Məhkəmə qərarları › İş №e-2(009)-133/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-133/2023

31.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-133/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «mənzilə köçürmə» tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «mənzilə köçürmə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 42 ünvanına köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh2 atası Mirzəyev Rasim ilə əlbir olaraq onun etibarından suiistifadə edərək Bakı şəhəri, Səbail rayon ərazisində yerləşən Əlibəyov Qardaşları 42 küçəsindəki evi ona 12.000 ABŞ və 8.000 manat müqabilində satmışlar. Onu inandırmaq məqsədi ilə 17 mart 2008-ci il tarixdə Cavabdeh2 onunla rəsmi nikaha daxil olaraq onu daha da inandıraraq pullarını ələ keçirtmişdir. 2022-ci ilin yanvar ayından X14 və anası Cavabdeh1 ona qarşı birləşərək 5 il qaldığı və yuxarıda ödədiyi məbləğ ona qaytarılmadan fiziki zor tətbiq edərək Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 42 ünvanda yerləşən evini əlindən almışdırlar. Onu da əlavə etmək istəyir ki, 5 il ərzində işıq pulu, su pulu və qaz pulu onun adına olmuşdur. O, DİN–nin 102 xidmətinə dəfələrlə müraciət edib, Səbail rayon Prokurorluğunda olub və ona məhkəməyə müraciət etməyi bildirilib. Ona görə də məhkəməyə müraciət edir. İddiaçı tələbini prosessual maddi norma ( Azərbaycan Respublikasının MPM-nin 4.1) ilə əsaslandıraraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq bildirmişdir ki, X14 nikahı formal xarakter daşıyıb, bir ailə kimi yaşamayıblar, cavabdehin sənədlərində dəyişiklik edilməsi üçün belə bir addım atıblar, daha sonra isə nikah pozulub. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlu iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, 1990-cı ildə onun keçmiş həyat yoldaşı Mirzəyev Rasim evlərindən çıxıb gedib Əliyarbəyov küçəsində, Torqovaya adlanan ərazidə yaşayıb. O xəstəxanada olan müddətdə İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən ona zəng gəlib və aztəminatlı ailə olduğuna görə (dörd uşağı olduğuna görə) güzəştli şərtlə mənzil təklif edilib və o razılaşıb ev alıb. Hazırki mübahisə ilə bağlı olan mənzil onun mənzilinin ikinci mərtəbəsindədir və onun çıxarışında göstərilən sahənin içindədir. Maddi imkan olmadığından uşaqlarla birlikdə Rusiya Federasiyasına köçüb. Bakıya qayıdanda görüb ki, iddiaçı onun keçmiş həyat yoldaşı ilə həmin evə gəlib-gedirdi – soruşanda iddiaçı ona bildirib ki, mənzil Rasimindir. Bir gün ona gəlib ağlayaraq deyib ki, Rasim ona əziyyət verir. Sonra oğlunun sənədlərində soyadı səhvi olduğuna görə iddiaçı ilə oğlu nikaha daxil olublar və sənədin əldə edilməsində iddiaçı onlara kömək edib. Bu yaxşılığı nəzərə alaraq, iddiaçıya həmin daxmada 1-2 il yaşamasına icazə verib. Ona təşəkkür edirdi. Rusiya Federasiyasına qayıdandan sonra onunla əlaqə saxlamaq olmurdu, zənglərə cavab vermirdi. 2022-ci ildə ölkəyə qayıdıb mənzili tərk etməsini tələb edib, o isə mənzildən çıxmayıb. Onun mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmişdir, məhkəməyə müraciət etdikdən sonra MKİS -nin nümayəndəsinin iştirakı ilə iddiaçı əşyalarını evdən götürüb çıxmışdır. Evdən çıxdığına görə o, iddia ərizəsini geri götürüb. Rusiya Federasiyasına gedəndən sonra biliblər ki, onlara qarşı hazırki iddia qaldırılıb. Bankdan kredit 3.000 manat götürüb evi təmir etmək istəyib. Evə aid təmir işləri edərək əlavə mərtəbə tikib, plan-cizgisi var. İddiaçı birinci mərtəbədə yaşayıb. Evin ikinci və üçüncü mərtəbələri yaşayış yeri üçün uyğun deyildir, yararsızdır, ünvan verilməyib. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında göstərmişdir ki, iddiaçı Natəvan xanım onunla nikahda olan dövrdə (2018-ci ildən 2022-ci ilin fevral ayına) qədər orada yaşayıb. Atası vəfat edəndən sonra gəliblər Azərbaycana. Birinci mərtəbəyə dair 2005-ci ildə sərəncam verilib. İkinci və üçüncü mərtəbələrlə bağlı sənədləşməyə dair müvaviq səlahiyyətli orqana müraciət edib. İddiaçı ilə nikaha daxil olsalar da, bu nikah formal xarakter daşıyıb, ailə olmayıblar. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş, cavabdehlər Bakı şəhərində olmadıqlarını və məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişlər. İddiaçı tərəf cavabdehlərin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2018-ci il tarixli 2(009)-3322/2018 saylı qətnaməsindən görünür ki İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsində 17 mart 2018-ci il tarixdə bağlanmış və 11 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. - xx.xx.2022–ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56C ünvanında yaşayan X2 iş görmək məqsədi ilə pulunu aldığı Rasim adlı şəxsin keçmiş həyat yoldaşı tərəfindən hüquqların pozulması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciəti araşdırılması məqsədi ilə Səbail RPİ-nə göndərilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. - 24 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək materialların əlavə yoxlamaya qaytarılması barədə qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 nömrəli evdə yaşayan İddiaçı şikayət ərizəsi ilə rayon prokurorluğuna müraciət edərək bildirmişdir ki, X15 atası Tarıverdiyev Rasim ilə əlbir olub cinayət əlaqəsinə girərək onun etibarından sui-istifadə edib ünvan 3 ünvanda yerləşən mənzili 12.000 ABŞ dolları və 8.000 manat müqabilində ona satmış, sonradan öz cinayətkar əməllərini pərdələmək məqsədilə Cavabdeh2 onunla rəsmi nigaha daxil olmuş, 5 ildən artıq həmin mənzildə yaşayaraq bütün kommunal xidməti xərclərini ödəsə də, 2022-ci ilin yanvar ayında Cavabdeh2 anası Cavabdeh1 ilə birlikdə qeyd olunan mənzilə gəlib zor tətbiq etməklə mənzilə daxil olub zorla həmin mənzili onun əlindən almışlar. Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru M.Fevzullayevin 319/22 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı vaxtından əvvəl və əsassız olduğundan ləğv edilmişdir. Material əlavə araşdırma aparılmasının təşkil edilməsi üçün onlara qaytarılmışdır. - xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 56C ünvanında yaşayan X2 iş görmək məqsədi ilə pulunu aldığı Rasim adlı şəxsin keçmiş həyat yoldaşı tərəfindən hüquqların pozulması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciəti araşdırılması məqsədi ilə Səbail RPİ-nə göndərilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. X2 mənzilə yaşayış hüququnun tanınması tələbi mülki xarakter daşıdığından ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - xx.xx.2022-ci il tarixli 128 nömrəli Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS-nin məktubundan görünür ki, Əlibəyov Qardaşları 42 ünvanda X2 neçə il yaşamasını dəqiqləşdirmək məqsədi ilə həmin ünvanda yerində tərtib olunmuş aktla qonşular yazılı imza etməkdən imtina ediblər və neçə il yaşaması barədə şifahi məlumat verməyiblər. Təxminən şifahi alınan məlumatlara görə 2022-ci ilin fevral ayından indi ki zamana kimi X1 Qardaşları 42 ünvanında yaşamır. - xx.xx.2022-ci il tarixli **********48 nömrəli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən göndərilən sorğuya cavabdan görünür ki Baki şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 42, 4 saylı mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir və hazında mülkiyyətindədir. - Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 653203 nömrəli çıxarışdan görünür ki, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il kimi qeyd olunan Baki şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 42, mənzil 4 ünvanında yerləşən, ümumi sahəsi 72.2 kv.m olan mənzilin hüququ sahibi Cavabdeh1 qeyd olunmuşdur. - AZ-İ 395629 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X19 ilə Cavabdeh1 arasında bağlanmış nikah xx.xx.1990-cı il tarixində 317 nömrəli qeyd ilə pozulmuşdur. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-133/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir və məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/1376 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən 4 saylı mənzilin və mənzilə daxil olan digər hissələrin sahəsinin 72,2 kv.metr təşkil etdiyi, 4 saylı mənzilin və mənzilə daxil olan digər hissələrin həmin mənzilə dair Azərbaycari Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********68-05101-093011 nömrəli çıxarış sənədinə və xx.xx.2022-ci il tarixli, inventar nömrəsi 04/3353 olan Texniki Pasport sənədinə daxil edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, inventar nömrəsi 04/3353 olan Texniki Pasportda göstərilən anbar tikilisinin sol tərəfində, iki mərtəbəli tikili inşa edildiyi, tikilinin birinci mərtəbəsinin ümumi sahəsinin 18,9 kv.m, ikinci mərtəbəsinin ümumi sahəsinin isə 23,2 kv.m təşkil etdiyi və həmin iki mərtəbəli tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********68-05101- 093011 N°-li Çıxarış sənədinə və xx.xx.2022-ci il tarixli, inventar nömrəsi 04/3353 olan Texniki Pasport sənədinə daxil edilmədiyi müəyyən edilmişdir. Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən 4 saylı mənzilin və anbar tikilisinin təmirli olduğu, lakin anbar tikilisinin sol tərəfində inşa edilmiş iki mərtəbəli tikilidə isə faktiki olaraq təmir işlərinin davam etdirildiyi müəyyən edilmişdir. - Səbail rayon məhkəməsinin 2(009)-578/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 (3-cü şəxs qismində 46 saylı Mənzil- Kommunal İstismar Sahəsi işə cəlb olunmaqla) cavabdehlər X5, X18 və X8rşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılması qərara alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 42 ünvanı 4 ünvanında yerləşən, ümumi sahəsi 72.2 kv.m olan mənzilin sahibi Cavabdeh1 olmuş, mənzil xx.xx.2022-ci il tarixdə onun adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. X19 adlı şəxs Cavabdeh1 həyat yoldaşı olmuş və onlar arasında bağlanmış nikah xx.xx.1990-cı il tarixində 317 nömrəli qeyd ilə pozulmuşdur. Cavabdeh tərəfin polis orqanlarında verdikləri izahatlardan görünür ki, X19 2021-ci ilin iyunda vəfat etimişdir. Həmçinin, müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 42 ünvanında yerləşən, hazırda xüsusi mülkiyyət kimi qeydə alınmayan yaşayış sahəsinə məhz X10 vasitəsilə köçmüş və müəyyən müddət həmin ünvanda yaşamışdır. İddiaçı həmin yaşayış sahəsinə köçürulməsinin əsası kimi X10 evi ona 12.000 ABŞ və 8.000 manat müqabilində satması, Polis orqanlarına verdiyi izahatlarında iddiaçı Cavabdeh2 atası Tarverdiyev Rasim ilə əlbir olaraq onun etibarından sui-istifadə edərək 12.000 ABŞ və 8.000 manat pulunu aldatma yolu ilə almalarını, pulunu qaytarmayaraq əvəzində sözügedən yaşayış sahəsini ona verilməsini və daha sonra isə onu inandırmaq üçün Rasimin oğlu Cavabdeh2 ilə nikahlarını rəsmiləşdirməklə pulunu ələ keçirməsini göstərmişdir. İşin materiallarından görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 42 ünvanında 4 saylı mənzilin hazırda xüsusi mülkiyyət kimi keçirilməmiş hissəsində yaşamış, adına su və qaz xidmətləri ilə bağlı abonent kodu olmuşdur. İddiaçı müəyyən müddət yaşadığı mənzilin nömrəsini deyil, 42 saylı ünvanda yaşadığı faktiki mövcud sahə olan ikinci mərtəbənin ona məxsus olmasını göstərmiş və məhkəmə tərəfindən cavabdehin mülkiyyətində olan 4 saylı mənzilin və həmin mənzilə daxil olan digər hissələrin, üzərində və ya ətrafında hər hansı tikili olub-olmaması, olduğu təqdirdə mənzilin çıxarış və planına daxil olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilmişdir. Təqdim olunan rəydən aydın olmuşdur ki, 4 saylı mənzil iki mərbəli olmaqla, ikinci mərtəbəsinin ümumi sahəsinin 23,2 kv.m təşkil etdiyi və həmin iki mərtəbəli tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********68-05101-093011 N°-li Çıxarış sənədinə və xx.xx.2022-ci il tarixli, inventar nömrəsi 04/3353 olan Texniki Pasport sənədinə daxil edilmədiyi müəyyən edilmişdir. İddiaçı tərəf də məhz həmin çıxarış və tex pasporta daxil edilməyən sahədə yaşadığını və 2022-ci ilin yanvar ayından cavabdehlərin ona qarşı birləşərək 5 il qaldığı və yuxarıda göstərdiyi məbləği ona qaytarılmadan fiziki zor tətbiq edərək Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 42 ünvanda yerləşən evini əlindən almalırını iddia edərək hazırki iddianı qaldırmışdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsində müəyyən müddət yaşaması faktı olsa da, onun həmin evə köçürülməsinin əsası kimi istinad etdiyi cavabdehlərin ailə üzvü olmuş mərhum Mirzəyev Rasimə verdiyi pul əvəzi olaraq onun bu sahəyə köçürülməsinə dair heç bir mötəbər və tutarlı sübut təqdim edə bilməmiş və bu fakt iddiaçının şikayəti əsasında hüquq mühafizə orqanlarında aparılan çoxsaylı araşdırmalar nəticəsində də öz təsdiqini tapmamışdır. Məhkəmə iddiaçının adına su və qaz xidmətlərinin kodunun olması ilə bağlı qeyd edir ki, bu hallar onun qeyd edilən yaşayış sahəsinə hüququnun olmasını təsdiq etmir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının göstərilən sahədə yaşaması mərhum Mirzəyev Rasimin təşəbbüsü və Cavabdeh1 razılığı ilə müıəqqəti xarakter daşımışdır. Yaşadığı müddətdə Rusiya Federasiyasında yaşayan cavabdehlərin sənədləşmə ilə bağlı çətinliklər yaranması və bu maneələrin aradan qallırılması ilə əlaqədar formal nikah bağlanmasına dair iddiaçıya verilən təklifi o qəbul etmiş və Cavabdeh2 ilə nikaha daxil olaraq sonuncu iddiaçının soyadını götürərək bu sənədlə öz problemlərini həll etmişdir. (işin materiallarından görünür ki, Cavabdeh2 nikah pozulmasına baxmayaraq hazırda da iddiaçının soyadında qalmışdır) Bu nikahın bağlanması da iddiaçıya yaşadığı sahədə daha artıq müddət yaşamasına səbəb olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlər ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 72.2 kv.m olan mənzili xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçirmişlər, bu vaxtadək isə artıq onların tələbi ilə iddiaçı yaşadığı sahəni əmlaklarını götürərək boşaltmış və bundan sonra hüquq mühafizə orqanlarına etdiyi şikayətində zor tətbiq etməklə mənzilə daxil olub zorla həmin mənzili onun əlindən almalarını göstərmişdir. Hazırki iddia tələbində isə 5 il qaldığı və ödədiyi məbləğ ona qaytarılmadan fiziki zor tətbiq edərək Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 42 ünvanda yerləşən evini əlindən alınmasını göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının illər əvvəl mübahisəli yaşayış sahəsinə köçüb yaşaması hüquqi əsaslarla deyil, insan faktoru ilə, yəni evə aidiyyəti olan şəxslərin icazəsi ilə baş verərək müvəqqəti xarakter daşımışdır. İşin bu halı həm də cavabdehlərin tələbi ilə iddiaçının 2022-ci ilin fevral ayından mübahisəli mənzildən əmlakları ilə köçüb getməsi ilə də tam təsdiqini tapır. Bu hal həmçinin iş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)- 578/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının məzmunu ilə də öz təsdiqini tapır. Belə ki, qərardaddan görünür ki, iddiaçı Cavabdeh1 həmçinin cavabdeh kimi cəlb etdiyi X3 özünə məxsus yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 2022-ci ilin fevral ayında X6 yaşadığı sahəni boşaldaraq çızıb getdiyi üçün ona qarşı da qaldırılmış iddia ərizəsi geri götürülməklə iddia baxılmamış saxlanılmışdır. Beləliklə, cavabdehlərin iddiaçını yaşadığı sahədən zorla qovması və bu sahənin də iddiaçıya məxsus olması (su və qaz xidməti kobunun onun adına olmasına baxmayaraq) heç bir mötəbər və tutarlı sübut növü ilə sübut olunmur. Həmçinin məhkəmə hesab edir ki, yaşadığı sahədən köçüb gedəndən sonra yenidən əvvəl müvəqqəti yaşadığı sahəyə köçməsinə dair iddiaçının irəli sürdüyü dəlillər heç bir hüquqi əsasa söykənmir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçını yaşadığı sahənin pul ilə alması və onun pulunun qaytarılmadan zorla cavabdehlər tərəfindən həmin sahədən çıxarılması ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X9 qarşı «mənzilə köçürmə» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X7 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar