Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1304/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona ödəməli olduğu 700 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 730 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: cavabdehi 2021-ci il tarixdən tanıyır və telefonla bağlı məsələ olduqda onunla məsləhətləşmələr aparırdı. Cavabdehlə danışaraq “İphone 16” markalı 256 gb yaddaşa malik telefonunun olduğunu və müştəri olarsa satmaq istədiyini bildirmişdir. O da öz növbəsində istəyən olduqda ona xəbər vercəyini bildirmişdir. 28 dekabr 2024-cü il tarixdə “Vatsap” üzərindən cavabdehlə yazışmış və o telefonun alıcısı olduğunu bildirmişdir. Aralarında yazışma apararaq ondan qiymət olaraq neçə düşündüyünü soruşmuş və 2650 manata üstünə oturduğunu bildirmişdir. Bundan sonra ümumi qiyməti 2675 manat olaraq razılaşmışlar və telefon ona çatdırılmışdır. Həmin gün 1500 və 175 manat olmaq cəmi 1675 manat ödəyib, qalan 1000 manat məbləği də bir-iki günə pul köçürülən kimi göndərəcəyini bildirdiyindən onunla razılaşmışdır. Lakin həmin tarixdən etibarən cavabdeh pulun qaytarılmasından yayınmışdır. Ona dəfələrlə etdiyi müraciətlərdən sonra cəmi 300 manatı ödəmiş, ümumi məbləğdən geriyə qalan 700 manat pulu bu günədək ödəməmişdir. Qeyd edilən halları təsdiq edən cavabdehlə aralarında olan vatsap yazışmaları, səs yazıları, köçürmə qəbzləri mövcuddur və hazırki iddia ərizəsinə əlavə olunacaqdır. Cavabdeh aralarında olan razılaşmaya zidd olaraq 700 manat pul vəsaitini ona ödəməmiş və zərərə uğramağına səbəb olmuşdur. Odur ki, həmin məbləğ və idda ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş yazışmalardan görünür ki, tərəflər arasında İphone 16 markalı telefon üçün 2675 manat məbləğində razılaşma əldə edilmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1500 manat ödənilmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 175 manat ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı aldığı İphone 16 markalı telefonu cavabdeh vasitəsilə 2675 manata satılması barədə razılığa gəlmişlər, cavabdeh əvvəl 1675 manat, daha sonra 300 manat pulu iddiaçıya ödəmiş, qalan 700 manat pulu ödəməmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 1975 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) - 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh iddiaçıdan aldığı telefonun pulunu iddiaçıya ödəməyi öhdəsinə götürməsi, lakin öhdəliyini lazımı qaydada icra etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, cavabdeh aralarında olan razılaşmaya əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən iddiaçı qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1304/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1304/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver