Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-117/2022 10.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı Fı̇ zuli qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 29.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X6 ilə rəsmi nikahdadır. Birgə nikah dövründə X3 adına Cavabdeh2 MMC arasında 15 noyabr 2006-cı il tarixdə Bakı şəhəri, Ə.Cavad və Y.İbrahimov küçələrinin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunun 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənziln tikintisi ilə bağlı müqavilə bağlanılmışdır. (X4 küçəsi 14 saylı evin 19 saylı mənzili) Həmin Mənzilin dəyəri ödənilmişdir və mənzil tikilib onlara təhvil verilmişdir. Həyat yoldaşı ilə uzun illərdir X2 köçüb yaşayırlar. Bu yaxınlarda ona məlum olmuşdur ki, həyat yoldaşı həmin ünvanı onun razılığı olmadan yaşamaq üçün bacısı Cavabdeh1 vermişdir. Bu onun razılığı olmadan baş verdiyindən o həmin mənzildən çıxarılmalıdır. 14.10.2021-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nə qarşı iddia ərizəsinə əlavə verərək Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 3 saylı evin 19 saylı mənzilinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil 11.11.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunmasına dair vəsatət vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Fı̇ zuli qızının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri müdafiə edərək, mübahisəli mənzilin İddiaçı ilə Ağayev Namiqin birgə nikah dövründə əldə etdiklərini bildirmişdir. İddiaçı cavabdehi, yəni baldızını mənzildən çıxarma tələbi ilə ilkin olaraq məhkəməyə mürciət etmişdir. Verilmiş sorğulara gələn cavablardan ona müəyyən olmuşdur ki, mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Mənzil birgə nikah dövründə əldə olunduğundan iddiaçının razılığı olmalı idi. İddiaçının razılığı olmadan bağlanmış müqavilə etibarsızdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etrmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini bildirərək, iddia müddətinin ötürülməsi barədə ərizənin tətbiq olunmasını xahiş etmişdir. İddiaçı və yoldaşı Ağayev Namiq boşansa və ya münasibətləri pis olsa idi iddia tələbi haqlı ola bilərdi. Lakin onlar mənzili sataraq birlikdə Amerikaya getmişlər. Bu səbəbdən də iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 15.11.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, X6 ilə Cavabdeh2 MMC arasında Bakı şəhəri, Ə.Cavad və Y.İbrahimov küçələrinin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunun 10-cu mərtəbəsində yerləşən 3 otaqlı (115.19 kv.m) mənzilin tikintisi ilə bağlı müqavilə bağlanılmışdır. Mənzilin dəyəri 135.160 manat (və ya 155.000 ABŞ dolları) müəyyən edilmişdir. (Mənzil təmirsiz vəziyyətdə) İş materiallarında olan AZ-İ 274371 nömrəli, 22.09.2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X1 22 sentyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. 2998 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə “Ağayev”, arvada “Ağayeva” soyadı verilmişdir. İş materiallarında olan 16.11.2006-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Ə.Cavad və Y.İbrahimov küçələrinin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunun 10-cu mərtəbəsində yerləşən 3 otaqlı (115.19 kv.m) mənzilə görə X6 Cavabdeh2 MMC-yə 16.11.2006-cı il tarixdə 135.160 manat (155000 ABŞ dolları) məbləğində vəsait ödəyib. İş materiallarında olan 15.11.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında Bakı şəhəri, Ə.Cavad və Y.İbrahimov küçələrinin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunun 10-cu mərtəbəsində (yaşayışın yeddinci mərtəbəsi) yerləşən 3 otaqlı (115.o kv.m) mənzil ilə bağlı müqavilə bağlanılmışdır. Mənzilin dəyəri 135.160 manat müəyyən edilmişdir. (Mənzil təmirsiz vəziyyətdə) İş materiallarında olan 15.11.2006-cı il tarixli, 12 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Ə.Cavad və Y.İbrahimov küçələrinin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunda yaşayışın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı (115.0 kv.m) mənzilə görə X6 Cavabdeh2 MMC-yə 15.11.2006-cı il tarixdə mənzilin dəyərini tam olaraq cəmiyyətin xəzinəsinə ödəmişdir. Heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 07/13 saylı 23.02.2013-cü il tarixli protokolundan çıxarışdan görünür ki, Cavabdeh1 ərizəsi əsasında MTK-ya üzv qəbul edilmiş və ünvan 1 ünvanında Cavabdeh2 MTK-ya məxsus A blokun İX mərtəbəsində ümumi sahəsi 115.19 kv.m olan 3 otaqlı 19 saylı mənzil tam mülkiyyətinə verilmişdir. İş materiallarında olan 16.02.2015-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən A blokun İX mərtəbəsində ümumi sahəsi 115.19 kv.m olan 3 otaqlı 19 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh2 MTK-nın 73 saylı, 16.02.2015-ci il tarixli Forma 2 arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında 19 saylı mənzildə yaşayır. Mənzil 3 otaqlıdır, ümumi sahəsi 115.19 kv.m, yaşayış sahəsi 59.91 kv.m mənzil 13 mərtəbəli evin İX mərtəbəsində yerləşir. Tam təmirlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli (vəsiqəni verən orqan Bakı Binəqədi RPİ, tarix 05.07.2011-ci il) şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1976-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 331-ci maddəsinə əsasən yazılı əqd əqdi bağlayan şəxslərin imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı belə iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarından isə görünür ki, Bakı şəhəri, Ə.Cavad və Y.İbrahimov küçələrinin kəsişməsində yerləşən 14 mərtəbəli evin A blokunun 10-cu mərtəbəsində (yaşayışın yeddinci mərtəbəsi) yerləşən 3 otaqlı (115.o kv.m) mənzil dövlət reyestrində qeydə alınmamışdır. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj kooperativinin və başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İş materiallarından isə görünür ki, iddiaçının həyat yoldaşı pay haqqını 16.11.2006-cı il tarixdə tam ödədiyindən həmin əmlaka sahiblik və istifadə etmək hüququnu 16.11.2006cı il tarixdə əldə etmişdir. Lakin 15.11.2006-cı il tarixli razılıq əsasında Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında müqavilə 15.11.2006-cı il tarixdə bağlanmışdır. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçının etibarsız hesab etdiyi müqavilə 15.11.2006-cı il tarixdə bağlanılmış, məhkəməyə isə 29.09.2021-ci il tarixdə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbləri ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsassız olması öz təsdiqini tapdığından həmin tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-117/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-117/2022
10.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver