Məhkəmə qərarları › İş №e-2(009)-1290/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1290/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1290/2023 09.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı kooperativin ölmüş üzvünün payının dəyəri olan mənzilin onun qanun üzrə vərəsələri arasında bərabər bölünməsi, vərəsələrin kooperativə üzv qəbul olunması, mənzilə paylara uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlərin iddiaçılara (vərəsələrə) verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələblərinə dair iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-da kooperativin üzvü olan X1 məxsus olmuş tam payının dəyəri olan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş (blok) 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 158,4 kv.m olan 3 otaqlı mənzilin sonuncunun qanun üzrə vərəsələri iddiaçılar İddiaçı2 və İddiaçı1 arasında bərabər olaraq, yəni hər birinə mənzilin tam payının ½ hissəsinin verilməsi qaydasında bölünməsi, hər iki iddiaçının kooperativ üzvlüyünə qəbul olunması və mənzilə paylara uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlərin iddiaçılara (vərəsələrə) verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hakim iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar tərəfindən mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunmadığı üçün iddia ərizəsi geri qaytarılmalıdır. Hakim qeyd edir ki, mülki qanunvericilik kooperativdə üzvlüyə xitam verilməsinin hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri kooperativ üzvü olan fiziki şəxsin ölməsi ilə əlaqədardır. Kooperativ üzvünün ölməsi ilə onun kooperativ üzvlüyünə xitam verilməsi halında payı vərəsəlik qaydasında vərəsələrə keçir. AR Mülki Məcəlləsinin 112.4-cü maddəsinə əsasən kooperativin üzvü öldükdə onun vərəsələri kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. Vərəsələrin kooperativ üzvlüyünə qəbul edilməsi və ya ölmüş koorperativ üzvünün payının vərəsələrə ödənilməsi mənzil tikinti kooperativinin (onun ümumi yığıncağının) müstəsna səlahiyyətidir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onlar Cavabdeh MTK-nın vəfat etmiş üzvünün vərəsələridirlər, bu səbəbdən miras qoyana məxsus kooperativdəki paya hüquqlarının tanınması, kooperativ üzvlüyünə qəbul edilməsi, paylarına uyğun əmlak üzərində mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması üçün cavabdeh üzərinə müvafiq hüquqmüəyyənedici sənədlərin verilmə öhdəliyinin qoyulmasına dairdir. İddiaçılar qeyd edilən tələblə məhkəməyə müraciət etsələr də, ilkin olaraq həmin məsələlərin həlli ilə bağlı cavabdeh MTK–ya müraciət etmələrini, MTK tərəfindən onların müraciətinə hər hansı münasibət bildirilməsinə dair sübutu ərizəyə əlavə etməmişlər. Yəni iddiaçılar ilk növbədə mübahisə ilə bağlı cavabdehə müraciət etməli, sonuncu bundan imtina etdiyi və yaxud iddiaçının müraciətini hərəkətsiz qoyduğu halda, hazırki tələblə məhkəməyə müraciət edə bilər. Bununla da iddiaçılar mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etməmişlər. AR MPM-nin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Beləliklə hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair müvafiq sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 263-264cü maddələrini rəhbər tutaraq, hakim... QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı kooperativin ölmüş üzvünün payının dəyəri olan mənzilin onun qanun üzrə vərəsələri arasında bərabər bölünməsi, vərəsələrin kooperativə üzv qəbul olunması, mənzilə paylara uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlərin iddiaçılara (vərəsələrə) verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar