Məhkəmə qərarları › İş №e-2(009)-1107/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1107/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1107/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əliyev X1 Danyellanı maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixində əcnəbi Cavabdeh (PU 903 987) ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/20/2025-00002 saylı barışıq sazişinin 2-ci bəndinin “Tərəf 2 (İddiaçı)-nun Tərəf 1 (Cavabdeh)-ya ünvan 1 ünvanında yerləşən hədiyyə etdiyi evi Tərəf 1 (Cavabdeh) ölkəni tərk etmədən öncə notarial qaydada hədiyyə olaraq Tərəf 2 (İddiaçı)-na geri qaytarmağı öz öhdəsinə götürür”- məzmununda təsdiq edilməsi və 500 (beş yüz) manat həcmində mediasiya xərclərinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə əcnəbi Cavabdeh (PU 903 987) arasında “nikahın pozulması və əmlak bölgüsü tələbi”nə dair xx.xx.2025-ci il tarixində keçirilmiş mediasiya sessiyasında tərəflər arasında MŞB/20/2025-00002 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişi özündə ailə münasibətlərindən irəli gələn bütün məsələləri tənzimlədiyi üçün geniş və detallı şəkildə razılaşdırılmışdır. Sazişin şərtləri ilə tanış olmaq üçün həmin sazişi ayrıca qoşma şəkildə əlavə etməyi daha məqsədəmüvafiq görürlər. Lakin, hazırda məhkəməyə müraciət edilməsinə zəmin yaradan əsas hal məhz barışıq sazişinin 2-ci bəndindəki şərtlərin Cavabdeh tərəfindən yerinə yetirilməməsi ilə əlaqədardır. Ona görə də Nykytenkonun saziş üzrə üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməsinin təmin edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranır. Belə ki, tərəflər razılaşmışlar ki, Nykytenko Bakı şəhərində yaşadığı müddət ərzində onun qızı ilə birlikdə həmin mənzildə yaşamasına İddiaçı etiraz etməyəcəkdi, lakin, Azərbaycan Respublikasının ərazi hüdudlarını tərk etməzdən öncə Cavabdeh müvafiq notariat kontoruna müraciət edərək ona şərtlə bağışlanmış evi yenidən Əliyevin adına keçirməli idi. Lakin, təəssüflər olsun ki, müqavilə tərəfi olan xanım Nykytenko öhdəliklərinin icrası zamanı vicdanlılıq nümayiş etdirməmiş və nikahın xitamı haqqında şəhadətnaməsini aldıqdan dərhal sonra bağışlanma predmeti olan mənzili geri qaytarmadan ölkədən çıxıb getmişdir. Hazırda ünvan 1 ünvanında yerləşən hədiyyə əmlakına dair tərəflər arasında bağlanmış bağışlama əqdi etibarsız hesab edilməlidir. Yəni hazırki ərizənin mahiyyəti məhz yekun etibarilə bu öhdəliyin yerinə yetirilməsinin məhkəmə qətnaməsi vasitəsilə icra edilməsini təmin etməkdir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 2-ci bəndindən görünür ki, tərəf 2 (İddiaçı)nun tərəf 1 (Cavabdeh)ya ünvan 1 ünvanında yerləşən hədiyyə etdiyi evi tərəf 1 (Cavabdeh) ölkəni tərk etmədən öncə notarial qaydada hədiyyə olaraq tərəf 2 (İddiaçı)na geri qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflər Cavabdeh (Birinci tərəf) və İddiaçı (İkinci tərəf) arasında xx.xx.2025-ci il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında giriş xx.xx.2024 - çıxış xx.xx.2025 qeyd edilmişdir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin 2-ci bəndi məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 2-ci bəndi məcburi icrası üçün təsdiq edilsin.

2. Tərəf 2 (İddiaçı)nun tərəf 1 (Cavabdeh)ya ünvan 1 ünvanında yerləşən hədiyyə etdiyi evi tərəf 1 (Cavabdeh) ölkəni tərk etmədən öncə notarial qaydada hədiyyə olaraq tərəf 2 (İddiaçı)na geri qaytarmağı öz öhdəsinə götürür. Ərizəçi İddiaçı tərəfindən ümumilikdə ödənilmiş 500 (beş yüz) manat mediasiya xərci və 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar