hazırda tələb edilən borc distant tədris müddətinə deyil, əyani tədris müddəti üçün yaranmışdır, buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 17 avqust 2023-cü il tarixli baxış iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, pandemiya dövründə uşağın online dərs keçdiyini, buna görə iddiaçı tərəfindən 300 manat məbləğində endirim edilməsini, lakin bu endirim məbləğinin az olduğunu, uşağın həmin dövrdə liseyə getməməsinə və orada yemək yeməməsinə görə daha çox endirim edilməli olmasını göstərərək iddianı qəbul etməmişdir. İclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o sonuncu məhkəmə baxış iclasına gəlməmiş, gəlməməyinin səbəbinin üzürlü olması barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli TƏHSİLİN TƏŞKİLİ Müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə ilə Zirvə Liseyi, ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, Təhsilalanın ümumi təhsil almasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində Zirvə liseyinə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı MMC-də təhsil alan X1 valideyni Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında xx.xx.2021-ci il tarixli 231/2021 (T2017-2018) saylı müqaviləyə əsasən İddiaçı MMC-nin xeyrinə 2021-2022 tədris ili üzrə 801 manat təhsil haqqı borcu və 145 manat dəbbə pulu borcu qalmışdır. Qeyd edilmiş müqavilə üzrə ümumi təhsil haqqı 3500 manat təşkil edir, bu məbləğdən 2699 manat ödənilibdir. İş materiallarında olan İddiaçı MMC-nin X2 ünvanladığı 10 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, təhsil haqqından qalıq borc 801 manatın ödənilməsini 10 iş günü ərzində təmin edilməsi xahiş edilmiş, əks təqdirdə barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi prosedurlara başlanacağı xəbərdar edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 14 sentyabr 2021ci il tarixində imzalanmış Təhsilin Təşkili Müqaviləsi əsasında cavabdehin qızı X4 İddiaçınə təhsil alması üçün qəbul edilmişdir. İddiaçı MMC-də təhsil alan X1 valideyni Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında xx.xx.2021-ci il tarixli 231/2021 (T2017-2018) saylı müqaviləyə əsasən İddiaçı MMC-nin xeyrinə 2021-2022 tədris ili üzrə 801 manat təhsil haqqı borcu və 145 manat dəbbə pulu borcu qalmışdır. Qeyd edilmiş müqavilə üzrə ümumi təhsil haqqı 3500 manat təşkil edir, bu məbləğdən 2699 manat ödənilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli TƏHSİLİN TƏŞKİLİ Müqaviləsinin: - 1.1-ci bəndinə əsasən bu müqavilə ilə Zirvə Liseyi, ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, Təhsilalanın ümumi təhsil almasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində Zirvə liseyinə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. - 2.2.6-cı bəndinə əsasən bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək. - 2.2.18-ci bəndinə əsasən bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında Zirvə liseyinə 5 (beş) təqvim günü müddətində məlumat vermək. - 3.1-ci bəndinə əsasən Zirvə liseyində Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3500 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. - 3.2-ci bəndinə əsasən valideyin Zirvə liseyinin təqdim etdiyi hesaba 1500 manat depozit məbləğini (xx.xx.2021-ci il tarixində 500 manat və xx.xx.2021-ci il tarixinədək yerdə qalan 1000 manat ödənilmək şərti ilə) köçürülməlidir. Valideyn Təhsilalanın Zirvə liseyində 2021-2022-ci tədris ili üçün təhsil almasından imtina etdikdə ödənilmiş depozit məbləği ona geri qaytarılmır. Təhsil haqqının ödənilmiş 500 manat depozit məbləği nəzərə alınmaqla, 1000 manat məbləği xx.xx.2021-ci il tarixinədək yerdə qalan 2000 manat məbləği 2021-2022-ci tədris ilinin mart ayına qədər (mart ayı daxil olmaqla) 7 ay ərzində aybaay bərabər hissələrlə, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə Zirvə liseyinin təqdim etdiyi hesaba köçürülür. - 3.5-ci bəndinə əsasən təhsil haqqı Təhsilalanın təqvim ayı ərzində neçə gün üzrlü və ya üzrsüz səbəbdən dərsə gəlib gəlməməsindən və ya forsmajor hallarda internet platforma üzərindən təşkil edilmiş distant təhsildə iştirak edib etməməsindən, eləcə də dərs ili ərzində tətil, istirahət, bayram, və s. iş günü hesab edilməyən günlərin sayından asılı olmayaraq, tam şəkildə ödənilir. - 3.6-ci bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olmunmuş vaxtda və qaydada ödənilmədiyi halda valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyəməlidir. Göstərilənlərə əsaslanaraq məhkəmə İddiaçı tərəfindən cavabdehin uşağına 2021- 2022 tədris ili ərzində təhsil verilməsi, bununla bağlı hətta cavabdehin də müəyyən ödənişlər etməsi faktını məhkəmə işin mübahisəsiz halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin övladına təhsil verilməsi faktı təsdiq edilsə də, sonuncunun müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək təhsil haqqını müqaviləyə uyğun qaydada ödəməmişdir. Belə ki, işin materiallarından görünür ki, cavabdeh X1 təhsil haqqı üçün 2021-2022 tədris ili üzrə 2699 manat təhsil haqqı ödəmiş, 2021-2022 tədris ili üzrə qalıq borcu 801 manat təhsil haqqı borcu təşkil edir. Odur ki, iddia bu hissədə əsaslıdır. Məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi 145 manat dəbbə pulu tələb etməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, əsas borcun məbləğini nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 145 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 50 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə, cavabdehin “distant tədris dövründə uşağın liseyə getməməsi və orada yemək yeməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən, Zirvə liseyində Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 3500 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Müqavilənin 3.5-ci bəndinə əsasən isə təhsil haqqı Təhsilalanın təqvim ayı ərzində neçə gün üzrlü və ya üzrsüz səbəbdən dərsə gəlib gəlməməsindən və ya forsmajor hallarda internet platforma üzərindən təşkil edilmiş distant təhsildə iştirak edib etməməsindən, eləcə də dərs ili ərzində tətil, istirahət, bayram, və s. iş günü hesab edilməyən günlərin sayından asılı olmayaraq, tam şəkildə ödənilir. Göründüyü kimi, müqavilədə təyin olunmuş təhsil haqqı məbləği 3500 manat təşkil etmiş və gündəlik yeməyin dəyərinin isə ayrıca ödənilməsi nəzərdə tutulmamaqla təhsil haqqına daxil edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri ilə bağlı irəli sürülmüş tələblər qismən əsaslıdır və qeyd edilən qaydada təmin edilməklə İddiaçı MMC-nin xeyrinə Cavabdeh 801 (səkkiz yüz bir) manat əsas borc, 50 (əlli) manat cərimə olmaqla, cəmi 851 (səkkiz yüz əlli bir) manat borc və dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi tutulmalı, iddia qalan hissədə təmin edilməməli, 5 (beş) manat dövlət rusumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 801 (səkkiz yüz bir) manat əsas borc, 50 (əlli) manat cərimə olmaqla, cəmi 851 (səkkiz yüz əlli bir) manat borc və dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar