Məhkəmə qərarları › İş №e-2(009)-1074/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1074/2022

20.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1074/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 12 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, sonuncu çalışdığı vəzifə olan Cavabdeh MMC-yə həkim psixiatr vəzifəsinə bərpa olunması, ona məcburi işdən çıxarıldığı xx.xx.2018-ci il tarixindən başlanaraq əmək haqqı olaraq 3615 manat, istifadə etmədiyi məzuniyyət üçün 310 manat məzuniyyət haqqının və hüquqi xidmət üçün ödədiyi 200 manat məbləğin cavabdehdən tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, ixtisasca həkim psixiatrdır. 2015- 2018-ci illərdə Cavabdeh MMC-də həkim psixiatr vəzifəsində işləmiş, daha sonra qısa müddət ərzində başqa iş yerinə keçsə də, yenidən 2018-ci ilin yay aylarında Cavabdeh MMC-də həkim psixiatr işləməyə başlamışdır. Ancaq 2018-ci ildən 2020-ci ilə qədər onunla əmək müqaviləsi bağlanmamış və sərbəst şəkildə orada işləmişdir. Ancaq 2020-ci ilin aprel ayında onunla əmək müqaviləsi bağlanmışdır. O normal əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun iş rejimi sərbəst olmuş və pasiyentlərini qəbul etmişdir. Ancaq 2021-ci ilin may ayında onunla Cavabdeh MMC-nin rəhbərliyi arasında anlaşmazlıq yaranmış və o buna aydınlıq gətirməsi üçün klinikanın rəhbərliyinə məktub göndərmişdir. Bundan sonra bir müddət gözləmişdir. Aralarında yaranmış narazılıqla bağlı iş yerinə getməmişdir. Onun müraciətinə cavab verilmədiyi üçün bir müddət gözlədikdən sonra AR ƏSMN yanında X4 müraciət etmişdir. Yalnız bundan sonra bilmişdir ki, o, işdən azad edilmişdir. Müfəttişlikdən verilmiş məlumatda guya onun öz ərizəsi əsasında işdən azad edildiyi ona bildirilmişdir. O, işdən azad edilməyi ilə bağlı heç bir ərizə təqdim etməmişdir. X2 aparılan araşdırma zamanı onun işdən azad edildiyi anlaşılmışdır. Əmək Müfəttişliyindən verilmiş cavabda onun işdən çıxarılma əmrinin ləğv edilməsi cavabdehə bildirilmişdir. O bundan bir müddət sonra onların yenidən onu işə çağıracaqlarını gözləmişdir. Ancaq onlar onun yenidən əmək fəaliyyəti ilə məşğul olmağına maneələr yaradırlar. Onunla cavabdeh arasında tərtib edilmiş əmək müqaviləsinə əsasən onun aylıq maaşı 130 manat təşkil etmişdir. Bundan əlavə o hər gün saat 12-00-dan sonra qəbul etdiyi pasientlərə görə ödənişlərin 50 faizini almalı idi. Cavabdeh ona işdən azad edilməyi ilə bağlı məlumat verməli və əmri təqdim etməli idid. O isə işdən azad edilməyi ilə bağlı yalnız 2022-ci ilin dekabr ayında xəbər tutmuşdur. Yuxarıda qeyd etdiyi kimi, cavabdehlə aralarında tərtib edilmiş əmək müqaviləsində onun hər gün saat 12- 00-dan sonra qəbul etdiyi pasientlər üçün ödənilən xidmət haqqının yarısını o almalı idi. 2019-cu ilin son 3 ayı və 2020-ci ilin ilk 3 ayı nəzərə alındıqda onun hər ay pasient qəbulundan 750 manat klinikaya qazanc verdiyi görünür. Bu məbləğin 375 manatı günortadan sonra (əslində bütün məbləğ, şünki o, pasientləri əsasən günortadan sonra qəbul edirdi) qəbul edilən pasientlərin hesabına düşür. Odur ki, cavabdeh onun məcburi iş buraxdığı dönəmdə onun qazanc olaraq əldə edə biləcəyi məbləğdən məhrum olduğu hissəsini də ona ödəməlidir. Nəticə etibarı ilə 9 ay üçün aylıq 185 manat olmaqla 1665 manat pul alınaraq ona verilməlidir. Bundan əlavə onun 2020 və 2021-ci illər üzrə məzuniyyətə çıxmadığı müddət üçün məzuniyyət ödənişləri cavabdehdən alınaraq ona verilməlidir. Bu da, iki il üçün cəmi 310 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh MMC-nin 12 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, sonuncu çalışdığı vəzifə olan Cavabdeh MMC-yə həkim psixiatr vəzifəsinə bərpa olunması, ona məcburi işdən çıxarıldığı xx.xx.2018-ci il tarixindən başlanaraq əmək haqqı olaraq 3615 manat, istifadə etmədiyi məzuniyyət üçün 310 manat məzuniyyət haqqının və hüquqi xidmət üçün ödədiyi 200 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh MMC-nin 12 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, sonuncu çalışdığı vəzifə olan Cavabdeh MMC-yə həkim psixiatr vəzifəsinə bərpa olunması, ona məcburi işdən çıxarıldığı xx.xx.2021-ci il tarixdən hesablanaraq əmək haqqı olaraq 3615 manat, istifadə etmədiyi məzuniyyət üçün 310 manat məzuniyyət haqqının və hüquqi xidmət üçün ödədiyi 200 manat məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmiş, iddia tələbinin məzmununa uyğun izahat verərək eləcə də bildirmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçının iş rejimi sərbəst olmuşdur. 2021-ci ilin may ayında iddiaçı ilə cavabdeh arasında yaranmış anlaşılmazlıqdan sonra iddiaçı aralarında yaranmış narazılıqla bağlı bir müddət iş yerinə getməyərək, cavabdehə məktub göndərmiş, anlaşılmazlığın aradan qaldırılmasını gözləmiş, cavabdehdən məktubuna cavab almadığı üçün 2021-ci ilin noyabr ayında ərizə ilə X4 müraciət edərək, cavabdeh tərəfindən onun hüquqlarının pozulmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İddiaçı onun müraciətinə X3 2021-ci ilin dekabr ayında göndərdiyi cavab məktubundan bilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin cavab məktubunu iddiaçı 2022-ci ilin yanvar ayında almış və bundan sonra 2022-ci ilin fevral ayında Mediasiya təşkilatına müraciət etmiş və mart ayında Mediasiya Təşkilatının arayışını aldıqdan sonra məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş bir aylıq müddət ötürülməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, İddiaçı 2015-2018-ci illərdə “Qaragözova” MMC-də işləmiş və işlədiyi müddətdə əmək haqqlarını almışdır. 2018-2020-ci illərdə İddiaçı “Qaragözova“ MMC-də işləməmişdir. 2020-ci ilin aprel ayında iddiaçı yenidən əmək müqaviləsi əsasında işə gəbul olunmuşdur. İddiaçı 2020 və 2021-ci illərdə müəssisədə çalışan işçilər ilə dəfələrlə lazımsız mübahisələr etmiş, axşamlar gəlib özünə düzəltdirdiyi açarla tibb mərkəzini açıb, saat 8-dən sonra xəstə qəbul etmişdir. Ona görə də, işçilərin iştirakı ilə aktlar tərtib edilmişdir. İddiaçı 2020-ci ilin may-iyun-iyul aylarında koronavirus xəstəliyinin şiddətli vaxtı olduğu üçün tibb mərkəzi işləmədiyinə görə işə gəlməmişdir. Ona görə də, ona və başqa işçilərə əmək haqqı hesablanmamışdır. İddiaçı 2021-ci ildə koronavirusla əlaqədar olaraq işə gəlməmişdir. İddiaçı 2021-ci ildə xəstəlikdən qorxduğu üçün heç bir gün də olsun işə gəlməmişdir. Onlar onun yaşadığı ünvana bir neçə dəfə məktub yazmışlar. Lakin iddiaçının qeydiyyatda olduğu ünvanda yaşamadığı barədə qeydlə həmin məktublar geri qaytarılmışdır. İddiaçının Bakı şəhərində harada yaşaması barədə onlarda məlumat yoxdur. İddiaçının mobil telefonuna dəfələrlə zəng edərək işə gəlməməsi barədə gəlib izahat yazmasını xahiş etmişlər. İddiaçı əvvəllər gəlib ərizə yazacağını bildirsə də, sonradan xəstə olduğunu demiş, daha sonra gəlməyəcəyini bildirərək mobil telefonunu söndürmüşdür. Onlar məcbur olub onun işə gəlmədiyi üçün akt yazaraq işdən azad etmişlər. İddiaçının Bakı şəhərində harada yaşaması barədə onlarda məlumat olmadığına görə onun işdən çıxarılma barədə əmrini də ona göndərməmişlər. İddiaçı mobil telefonunu söndürdüyü üçün onun tibb mərkəzinə çağırılması, ona əmrin surətinin və son haqq-hesabının verilməsi mümkün olmamışdır. İddiaçı istədiyi vaxt gəlib tibb mərkəzindən son haqq-hesabını ala bilər. İddiaçı 2020-ci ildə onunla əmək müqaviləsi bağlananda əmək kitabçasını təqdim etməmiş, əmək kitabçası iddiaçının özündə olmuşdur. İddiaçıdan əmək kitabçasında qeydlər aparmaq üçün tibb mərkəzinə təqdim olunması xahiş olunsa da, iddiaçı əmək kitabçasını təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı iddia ərizəsində işdən çıxarılması barədə 2021-ci ilin dekabr ayında məlumatlı olduğunu bildirsə də, məhkəməyə 2022-ci ilin aprel ayında müraciət etmişdir. Yəni iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün Əmək Məcəlləsində nəzərdə tutulan bir aylıq müddəti üzürsüz səbəbdən ötürmüşdür. Ona görə də, iddia tələbinin əsassız oldugundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikaası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdə onunla cəmiyyətin rəhbərliyi arasında bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişi ilə xx.xx.2021-ci il tarixində qanunvericiliyin tələblərinin pozularaq xitam verildiyi, son haqq-hesabın isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbi pozularaq hesablanıb ödənilmədiyi və əmək kitabçasının isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il 186 nömrəli qərarının 1.2-ci hissəsinin tələbi pozularaq açılmadığı məlum olmuşdur. Bu səbəbdən də, Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü, 192.6-cı və 192.7-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 12 nömrəli xx.xx.2021ci il tarixli əmrin ləğv edilməsi son haqq-hesabının ödənilməsi və əmək kitabçasının açılması ilə əlaqədar Cavabdeh MMC-nin rəhbərliyinə rəsmi məktub göndərilmişidr. Qeyd edilənrlə razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin müdiri Qanuni nümayəndə ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı 5 il müddətinə tibb mərkəzinə 0,5 ştat vahidi ilə həkim psixiatr vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan Cavabdeh MMC-nin 12 №-li, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Cavabdeh MMC-nin həkim psixiatoru İddiaçı xx.xx.2021-ci il tarixindən bu günə kimi üzürsüz səbəbdən işə gəlmədiyi üçün işdən azad edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru və işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, tibb mərkəzinin keçmiş işçisi İddiaçı xx.xx.2021-ci il tarixində, axşam saat 21 radəlrində, tibb mərkəzinə gələrək, ordakı işçini aldadaraq qeyri-qanuni tibb mərkəzinin otağını özündə olan açarla açıb xəstə qəbul edib. Tibb mərkəzində olan işçi ondan soruşanda ki, niyə qanunsuz axşam vaxtı otağın qapısını açırsan, o yalandan bildirib ki, guya tibb mərkəzinin rəhbərliyinə xəbər vermişdir. O təxminən bir saatdan sonra qapını bağlayıb çıxıb gedib. Gedəndə onu heç kim görməyib. Səhər saat 9-00-da işçilər işə gələndə, otağı açıb baxanda gördülər ki, otaqda olan «Toshiba» noutbuku otaqda yoxdur. Bu barədə direktora məlumat verəndən sonra akt tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru və işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixində, təxminən saat 13- 00 radələrində, tibb mərkəzinin həkimi İddiaçı tibb mərkəzinə hərbi paltarda gələrək tibb mərkəzində olan işçiləri və xəstələri səbəb olmadan qışqır-bağır salaraq təhqir etməyə başlayır. Şəmsəddinin qışqırıq səsinə binada olan qonşular da tökülüşüb gəliblər. Sonradan direktora xəbər verirlər və o, Şəmsəddini çox çətinliklə sakitləşdirib evinə yola salır. Danışdıqlarından belə məlum oldu ki, onun öz oğlu ilə evdə nə isə problemləri olub, acığını gəlib işçilərin və xəstələrin üstünə tökürmüş. Direktor onu işdən çıxarmaq istəyəndə, sonradan gəlib üzr istədiyinə görə direktor onu işdə saxlayır. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru və işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, tibb mərkəzinin işçisi İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi işə gəlməmişdir. MMC-nin rəhbərliyi İddiaçı mobil telefonuna (***-***-**-**) zəng edərək işə çıxmamasının səbəbini soruşmuşdur. Lakin o, ilkin vaxtlarda xəstə olduğunu, daha sonra isə işə gəlməyəcəyini və nə istəyirsiz edin deyib telefonu söndürmüşdür və sonrakı zənglərə cavab verməmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1989-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli 4 saylı əmri ilə tibb mərkəzinə həkim psixiatr vəzitfəsinə təyin edilmişdir. MMC-nin xx.xx.2018-ci il tarixli 3 saylı əmri ilə ƏM-nin 68-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Təqdim olunmuş Cavabdeh MMC-nin direktoru və işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, tibb mərkəzinin işçisi İddiaçı mobil telefonuna (***- ***-**-**) zəng edərək işə gəlməməsi barədə gəlib izahat yazmasını xahiş etmişlər. O əvvəllər gələcəyini desə də, sonra gəlməyəcəyini bildirərək telefonu söndürmüşdür. Təqdim olunmuş İddiaçı tərəfindən X5 Xidmətinin rəisi F.Heydərova ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ərizəçi Cavabdeh MMC-nin direktoru tərəfindən onun əmək hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Təqdim olunmuş İddiaçı tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DƏMX-nin Bakı şəhər İdarəsinə yazdığı xx.xx.2021-ci il tarixli izahatdan və ona verilmiş sualcavabdeh görünür ki, o, işdən azad ediləndə son haqq-hesab almamış, işdən çıxmaq barədə ərizə yazmamış, xəbər verməmiş və əmək kitabçasında qeydiyyat aparılmayıb. Ona əmək haqqı kartı verilməyib və heç bir ay üçün əmək haqqı ödənilməyib (hətta işlədiyi 2013-cü ildən bəri), lakin humanistlik göstərib əmək cədvəlinə 5-6 aydan bir məcburən imza atmışdır, bəzən isə imzalamamışdır, amma cibindən hər ay sosial ödənişlərə və tibbi sığortaya görə də pul ödəməşdir. Dəfələrlə əmək funksiyasının icrasına mane olublar, məhz buna görə də, o, iş saatlarında xəstələrin bəzisinə lazımi köməyi göstərə bilməmişdir, odur ki, həm onun, həm də xəstələrin sağlamlığına xələl gəlib. Təqdim olunmuş AR ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbi pozularaq xitam verildiyindən, Qanuni nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Təqdim edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3(009)-235/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Qanuni nümayəndə şikayəti qismən təmin edilərək, AR ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və yenidən baxılması üçün AR ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsi qərara alınmışdır. Təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-972/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X5 Xidmətinin Bakı şəhər İdarəsinin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3(009)-235/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Qanuni nümayəndə şikayətinin təmin edilməməsi, Qanuni nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsinə dair X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdehin xx.xx.2021ci il tarixli 12 nömrəli əmrilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun xx.xx.2021-ci il tarixindən üzürsüz səbəbdən işə gəlmədiyi əsası ilə xitam verilmişdir. İddiaçının iddia tələbindən də görünür ki, o, 2021-ci ilin may ayında cavabdehlə aralarında yaranmış anlaşılmazlığa görə iş yerinə getməmiş, bir müddət gözlədikdən sonra 2021-ci ilin noyabr ayında cavabdeh tərəfindən əmək hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə ərizə ilə X5 Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70,7 3, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafıq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdehin xx.xx.2021ci il tarixli 12 nömrəli əmrilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun xx.xx.2021-ci il tarixindən üzürsüz səbəbdən işə gəlmədiyi əsası ilə xitam verilmişdir. İddiaçının iddia tələbindən də görünür ki, o, 2021-ci ilin may ayında cavabdehlə aralarında yaranmış anlaşılmazlığa görə iş yerinə getməmiş, bir müddət gözlədikdən sonra 2021-ci ilin noyabr ayında cavabdeh tərəfindən əmək hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə ərizə ilə X5 Xidmətinə müraciət etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə məhz onun işə uzun müddət üzürlü səbəb olmadan gəlməməsi iddiaçının özünün iddia ərizəsindən və cavabdeh tərəfindən tərtib olunmuş aktlardan da görünür. Cavabdeh tərəfindən tərtib edilmiş aktlardan, eləcə də, iddiaçının qeydiyyatda olduğu ünvan üzrə yaşamaması və həmçinin mobil telefon zənglərinə cavab verməməsi səbəbindən əmək müqaviləsinə xitam verməzdən əvvəl iddiaçının izahatının alınmasının, əmrin surətinin, son haqq-hesabın ona verilməsinin, iddiaçı tərəfindən əmək kitabçası cavabdehə təqdim edilmədiyi üçün onda qeydlərin aparılmasının mümkün olmadığı öz təsdiqini tapır. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi son haqq hesabın iddiaçının müraciəti əsasında istənilən vaxt ona təqdim etməyə hazır olduğunu bildirmişdir. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinə tam riayət edilməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, aşağıdakılara görə iddiaçı tərəfindən hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci və 296.3-cü maddələrinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi fərdi əmək mübahisəsindən (əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə) irəli gələn iddia olduğu üçün qeyd edilən tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəaları mütləq nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı X5 Xidmətinin Bakı şəhər İdarəsində yazdığı xx.xx.2021-ci il tarixli izahatında işdən azad ediləndə son haqq-hesab almadığını, işdən çıxmaq barədə ərizə yazmadığını və əmək kitabçasında qeydiyyat aparılmadığını göstərmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçıya işdən azad olunması barədə onun müraciətinə X3 2021-ci ilin dekabr ayında göndərdiyi cavab məktubundan məlum olduğunu, həmin məktubu iddiaçının 2022-ci ilin yanvar ayında aldıqdan sonra 2022-ci ilin fevral ayında Mediasiya təşkilatına müraciət etdiyini və mart ayında Mediasiya Təşkilatının arayışını aldıqdan sonra məhkəməyə aprel ayının əvvəlində hazırki iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı onunla əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi barədə xx.xx.2021-ci il tarixdən məlumatlı olsa da, o, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair ddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar