Məhkəmə qərarları › İş №e-2(009)-132/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-132/2022

04.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-132/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh QSC X10 Donanmasının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh QSC X10 Donanması cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh QSC X10 Donanması cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC X10 Donanmasının 29.07.2021-ci il tarixli 294 saylı Əmrinin ləğv edilməsi və İddiaçı “ATLET-2” gəmisinin kapitanı vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ATLET-2” gəmisinin kapitanı vəzifəsindən kapitanın 2-ci köməkçisi və 5000 manat pul tutulması barədə Cavabdeh QSC X10 Donanması 29.07.2021-ci il tarixli 294 saylı Əmr qəbul etmişdir. Həmin əmr qanunsuz və əsassızdır. Belə ki, İddiaçı 16.11.2019-cu il tarixdən “ATLET-2” gəmisinin kapitanı vəzifəsində işləmişdir. 12.04.2021-ci ildə “ATLET-2” gəmisi Səngəçal neft yatağında dənizin dibindən metal konstruksiyanı gəmi kranı vasitəsilə qaldıran zaman kranın oxu qırılaraq dənizə düşmüşdür. Bu hadisədə İddiaçı təqsirli bilinərək intizam tənbehi tətbiq edilmişdir. 12.04.2021-ci ildə baş vermiş hadisədə İddiaçı təqsiri sübuta yetirilməmişdir. Bundan başqa, Cavabdeh QSC X10 Donanmasının 29.07.2021-ci il tarixli 294 saylı Əmrini qəbul etmiş və imzalamış rəis Taqət Qurbanovun intizam tənbehi vermək səlahiyyəti yoxdur, çünki o, işəgötürən səlahiyyətlərinə malik deyildir. Bundan başqa, 12.04.2021-ci ildə baş vermiş hadisə barədə İddiaçı izahatı alınmamışdır. Bundan başqa, əmr 12.04.2021-ci ildə baş vermiş hadisədən 3 ay sonra verilmişdir. Cavabdeh QSC 18.11.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi vermişdir. Səbail Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 05.01.2022-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, cavabdeh keçən məhkəmə iclaslarının birində oktyabr ayına aid bir akt təqdim etmişdir. Yəni, konkret olaraq ziyanın məbləği oktyabrda müəyyən olunub. Lakin, hesabatın hansı tarixdə həyata keçirildiyi müəyyən deyil. Bundan əlavə, inzibati tənbeh verilən şəxsin hər bir halda izahatı alınmalıdır, izahat isə alınmamışdır. Hadisə baş verib 12 aprel 2021-ci ildə, tənbeh barədə əmr isə verilib 29 iyul tarixində. Yəni, hadisədən bir ay yox, bir neçə ay sonra verilmişdir. Elektron sistemdə iddiaçının iş yeri Cavabdeh QSC qeyd edildiyi üçün iddia məhz cəmiyyətə qarşı qaldırılıb. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, nizamnaməyə əsasən, əgər gəmidə hər hansı bir hadisə baş verərsə, bu bir başa kapitanın özünün məsuliyyətidir. Bunu nizamnamə təsdiq edir. Hesab edirlər ki, nizamnaməyə görə burada pozuntular vardır. Aparılmış araşdırmalar nəticəsində kapitanın, həmçinin digər işçilərin barəsində ayrı-ayrılıqda intizam tənbehləri tətbiq olunmuşdur. Həmçinin qeyd edir ki, ümumiyyətlə iddiaçının qaldırdığı iddia düzgün deyil. Çünki əsl cavabdeh onlar deyil. İnzibati tənbeh haqqında əmri Cavabdeh QSC X10 Donanması vermişdir. Hətta, işçilərin sistemə daxil edilməsini belə onlar edirlər. Gələcəkdə iddiaçının işə bərpa olunması ilə bağlı məhkəmə qətnaməsi çıxarılsa, onu Cavabdeh QSC icra edə bilməyəcək. Qətnamənin icrası qeyri-müəyyən olaraq qalacaq. Bundan əlavə əmrin gec verilməsi ilə bağlı qeyd edir ki, həmin müddət ərzində araşdırma aparılmışdır. Yəni araşdırmanı aparıb yekunlaşdırdıqdan sonra əmr verilməlidir. Bəlkə, araşdırma zamanı kapitanın günahı olmadığı müəyyən ediləcəkdir. Araşdırma aparılmadan, bir ay ərzində kapitan cəzalandırılsa obyektiv bir qərar olmaz. İşçilərin, şahidlərin izahatları alındıqdan sonra müəyyən olunmuşdur ki, kapitanın və heyyətin digər üzvlərinin günahı olmuşdur. Bunun pozuntu olmadığını düşünürlər. Gəmiyə 59000 manat ziyan dəymişdir. Gəmi dövlətin əmlakıdır. Məhkəmənin iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh QSC X10 Donanmasının nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, əsasnamədə də qeyd olunmuşdur ki, gəmi kapitanları, ümumiyyətlə gəmi heyyəti, kapitanın köməkçisi, baş mexanik Cavabdeh QSC X10 Donanması tərəfindən vəzifəyə təyin olunurlar, vəzifədən azad edilirlər, barələrində intizam tənbehi tətbiq edilir. Onlarda əsas heyyət və ehtiyyat heyyət deyilən anlayışlar vardır. Bir gəminin iki kapitanı iki baş köməkçisi və s. olur. Onlar göndərilir Gəmiyə, bir ay dənizdə olurlar. Hal-hazırda pandemiya səbəbindən bu iki ay olaraq müəyyən edilib. 2 aydan sonra onlar qayıdır və ehtiyyat heyyət onları əvəz edir. Bu müddət ərzində onlar növbəli işləyirlər. Cavabdeh QSC X10 Donanması Cavabdeh QSC-nin strukturlarından biridir. Gəmidə hər hansı bir problem baş verərsə müvafiq zavodlara yerləşdirilir, həmin zavodlarda müəyyən təmir işləri aparılır. Aktın gec tərtib olunmasının səbəbləri də bunlardır. Təkcə oxun qırılması ilə gəmiyə ziyan dəyməmişdir. Digər fəsadlar da vermişdir. Gəmi ümumi klas və əsaslı təmirə daxil olur. Müvafiq registrlərin, agentliyin nəzarəti altında gəmi müəyyən olunmuş təmir planından çıxır. Bütün bu proseslər müəyyən qədər vaxt tələb edən proseslərdir. İş materiallarında olan 14.02.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh QSC X10 Donanması İddiaçı kapitan vəzifəsinə işə qəbul etmişdir. İş materiallarında olan Cavabdeh QSC X10 Donanmasının Əsasnaməsinin 5.6-cı bəndinə əsasən Donanmanın rəisi vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi "xxxx" QSC tərəfindən həyata keçirilən işçilər istisna olmaqla, əmək qanunvericiliyinə və Cəmiyyətin daxili prosedurlarına uyğun olaraq əmək müqavilələri bağlayır və onlar barəsində qanunvericiliklə müəyyən olunmuş hədlərdə həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsini təmin edir. İş materiallarında olan Cavabdeh QSC-nin 13 yanvar 2014-cü il tarixli Nizamnaməsinin 7.1.8-ci bəndindən görünür ki, Cəmiyyətin sədri cəmiyyətin aparatının struktur bölmələrini müəyyən edir və onların əsasnamələrini və ştat cədvəlini təsdiq edir, müəyyən olunmuş qaydada aparatın işçilərini, habelə Cəmiyyətin törəmə müəssisələrinin, idarə, filial və nümayəndəliklərin rəhbərlərini, onların müavinlərini, baş mühasiblərini və digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir. İş materiallarında olan Cavabdeh QSC X10 Donanmasının 29 iyul 2021-ci il tarixli 294 saylı əmrdən görünür ki, “ATLET-2” gəmisinin kapitanı İddiaçı kapitanın 2-ci köməkçisi vəzifəsinə keçirilmiş və hesabata uyğun gəmiyə dəymiş ziyanın bir hissəsi, yəni 5000 manat İddiaçı ərizəsi əsasında Donanmanin xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh QSC qarşı belə iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, 14.02.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, müqavilə Cavabdeh QSC X10 Donanması ilə İddiaçı arasında bağlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Cavabdeh QSC deyil, Cavabdeh QSC X2malıdır. İddiaçı hazırki tələblə Cavabdeh QSC X1rşı yeni iddia qaldırmalıdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar