Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1213/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi P.M.Əliyevanın iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində sürücü vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə bütün kollektivlə mehriban, söz-söhbətsiz, səmimi davranışına görə hər kəsin yanında hörməti olmuşdur. Heç kimlə mübahisə olmamışdır. Hər zaman bayramlarda və yaxud adi günlərdə belə whatsapp proqramı vasitəsilə iş yoldaşları ilə bir-birlərinə videoroliklər, şeirlər göndərərlər.Son günlər sosial şəbəkələrdə poetessa Aytac xanımın “Olar səni qucaqlayım?” şeiri paylaşıldı. Bu şeirə qulaq asanda o, çox kövrəlmiş, çünki əzizlərini itirmiş insanlara aid şeir idi. O, da insan olaraq atasını, anasını və bacısını itirmişdir. Təbiidir ki, həyatda hər biri əzizlərindən itirdikləri olmuşdur. Həmin şeiri telefonuna yükləyib həyat yoldaşına, bacısına, qohumlara, tanışlara özünə yaxın bildiyi ərk etdiyi iş yoldaşlarına göndərmişdir. Göndərdiyi hər kəsdən müsbət cavab almışdır. Lakin onların arasında şöbənin aparıcı məsləhətçisi X3 adlı iş yoldaşı göndərdiyi şeirə qeyri-adekvat başa düşərək bunu etik normalardan kənar bir şeir kimi qəbul etmiş və o, ona bu şeirin nə mənada olduğunu, o şeiri niyə belə mənada başa düşdüyünün izahını bilmək istəmişdir. Lakin Nərmin xanım xanım ona cavab verməmiş və onunla danışmaq istəməmişdir. Səhər gəlib işdə rəhbərliyə ondan şikayət etmişdir. Rəhbərlik bununla bağlı həm ona, həm Nərmin xanıma izahat yazdırmış və onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən (qeyri-iş vaxtında) azad etmişlər. Nərmin xanımın yazdığı izahatı oxuyanda ona çox məntiqsiz və saxta gəlmişdir. Nərmin xanım izahatında qeyd etmişdir ki, qeyri-etik ifadələrlə dolu olan tiktok videoçarxın şərəf və ləyaqətinə çox təhqir və kollektivdəki nizama xələl gətirən bir hal kimi qəbul edir. Şeiri göndərdikdən sonra Nərmin xanım ona “Sərxan müəllim yanlışlıqla videoçarxı mənə göndərmisiz” yazdıqda, ona cavabında “xeyr, düz göndərmişəm, şeir çox təsirlidir” cavabını vermişdir. Əgər onun Nərmin xanım düşündüyü kimi fikri olsaydı, ona o cavabı deyil, başqa cavab verərdi və özünü ona inandırmağa çalışmazdır ki, səhv düşünüb. O, Nərmin xanıma nə qədər açıqlama verməyə hərəkət etsə də, Nərmin xanım onunla danışmaq istəməmişdir. Nərmin Bayramova izahatında qeyd etmişdir ki, guya o, onun şərəf və ləyaqətinə xələl gətirmişdir. Lakin o, yox, Nərmin xanım onun şərəf və ləyaqətinə xələl gətirərək onu kollektiv yanında nüfuzdan düşürmüşdür və ona görə işimdən olmuşdur. Ona heç bir məlumat vermədən xx.xx.2023-cü il tarixdə saat 14:30-15:00 radələrində təqdim etdiyi izahata məhəl qoyulmadan Xidmətin hüquq sektoru tərəfindən saat 15:24-də təqdim edilmiş, komissiyanın sədri Xidmətin rəis müavini Ağacavid Ramazanovun imzası ilə iş vaxtı bitdikdən sonra, yəni saat 18:11-də rəisə təqdim edilmiş və elə həmin gün təcili şəkildə əmr hazırlanmışdır (qeyri iş vaxtında).İzahatı nəzərə alınmadan, təcili şəkildə qeyri-iş vaxtında fəaliyyətinə xələl gətirən əmrin verilməsini qərəzli və qanunsuz hesab edir və bu barədə nazirliyə rəsmi məlumat vermiş, lakin oradan ona heç bir cavab verilməmişdir. Bundan sonra o, mübahisənin həlli üçün qarşı tərəfə mediasiya təklifi göndərmiş,lakin qarşı tərəf mediasiya sessiyasına gəlməmişdir. Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının mediatoru xx.xx.2023-cü il tarixdə ona ilkin mediasya sessiyasında (İMS) iştirak edilməməsi barədə məhkəməyə müraciət etmək üçün arayış vermişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı 3-24-1/3-3-K-12/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət etmək üçün 1 aylıq müddət ötürülməmişdir. Belə ki, Mediasiya Təşkilatından xx.xx.2023-cü il tarixdə arayış alındıqdan sonra xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə iddia ərizəsi iddiaçının özü tərəfindən Nizami rayon Məhkəməsinə göndərilmiş, lakin bir müddət sonra vəkillə müraciət etmədiyinə görə geri qaytarılmış, iddiaçı xx.xx.2023-cü il tarixdə ona müraciət etdikdən sonra o, Nizami rayon Məhkəməsinin elektron sisteminə iddia ərizəsini göndərmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əldə edildikdən dərhal sonra isə elektron sistemi vasitəsilə iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə göndərilmişdir. Bununla da müddət ötürülməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək və iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixində X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçi vəzifəsini m.i.e X3 şikayət ərizəsi ilə müraciət edərək Dövlət Xidmətinin sürücüsü İddiaçı xx.xx.2023-cü il tarixində onun mobil telefonuna etik hesab etmədiyi videoçarx göndərdiyini bildirmiş, bunu qeyri etik qəbul etdiyini və müvafiq tədbir görülməsini xahiş etmişdir. “X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sürücüsü İddiaçı barəsində xidməti araşdırma aparılması haqqında” Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-24-1/3-3-k-11/2023 nömrəli Əmrinə əsasən xidməti araşdırma aparılaraq, X1 və İddiaçı izahatları alınmışdır. İddiaçı N.Bayramovaya (tik-tok tətbiqinin “eshq_qirintisi” adlı səhifəsindən yüklənmiş) göndərdiyi “Olar səni qucaqlayım” adlı videoçarx izlənilmiş, İddiaçı hərəkəti etik normalara, müəssisədaxili intizam qaydalarına zidd, kollektivdə işgüzar mühitə pis təsir edən hərəkət kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci il 19 aprel tarixli 113-f nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin daxili intizam Qaydaları”nın 3.50-ci bəndinə əsasən işçi iş yerində və iş vaxtı yoldaşları, rəhbərləri və tabeliyindəki şəxslərlə ünsiyyət zamanı nəzakətli olmalı, heç kəsin şərəf və ləyaqətini alçaldacaq hərəkətlərə və kobud davranışa yol verməməlidir. İşçilərin bir-biri ilə münasibətləri qarşılıqlı hörmət və nəzakət prinsipləri əsasında qurulmalı, vulqar ifadələrin işlədilməsindən çəkinməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaqdır. Bu öhdəlik İddiaçı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 3.3-cü bəndində işçinin üzərinə qoyulmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onun əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ştatdan kənar sürücüsü İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-24-1/3-3-k-12/2023 nömrəli əmri ilə xitam verilmişdir. Göründüyü kimi əmrin verildiyi tarix iddiaçının ərizəsində qeyd etdiyi kimi qeyri-iş gününə deyil, həftənin iş günü olan çərşənbə gününə təsadüf edir. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı fərdi əmək mübahisələrinin həlli ilə bağlı məhkəməyə müraciətin iddia müddətini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqdim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. Belə ki, İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr xx.xx.2023-cü il tarixdə verilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdə Mediasiya Şurasına, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu üçün onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin (kontraktının) surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı 280 manat təşkil etmişdir. İş üzrə Mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Dövlət Xidmətinin sürücüsü İddiaçı tərəfindən mobil telefonuna etik hesab etmədiyi videoçarx göndərilmişdir. O, bunu qəbul etmir və müvafiq tədbir görülməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, Dövlət Xidmətinin sürücüsü İddiaçı tərəfindən mobil telefonuna göndərilmiş qeyri-etik ifadələrlə dolu olan tiktok videoçarxını şərəf və ləyaqətinə qarşı təhqir və kollektivdəki nüfuzuna xələl gətirən bir hal kimi qəbul edir. Əvvəlcə ona səhvən göndərildiyini düşünərək, “yanlışlıqla ona atmısız, Sərxan müəllim” deyərək geriyə cavab yazmışdır. İddiaçı isə cavab olaraq bildirmişdir ki, “yox, Nərmin, prosto çox təsirlidir”. Əlavə olaraq bildirir ki, bu hadisə ilk dəfədir baş verir və bu barədə rəhbərliyə şifahi olaraq məlumat vermişdir. Onunla həmişə əmək münasibətlərində olmuşdur. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı İddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, yanvar ayının 26-da günorta saatlarında tik-tok şəbəkəsində valideynlərini, yaxın və əziz insanlarını itirmiş “Arzumu ürəyimdə qoydular” müsahibəsində “Olar səni qucaqlayım” poetessa Aytac xanımın şeirini eşidəndə ona çox psixoloji və mənəvi təsir etmişdir. O, anası, atası və cavan bacısını itirdiyinə görə qərara gəlmişdir ki, bu şeiri bir sıra qohumları, dost və tanışları ilə paylaşsın. Kimə göndərmişdir bu şeiri hamı ona müsbət rəy vermişlər və vhatsap vasitəsi ilə ona öz fikirlərini yazıblar. Lazım olsa o, onları təqdim edə bilər. Lakin iş yoldaşı Nərmin xanım bu şeiri qeyri-adekvat başa düşərək bunu qeyri-etik normalardan kənar bir şeir kimi qəbul etmişdir. O, ondan öyrənmək istəmişdir ki, o, nə səbəbə belə başa düşür bu şeiri. Lakin o, onunla danışmaq istəməmişdir. O, özü də başa düşməmişdir ki, N.Bayramova hansı səbəbə görə bu şeiri belə qəbul etmişdir. Baxmayaraq ki, şeirin şərhi açıq-aydın sosial şəbəkələrdə izah edilib və onun bütün tanışlarında elə həmin formada şərhi qəbul etmişlər. O, belə başa düşür ki, Nərmin xanımın şeir və poeziyanı duya bilmədiyinə görə o, tamamilə şeirdə müəllif tərəfindən oxuculara çatdırılan məna düzgün dərk etməmişdir. Sözünü sübutunu gətirərək şəbəkədə olan müəllifin izahını izahatına əlavə etmişdir. Nərmin xanım onun qızından bir neçə yaş kiçikdir və ona o, qızın gözü ilə baxmışdır. Təəsüf edir ki, o belə mənalı şeiri qeyri-adekvat başa düşüb. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən verilmiş 3-24-1/3-3-K-12/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ştatdan kənar sürücüsü İddiaçı iş yoldaşına qarşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” bəndinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci il 19 aprel tarixli 113-f nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin daxili intizam Qaydaları”nın 3.50-ci bəndinin tələblərini pozaraq, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5.6.5-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ştatdan kənar sürücüsü İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, maliyyə və təminat sektoru (İ.İbrahimov) İddiaçı son haqq-hesabının ödənilməsini və müvafiq təhvil-təslim işlərinin aparılmasını təmin etməsi əmr edilmişdir. Əsas: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində və tabeliyində olan qurumlar üzrə daxili nəzarətin həyata keçirilməsi məqsədilə daimi fəaliyyət göstərən komissiyanın xx.xx.2023-cü il tarixli, 3-24-1/3-3-XM-87/2023 nömrəli xidməti məlumatı. İş üzrə Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-00584 saylı arayışın surətindən görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi işə bərpa tələbi mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2023-cü ildir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən “Olar səni qucaqlayım?” adlı videoçarxı həmin müəssisənin işçisi Nərmin Bayramovaya whatsap vasitəsi ilə telefonuna göndərilmiş, həmin işçinin işlədiyi qurumun rəhbəri A.Cəfərliyə bununla bağlı müraciəti əsasında müvafiq araşdırma aparılmış, tərəflərin izahatları alınmış və araşdırma nəticəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 3-24-1/3- 3-K-12/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı onunla əmək münasibətlərinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsini və onun işə bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Bu hallardan biri işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilməsidir. İşəgötürən qeyd edilən normanın, eyni zamanda “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin daxili intizam Qaydaları”nın pozulmasını əsas gətirərək iddiaçı ilə əmək münasibətlərinə xitam vermişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci il 19 aprel tarixli 113-f nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin daxili intizam Qaydaları”nın 3.50-ci bəndinə əsasən işçi iş yerində və iş vaxtı yoldaşları, rəhbərləri və tabeliyindəki şəxslərlə ünsiyyət zamanı nəzakətli olmalı, heç kəsin şərəf və ləyaqətini alçaldacaq hərəkətlərə və kobud davranışa yol verməməlidir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Məhkəmə qeyd edir ki, əmək intizamı – bütün işçilərin Əmək Məcəlləsi ilə, digər qanunlarla, kollektiv müqavilələrlə, sazişlərlə, əmək müqavilələri ilə və müəssisənin lokal normativ aktları ilə müəyyən edilmiş davranış qaydalarına mütləq tabe olmalıdır. İcra intizamı - əmək kollektivi üzvləri və ya ayrı-ayrı işçilər tərəfindən əmək vəzifələrinin, işəgötürənin əmrlərinin vaxtında və dürüst yerinə yetirmələridir. İntizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməsi və ya lazımınca yerinə yetirilməməsidir. Əmək funksiyasının yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi o halda təqsirli sayılır ki, işçinin əməlində qəsd və ya ehtiyatsızlıq olsun. Qanunvericiliyin yuxarıda göstərilən normasında əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı işəgötürən tərəfindən görülən tədbir işçinin törətdiyi intizam xətasına görə ona verilən ən sərt intizam tənbehidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilatda 2020-ci ildən qüsursuz işləmiş, işlədiyi müddət ərzində ona hər hansı intizam tənbehi verilməmişdir. Məhkəmə iddiaçı tərəfindən əmək kollektivinin üzvünə whatsap vasitəsilə göndərilmiş videoçarxın işçi tərəfindən ona qarşı qeyri-etik davranış kimi qəbul edilməsini, bununla bağlı müvafiq araşdırma aparılıb, komissiya tərəfindən müvafiq xidməti məlumatın verilməsini, bununla da iddiaçı tərəfindən əmək kollektivinin digər işçisinə qarşı ləyaqətli davranış sərgiləmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin hərəkəti ilə intizam xətasına yol vermişdir. Lakin məhkəmə hesab edir ki, işçinin yol verdiyi intizam xətasına görə ona tətbiq edilmiş intizam tənbehi həmin xətanın xarakterinə adekvat deyildir. Yəni işəgötürən tərəfindən işçiyə işdən azad olunma barədə intizam tənbehi verilərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, kollektivdəki nüfuzu və peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, intizam tənbehi kimi iddiaçının işdən azad olunması barədə xx.xx.2023-cü il tarixdə işəgötürən tərəfindən qəbul edilmiş əmr əsassız olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 575-İİQ No-li xx.xx.2004-cü il tarixli qanunu ilə təsdiq edilmiş “Dəyişdirilmiş Avropa Sosial Xartiyasının” 24-cü maddəsinə əsasən əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnu səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyi götürürlər: a) Bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan, əmək münasibətlərinə xitam verilməməsi hüququ;b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçiləri adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər. İddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə yazılı vəsatət vermişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddətin ötürülməməsini bildirərək, bunu təsdiq edən sübut kimi ilkin olaraq iddia ərizəsini "xxxx" MMC (AZ 1041) vasitəsilə xx.xx.2023-cü il tarixdə Nizami rayon Məhkəməsinə göndərilməsini təsdiq edən məktubu, məhkəmənin xx.xx.2023-cü il tarixli iddianın ərazi aidiyyəti üzrə verilməmə səbəbi ilə geri qaytarılmasına dair qərardadı məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Mediasiya Təşkilatının arayışında ilkin mediasiya sessiyasının keçirildiyi tarix kimi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Arayış da məhz sessiyanın keçirilmə tarixindən sonra tərtib edilib tərəflərə təqdim edilməlidir. İddiaçı isə işə bərpa ilə bağlı iddia ərizəsini məhkəməyə xx.xx.2023-cü il tarixdə göndərilməsini qeyd edir. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi poçt qəbzindəki tranzaksiya göndərişinin (No SS566327659AZ) “Poçt göndərişlərinin izləmə” sistemindəki bazasında mövcud olmaması müəyyən edilmişdir. Digər tərəfdən elektron sistem vasitəsilə Nizami rayon Məhkəməsinə ünvanlanan iddia ərizəsinin yalnız xx.xx.2023-cü il tarixdə məhkəmə icraatına daxil olduğu və xx.xx.2023-cü il tarixdə həmin iddia ərizəsinin icraata qəbuldan imtina edilməsi barədə qərardad qəbul edilməsi müəyyən edir. Məhkəmə Bakı şəhərinin bir rayonundan digər rayonuna xx.xx.2023-cü il tarixdə göndərilən məktubun 1 ay 15 gündən sonra göndəriş məntəqəsinə çatmasını da məntiqli hesab etmir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xx.xx.2023-cü il tarixdə xitam verildikdən sonra o, Mediasiya təşkilatına 27 gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişdir və ilkin medasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/9/2023-00584 saylı arayışı əldə etmişdir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq həmçinin qeyd edir ki, iddiaçı ilkin mediasiya sessiyasına müraciət edib və onun nəticəsindən sonra 3 gün ərzində (xx.xx.2023-cü il tarixdən 3 gün keçdikdən sonra ilk iş günü olan xx.xx.2023-cü il tarixdə) müddətin ötürməməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu halda, ərazi aidiyyətini düzgün seçməməklə xx.xx.2023-cü il tarixli Nizami rayon Məhkəməsinə, həmin məhkəmənin iddia ərizəsinin geri qaytarma barədə xx.xx.2023-cü il tarixli qərardadını əldə etdikdən sonra elektron sistemi vasitəsi ilə Səbail rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Yuxarıda aparılmış araşdırma nəticəsində məhkəmə tərəfindən iddiaçının Mediasiya Təşkilatına işdən azad olunduğu tarixdən 27 gündən sonra müraciət etməsi, Mediasiya Təşkilatının müvafiq arayışın əldə etməsindən sonra isə 1 aylıq müddətin bitməsi üçün qalmış 3 gündən artıq müddətdə müvafiq iddia ilə məhkəməyə müraciət etməsi, bununla da hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddətin ötürülməsini nəzərə alaraq hesab edir ki, iddiaçının müddətin ötürməməsi barədə gətirdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki. iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar məhkəmədə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyündən, onun xx.xx.2023-cü il tarixli işdən azad olunma barədə əmrin ləğv edilməsi ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı 3-24-1/3-3-K-12/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa olunması barədə iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev