Məhkəmə qərarları › İş №e-2(009)-1302/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1302/2023

03.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1302/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Cavabdeh1nə və “X13 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin sökülməsi ilə əlaqədar mənzilin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzilin faktiki sahəsindən 30 faiz artıq sahəli mənzillə təmin edilməsi, mebel və əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, mənzillə təmin olunanadək kirayə haqqının tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Cavabdeh1nə və “X13 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin sökülməsi ilə əlaqədar mənzilin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzilin faktiki sahəsindən 30 faiz artıq sahəli mənzillə təmin edilməsi, mebel və əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, mənzillə təmin olunanadək kirayə haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ailəsi ilə birgə Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 2, mənzil 19 yaşayırdı. xx.xx.2023-ci il tarixində daha onun mənzili yer üzündən silinmiş, Bakı şəhəri İcra Hakimiyyətinin başçılığı ilə, Cavabdeh1 və “X13 Kompleksi” MTK-nın iştirakı ilə sökülməyə məruz qalmışdır. 2021-ci ilin iyun ayından başlayaraq, “X13 Kompleksi” MTK-nın adından Arzu və Kərim adlı maklerlər onların 5-mərtəbəli binasının mənzillərini satın alaraq, mənzilləri sökməyə başlamışdılar, qapı-pəncərə, tavan-döşəmə, bəzi divarları da sökərək, eyvanları və mərtəbəarası şüşəbəndi dağıdaraq, zirzəmiləri əhatə edən çəpəri çıxardaraq binası, sanki bombardmana məruz qalmış vəziyyətə salmışdılar. Gündəlik mənzilinin silkələnməsinə, metalkəsmə səslərinə, eyvanının üstünə daş axıntısına, yekə taxtalarının düşməsinə dözərək, dəfələrlə Polis şöbəsinə, Fövqəladə Hallar Nazirliyin qaynar xəttinə müraciət edərək yaşamasını davam etdirirlər. Eyvan zədələnmişdi, paltar asılan iplər qırılmışdı, onları saxlayan dirəklər əzilmişdi və xx.xx.2022-ci il tarixində yuxarı mərtəbədəki zərbələrə dözməyib, otaqda yerləşən çilçıraq yerə düşmüş, bürünc parçası qırılmış, çilçıraq istifadəyə yararsız vəziyyətdə qalmışdır. Xoşbəxtlikdən çilçıraq düşdüyü zaman otaqda heç kəs olmamışdır. Sökülməni davam etdirərək dördüncü mərtəbədəki artırmanın damını və döşəməsini sökərək, üçüncü mərtəbənin tavanını dağıdaraq, imkan yaratmışlar ki, yağış suları mənzilinə daxil olsunlar və nəticədə otaqların tavanı çökmüş, yağış suları mənzilinə daxil olmuşdur. Bu hadisə xx.xx.2022-ci il tarixində baş vermişdir. Baxmayaraq ki, Apellyasiya Məhkəməsinin 16(103)-65/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən binası üzrə sökülmə işləri qadağan edilmişdir, MTK öz mənfur işlərini davam etdirmişdir. Onlar MTK tərəfindən verilən kompensasiyadan imtina edərək, Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 №-li Qərarını onlara qarşı tətbiq edilməsini tələb etmişlər: Maddə 4. “Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Cavabdeh1, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər:...4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərin sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini...”.Və ya Mənzil Məcəlləsinin 28.4-1-ci maddəsində göstərilən üsulla bazar qiymətini təyin edərək 1 kvadrat metrə üçün alınan qiymətə uyğun kompensasiya ilə razıdırlar. Mənzil Məcəlləsinin 28.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin (yaşayış binasının) qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin (yaşayış binasının) notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin (yaşayış binasının) qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan mənzili (yaşayış binasını) 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə (yaşayış binasına) uyğun mənzilin (yaşayış binasının) bazar qiyməti əsas götürülür. Onların binaya ən yaxın yerləşən, cəmi 20 metr məsafədə, yeni “X13 Kompleksi” tərəfindən tikilmiş 9-mərtəbəli bina mövcuddur. Oradakı satış qiymətləri 3.000 dollar/kv.metr-dən başlayır. Deməli onların mənzilin bazar qiyməti olacaqdır: 3.000 USD x 164,33 = 492.990 USD, bu günkü manatın kursu ilə: 492.990 x 1,7 = 838.083 AZN. Bu onların mənzillərin bazar qiymətidir (164,33 kv.metr - onların keçmiş mənzilinin faktiki olan sahəsidir). Belə vəziyyət 2022-ci ilin noyabr ayının ortalarına qədər sürmüşdü. xx.xx.2022-ci il tarixində səhnəyə Cavabdeh1 daxil olub. O, səkkiz ailəyə qarşı, hansılar ki, MTK tərəfindən verilən kompensasiya ilə razılaşmayıblar, məhkəmədə e-16(009)-49/2022 saylı iş açmışdır. Səbail İcra Hakimiyyəti açıq-aşkar olaraq öz üzərinə MTK-nın vəkillik rolunun ifadəcisi kimi nümayiş etdirmişdir. Müvəqqəti təminat tətbiri haqqında qərərdadı məhkəmədən keçirərək onları mənzillərindən çıxartdıraraq, binasına girişi qadağa etdirərək, onları yaşayış yerindən məhrum edərək, onların güya “təhlükəsizliyini qoruyub və layiqli həyat şəraitin təmin olunması məqsədi ilə” heç bir yaşayış yeri ilə təmin etməyərək, onları küçəyə atmışlar bir ay müddətinə. Bir ay bitməmiş, Cavabdeh1 MTK-nın vəkil rolunu davam etdirərək, ona və ailəsinə qarşı yeni e- 16(009)-83/2022, xx.xx.2022-ci il tarixli iş üzrə müvəqqəti təminat tədbiri əsasında binasından istifadəyə yenilənmiş qadağa qoymuşdur. Bu dəfə, bu məhdudiyyətə heç bir müddət qoymayaraq, əlbəttə ki, heç bir yaşayış üçün mənzillə təmin etməyərək, məhkəmə qərarına rağmən, onları bayıra atmışdılar. Əslində, mövcüd qanunlara əsasən, Mənzil Məcəlləsinin 28-ci maddəsi tələb edir ki, İcra Hakimiyyəti orqanı qəzalı binanı sökməyə yox, təmir və bərpa işlərinə yönləndirməlidir. Mülkiyyətçi bu işlərdən imtina edirsə (onlarda isə nəinki təmir və bərpa işləri ilə, əslində əsas mülkiyyətçi - MTK sökdürmə işləri ilə məşğul olurdu) İcra Hakimiyyəti binanı məhkəmə yolu ilə açıq hərraca çıxartmalıdır və ən yüksək məbləğ verənə satmalıdır. Binanı sökmək yalnız məhkəmə qərarı əsasında olar. Yerli icra hakimiyyəti haqqında Əsasnamədə icra başçısının vəzifələri içində göstərilir ki: ”3.9.7. qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür.” Cavabdeh1 isə söküntü işləri üzrə rəhbərliyi öz üzərlərinə götürərək, binanın damını sökməyə başlamışlar. Bu ərəfədə, həyətə çıxan eyvanından iki kondisioneri oğurlanmışdır. Həyətə kənar şəxslərin girişi qadağan olduğu zaman, yalnız MTK işçilərinin və İcra Hakimiyyətlərinin nümayəndələri olduğu ərazidən. Bu barədə o, xx.xx.2023-cü il tarixində Apellyasiya Məhkəməsinə göndərilmiş ərizəsində bəxs etmişdir (iş №16(103)-49/2023, tarix xx.xx.2023) və tələb etmişdir ki, “...oğurlanan kondisionerlərin məbləği mənə qaytarılsın”. Kondisionerlərin hər biri 1 000 AZN-ə olaraq, 2 000 AZN ona qaytarılmalıdır. Mənzilinin giriş qapısının çərçivə ətrafı sahənin çox hissəsi sökülmüşdü. Bir gündə keçsəydi, qapısı çərçivə qarışıq çıxaralacaqdı yerindən. İcra şöbəsinin icazəsi ilə təcili mebel və əşyaları mənzilindən çıxartmağa məcbur olmuşlar. Öz hesabına daşıddırdı mebeli və əşyalarını, baxmayaraq ki, MTK makleri söz vermişdi ki, nəqliyyat xərcləri - 500 (beş yüz ) AZN MTK tərəfindən ödənəcəkdir. Apellyasiya Məhkəməsinin Qərarı ilə Səbail İcra Hakimiyyətinə binanı sökməyə qadağa qoyulduğunu xatırlatılmışdır - İş 16(103)-76/2022, 24 noyabr 2022-ci il tarixli. Buna baxmayaraq, sökdürmə işləri daha da sürətlənmişdir. İşə ekskavatoru qoşaraq, binanı tam dağıtmağa başlamışlar. Bu dəfə MTK-nın işçilərinin söylədiklərinə görə, sökdürmə işlərin aparılmasının rəhbərliyini Bakı şəhəri İcra Hakimiyyəti öz üzərinə götürmüşdür. Bir neçə günə bina tam dağıdılmışdır, bütün qanunları pozaraq, məhkəmə tərəfindən icazə qərarı olmadan. O, Bakı şəhəri İcra Hakimiyyəti ki, xx.xx.2014-ci il tarixli, “X13 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 173 №-li Sərəncamı ilə: “Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə” vermişdir. Əvvəla sərəncam açıq-aydın Məhdud Məsuliyyətli Cəmiyyətə icazə verir, Mənzil Tikinti Kooperativinə yox. Bu tam başqa təşkilati-hüquqi formadır. Bələ mötəbər qurum səhv edə bilməzdi. Və ən əsası onların binasına bu sərəcamın heç bir aidiyyatı yoxdur. Bu sərəncam istismar müddəti bitmiş tikililərə aiddir. Onların binasının istismar müddəti 2035-ci ildə bitəcək idi. Daş binaların istismar müddəti 100 ilədəkdir. Məhəllə 58-59 nə deməkdir? Bu necə və harada bələ inzibatı bölüm yer alır? Hər binanın öz ünvanı var, bir küçə ilə bağlı. Nə üçün 5 mərtəbəli bina (zirzəmi mərtəbə sayılırsa, onda 6 mərtəbəli bina), bütün poçt ünvanlarında “2“ saylı ev kimi Q.Abbasov küçəsində göstərilərək, bu sərəncamda ünvan göstərilməyib? Onların evi Q.Abbasov küçəsində yerləşirdi, Xanlar və Q.Abbasov küçələrin arasında yox. Küçəarası başqa, 1-2 mərtəbəli tikililər və 4 mərtəbəli bina yerləşirdi və xx.xx.2021-ci il tarixində 4 mərtəbəli bina tam sökülmüşdü. Baxmayaraq ki, bu gündə “X13 Kompleksi” MTK öz ofis ünvanını bu binada göstərir - Xanlar,1. Bu bina Sərəncamda nəzərdə tutulub və bu binanın yerləşdiyi yerin qabağında MTK tərəfindən yeni 9 mərtəbəli ev tikilmişdi. Sərəncam bu binaya aiddir, bunun layihələndirilməsi nəzərdə tutulmuşdu. Əvvəlki zamanlarda onların binası 1935-ci ildən başlayaraq adı dəyişilən küçələrdə yerləşərək: 1-ci Bayıl küçəsi, Krasin küçəsi və Q.Abbasov küçəsi - həmişə 2 nömrəli bina sayılırdı. Eşitdiyinə görə, əvvəl planlaşdırılmış kimi, onların binasında yenidənqurma işləri aparılmalı idi - mansard mərtəbə əlavə olmalı idi, arxitektur bəzək elementləri əlavə olmalı idi, yanında yeni tikilmiş binalara bənzədərək. Amma sonra daha çox qazanc verən yolla getmişdilər, tam söküb yerində yeni bina tikmək qərara alınmışdı. Bakı şəhəri İcra Hakimiyyəti bir müddət əvvəl başqa “səhvlərdə” buraxıb. Belə, xx.xx.2022-ci il tarixli, Fövqəladə Hallar Nazirliyin Tikintidə X3 Agentliyin, qeyri-texniki üslubda üç nəfər “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutun işçisi tərəfindən keçirilmiş binasının vizual müayinəsi (baxışı) və tərtib edilmiş rəy əsasında Bakı şəhər İcra Hakimiyyətinə və Cavabdeh1nə göndərdiyi eyni tarixli 37/34 - 06768 saylı inzibatı məktub tam əsassızdır. Səlahiyyətli Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparat işçiləri görmədilər ki, bu rəy institut rəhbərliyi tərəfindən təsdiq olunmayıb, müayinə keçirən struktur bölməsi rəhbəri tərəfindən imzalanmamışdır, institutun möhürü adi mühəndisin imzasının yanında vurulmuşdu. Bununla Azərbaycan Respublikası Dövlət Tikinti Normaların (AzDTN 1.7-1) “Bina və qurğuların yükdaşıyan konstruksiyaların Qaydaları”nın 11.3-cü bəndini pozmuşdular. Ümumiyyətlə, vizual müayinə keçirildiyi zaman, yuxarıda göstərilən AzDTN-nin: 7.2.,7.3.,7.4.,7.5-ci bəndləri kobudcasına pozulmuşdur. O, hələ rəyin məzmunundan danışmır. Binanın fasad tərəfindən heç bir qüsür aşkarlamadıqlarını təsdiq edən, bəzi bəzək elementlərdə xırda qüsurlar tapan, nəticədə isə, binanı texniki cəhətdən qəzalı vəziyyətində və istismar üçün, güya ki, təhlükəli olduğunu təsdiq edən, sənədə oxşar bir namə, üç nəfər institut işçisi tərəfindən tərtib edilmişdir. Agentliyin göndərdiyi məktubla bağlı bir məqamı da çatdırmaq istəyir, məktubda yazılır ki, “X13 Kompleksi” MTK-nın sədri tərəfindən ünvanlamış xx.xx.2022-ci il tarixli məktuba baxılmışdır.” Agentliyin bu məktubu göndərdiyi tarix isə - 26 sentyabrdır. Görünür “gələcəyi görənlər” oturublar orada. Bu məktubda deyilir ki, “Yaranmış vəziyyəti nəzərə alaraq səlahiyyətləriniz çərçivəsində tədbirlərin görülməsi üçün müvafiq göstəriş verməyinizi xahiş edirik.” Agentliyin əsassız sənədini rəhbər tutaraq, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının rəhbəri Cavabdeh1nə 7-4859/17 saylı, xx.xx.2022-ci il tarixli inzibati məktub göndərərək tələb edib ki, “...gələcəkdə baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını alınması məqsədilə sözügedən ünvanla bağlı müvafiq qabağlayıcı tədbirlərin görülməsini...” istənmişdir. Və Səbail İcra Hakimiyyəti binamızın suyunu, qazını və elektrikini kəstirmişdir, məhkəmədə isə, iş açmışdı və müvəqqəti təminat tədbiri kimi, təcili onları binasından küçəyə atmışdılar heç bir mənzillə təmin etməyərək və binasının damını sökməyə başlayaraq (Bu açılan müvəqqəti təminat tədbiri sonralar Apellyasiya Məhkəməsində ləğv edilmişdi, amma bunlar hamısı bina söküləndən sonra baş vermişdi). Burada çox qərəzli yanaşma baş vermişdi. Sağlam bina qurulmuş kombinasiya nəticəsində məhvə yönləndirilmişdi. Nəticədə xx.xx.2023-cü il tarixində onların binası Bakı şəhər İcra Hakimiyyəti başçılığı altında tam dağıdılmışdır. Bütün məhkəmə sökdürmə qadağa qərarlarına rağmən. Onlar isə küçədə qalmışlar. Cavabdeh1 məhkəmə qərarlarına rağmən onları mənzillə təmin etməmişdir. Konstitusiya hüquqularını tapdalayaraq, mülkiyyət hüquqlarını pozaraq, onların mənzili sökmüşdülər, onları yaşayış yerlərindən məhrum edərək, çölə atmışdılar. İki inzibatı orqan Bakı şəhər İcra hakimiyyəti və Cavabdeh1 sökdürmə işlərin başında durmaqla inzibatı xəta törədiblər. xx.xx.2022-ci il tarixli, e- 16(009)-49/2022 nömrəli və xx.xx.2023-cü il tarixli, 16(009)-83/2022 nömrəli işlər üzrə qərardadda deyilir ki,” ...İddiaçı müvəqqəti olaraq müvafiq şəraiti olan yaşayış sahələri ilə təmin edilməsi Bakı şəhəri Cavabdeh1nə həvalə edilsin”. xx.xx.2023-cü il tarixli 16(009)-83/2022 nömrəli iş üzrə qərardad və onunla əlaqəli olan xx.xx.2022-ci il tarixli 16(009)-83/2022 nömrəli qərardad Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(103)-49/2023 nömrəli qərardadla ləğv ediliblər. Amma qərarın başında yazılıb ki, “İddiaçı şikayəti təmin olunsun.” Şikayət ərizəsi xx.xx.2023-cü il tarixində göndərilmişdi və orada sual vermişdir ki, “Nə vaxt İcra Hakimiyyəti bizi abadlaşdırılmış mənzillərlə təmin edəcək?” və tələb etmişdir ki, “Səbail İcra Hakimiyyəti bizi abadlaşdırılmış mənzillərlə təmin edilsin”. Bunlara əsaslanaraq və “Mənzilin icarə haqqının hesablanması”nı nəzərə alaraq görürlər ki, aylıq icarə haqqını - 2500 manat və yuxarıda göstərilən xx.xx.2022-ci il tarixli, e-16(009)-49/2022 nömrəli işin qərardadını əsas tutaraq (bu qərardad heç də ləğv edilməmişdi) və bu günlərə qədər, altı ay üçün tələb olunan icarə haqqı vəsait olacaqdır: 2.500 manat x 6 = 15.000 manat. Bu məbləğ tələb olunur Səbail İcra Hakimiyyətindən. Amma şərikli olaraq, Bakı şəhər İcra Hakimiyəti və MTK ilə binanın məhv edilməsində iştirakları ilə əlaqədər olaraq, düşünür ki, ödəmələridə müştərək qaydada etməlidirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 2 ünvanında yerləşən faktiki sahəsi 164,33 kv.m. olan, 19 saylı mənzilin sökülməsinə görə cavabdeh “X13 Kompleksi” MTK tərəfindən İddiaçı Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 N-li Qərarı əsasında sökülmüş binanının yerində inşa olunacaq yaşayış binasında, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 213,63 kv.m. az olmayaraq sahəsi olan 4 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı məxsus mebel və əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablamaqla yaşayış sahəsi İddiaçı təhvil verilənədək aylıq 2.500 manat kirayə haqqının cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ünvan 2 ünvanında yerləşən faktiki sahəsi 164,33 kv.m. olan, 19 saylı mənzilin sökülməsinə görə cavabdeh “X13 Kompleksi” MTK tərəfindən İddiaçı Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 N-li Qərarı əsasında sökülmüş binanın yerində inşa olunacaq yaşayış binasında, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 213,63 kv.m. az olmayaraq sahəsi olan 4 otaqlı, təmirli mənzilin verilməsi, İddiaçı məxsus mebel və əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablamaqla yaşayış sahəsi İddiaçı təhvil verilənədək aylıq 2.500 manat kirayə haqqının, 2.000 manat oğurlanmış kondisionerlərin qiymətini, 500 manat daşınma xərcləri və 145 manat ödənilmiş məhkəmə rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, MTK tərəfindən ona mənzilin hər kv.m. üçün 2100 manat təklif olunmuş, o, bu məbləğlə razılaşmamış, həmin MTK tərəfindən inşa edilən həmin ərazidə olan binada satılan mənzillərin 1 kv.m.-nin 5.000 manatdan yuxarı olmasını bildirmiş, hətta 3500 manat kompensasiya ilə razı olduğunu bildirmişdir. Sonuncu dəfə şirkət ona 2500 manat hər kv.m. üçün verə biləcəyini demiş, bu məbləğ isə onu qane etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər “X13 Kompleksi” MTK-nın, Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin olunmamalıdır. İş üzrə Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 173 nömrəli sərəncamın surətindən görünür ki, “X13 Kompleksi” MMC-nin xx.xx.2014-cü il tarixli müraciətini nəzərə alaraq Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “X13 Kompleksi” MMC tərəfindən həll edilməsi qərara alınmışdır. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, X10 küçəsisində yerləşən 2 saylı evin, 75,20 kv.m. olan ümumi sahədən ibarət 19 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X1 mülkiyyətindədir. İş üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Cavabdeh1 başçısına, surəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi xx.xx.2022-ci il tarixli, xx/xx-06768 saylı məktubla Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək, Agentliyin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 3 ünvanda yerşləşən 5 mərtəbəli yaşayış binasına keçirilmiş vizual texniki baxış zamanı texniki cəhətdən qəzalı vəziyyətə düşmüş həmin binanın istismar üçün təhlükəli vəziyyətdə olduğunu bildirmiş və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Səbail rayonu, Qurban Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən 5 mərtəbə yaşayış binasının Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 173 saylı sərəncamı ilə rayonun Xanlar və Qurban Abbasov küçələrinin arasındakı 58-59 saylı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün “X13 Kompleksi” MTK-nın istifadəsinə verilmiş torpaq sahəsinə düşdüyünü nəzərə alaraq gələcəkdə baş verə biləcək hər hansı bir bədbəxt hadisənin qarşısının alınması məqsədilə sözügedən ünvanla bağlı müvafiq qabaqlayıcı tədbirlərin görülməsini xahiş etmişdir. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ünvan 5 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında Aktın surətinə əsasən ünvan 3 ünvanda yerləşən zirzəmi, 5 mərtəbəli yaşayış binasına vizual baxış keçirilərkən məlum olmuşdur ki, Q.Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən yaşayış binası 4 girişli, zirzəmi, 5 mərtəbəli olub, 1935-ci ildə inşa edilmişdir. Bina relyefli ərazidə yerləşdiyindən zirzəmi mərtəbəsi yaşayış sahəsi kimi istismar edilir. Binanın planda qabarit ölçüləri 78.40 x 10.50 metrdir. Mərtəbəarası örtükləri ağac materialından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Damı yastı tipli olub yumşaq materiallarla örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Çoxmənzilli yaşayış binasında hal-hazırda yalnız 10 mənzil istismar edilir. Baxış zamanı yaşayış binasında aşağıda qeyd edilən qüsurlar müşahidə olundu: yaşayış binası fiziki cəhətdən köhnəlmişdir; binanın arxa fasad divarında müxtəlif ölçülü çatlar yaranmışdır; arxa fasad divarında atmosfer sularının təsirindən suvaq qatları və horgu məhlulları aşınmışdır; binanın ön fasad hissəsində son zamanlarda təmir işləri aparıldığından çat və aşınmalar müşahidə edilmədi; zirzəmi mərtəbəsində torpaq təmasda olan divarlarda suvaq qaltları aşınmış, daxili bəzək elementləri yararsız vəziyyətə düşmüşdür, bəzi girişlərdə atmosfer sularının ümumi sahələrə sızması nəticəsində dəmir betondan olan çətir elementlərinin beton mühafizə qatları aşınmış armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır; binanın arxa fasad divarında sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir; binanın arxa fasad hissəsində yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmış və sonradan inşa edilmiş əlavə sahələrə keçid yaradılmışdır; binanın ön fasad hissəsində bəzi mövcud eyvanlar müxtəlif inşaat materialları ilə tikilərək genişləndirilmişdir; binanın əksər mənzillərində mərtəbəarası örtükləri sökülmüşdür; əksər mənzillərin qapı və pəncərələri sökülmüşdür; yuxarıda qeyd olunmuş bu qüsurlar (əlavə sahələr və yenidənqurma işləri) binanın əlavə yüklənməsinə və binanın yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur; yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir; yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış binasına keçirilən baxış zamanı mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 3 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı X1 mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 19 nömrəli mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 173 nömrəli sərəncamına əsasən Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyriyaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “X13 Kompleksi” MMC-nin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həmin cəmiyyət tərəfindən həll edilməlidir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəyinə əsasən Q.Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən yaşayış binası 4 girişli, zirzəmi, 5 mərtəbəli olub, 1935-ci ildə inşa edilmişdir. Bina reylefli ərazidə yerləşdiyindən zirzəmi yaşayış sahəsi kimi istismar edilir. Binanın planda qabarit ölçüləri 78,40 – 10,50 metrdir. Mərtəbəarası örtükləri ağac materialından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Damı yastı tipli olub yumşaq materiallarla örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Çoxmənzilli yaşayış binasında hal-hazırda yalnız 10 mənzil istismar edilir. ünvan 3 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. İddiaçı cavabdehlər “X13 Kompleksi” MTK-ya, Bakı şəhər İcra Hakimiyyətinə və Cavabdeh1nə qarşı tələb irəli sürərək mənzilin sökülməsi ilə əlaqədar mənzilin yerləşdiyi ünvanda inşa olunacaq yaşayış binasında mənzilin faktiki sahəsindən 30% əlavə olmaqla 213,63 kv.m. artıq sahəsi olan 4 otaqlı mənzillə təmin edilməsi, ona məxsus mebel və əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, mənzillə təmin olunanadək 2500 manat kirayə haqqının, 2000 manat oğurlanmış kondisionerlərin qiymətini, 500 manat daşınma xərcləri və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qununla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenum Qərarlarında formalaşan hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, iddiaçının qeydiyyatda olduğu mənzilin mülkiyyətçisi olmadığı təqdirdə hazırki tələblərlə çıxış etməyə subyektiv hüququnun olubolmamasına qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Q.Abbasov küçəsi, 2 saylı evin 19 saylı mənzilinin mülkiyyətçisi olmadığından, həmin mənzilin sökülməsi ilə bağlı yeni mənzillə təmin edilməsi, mənzillə təmin edilənədək kirayə haqqının alınması, əmlakların saxlanılması üçün əlverişli sahə ilə təmin edilməsi barədə tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən məhkəmə həmin hissələrdə tələbi əsassız hesab edir. Məhkəmə iddia tələbinin 2000 manat oğurlanmış kondisionerlərin qiymətinin, 500 manat daşınma xərclərinin tutulması hissələri üzrə qeyd edir ki, həmin hissələrdə də tələb təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı yaşadığı mənzildən ona məxsus kondisionerlərin oğurlanmasını, mənzildən ona məxsus mebel və əşyalarının öz hesabına çıxarılmasını və buna görə 500 manat xərc çəkməsini göstərsə də, məhkəmə iclasında bu hallar öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddia tələbi 2000 manat oğurlanmış kondisionerlərin qiymətinin, 500 manat daşınma xərclərinin tutulması hissələrdə də əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Məhkəmə iddiaçının cavabdehlərin əməllərində cinayət əlamətlərinin mövcudluğu barədə xüsusi qərardadla prokurora müraciət olunması barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və həmin hissədə də tələb təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Cavabdeh1nə və “X13 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı ünvan 2 ünvanında yerləşən faktiki sahəsi 164,33 kv.m. olan, 19 saylı mənzilin sökülməsinə görə cavabdeh “X13 Kompleksi” MTK tərəfindən İddiaçı Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 N-li Qərarı əsasında sökülmüş binanın yerində inşa olunacaq yaşayış binasında, sökülən mənzilin faktiki sahəsinə 30% əlavə olmaqla 213,63 kv.m. az olmayaraq sahəsi olan 4 otaqlı, təmirli mənzilin verilməsi, mebel və əşyaların müvəqqəti saxlanması üçün əlverişli sahə ilə təmin edilməsi, xx.xx.2022-ci ildən hesablamaqla yaşayış sahəsi İddiaçı təhvil verilənədək aylıq 2.500 manat kirayə haqqının, 2.000 manat oğurlanmış kondisionerlərin qiymətini, 500 manat daşınma xərcləri və 145 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar