Məhkəmə qərarları › İş №e-2(009)-1222/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1222/2023

17.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1222/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu İ.Səfərli küçəsindəki 10 saylı evin 89,4 kv.m yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzili Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 133485 nömrəli, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır (465,419, 80 a/c saylı reyestr kitabında 67499, 60527, 15221-ci səh-də qeydiyyat nömrəsi 30/24048). Bundan başqa, 1997-ci ildə satın alaraq mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış İçərişəhərdə yerləşən qismən dağılmış vəziyyətdə olan 3 ev də mülkiyyətində olmuşdur. 10 il ərzində həmin həyətdə olan daha 1 evi alaraq ümumilikdə həyətin bərpası mümkün olmamışdır. 2007-ci ildə o, Norveçə köçüb getmişdir. 2010-cu ildə Bakıdakı qohumlarından xəbər almışdır ki, güclü yağış nəticəsində İçərişəhərdə olan evi su basmış və yararsız vəziyyətə düşmüşdür. Bu hadisələrlə bağlı dövlət orqanlarının tədbirlər gördüyünü deyən qohumları Bakıya qayıdaraq mülkiyyətçisi olduğu evlərlə yaranmış problemlərlə məşğul olmasını tövsiyə etmişlər. 2011-ci ildə o, azyaşlı uşaqlarını götürüb Norveçdən Bakıya gəlmiş və məlum olmuşdur ki, İçərişəhərdə baş vermiş subasma ilə əlaqədar dövlət orqanları tərəfindən tədbirlər görülmüş, ona qarşı məhkəmə iddiası açılmış və mülkiyyətində olan əmlakların: İçərişəhərdəki evlərin, Yasamal rayonu İ.Səfərli küçəsində yerləşən mənzilin və Bakı şəhəri, Atatürk prospekti, 39 ünvanında yerləşən anasının ona bağışladığı mənzilin üzərinə həbs qoyulmuşdur. Həmin vaxt məhkəmə işləri ilə məşğul olan vəkilin işin öhdəsindən lazımınca gəlmədiyini görüb başqa vəkil axtarmağa başlamışdır. Bu məqsədlə ona özünü hüquqşünas-vəkil kimi təqdim edən Vasif Səlimov adlı şəxsi tövsiyə etmişlər. İlk tanışlıqdan V.Səlimov özünü böyük təcrübəsi olan vəkil kimi təqdim etmişdir. O, V.Səlimovun hüquqi yardımına etimad göstərmişdir. Sonradan, məhkəmənin nəticəsində, onun mənzillərinin üzərindən həbslər götürülmüş, V.Səlimov bu proseslərdə daim onun yanında olmuş, İçərişəhərdə yaranmış problemin həllində, subasmanın və Qülləli məscidə dəymiş ziyanın aradan qaldırılması prosesində ona mənəvi dəstək olmuşdur. Ona qarşı İçərişəhər idarəsi tərəfindən qaldırılmış iddia rədd olunması və mənzillərin həbsdən çıxarılmasından sonra V.Səlimova inamın daha da artmışdır. O, hüquqi prosedurlardan məlumatsız olduğuna görə bu məsələlərdə ona tam etibar edirdi. Bu ərəfədə V.Səlimov onu inandırmışdır ki, indilik mənzillərin üzərindən həbs götürülsə də, məhkəmə qərarının icrasınadək, gələcəkdə ona qarşı oxşar iddia yenə də qaldırıla bilər və əmlakların üzərinə həbs qoyula bilər. Ona görə də mənzillərin başqa şəxslərin adına formal sənədləşdirilməsini tövsiyə edirdi. Beləliklə, V.Səlimov onu inandırmışdır ki, mənzili bağışlama yolu ilə onun oğlunun adına formal rəsmiləşdirsələr, məhkəmə qərarlarının icrasından sonra mənzilini yenidən onun adına qaytaracaq. Beləliklə, V.Səlimovun onu buna inandırması nəticəsində 2012-ci ildə mülkiyyətində olan İ.Səfərli küçəsi, 10 saylı evin 7,8,9 saylı mənzilini V.Səlimovun oğlu Cavabdeh adına bağışlama müqaviləsi rəsmiləşdirilmişdir. (1 saylı Notariat kontorunda xx.xx.2012-ci il tarixli müqavilə). Qeyd edir ki, bağışlama müqaviləsinin rəsmiləşdirilməsində məqsəd qətiyyən mənzili Cavabdeh hədiyyə etmək deyil, yalnız V.Səlimovun təkidli tövsiyəsinə etimad edərək, mənzilə dair gözlənilən məhkəmə iddiasından qorunmaq olmuşdur. Qeyd edir ki, mənzilə dair müqavilə rəsmiləşdirildikdən sonrakı dövrdə də mənzilin açarları, içərisindəki bütün əşyalarla birlikdə onun sərəncamında olmuşdur. Mənzilin kommunal ödənişlərilə bağlı hər hansı sual çıxdıqda MKİS işçiləri onunla və ya Bakıdakı qohumları ilə əlaqə saxlamışlar. Cavabdeh müqavilə rəsmiləşdiriləndən əvvəl, müqavilə rəsmiləşdirilərkən görməmişdir, müqaviləni Cavabdeh adından notariusda atası V.Səlimov imzalamışdır. Həmin ərəfədə o, Norveç qanunlarına əsasən 6 aydan artıq ölkədən kənarda yaşaya bilməzdi, uşaqları məktəbə getməli idilər, ona görə də Norveçə qayıtmışdır. V.Səlimov yenə onu inandırmışdır ki, ona etibarnamə verərək getsin, onun adımdan lazımi prosedurları həyata keçirəcək, o, ona əmlakına sərəncam verilməsi üçün etibarnamə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh, anasının ona əvvəllər bağışladığı, mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilini onun məlumatı olmadan öz qızı X2 adına xx.xx.2014-cü ildə notarial qaydada bağışlama müqaviləsi əsasında rəsmiləşdirmişdir. Sonradan tərəfindən görülmüş tədbirlər nəticəsində həmin mənzilə dair bağışlama müqaviləsinə xitam verilərək mənzili öz mülkiyyətinə qaytarmağa nail olmuşdur. V.Səlimovun oğlu Cavabdeh adına “Bağışlama müqaviləsi” əsasında formal rəsmiləşdirilmiş mənzilə gəldikdə isə - həmin mənzil faktiki olaraq Cavabdeh təhvil verilmədiyindən, müəyyən müddət keçdikdən sonra ona dair mübahisənin açılmasına şərait yaranmışdır. Belə ki, 2014-cü ilə qədər V.Səlimov Bakıda yaşasa da bir neçə dəfə Norveçə onlara qonaq gəlirdi. 4-cü dəfə, 2014-cü ildə Norveçə gəldikdə bildirmişdir ki, Azərbaycanda hökumət orqanları ilə problemləri olduğuna görə, daha Bakıya qayıda bilməyəcək. O vaxta qədər aralarında yaranmış etimad münasibətinə görə o, Vasifin ona qarşı dələduzluq əməllərindən heç şübhələnməmişdir. Hətta, ona etimadı elə səviyyəyə çatmışdır ki, 2014-cü ildə onunla Norveçdə rəsmi nikaha girmişdir. Bundan sonra V.Səlimov nikah münasibətindən istifadə edərək Norveç hökumətindən oturum almağa müraciət etmiş, 2017-ci ildə ona müsbət cavab verilmiş və o, Norveçdə rəsmi yaşayış icazəsi almışdır. Həmin ərəfədə, V.Səlimov uşaqları ilə kirayə mənzilində onunla birgə yaşayırdı. O, onun Azərbaycanda cinayət əməllərinə görə axtarışda olduğunu sonradan biləcəkdi, o vaxtlar isə hələ ona etimad edirdi və onlar ailə kimi yaşayırdılar. 2017-ci ildən sonra Vasif uşaqlarına və ona qarşı çox aqressiv davranmağa başlamış və münaqişə yaratmışdır. Nəhayət, bir gün V.Səlimov, onu amansızcasına döymüş, o, xəstəxanaya düşmüş, Vasif isə həbs olunmuşdur. 2019-cu ildə nikahları məhkəmə tərəfindən rəsmi qaydada pozulmuşdur. Onu döydüyünə görə X5 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə V.Səlimov 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 5 il müddətinə ona, uşaqlarına və mənzilinə yaxınlaşmaq V.Səlimova qadağan olunmuşdur. Beləliklə, sonradan ona məlum olmuşdur ki, V.Səlimovun 2017-ci ilədək ona qarşı davranışları, etimadını qazanması əmlakını ələ keçirmək və onunla nikaha girməkdə məqsədi Azərbaycanda törətdiyi cinayət əməllərinə görə axtarışda olduğu halda, məsuliyyətdən yayınmaq üçün Norveç hökumətindən sığınacaq almaq, yəni, bütünlükdə onun etimadından sui-istifadə etmək olmuşdur. Bunları bildikdən sonra, Bakıdakı qohumlarının köməyilə hüquq-mühafizə orqanlarına müraciət edərək, V.Səlimovun etimadından sui-istifadə edərək əmlakını ələ keçirməsinə dair cinayət əməllərindən şikayət etmişdir. Ondan sonra məlum olmuşdur ki, adına formal rəsmiləşdirmə aparılmış Cavabdeh mənzilə sahiblənmək istəyir. V.Səlimovun ona qarşı dələduzluq edərək əmlakını ələ keçirməsilə bağlı Bakıda hüquqi prosedurlara başlamaq imkan yarandıqda hüquq-mühafizə orqanlarına müraciətindən sonra, hüquqi xidmətlər göstərilməsi üçün müraciət etdiyi vəkil vasitəsilə Səbail rayon məhkəməsində qaldırılan - mənzilin Cavabdeh "bağışlanmasına” dair xx.xx.20212-ci il tarixli müqavilənin ləğv (etibarsız hesab) hesab edilməsinə dair iddiası məhkəmənin 2(009)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədən onun vəkili tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3975/2021 saylı qərardadı ilə qismən təmin edilmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş; iddia tələbim üzrə iş baxılmamış saxlanılmışdır. İşin baxılmamış saxlanılmasına əsas kimi kollegiya göstərmişdir ki, müqavilənin ləğv edilməsinə dair tələbin məhkəməyə verilməzdən əvvəl iddiaçı Mülki Məcəllənin 423-cü maddəsinə əsasən pretenziya qaydasına riayət etməmişdir. Bundan sonra, onun vəkili tərəfindən hüquqi prosedurlar davam etdirilmiş, Cavabdeh bağışlama müqaviləsindən imtina edildiyini, onun ləğv edilməsi barədə 7 gün ərzində tədbirlər görülməsinə dair təklif (pretenziya) verilmiş, lakin cavabdeh tərəf bu təklifə müsbət münasibət bildirmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-675/2022 saylı qətnaməsi ilə Cavabdeh qarşı müqavilənin ləğvinə dair tələbi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-5185/2022 saylı qətnaməsi ilə sözügedən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə rayon və apellyasiya məhkəməsinin iddianın rədd edilməsinə dair mövqeyi ondan ibarətdir ki, İddiaçı iddia tələbində göstərilən əsaslar "Bağışlama müqaviləsi”nin ləğvi üçün deyil, etibarsızlığı üçün əsas ola bilər, lakin iddiaçı müqavilənin ləğv tələbini irəli sürdüyünə görə, iddiaçının dəlilləri müqavilənin ləğvi üçün əsaslı deyildir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsindən onun vəkili tərəfindən verilən kassasiya şikayəti təmin olunmamışdır. Hesab edir ki, yuxarıda göstərilən qaydada V.Səlimov tərəfindən etimadından sui-istifadə edilərək, əsl niyyətini gizlətməklə aldadılmasına nail olması ilə mülkiyyətində olan mənzilə dair "Bağışlama müqaviləsi” rəsmiləşdirilməsi, onun iradəsinə zidd olmuşdur, belə rəsmiləşdirmə qanunvericiliyin tələbinə zidd olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Ona görə də həmin müqavilənin etibarszılığına dair məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməkdə haqlıdır. 2012-ci ilədək, mənzilin Cavabdeh adına formal "Bağışlama müqaviləsi” əsasında rəsmiləşdirilməsinədək və müqavilə rəsmiləşdirildiyi vaxt (gün) o, Cavabdeh tanımamışdır, onu görməmişdir. Formal "müqaviləni” Cavabdeh atası V.Səlimov imzalamışdır. Formal "müqavilənin” rəsmiləşdirilməsinin Cavabdeh tövsiyəsi və ona etimadı nəticəsində, Cavabdeh onu aldatması ilə bağlı işin hallarına dair yuxarıda dəlillər göstərmişdir. Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən onun adına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, əmlakının X6 və qeyriləri tərəfindən ələ keçirilməsi barədə Bakı Şəhər BPİ-ə daxil olmuş İddiaçı ərizəsi Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 (külli miqdarda ziyanvurmaqla dələduzluq) maddəsi ilə istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. xx.xx.2014-cü il tarixdə V.Səlimovun CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilərək ölkə hüdudlarını tərk etdiyindən barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Mənzilin adına formal olaraq rəsmiləşdirilməsini Cavabdeh özü də təhqiqat orqanına verdiyi ifadəsində etiraf etmişdir. Belə ki, Səbail RPİ-nin 39-cu PB-nin cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizə ilə müraciət edərək X6 tərəfindən aldadılma yolu ilə ünvan 4 ünvanında yerləşən 7,8,9 saylı mənzillərin ələ keçirilməsi bildirilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, “İddiaçı 2017-2018-ci illərdə Norveçdə olarkən görmüşdür. Bundan əvvəl onu Bakıda olarkən cəmi bir dəfə görmüşdür. Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən 10 saylı evdəki 7,8,9 saylı mənzilləri onun adına bağışlanmazdan əvvəl görməmişdir. Eləcə də həmin mənzillərin əvvəlcədən ona bağışlanacağı barədə Təranə ona heç bir vəd verməmiş və yaxud bu barədə Təranədən xahiş etməmişdir. Təranənin həmin mənzilləri ona bağışlamasından bir müddət sonra xəbəri olmuşdur. Təranəni həmin mənzilləri ona bağışladıqdan sonra da mənzildə görməmişdir. Bildiyinə görə Təranə xaricdə yaşayırmış. Bağışlama müqaviləsini onun adından atası Vasif imzalamışdır. Həmin vaxt Bakı şəhərində yaşasa da, atasına etibarnamə verdiyi üçün atası müqaviləni imzalamışdır. Müqavilə bağlanan gün onun müqavilədən xəbəri olmamışdır. Təranə xanımın sözügedən mənzildə əşyaları qalsa da, sonradan onları evdə görməmişdir. Hesab edir ki, Təranə həmin əşyaları aparmışdır. Təranə atası ilə 2014-cü ildən 2019-cu ilədək rəsmi nikahda olmuşdur. Bundan savayı Təranə ilə qohumluq əlaqəsi olmamışdır...”. Cavabdeh ifadəsi bir daha təsdiq edir ki, o, Məmmədi, Məmməd də onu tanımamışdır və “bağışlama müqaviləsi” formaldır. 42 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, İ.Səfərli küçəsi 10 saylı evin mənzili aldığı gündən xx.xx.2002-ci ildən xx.xx.2022-ci il tarixə qədər mənzil-kirayə haqqı ödənişlərini vaxtlı-vaxtında ödəyib, heç bir borcu yoxdur. Bu arayış da onu təsdiq edir ki, hazırki vaxtadək mənzilin bütün kommunal ödənişləri tərəfindən ödənilir, MKİS və digər kommunal xidmət işçiləri mənzilin mülkiyyətçisi kimi onu tanıyırlar. Məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, V.Cavabdeh, adından ona verilmiş etibarnamədən istifadə edərək, mülkiyyətində olan Bakı şəhəri, Atatürk pr. 39cu binada 27-ci mənzili xəbəri olmadan öz qızı X4 bağışlanmasına dair xx.xx.2014-cü il tarixli notarial müqavilənin bağlanmasına nail olmuş, lakin V.Səlimovun bu qanunsuz əməlindən xəbər tutduqdan sonra tərəfindən görülmüş tədbirlər nəticəsində həmin mənzilin "bağışlanmasına” dair müqavilə xitam edilərək mənzil onun mülkiyyətinə qaytarılmışdır. Bütün bunlar - V.Səlimovun yuxarıda göstərilən qaydada 2011-ci ildən başlayaraq, özünü hüquqşünas-vəkil kimi təqdim etməsilə hüquqi yardım göstərilməsi adı altında onda özünə qarşı etimad qazandırması və sonradan etibarından sui-istifadə edərək, hüquqi zərurət gərəyi adı altında onu aldadaraq xx.xx.2012-ci il tarixli notarial qaydada rəsmiləşdirilmiş "bağışlama müqaviləsi” ilə xüsusi mülkiyyətində olan mənzilini oğlu - hazırki iş üzrə Cavabdeh adına rəsmiləşdirməklə qanunsuz olaraq əmlakını ələ keçirməsini təsdiq edən mübahisəsiz xüsusatlardır. Onun Cavabdeh tanımadığı, ona hər hansı əmlakı bağışlamaq niyyətinin olmadığı və yalnız atası V.Səlimovun etimadından sui-istifadə etməklə hazırda mübahisələndirdiyi əmlakın qanunsuz rəsmiləşdirilməsilə ələ keçirilməsi işin mübahisəsiz halıdır. Mülkiyyətində olan mənzilin Cavabdeh adına bağışlama müqaviləsi ilə rəsmiləşdirilməsində onun iradəsi olmamış, cavabdehin atası V.Səlimovun yuxarıda göstərilən qaydada etimadından sui-istifadə edərək onu aldatması nəticəsində belə rəsmiləşdirmə aparılmışdır. Bununla əqdin etibarsızlığı hallarından birini təşkil edən əqdin bağlanmasına iradə və əqddə iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə əməl olunmamış, hüquqi nəticəsi olmayan əqd əsasında mülkiyyət hüququndan məhrum olunmuşdur. Subyektlərin əqdi bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranmadıqda əqd etibarlı hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 10 saylı evin 7,8,9 saylı mənzilinin “bağışlanmasına” dair İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə 1 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və mənzilin üzərində onun mülkiyyət hüququnun bərpa edilməsinə, mənzilin onun mülkiyyətinə, faktiki sahibliyinə və istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənləri əsas gətirərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, hazırki münasibətə iddia müddəti tətbiq edilə bilməz. İlk növbədə iddia müddətinin tətbiq etmək üçün müddətin axımının hansı vaxtdan başlanılması müəyyən edilməlidir, əqd etibarsız hesab ediləcəyi təqdirdə bağlandığı vaxtdan etibarsız olacaq, həmin tarixdən şəxsin əmlak üzərində mülkiyyət hüquqları bərpa olunacaq, mülkiyyətlə bağlı tələblər üzrə də qanunvericilikdə iddia müddətinin tətbiq edilməli olmaması göstərilmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı iddia müddətini ötürərək iddia qaldırdığından iddia tələbəri əsassızdır və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, bağışlama müqaviləsi bağlanarkən qanun pozuntusuna yol verilməmiş, iradə ifadəsinə uyğun bağlanmışdır. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 133485 nömrəli xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən 10 saylı evin 89,4 kv.m. yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzili İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhər 1 saylı Notariat Kontorunda təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin, 89,4 kv.m yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzilini Cavabdeh bağışlamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin, 89,4 kv.m. yaşayış sahəsindən ibarət 7,8,9 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş üzrə Norveçin Stavanger şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X11 CM-nin 79-cu maddəsinə uyğun olaraq Norveç CM-nin 282-ci maddəsi ilə nəzərdə tutulan bir cinayəti törətməkdə, Norveç CM-nin 168-ci maddəsi ilə nəzərdə tutulan dörd cinayəti törətməkdə təqsirli bilinmiş və 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Norveç CM-nin 83-cü maddəsinə uyğun olaraq müttəhimin İstintaq Təcridxanasında keçirdiyi beş gün cəza müddətinə daxil edilmişdir. Norveç CM-nin 57-ci maddəsinə əsasən xx.xx.1959-cu il təvəllüdlü Vasif Səlimova hazırki hökm elan olunduğu andan etibarən 5 il müddətinə Trine Nurlanna (əvvəllər İddiaçı) baş çəkmək, təqib etmək və onunla digər ünsiyyətə qadağa qoyulmuş, xx.xx.1959-cu il təvəllüdlü Vasif Səlimovun üzərinə hökm elan olunduğu tarixdən etibarən ən geci 2 həftə ərzində Trine Nurlanna 80.000 Norveç kronu məbləğdə mənəvi ziyanın ödənilməsi öhdəliyi qoyulmuş, xx.xx.1959-cu il təvəllüdlü Vasif Səlimovun üzərinə hökm elan olunduğu tarixdən ən geci 2 həftə ərzində Trine Nurlanna 25.042 Norveç krone məbləğdə maddi ziyanın ödənilməsi öhdəliyi qoyulmuşdur. İş üzrə Səbail RPİ-nin 39-cu PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək X7 tərəfindən aldatma yolu ilə ünvan 4 ünvanında yerləşən 7,8,9 saylı mənzillərinin ələ keçirilməsi bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı 2017-2018-ci illərdə Norveçdə olarkən görmüşdür. Bundan əvvəl onu Bakıda olarkən cəmi bir dəfə görmüşdür. Yasamal rayonu, İ.Səfərli küçəsində yerəşən 10 saylı evdəki 7,8,9 saylı mənzilləri onun adına bağışlanmazdan əvvəl görməmişdir. Eləcə də həmin mənzillərin əvvəlcədən ona bağışlanacağı barədə Təranə ona heç bir vəd verməmiş, və yaxud bu barədə Təranədən xahiş etməmişdir. Təranənin həmin mənzilləri ona bağışlamasından bir müddət sonra xəbəri olmuşdur. Təranəni həmin mənzilləri ona bağışladıqdan sonra da mənzildə görməmişdir. Bildiyinə görə Təranə xaricdə yaşayırmış. Təranə ona həmin mənzilləri bağışlayarkən bağışlama müqaviləsini onun adından atası Vasif imzalamışdır. Həmin vaxt Bakı şəhərində yaşasa da, atasına etibarnamə verdiyi üçün atası müqaviləni imzalamışdır.Müqavilə bağlanan gün onun müqavilədən xəbəri olmamışdır. Təranə xanımın sözügedən mənzillərdə əşyaları qalsa da, sonradan onları evdə görməmişdir. Hesab edir ki, Təranə həmin əşyaları aparmışdır. Təranə atası ilə 2014-cü ildən 2019-cu ilədək rəsmi nikahda olmuşdur. Bundan savayı Təranə ilə qohumluq əlaqəsi olmamışdır. Hazırda nikah pozulduğu üçün Təranə həmin mənzillərin qaytarılmasını tələb edir. X1 əməlində cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3975/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail rayon Məhkəməsinin 2(009)-65/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh və X3 (3-cü şəxs Bakı şəhəri 1 saylı notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) qarşı “müqavilənin ləğv (etibarsız hesab) edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbi baxılmamış saxlanılmışdır. İş üzrə 42 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Rahil qızı Bakı şəhəri, İ.Səfərli küçəsi, 10 saylı evin mənzili aldığı gündən xx.xx.2002-ci ildən xx.xx.2022-ci il tarixə qədər mənzil-kirayə haqqı ödənişlərini vaxtlı-vaxtında ödəyib. Heç bir borcu yoxdur. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1133/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5185/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarı ilə müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhər 1 saylı Notariat Kontoruna qarşı Bakı şəhəri 1 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv olunması və iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin ümumi sahəsi 89,4 kv.m. olan 7,8,9 nömrəli mənzildən Cavabdeh çıxarılması barədə iddia tələbləri əsassız olduğundan rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5185/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 7,8,9 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olmuşdur və onun tərəfindən həmin mənzil xx.xx.2012-ci il tarixdə bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 2011-ci il tarixdə məhkəmə mübahisəsi ilə əlaqədar özünü hüquqşünas kimi təqdim edən X6 ona köməklik göstərəcəyini vəd etmişdir. Həmin mülki işin nəticəsi olaraq onun əleyhinə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Mülki işin baxışı zamanı ona məxsus bir neçə mənzilin üzərinə həbs qoyulmuş, sonradan həmin mənzillərin üzərinə qoyulmuş həbslər götürülmüşdür. X3 inamı yaranmış və sonuncuya etibar etmişdir. Vasif bundan istifadə edərək bildirmişdir ki, gələcəkdə təkrar ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 10, mənzil 7,8,9-da olan evinə həbs qoya bilərlər. Bu səbəbdən həmin mənzili bağışlama yolu ilə əvvəllər tanımadığı Vasifin oğlu Cavabdeh hədiyyə etmişdir. O, üzərinə yalnız həbs qoyulmaması üçün mənzilini xx.xx.2012-ci il tarixdə Cavabdeh bağışlama müqaviləsi ilə heç bir əvəz almadan hədiyyə etmişdir. Yəni bağışlama müqaviləsi əsasında formal olaraq digər şəxsə hədiyyə edilən Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 10, mənzil 7-8-9-da olan evinin açarları uzun müddət öz istifadəsində olmuşdur. Konkret bağışlama müqaviləsi görüntü xarakterli olmaqla onu aldatma yolu ilə bağlanmışdır. X6 etibarından sui-istifadə edərək və onu aldadaraq mənzilini ələ keçirmişdir. Bu səbəbdən iddiaçı cavabdehlə aralarında bağlanılmış müqavilənin etibarsız hesab edilməsini, mənzilə dair cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və mənzilin üzərinə onun mülkiyyət hüququnun bərpa edilməsinə, mənzilin onun mülkiyyətinə, faktiki sahibliyinə və istifadəsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına (bundan sonra KM-in qərarı) əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). AR Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Mülki Məcəllənin bağışlama haqqında müddəalarından həmçinin görünür ki, bağışalma müqaviləsi hər hansı şərtlərdən və ya öhdəliklərdən asılı edilə bilər. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. İddiaçı bağışlama müqaviləsinin etibarsızlığın əsası kimi onun aldatma yolu ilə bağlanmasını qeyd etmişdir. Əqdin bu səbəblə etibarsızlığı və onun münahisələndirilməsi hüququ Mülki Məcəllənin 339.2-ci maddəsi ilə tənzimlənir (§ 31). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Beləliklə, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da nəzərə alınmalıdır ki, bu halları sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunmuşdur ki, tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. ...Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin bağlanması zamanı aldatmanın olması ilə əlaqədar ümumi məlumatlar bildirsə də, konkret olaraq həmin halları təsdiqləyən mötəbər sübutlar təqdim edə bilməmişdir. Əksinə məhkəmə iclasında bağışlama müqaviləsinin qanunda nəzərdə tutulmuş qaydalara riayət edilərək bağlanılması, əmlakın bağışlayan şəxsin buna iradə ifadəsi olması müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı 2014-cü ildə “onu aldadan şəxslə” nikaha girmiş və onunla bir neçə il birgə yaşamışdır. İddiaçı həmçinin həmin əqdin etibarsızlığı ilə bağlı tələbi müqavilə bağladığı vaxtdan 11 ildən sonra irəli sürmüşdür. Məhkəmə hesab edir ki, bu xüsusat üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin aldatma nəticəsində bağlanılması, habelə bu halların aradan qalxdığı vaxtdan etibarən əqdin qanunla müəyyən edilmiş bir il müddətində mübahisələndirilməməsi yoxlanılmalı, nəticəsindən asılı olaraq iddiaçı tərəfindən iddia olunan aldatma halının baş verib-vermədiyi, əgər vermiş olsa belə, əqdin vaxtında mübahisələndirilməklə etibarsız hala gətirilib-gətirilmədiyi müəyyən edilməlidir. Cavabdehin nümayəndəsi tərəfindən hazırki münasibətə iddia müddətini tətbiq edərək iddianı rədd edilməsi barədə yazılı vəsatət verilmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən əqdin etibarsızlığına dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə bağışlama müqaviləsinin aldatma yolu ilə bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilməməsini, müqavilə bağlandıqdan təxminən on bir il sonra hazırki tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını və həmin müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair hər hansı bir sübutun təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız edilməsi hissəsində əsassız olması və müddətinin keçməsi ilə əlaqədar təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız edilməsi hissəsində təmin edilmədiyindən, mənzilə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, mənzilin iddiaçının mülkiyyətinə, faktiki sahibliyinə və istifadəsinə qaytarılması hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 10 saylı evin 7,8,9 saylı mənzilinin “bağışlanmasına” dair İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə 1 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və mənzilin üzərində onun mülkiyyət hüququnun bərpa edilməsinə, mənzilin onun mülkiyyətinə, faktiki sahibliyinə və istifadəsinə qaytarılması barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar