Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1159/2022 08.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin icra olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə arasında bağlanmış müqaviləyə əsasən liftlərin quraşdırılması və sazlanaraq işə buraxılması, yüksək keyfiyyətli suvaq işləri, pilləkən qəfəsinin rənglənməsi və ağardılması, pilləkən qəfəsində məhəccərin quraşdırılması, mərtəbələrdə elektrik şitlərinin quraşdırılması, girişlərdə dəmir seyf qapıların qoyulması, binanın fəsadında tamamlama işlərinin görülməsi, xarici mühəndis xətlərinin və qurğuların çəkilişi, məhəllədaxili abadlıq işləri, həyətin abadlaşdırılması, dizel generatorun quraşdırılması barədə müqavilə öhdəliklərinin icra edilməsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Hüseynzadə 1 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 82 kv.m olan, 125 saylı mənzilin tikintisi üçün müqavilə bağlanmışdır. Ümumi dəyəri 41000 manat olan mənzilin pulu xx.xx.2014-cü il tarixdə 13000 manat və xx.xx.2014-cü il tarixdə 28000 manat olmaqla tərəfindən tam şəkildə ödənilmişdir. Bu barədə MMC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışı vardır. Maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-dən ümumi sahəsi 82 kv.m olan 2 otaqlı mənzil alınmış və tam olaraq 41000 AZN məbləğində pul ödənilmişdir. Eyni zamanda müqavilənin sonunda ödənişlərin edilməsi barədə qeydlər hissəsində ödənişlərin edilməsi MMC-nin möhürü ilə təsdiq edilmişdir. Buna baxmayaraq icraçı Cavabdeh MMC tərəfindən müqavilə üzrə üzərinə düşən müqavilə öhdəlikləri bu günədək yerinə yetirilməmişdir. Belə ki, iddiaçı müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri 2014-cü ildən yetirməyinə və hazırda qeyd olunan 3 bloklu yaşayış binasında olan ümumi 210 mənzilin 150-dən çoxunda, yəni 50%-dən artıq məskunlaşma olmasına baxmayaraq Cavabdeh MMC müqavilənin 1-ci hissəsinin 6-cı bəndində qeyd olunan “liftlərinin quraşdırılması və sazlanaraq işə buraxılması” öhdəliyini tam olaraq icra etməmişdir. Bundan əlavə müqavilənin 1-ci hissəsinin 6-cı bəndində qeyd olunan icraçıya aid digər öhdəliklər: yüksək keyfiyyətli suvaq işləri, pilləkən qəfəsinin rənglənməsi və ağardılması, pilləkən qəfəsində məhəccərin quraşdırılması, mərtəbələrdə elektrik şitlərinin quraşdırılması, girişlərdə dəmir seyf qapıların qoyulması, binanın fəsadında tamamlama işlərinin görülməsi, xarici mühəndis xətlərinin və qurğuların çəkilişi, məhəllə daxili abadlıq işləri, həyətin abadlaşdırılması, dizel generatorun quraşdırılması MMC tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən şahid X2 bildirmişdir ki, özü Şamaxıda yaşasa da, oğulları təhsilləri ilə əlaqədar olaraq Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Hüseynzadə 1 ünvanında yerləşən həmin mənzildə yaşayırlar. Binanın 90%-də artıq yaşayış var. İddiaçı ilə qonşudur və binanın vəziyyəti ilə əlaqədar cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə narazıdır. Həyətin bərbad vəziyyətdə olduğunu bildirərək, binada yalnız yük üçün lift olduğunu, sərnişin liftinin olmadığını, 1-ci mərtəbədə suvağın olmadığını, məhəccərin boyanmadığını, sadəcə paslı dəmir olduğunu qeyd etmişdir. Həmçinin generatorun olmadığını, öz vəsaitləri hesabına transformator qoyduqlarını, işığın ümumi olduğunu da bildirmişdir. MMC rəhbərliyindən dəfələrlə rayon icra hakimiyyətinə, polisə və müxtəlif orqanlara şikayət etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X1 bildirmişdir ki, Cavabdeh MMC tərəfindən müqavilə şərtlərinə əməl edilməmişdir. Giriş qapısının olmadığını, sadəcə yük üçün lift olduğunu qeyd etmişdir. Binanın 90%-də yaşayışın mövcud olduğunu, insanların narazı olduğunu, su sayğacının, yanğın xətlərinin, suvaq işlərinin, girişlərdə dəmir seyf qapılarının, tavanın olmadığını, məhəllədaxili abadlıq işlərinin görülmədiyini bildirmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsini və vəkilini, şahidləri dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış Kooperativ binada mənzil tikintisi üçün xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, icraçı ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 11-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 82 kv.m olan 125 saylı mənzilini payçıya verməyi öhdəsinə götürür, payçı isə mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə 15 gün ərzində ödəməklə son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. Payçı binanın fəsad hissəsində layihədənkənar dəyişiklik etməməyi öz üzərinə götürür. Payçı mənzildə təmir işlərinə bina təhvilindən əvvəl başlayarsa enerjinin sərfi üçün MTK ilə hesablaşma aparmalıdır. Mənzil payçıya aşağıdakı vəziyyətdə verilir: ümumi TQİri, daxili elektrik xətləri (mis, məftil), daxili santexnika xətləri (ana-qaz, su, kanalizasiya xətləri birləşmə nöqtələrinədək), xarici qapı və pəncərələr (plastik materiallardan) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvaq işləri, pilləkən qəfəsinin rənglənməsi və ağardılması, pilləkən qəfəsində məhəccərin quraşdırılması, mərtəbələrdə elektrik şitlərinin quraşdırılması, girişlərdə dəmir seyf qapıların qoyulması, mənzillərdə dəmir seyf qapıların qoyulması, binanın fəsadında tamamlama işlərinin görülməsi, liftlərin quraşdırılması və sazlanaraq işə buraxılması (sakinlərin 50%-i binaya köçdükdən sonra), xarici mühəndis xətlərinin və qurğuların çəkilişi, məhəllədaxili abadlıq işləri, həyətin abadlaşdırılması, dizel generatorun quraşdırılması. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış Kooperativ binada mənzil tikintisi üçün xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, payçı tərəfindən xx.xx.2014-cü il tarixində 13.000 manat, xx.xx.2014-cü il tarixində 28.000 manat, xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən 41.000 manat məbləğində pul ödənilmişdir, həmçinin şirkətə borcunun olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında kooperativ binanın mənzil tikintisi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən mənzilin ona verilməsi iddiaçı isə həmin mənzili qəbul edib qabaqcadan müəyyənləşdirilmiş haqqı vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin dəyərini tam olaraq ödəmiş və ona bu barədə arayış verilmişdir. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq "xxxx" MMC mənzili müqavilədə göstərilən şərtlərə uyğun - liftlər quraşdırılıb sazlanaraq işə buraxılmış, yüksək keyfiyyətli suvaq işləri görülmüş, pilləkən qəfəsinin rənglənmiş və ağardılmış, mərtəbələrdə elektrik şitlərinin quraşdırılmış, girişlərdə dəmir seyf qapılarının qoyulmuş (yerli istehsaldan), binanın fasadında tamamlama işləri görürülmüş, xarici mühəndis xətlərinin və qurğularının çəkilmiş, məhəllə daxili abadlıq işləri görülmüş, həyət abadlaşdırılmış, dizel generatoru quraşdırılmış vəziyyətdə təhvil verməyərək, müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya) Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, iddia qismən təmin edilməli cavabdeh "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməli, cavabdeh "xxxx" MMC tərəfindən liftlər quraşdırılaraq saz vəziyyətdə işə buraxılmalı, yüksək keyfiyyətli suvaq işləri görülməli, pilləkən qəfəsi rənglənməli və ağardılmalı, mərtəbələrdə elektrik şitləri quraşdırılmalı, girişlərdə dəmir seyf qapıları qoyulmalı (yerli istehsaldan), binanın fasadında tamamlama işləri görülməli, xarici mühəndis xətləri və qurğuları çəkilməli, məhəllə daxili abadlıq işləri görülməli, həyət abadlaşdırılmalı və dizel generatoru quraşdırılmalıdır. Pilləkən qəfəsində məhəccər cavabdeh tərəfindən quraşdırıldığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 90 manatı "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən liftlər quraşdırılaraq saz vəziyyətdə işə buraxılsın, yüksək keyfiyyətli suvaq işləri görülsün, pilləkən qəfəsi rənglənsin və ağardılsın, mərtəbələrdə elektrik şitləri quraşdırılsın, girişlərdə dəmir seyf qapıları qoyulsun (yerli istehsaldan), binanın fasadında tamamlama işləri görülsün, xarici mühəndis xətləri və qurğuları çəkilsin, məhəllə daxili abadlıq işləri görülsün, həyət abadlaşdırılsın və dizel generatoru quraşdırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 90 manatı "xxxx" MMCdən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1159/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1159/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver