Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1139/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, “X4” ASC-yə (üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi) qarşı «hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, “X4” ASC-yə (üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi) qarşı «hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən 18 mart 2020-ci il tarixində keçirilən hərracın yekunları barədə Y-48/1 nömrəli protokolun etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx"-nin hərracın nəticələri haqqında 18 mart 2020-ci il tarixli, Y-48/1 saylı protokoluna əsasən mübahisəli ev Sumqayıt şəhər Məhkəməsinin 2(060)-93/2018 saylı, 28 mart 2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" KB ASC-yə 79.688 manata satılmışdır. Tərəfindən müəyyən olunmuşdur ki, kredit məbləğinin əksər hissəsi ödənilmiş və hələ də ödəniş davam etdirilir. Kredit müqaviləsi bağlanan zaman "xxxx" KB ASC tərəfindən bir sıra qanunsuzluqlara yol verilmişdir. Belə ki, kredit müqaviləsinə əsasən ödənişin ABŞ dolları ilə ediləcəyi sonradan ona məlum olmuşdur. Hazırda "xxxx" KB ASC tərəfindən qanunsuz olaraq Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evindən çıxarılmağı tələb olunur. Onun və ailə üzvlərimin istifadə hüququ əsassız olaraq məhdudlaşdırılır. Ailə üzvləri və iddiaçı həmin fərdi yaşayış evində qeydiyyatdadır və hazırda mübahisəli fərdi yaşayış evindən başqa mənzili yoxdur. 18 mart 2020-ci il tarixli hərrac nəticələri düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdeh “Əmlak İxtisalaşdırılmış Hərrac Mərkəzi” tərəfindən qanunvericiliyin normaları pozularaq 3 dəfə hərrac keçirilmişdir və fərfi yaşayış evi 79 688 (yetmiş doqquz min altı yüz səksən səkkiz) manata cavabdeh "xxxx" ASC-yə satılmışdır. Bundan əlavə, hərracın keçirilməsi barədə ona məlumat nə sifarişli poçt məktubuyla, nə də elektron poçt vasitəsilə göndərilməmişdir. Həmçinin, "xxxx" ASC əmlakım hərraca çıxarılarkən onun mülkiyyətçi olduğunu və hərracın keçirilməsindən xəbəri olmadığını bilə-bilə əmlakı əldə etdiyinə görə vicdanlı əldə edən sayıla bilməz, bu səbəbdən də alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi yazılı izahat vermiş və izahatını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evi kreditin təminatı olaraq "xxxx" ASC-də ipotekaya qoyulmuş və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-93/2018 saylı, 28 mart 2018-ci il tarixli qətmaməsi əsasında tutma yönəldilərək açıq hərraca çıxarılmışdır. "xxxx"nin hərracın nəticələri haqqında 18 mart 2020-ci il tarixli 48/1 saylı protokoluna əsasən qeyd olunan ev Sumqayıt şəhər Məhkəməsinin 3/2018 saylı, 28 mart 2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-yə satılmışdır. Bununla bağlı "xxxx" ilə "xxxx"KB ASC alğı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən qeyd olunan ev üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ 01 dekabr 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin hərracda satılmasına baxmayaraq, İddiaçı və digərləri qeyd olunan evdə yaşamağa və qeydiyyatda qalmağa davam etdiyi içün "xxxx" ASC İddiaçı və digərlərinin istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair Sumqayıt şəhər Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin 20 may 2021-ci il, 2(060)-3395/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. ‘Unibank KB” ASC-nin həmin fərdi yaşayış evini hərracın nəticəsi olaraq mülkiyyətinə keçirməsindən məlumatlı olan İddiaçı yuxarıda qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(105)-2686/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı qeyd olunan qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2(102)-2940/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Göründüyü kimi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair Sumqayıt şəhər Məhkəməsində işə İddiaçı iştirakı ilə baxılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3395/2021 nömrəli qətnaməsindən apellyasiya və kassasiya şikayətlərini də İddiaçı vermişdir. Bununla da müəyyən olunur ki, İddiaçı 2021-ci ildə əmlakın hərracdan satılaraq bankın mülkiyyətinə keçməsi barədə məlumatlı olmuşdur. Odur ki, İddiaçı ona məxsus əmlakın hərracdan satılmış olmasından məlumatsız olması münkün deyildir. iddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, keçirilmiş hərrac tam qanunsuz olmuşdur. Hərrac keçirilib və 2018-ci ildə yekunlaşmışdır. Təxminən il yarımdan sonra evin boşaldılması ilə bağlı ona müraciət edilmişdir. İcra məmurunun ona söylədiyinə görə hərrac üç dəfə keçirilmiş və dəvət edilməsi ilə bağlı rəsmi bildiriş mövcud olmamışdır. Evin dəyərinin 200000-250000 olmasına baxmayaraq 120000-125000 dəyərində qiymətləndirilmiş və bank da 80000 almışdır. "xxxx" KB ərizəsində hərracdan məlumatlı olduğunu bildirsədə, bununla bağlı hər hansı rəsmi və ya qeyri-rəsmi bildirişin, hətta telefon zəngi belə olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Cavabdehlərin məhkəmə iclasına gəlməyini və qeyd etdikləri sübutlarını təqdim etmələrini, həmçinin iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehlərə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 41-3/13SU saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, İddiaçı 55280.79 ABŞ dolları əsas borc, 4142.99 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu "xxxx" ASC xeyrinə tutulmuş, tələb "xxxx" ASC ilə cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinə yönəldilməyi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinin ilkin satış qiyməti 125000 manat müəyyən edilmişdir. İş materiallarında olan 18 mart 2020-ci il tarixli, Y-48/1 saylı Hərracın nəticələri haqqında Protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsi ipotekasaxlayan "xxxx" ASC 79688 manata almışdır. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsini "xxxx" ASC 79688 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3395/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı, X1, Əsgərov Əjdər Şiralı oğlunun, X3 və X2 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılaraq fərdi yaşayış evinın boşaldılması, hazırkı qətnamənin göstərilən şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(105)-2686/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(060)-3395/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2940/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-2686/2021 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 27 mart 2023-cü il, 2(105)-835/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" KB ASC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələri barədə protokolun etibarsızlığına dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, "xxxx" MMC tərəfindən 18 mart 2020-ci il tarixində keçirilən hərracın yekunları barədə Y-48/1 nömrəli protokolun etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(060)- 7787/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" KB ASC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələri barədə protokolun etibarsızlığı barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmı və Sumqayıt Apellyasiya Məhkəməsinin 27 mart 2023-cü il, 2(105)-835/2023 nömrəli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(060)-7787/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 8(060)-691/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, borclu İddiaçı 29 avqust 2022-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3395/2021 nömrəli qətnaməsinin icrasına bir il müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi artıq icraya yönəldilmişdir. Həmin qətnaməyə əsasən 170 000 manat pul “Karvan” Ticarət Mərkəzindən onun xeyrinə tutularsa o, bankın borcunu ödəyə və evinin əlindən çıxmasının qarşısını ala bilər. Bunun üçün ona möhlət verilməsi zəruridir. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3395\2021 nömrəli qətnaməsinin icrasına bir il müddətinə möhlət verilməsi barədə borclu İddiaçı ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, kredit müqaviləsi ilə İddiaçı kredit vermişdir. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 41-3/13SU saylı əlavə kredit müqaviləsi ləğv edilmiş, İddiaçı 55280.79 ABŞ dolları əsas borc, 4142.99 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu "xxxx" ASC xeyrinə tutulmuş, tələb "xxxx" ASC ilə cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinə yönəldilməyi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinin ilkin satış qiyməti 125000 manat müəyyən edilmişdir. Sumqayıt rayon icra idarəsinin qərarı ilə icra işi icraata başlanılmışdır. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mübahisəli fərdi yaşayış evi Sumqayıt rayon İcra İdarəsinin sifarişi əsasında hərraca çıxarılmışdır. İlkin satış qiyməti 125000 manat müəyyən edilmişdir. Keçirilmiş hərrac nəticəsində ipoteka saxlayan "xxxx" ASC 79688 manata almışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, keçirilən hərracdan onun xəbəri olmamış və hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Bu səbəbdən iddiaçı həmin hərracın və onun nəticələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2-ci maddəsinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 42.1-ci maddəsinin tələblərinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7, 43.8). Bu Qanunun 42.5-ci və 42.6-cı maddələrinə görə ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Məhkəmə, əqdin etibarsızlığına dair iddia tələblərinə kəsici müddətin tətbiqi üzrə zərurətin olub-olmamasını nəzərdən keçirib aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, həmin tələblər hərracın yekunları barədə protokolun, bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçının hərracın keçirilməsi və mübahisəli mənzilin bankın mülkiyyətinə keçməsi ilə bağlı 2021-ci ilin əvvəllində məlumatı olmuşdur. Lakin buna baxmayaraq hərracın etibarsızlığı ilə bağlı tələb onun tərəfindən ilk dəfə 2022-ci ilin noyabr ayında, sonra isə xx.xx.2023-cü il tarixdə, yəni bir il müddət keçdikdən sonra məhkəmədə qaldırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi andan qanunla nəzərdə tutulmuş müddətdə pozulması ehtimal edilən hüququn bərpası üçün məhkəməyə müraciət etmədiyindən və bununla da müraciət müddəti ötürdüyündən, iddia tələbləri təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1139/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1139/2023
24.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver