Məhkəmə qərarları › İş №e-2(009)-1330/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1330/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1330/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı - Cavabdeh MTK-ya qarşı «mənzilin təhvil verilməsi və s.» barədə iddia ərizəsi üzrə mülki işə 14 iyul 2023-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MTK-ya qarşı «mənzilin təhvil verilməsi və s. barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçı ilə bağlanılmış xx.xx.2019-cu il tarixli əvəzləşmə müqaviləsinə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin qoyulması, 2022-ci ilin dekabr ayından başlayaraq iddiaçı mənzil ilə təmin olunan vaxta qədər hər ay 400 manat kirayə haqqının, dövlət rüsumunun və vəkil xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəy Hüseynzadə küçəsindəki 8 nömrəli evin 31 saylı mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. xx.xx.2019-cu il tarixdə cavabdeh ilə iddiaçı arasında əvəzləşmə müqaviləsi bağlanılıb. Hazırda binaların inşası başa çatdırılıb. İddiaçıya verilməsi təklif olunan Bakı şəhəri, Bayıl qəsəbəsi, Cavabdeh yaşayış kompleksi, giriş 1, blok G ünvanında 19 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, 268 saylı mənzilin sahəsi cavabdehin bəyan etdiyi kimi 87,24 kv.m deyil, 73,75 kv.m təşkil edir. İddaçı cavabdehdən müqavilə öhdəliklərinin tam şəkildə icra edilməsini tələb etsə də, sonuncu bununla bağlı heç bir reaksiya vermir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli Müqavilənin (surətinin) 2.1-ci bəndindən görünür ki, həmin müqavilə ilə İddiaçı (mülkiyyətçi) Bakı şəhəri, Səbail rayonu, Əlibəy Hüseynzadə küçəsindəki 8 nömrəli evin 31 saylı mənzilini sökülmək üçün “Kooperativ”ə təhvil verməyi, “Kooperativ isə bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili “Mülkiyyətçi”yə təhvil verməyi öhdəsinə götürür. 6.2.1-ci bəndində qeyd olunmuşdur ki, Kooperativ tərəfindən inşa ediləcək binanın mərtəbələrinin sayı 19, mənzilin ümumi sahəsi 87,24 kv.m, mənzilin mərtəbəsi isə 12-ci mərtəbə razılaşdırılmışdır. 6.3-cü bəndində qeyd olunmuşdur ki, Mülkiyyətçi yaşayış sahəsini Kooperativə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq Mülkiyyətçiyə təhvil verilənə qədər Mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 400 manat olmaqla kompensasiya Kooperativ tərəfindən Mülkiyyətçiyə ödənilir. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 04 may 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Bayıl qəsəbəsi, Cavabdeh yaşayış kompleksi, giriş 1, blok G ünvanında 19 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, 268 saylı mənzilin 04 may 2023-cü il tarixinə hesablanmış faktiki tikinti sahəsi 73,75 kv.metr təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı (mülkiyyətçi) Bakı şəhəri, Səbail rayonu, Əlibəy Hüseynzadə küçəsindəki 8 nömrəli evin 31 saylı mənzilini sökülmək üçün “Kooperativ”ə təhvil verməyi, “Kooperativ isə bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili “Mülkiyyətçi”yə təhvil verməyi öhdəsinə götürmüşdürlər. Razılığa əsasən Kooperativ Mülkiyyətçiyə binanın 1 (G)-ci girişində 12-ci mərtəbəsində ümumi sahəsi 87,24 kv.m təşkil edən mənzil təhvil verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsi ilə öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin öhdəliklərin əmələ gəlməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 426.2.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə həyata keçirilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya Bakı şəhəri, Səbail rayonu, Əlibəy Hüseynzadə küçəsindəki 8 nömrəli evin 31 saylı mənzilinin əvəzinə yeni tikiləcək yaşayış binasının 1 (G)-ci girişində 12-ci mərtəbəsində ümumi sahəsi 87,24 kv.m təşkil edən mənzili vermək öhdəliyinin daşıyıcısı olmuşdur. İş materiallarından görünür ki, cavabdehin iddiaçıya təhvil verdiyi mənzilin ümumi sahəsi 73,75 kv.m təşkil etməklə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun deyildir. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini tam icra etməkdən yayınaraq, müqavilə ilə şərtləndirilmiş qaydalara əməl etmir. Buna görə də, iddiaçının müqavilə ilə şərtləndirilmiş mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməsi tam əsaslıdır. İddia tələbinin “2022-ci ilin dekabr ayından başlayaraq iddiaçı mənzil ilə təmin olunan vaxta qədər hər ay 400 manat kirayə haqqının cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, Mülkiyyətçi yaşayış sahəsini Kooperativə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq Mülkiyyətçiyə təhvil verilənə qədər Mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 400 manat olmaqla kompensasiya Kooperativ tərəfindən Mülkiyyətçiyə ödənilir. İş materiallarında olan iddiaçının bank hesabının surətindən görünür ki, tərəflər arasında hər təqvim ayı üçün razılaşdırılmış 400 manat kirayə haqqı 2022-ci ilin 14 dekabr ayına qədər iddiaçının hesabına ödənilib. Məhkəmə həmin tarixdən hazırki dövrə kimi cavabdeh tərəfindən iddiaçının müqavilə ilə razılaşdırılmış mənzil ilə təmin olunmamasını nəzərə alaraq hesab edir ki, 2022-ci ilin dekabr ayından hesablanmaqla müqavilə ilə razılaşdırılmış mənzil iddiaçıya təhvil verilənədək hər təqvim ayı üçün 400 manat kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Vəkil xərcinin tutulmasına dair iddia tələbini araşdıraraq məhkəmə hesab edir ki, iddianın bu hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 36058 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün Nümayəndə hesabına 1000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş vəsaitin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki iddia tələbi təmin olunduğundan iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Əlibəy Hüseynzadə 8 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 1 (G)-ci girişində (blokunda) 12-ci mərtəbəsində ümumi sahəsi 87,24 kv.metr təşkil edən mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. 2022-ci ilin dekabr ayından hesablanmaqla Bakı şəhəri, Səbail rayonu, Əlibəy Hüseynzadə 8 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 1 (G)-ci girişində 12-ci mərtəbəsində ümumi sahəsi 87,24 kv.metr təşkil edən mənzil iddiaçıya təhvil verilənədək hər təqvim ayı üçün 400 manat kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulsun. Vəkil xərci qismində ödənilmiş 1000 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulsun. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar