Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1098/2023 22.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı X6 – Cavabdeh (X9 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Omid X5rşı “borc və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı X13 (X6 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) – cavabdeh Omid X5rşı “borc və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 2019-cu il tarixli “Xüsusi mülkiyyətin icarəsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 2 saylıevin 75 saylı mənzilinin icarəsi ilə əlaqədar ödənilməmiş qalan 25200 (iyirmi beş min iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh Hassandan tutularaq ona ödənilməsi və cavabdehə məxsus bütün əmlakların həmin mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: onunla İran İslam Respublikasının vətəndaşı Cavabdeh Hassan (bundan sonra cavabdeh) arasında 01 oktyabr 2019-cu il tarixdə “Xüsusi mülkiyyətin icarəsi haqqında” müqavilə imzalanmış, həmin müqaviləyə əsasən o Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 2 saylı evin 75 saylı mənzili hər ay 700 manat ödənilməklə cavabdehə icarəyə verib. Cavabdeh 01 oktyabr 2019-cu il tarixdən həmin mənzilə köçərək yaşamış, 2020-ci ilin mart ayınadək icarə haqqını ödəsə də, həmin tarixdən sonra icarə haqqını ödəməmiş, mənzili boşaldaraq ona təhvil verməmişdir. Bununla əlaqədar dəfələrlə ona xəbərdarlıq edilərək, ondan mənzili boşaldıb təhvil verilməsi tələb edilsə də, o, mənzili təhvil verməmiş, mənzildə avtomobil ehtiyyat hissələrinin olmasını və mənzildən istifadə etdiyini bildirmişdir. Bildirmək istəyir ki, mənzilə dair bağlanmış icarə müqaviləsi 1 il müddətinə bağlansa da, cavabdeh həmin icarə müqaviləsi üzrə icarə münasibətlərini davam etmək niyyətini bildirdiyinə görə icarə müqaviləsinin müddəti qanunauyğun olaraq uzaldılmış və uzaldılmış müddətə görə də cavabdehin icarə haqqı ödəmək öhdəliyi yaranmışdır. Bildirmək istəyir ki, artıq qeyd edilən mənzil 36 aydır ki, cavabdehin istifadəsində olsa da, bu dövr ərzində heç bir məbləğdə icarə haqqı ödənilmədiyinə görə onun ödənilməyən 25200 (iyirmi beş min iki yüz) manat məbləğində borcu yaranmışdır. Bununla əlaqədar o cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlayaraq mənzili boşaldıb ona təhvil verməsini və yığılmış borc məbləğinin ona ödənilməsini tələb etmiş, cavabdeh İran İslam Respublikasında olduğunu bilirib, arvadının da Bakı şəhərində təhsil aldığı üçün tezliklə ölkəyə gələcəyini deyərək, mənzili boşaltmaqdan imtina etmişdir. Cavabdeh ona hər dəfə tezliklə gələrək kirayə haqqını ödəyəcəyini desə də, o gəlib kirayə haqqını ödəməmiş, mənzili ona təhvil verməmişdir. Cavabdehə məxsus bütün əmlaklar kirayə obyekti olan mənzildə qaldığına görə, o mənzilə daxil ola bilməmiş, mənzili başqa şəxsə də kirayə verə bilməmişdir. Eyni zamanda bildirmək istəyir ki, o həmin mənzildə cavabdehin hansı əmlaklarının olmasını dəqiq bilmir, sadəcə cavabdehin dediyinə əsasən mənzildə avtomobil ehtiyat hissələri vardır. Hətta o, aralarında bağlanmış 1 oktyabr 2019cu il tarixli “Xüsusi mülkiyyətin icarəsi haqqında” müqaviləyə xitam verilərək, həmin müqavilə üzrə ödənilməyən 25 200 (iyirmi beş min iki yüz) manat məbləğində borcunun ödənilməsini və həmin mənzildə olan əmlaklarının mənzildən çıxarılaraq, mənzilin 7 gün müddətində ona təhvil verilməsi barədə cavabdehə bildiriş göndərsə də, cavabdeh yenə də mənzili ona təhvil verməmiş, yaranmış olan borcunu ödəməmişdir. Səbail Rayon Məhkəməsinin qərardadı ilə iddiaçı X13 əsl iddiaçı X10 ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq X13 nun onun qohumu olduğunu və cavabdehlə arasında bağlanmış müqavilənin onun maraqlarına xidmət etdiyini, müqaviləni bəyəndiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iddianın təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh Hassan məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh Hassanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Baki Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 206938 nömrəli ÖM seriyalı Qeydiyyat Vəsiqəsinnən görünür ki X10 Baki şəhəri, Səbail rayonu, F.Əmirov 35, 98 küçəsi, 2 saylı evin, 2 otağlı mənzilin X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 842 saylı reyestr kitabında 126420-ci səhifədə 30/2394 nömrəsi ilə xx.xx.2004cü il tarixində qeydə alınmıştır. - ** AQ ***3586 nömrəli etibarnamədən görünür ki Novruzova Natella X2 daşınmaz əmlakın vahid dövlət reyestrindən çıxarışları və bütün qeydiyyatdan keçmiş sənədləri almaq hüququ ilə, onun adından ərizələr verməyə, texniki səhvlərin düzəldilməsi haqqında ərizəni vermək hüququ ilə, onun yerinə qol çəkməyə və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək hüququ verir. - “Xüsusi mülkiyyətin icarəsi haqqında” razılaşmadan görünür ki 1 oktyabr 2019-cu ildə X13 (AZE ********) və Cavabdeh MYİ(0417138) arasında bir il müddətinə icarə müddətinin mümkün uzadılması tam qüvvəyə minir və İcarəçi İcarədara 700 manat həcmdə yaxud ödəniş günü üçün olan məzənnədə onun yerli valyutada olan ekvivalentinə uyğun aylıq ödəniş haqqı verməyə razılaşır. İcarəçi İcarədara birdəfəlik ödənişi icarə haqqının 1000 manat olan həcmdə verəcək, qalan 400 manat xx.xx.2019-cu il tarixində veriləcək. İcarəyə verilən sahə Baki şəhəri, F.Əmirov küçəsi 75 ünvanında yerləşir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya xidməti X4 və İnformasiya Təminatı Baş İdarəsininin məhkəmənin xx.xx.2023-cü il tarixli, ******* nömrəli məktubuna cavabınnan görünür ki İran İslam Respublikasının vətəndaşı, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyata alınmışdır. - X13 tərəfindən Gholami Soltanmoradiyə ünvanlanan bildirişdən görünür ki onların arasında 1 oktyabr 2019-cu il tarixdə “Xüsusi mülkiyyətin icarəsi haqqında” müqavilə imzalanmış, həmin müqaviləyə əsasən Baki şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 2 saylı evin 75 saylı mənzili hər ay 700 manat ödənilməklə Gholami Soltanmoradiyə verilmişdir. Gholami Soltanmoradi 01 oktyabr 2019-cu il tarixdən həmin mənzilə köçərək yaşamış, 2020-ci ilin mart ayınadək icarə haqqını ödəsə də, həmin tarixdən icarə haqqını ödəməmiş, mənzili boşaldaraq ona təhvil verməmişdir. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilmiş, mənzili boşaldıb təhvil verilməsi tələb edilsə də, mənzildə avtomobil ehtiyyat hissələrinin olmasını və mənzildən istifadə etdiyini bildirmişdir. Bildirmək istiyir ki, mənzilə dair bağlanmış icarə müqaviləsi 1 il müddətinə bağlansa da, o həmin icra müqaviləsi üzrə icarə münasibətlərini dəvam etmək niyyətini bildirdiyinə görə icarə müqaviləsinin müddəti qanunauyğun olaraq uzaldılmış və uzaldılmış müddətə görə də onun icarə haqqı ödəmək öhdəliyi yaranmışdır. Qeyd edilən mənzil artıq 36 aydır ki, onun istifadəsində olsa da, bu dövr ərzində heç bir məbləğdə icarə haqqı ödənilmədiyinə görə onun ödənilməyən 25200 manat məbləğində borcu qalmışdır. Bu müddət ərzində borcu ödəmədiyi və mənzili boşaldaraq ona təhvil vermədiyi təqdirdə 25 200 manat məbləğində vəsaitin Cavabdeh Hassandan tutularaq X11 ödənilməsi üçün məhkəməyə müraciət edəcəkdir. - X10 tərəfindən Baki Şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanan ərizədən görünür ki Baki şəhəri, ünvan 35 saylı mənzili xüsusi mülkiyyət hüququ X7 məxsusdur. Onun razılığı ilə Omid Gholami X1 arasında 1 oktaybr 2019-cü il tarixdə Xüsusi mülkiyyətin icarəsi haqqında müqavilə imzalanmış, həmin müqaviləyə əsasən Baki şəhəri, ünvan 35 saylı mənzili hər ay 700 manat ödənilməklə Gholami Soltanmoradinə icarəyə verilmişdir. Bildirmək istəyir ki, Baki şəhəri, ünvan 35 saylı mənzilinə dair X11 etibarnamə verib və X9 həmin mənzilə dair öz adından bağlanmış müqavilənin əhəmiyyətini təsdiq edir. O 1 oktyabr 2019-cu il tarixli “Xüsusi mülkiyyətin icarəsi haqqında” müqavilə üzrə ödənilməyən borcların X11 ödənilməsinə etiraz etmir. - Səbail Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən gələn xx.xx.2023-cü il tarixli, 3-38-33/2-2453/23 nömrəli məktubdan görünür ki xx.xx.1985-ci il təvəllüdlü İran vətəndaşı Cavabdeh xx.xx.2020 –ci il tarixdə ölkəyə girişi, xx.xx.2020-ci il tarixdə ölkədən çıxışı, xx.xx.2020–ci il tarixdə ölkəyə girişi, xx.xx.2020-ci il tarixdə ölkədən çıxışı, xx.xx.2022–ci il tarixdə ölkəyə girişi xx.xx.2022-ci il tarixdə ölkədən çıxışı qeydə alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 2 saylıevin 75 saylı mənzili X8 məxsus olmaqla xx.xx.2004-cü il tarixindən mülkiyyətindədir. Novruzova Natella X2 xx.xx.2019-cu il tarixdə verdiyi ** AQ ***3586 nömrəli etibarnamə əsasında sonuncu İran İslam Respublikasının vətəndaşı Cavabdeh ilə həmin tarixdə “Xüsusi mülkiyyətin icarəsi haqqında” razılaşma bağlayaraq ayda 700 manat ödəməklə Baki şəhəri, F.Əmirov küçəsi 75 ünvanınını icarəyə vermişdir. Müqavilə 1 il müddətinə bağlansa da, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-38-33/2-2453/23 nömrəli məktubdan göründüyü kimi, cavabdeh xx.xx.2020-ci il tarixdə ölkədən çıxış etmiş və sonuncu dəfə xx.xx.2022 –ci il tarixdə ölkəyə giriş etməklə bir gün sonra, yəni, xx.xx.2022-ci il tarixdə ölkədən çıxışmışdır. Başqa sözlə, cavabdeh xx.xx.2020-ci il tarixdən mübahisəli mənzildə yaşamır. İddia tələblərinə əsasən qeyd edilən mənzil 36 aydır ki, cavabdehin istifadəsində olsa da, bu dövr ərzində heç bir məbləğdə icarə haqqı ödənilmədiyinə görə onun ödənilməyən 25200 (iyirmi beş min iki yüz) manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında icarə müqaviləsi 1 il müddətinə bağlandığından cavabdehdən həm icarə müqaviləsi qüvvədə olan dövrdə ödəmədiyi (2020-ci ilin mart ayı daxil olmaqla ödəmiş, həmin tarixdən sonra icarə haqqını ödəməmişdir) aylıq icarə haqqı, həm də müqavilə müddəti bitdikdən sonra hazırki iddia tələbində göstərilən həcmdə, yəni iddia qaldırılan vaxta kimi onun tərəfindən iddiaçıya vurulmuş ziyan ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə daha sonra qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə daha sonra qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin mütləq xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir. Əldən çıxmış fayda adi mülki dövriyyə şəraitində hüququ pozulmuş şəxsin əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Lakin məlumdur ki, bazar münasibətləri bu və ya digər səbəbdən dəyişikliklərə məruz qala bilər, malların, işlərin və xidmətlərin dəyəri dəyişə bilər. Bir qayda olaraq hüququ pozulmuş şəxsə vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Lakin qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutula bilər. İşin araşdırılmış halları ilə sübut olunmuşdur ki, cavabdeh icarə müqaviləsi dövründə aylıq icarə haqqını ödəmək kimi öhdəliyini tam yerinə yetirməməklə yanaşı, müqavilə müddəti bitdikdən sonra da iddiaçının mülkiyyətini boşaltmayaraq ona öz mülkiyyətindən mülahizəsinə görə sərbəst və maneəsiz istifadə etməsini məhdudlaşdırmış, bununla da ona maddi ziyan vurmuşdur. Müəyyən edilmişdir ki, cavabdeh mənzildə olan (iddiaçıya dəqiq məlum olmayan) əşyalarını saxladığı və mənzili boşaldıb təhvil vermədiyi üçün iddiaçı öz mülkiyyətindən bəhrələnə və fayda götürə bilməmişdir. Belə ki, iddiaçı cavabdehlə olduğu kimi, digər şəxslərə də eyni məbləğdə (və ya digər razılaşma formasında) mənzilini kirayə verib qazanc əldə etmək imkanından faktiki məhrum olmuşdur. Qanunvericiliyə görə mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqları elementlərindən, hissələrindən ibarətdir və bu hüquqların hər hansı birinin həyata keçirilməsi mütləq şəkildə digər hüquqlardan asılıdır. Məhkəmə hesab edir ki, mülkiyyət hüququnun tərkib elementi olan istifadə və sahiblik hüquqlarının pozulması, artıq, sərəncam hüquqlarının da daxil olduğu mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Hassandan 25200 (iyirmi beş min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X8 ödənilməklə, cavabdehə məxsus bütün əmlakları Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 2 saylıevin 75 saylı mənzildən çıxarılaraq mənzil X7 təhvil verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 167 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Hassandan 25200 (iyirmi beş min iki yüz) manat məbləğində pul tutularaq iddiaçı X7 ödənilsin. Cavabdeh Hassana məxsus bütün əmlakları (əşyaları) Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 2 saylı evin 75 saylı mənzilindən çıxarılaraq mənzil iddiaçı X7 təhvil verilsin. Ödənilmiş 167 (bir yüz altmış yeddi) manat dövlət rüsumu Cavabdeh Hassandan tutularaq iddiaçı X7 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1098/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1098/2023
22.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver