Məhkəmə qərarları › İş №e-2(009)-1172/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1172/2020

13.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1172/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində yerləşən 11 nömrəli evin, 46 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli olan mənzil Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(102)-7676/2017 saylı qərarına əsasən onunla X3 arasında 1/2 payları müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində yerləşən 11 nömrəli evin, 46 saylı mənzilinin 1/2 hissəsi onun, 1/2 hissəsi X1 mülkiyyətində olmuşdur. Buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Həmin mübahisəli olan mənzil ona vəsiyyətnamə əsasında xalasından miras qalmışdır. X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mənzilin 1/2 hissəsi vərəsəlik üzrə, onun oğlu iş üzrə Cavabdeh mülkiyyətinə keçmişdir. Cavabdeh onu xüsusi mülkiyyətində olan mənzilə buraxmır. Onun xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqları pozulmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-7676/2017 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi vəsiyyətnamə üzrə vərəsə payının müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərar qəbul edilmiş, X1 Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 11 saylı evin 46 saylı mənzilində ½ hissədə məcburi payı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş elektron Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 41 kv/metr olan Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 11 saylı evin 46 saylı mənzili paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı və ½ hissədə X1 payı müəyyən edilməklə xx.xx.2019-cu il tarixdə X1 və xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 3 saylı “Asan Xidmət Mərkəzi”nin Xüsusi Notariusu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ seriyalı, 035425 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1341 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 3 saylı “Asan Xidmət Mərkəzi”nin Xüsusi Notariusu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, çıxarışa əsasən X2 məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 11 saylı evin 46 saylı mənzilinin ½ hissəsi (vərəsəsi) oğlu Cavabdeh keçmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə X1 Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 11 saylı evin 46 saylı mənzilində ½ hissədə məcburi payı müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışa əsasən ümumi sahəsi 41 kv/metr olan Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 11 saylı evin 46 saylı mənzili paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı və ½ hissədə X1 payı qeydiyyata alınmış, 3 saylı “Asan Xidmət Mərkəzi”nin Xüsusi Notariusunun xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnaməsi ilə X1 xx.xx.2019-cu il tarixdə ölümü qeydiyyata alınmış və 3 saylı “Asan Xidmət Mərkəzi”nin Xüsusi Notariusunun xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 11 saylı evin 46 saylı mənzilinin ½ hissəsi (vərəsəsi) oğlu Cavabdeh keçmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh öz müxtəlif hərəkətləri ilə İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirməyə maneələr törətməklə onun mülkiyyət, o cümlədən sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində yerləşən 11 nömrəli evin, 46 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində yerləşən 11 nömrəli evin, 46 saylı mənzilinin ½ hissədə İddiaçı paylı mülkiyyətində olması işin mübahisəsiz halıdır. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, Cavabdeh İddiaçı həmin mənzilə köçməsinə maneə törətməklə onun mülkiyyət, o cümlədən sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MM-nın 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində yerləşən 11 nömrəli evin, 46 saylı mənzili ümumi paylı mülkiyyət hüququ üzrə iş üzrə iddiaçının adına dövlət reyestr xidmətində qeydə alındığından o, mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və öz payına münasibətdə ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə də qanunidir. Odur ki, onun ümumi paylı mülkiyyətində olan mənzilə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə olan halda, İddiaçı mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışa əsasən ½ hissədə paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 11 saylı evin 46 saylı mənzilinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin olunsun. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışına əsasən ½ hissədə paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 11 saylı evin 46 saylı mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar