Məhkəmə qərarları › İş №e-2(009)-1301/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1301/2025

16.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1301/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı “əmək mübahisələri” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “əmək mübahisələri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizə İddiaçı nümayəndəsi kimi göstərilmiş Nümayəndə tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. (MPM 69.1-1) Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, sosial xidmət müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. (MPM 73.2) Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. (MPM 73.5) Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. (MPM 74.2) Ərizəyə Nümayəndə verilmiş etibarnamə əlavə edilmiş, lakin etibarnamədə İddiaçı adından mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqların həyata keçirilə bilməsi göstərilməmiş, həmçinin Nümayəndə İddiaçı yaxın qohumu və ya vəkil olmasını təsdiq edən sənədlər də ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı “əmək mübahisələri” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “əmək mübahisələri” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, iddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar