Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1207/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində cavabdeh İşəgötürən tərəfindən verilmiş Əmək Məcəlləsinin 70 Ç bəndinə əsasən işdən çıxarılma və əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilməsi, onun Cavabdeh MMC-də əmək müqaviləsi üzrə vəzifəsinə bərpa edilməsi, onun işdən çıxarıldığı və işə faktiki bərpa olunduğu dövr aralığının onun əmək stajına daxil edilməsi və onun işdən çıxarıldığı dövrdən faktiki işə bərpa olunduğu dövrə qədər keçən müddət ərzində əmək müqaviləsi üzrə əmək haqqının müvafiq ötürülmüş dövr üzrə aylara vurulmaqla, bitməmiş aya münasibətdə isə günhesabı proporsional hesablanmaqla cavabdeh tərəfdən ona ödənilməsi və bu əməkhaqqı məbləğinin ödənilmədiyi hər gün üçün 1 faiz məbləğində dəbbə pulunun habelə mediasiyaya görə ödənilmiş 60 manatın hesablanaraq cavabdehdən tutulmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, xx.xx.2024-cü il tarixindən əmək müqaviləsi əsasında Cavabdeh MMCdə aşpaz vəzifəsində işə başlamışdı. Qeyd edir ki, həmin vəzifə dövlət qulluqçusu və ya hərbi qulluqçu təsnifatına aid deyil. Müvafiq müəssisədə öz işini qüsursuz və layiqincə yerinə yetirmişdir. İşlədiyi müddət ona qarşı heç bir intizam tənbehi tətbiq olunmamışdır. Bildirir ki, işəgötürən cavabdeh onun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində hər hansı əsas və səbəb göstərmədən Əmək Məcəlləsinin 70/Ç bəndində göstərilən əsaslarla xitam vermişdir. Hal-hazıradək əmrin surəti və əmək kitabçası ona təqdim edilməmişdir. İşəgötürənin barəsində bu formada qərar qəbul etməsinin məntiqi ona məlum deyildir. Özünə qarşı qərəzli münasibət əsasında işdən çıxarıldığının qənaətindədir. Tərəfindən 2 saylı Mediasiya Təşkilatına müraciət edilmiş və xx.xx.2025-ci il tarixində mediasiya arayışı alınmışdır. Cavabdehin onu bu formada qanunsuz olaraq işdən çıxarması maddi vəziyyətini həddindən artıq pisləşdirmişdir. Məhkəməyə müraciət etmək üçün onun ərinin əməkhaqqı alınması gözlənildi və vəkilə xidmət haqqı ödənildi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmçinin, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Belə ki, əmək müqaviləsinin ləğv edilməsinə dair əsaslandırılmış əmrin surəti ona təqdim edilməmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Onun Məcəllənin 70 Ç maddəsi ilə işdən azad edilməsi ilə əlaqədar hər hansı araşdırılma aparılmamış, izahatı alınmamış və ya əmrləşdirilmə rəsmiləşdirilməmişdir. Bu halda həyata keçirilən bu əməlin nə dərəcədə qanunvericiliyə zidd olduğuna dəlalət edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılıb iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılıb iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İşəgötürən X1” MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı marketing üzrə aşpaz peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlanılmışdır. - xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə yeməkxananın işçiləri işdən çıxarkən yoxlama aparılmış, aşpaz İddiaçı 1 kq kərə yağı, aşpaz Məmmədova Kifayətdən 2 kq mal əti, aşpaz köməkçisi Həsənova Sədaqətdən 1 kq kərə yağı, 0.5 kq pomidor, 0.5 kq sosiska, 300 qr keks şirniyyatı aşkar olunmuşdur. - xx.xx.2025-ci il tarixli İddiaçı izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə şirkətə aid olan Natura 1 kq yağı evə aparmaq üçün götürmüş, rəhbərliyə və səlahiyyətli heç bir kəsə məlumat verməmişdir. Bu halın doğru olmadığını qəbul edir. - Əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, İddiaçı ilə bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə ƏM-in 70.ç maddəsinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında 16 iyul 2024-cü il tarixində əmək müqaviləsi bağlanmış və iddiaçı aşpaz peşəsinə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 18 fevral 2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Mübahisələndirilən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qeyd edilən normada əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsi üçün 3 əsas nəzərdə tutulmuşdur ki, onlardan biri də bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır. Məhkəmə hesab edir ki, iddiaçı 13 fevral 2025-ci il tarixdə şirkətə aid olan 1 kq yağı evə aparmaq üçün götürdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin «c» bəndinin tələblərinə uyğun olaraq 25 sentyabr 2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qanuni əsaslarla baş vermişdir. Belə ki, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə yeməkxananın işçiləri işdən çıxarkən yoxlama aparılmış, aşpaz İddiaçı 1 kq kərə yağı aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixli İddiaçı izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə şirkətə aid olan Natura 1 kq yağı evə aparmaq üçün götürmüş, rəhbərliyə və səlahiyyətli heç bir kəsə məlumat verməmişdir. Belə ki, iddiaçı tərəf məhkəməyə ünvanlanmış ərizəsində bildirmşdir ki, qeyd edilən yağın istehsal tarixi bitmiş və ya az qalmış habelə işçinin üst rəhbərləri tərəfindən onlara verilmiş bir məhsuldur. Yəni məhsulun dəyəri adi qaydada 10 manatdır, vaxtı keçmiş məhsulun dəyəri isə ümumiyyətlə olmur. İstehlak müddətinin sonuna az qalmış məhsullar isə adi qaydada həmişə normal dəyərin 70-80 faizindən az olur. Bu kimi halları nəzərə alaraq, düşünürük ki, verilən qərar əmək qanunvericiliyin tələblərinə və prinsiplərinə ziddir. Həmçinin, intizam araşdırması aparılan zaman da əmək Məcəlləsinin tələblərinə əməl edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində əsaslandırdığı halları təsdiq edən hər hansı mötəbər sübut növü məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddanın əmrin ləğv edilməsinə dair faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddia bu hissədə əsaslı sayıla bilməz və rədd edilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1207/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1207/2025
11.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver