Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1332/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 dekabr 2024cü il tarixdə, Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12,923 manat zərərin, 646,15 manat əldən çıxmış faydanın, 5,000 manat mənəvi zərərin və 146 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında xx.xx.2022-ci il tarixində təmir xidmətlərinin həyata keçirilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən "xxxx" xx.xx.2023-cü il tarixədək təmir xidmətlərini göstərməyi, sifarişçi qismində İddiaçı isə müəyyən edilmiş 14000 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 12923 (on iki min doqquz yüz iyirmi üç) manat ödəniş etməsinə baxmayaraq, MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri bu günkü günədək yerinə yetirməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 58 saylı mənzili bu günkü günədək tam təhvil verməmişdir. Cavabdeh "xxxx" MMCmüqavilə şərtlərini yerinə yetirmədiyi üçün İddiaçı maddi və mənəvi ziyan vurulmuşdur. Hazırda İddiaçı icraya marağı itmişdir. Belə ki, İddiaçı və "xxxx" arasında “Təmir xidmətlərinin göstərilməsinə dair” müqavilə münasibətləri xx.xx.2022-ci ildə yaranmışdır. Müqavilənin 2.1-ci bəndində icraçının hüquq və vəzifələrinə əsasən, işlər sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməlidir. İşin hallarına nəzər yetirilsə, İddiaçı tərəfindən müqavilə bağlandığı vaxtdan etibarən müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində 1600 manat və 4000 manat məbləği İS GROUP COMPANY-yə ödənilmişdir. Göründüyü kimi, müqavilənin 3.1-ci bəndinin İ altbəndində yazılmışdır ki, ilkin olaraq sifarişçi ümumi məbləğin 40%-ni ödəməlidir. Bununla bağlı sifarişi üzərinə düşən öhdəliyi lazımınca icra etdiyi aydın görünür. Daha sonra, İddiaçı xx.xx.2022-ci il tarixində 600 manat, xx.xx.2022-ci il tarixində 4150 manat və son olaraq, xx.xx.2023-cü il tarixində 2473 manat pul məbləğini şirkətə ödəmişdir. Düzgün olaraq, sifarişçi öz hərəkətlərini müqavilənin şərtlərinə uyğun olaraq, yəni 3 hissədən ibarət olmaqla şərtləşdirilmiş vaxtda və düzgün şəkildə həyata keçirmişdir. Hətta Müqavilənin 3cü hissəsində qeyd edilən ödənişin həyata keçirilməsi formasında vurğulanmışdır ki, sonda qalıq10% ödənişi təhvil təslim aktı bağlandıqda ödəməlidir. Sifarişçinin ödədiyi məbləğ ümumilikdə 12923 manat təşkil etməklə, qeyd olunan 10% -in 323 manat hissəsi də artıq sifarişçi tərəfindən ödənilmişdir. Bunun qarşılığında isə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq "xxxx" MMC öhdəliyin icrasını bugünkü vaxtadək həyata keçirməmişdir. Göründüyü kimi, "xxxx" MMC müqavilə bağlayan zaman öhədliyin icrası vaxtını İddiaçı ilə qarşılıqlı iradə ifadələri nəticəsində xx.xx.2023-cü il olaraq müəyyənləşdirmişlər. İcraçı öz öhdəliyini vaxtından əvvəl icra edərək ödənişlərini həyata keçirmiş və müqaviləyə inam çərçivəsində şirkətin də qeyd olunan tarixdə öhdəliyini həyata keçirməsini gözləmişdir. Lakin sifarişçi mülki qanunvericilikdə nəzərdə tutulan vicdanlılıq prinsipini pozaraq öhdəliyin icrasından yayınmışdır və bugünkü günədək öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunan hallarla bağlı olaraq da sifarişçi İddiaçı icraya marağı itmişdir və hazırda icranı qəbul etməkdən imtina edərək zərərin əvəzinin ödənilməsini tələb edir. Hazırda vurulmuş maddi zərər kimi - ilkin olaraq real zərər qismində 12923 manat pul məbləği və əldən çıxmış fayda qismində icraçı 1 ildən çox müddətdə göstərilən xidməti həyata keçirmədiyindən illik 5% qismində 646,15 manat məbləğində zərər cavabdehdən tutulmalıdır. Cavabdeh "xxxx" MMC tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmədiyi üçün İddiaçı maddi zərərlə yanaşı mənəvi zərər də vurulmuşdur. Belə ki, İddiaçı sözügedən mənzili ailə qurmaq məqsədilə almış və təmir etdirmək istəmişdir. Lakin cavabdeh tərəfin işini düzgün görməməsi səbəbindən mənzilin təmiri baş tutmamış, iddiaçı dəfələrlə buna görə əsəb keçirmiş, bununla əlaqədar yaranmış mübahisələr nəticəsində iddiaçının nişan münasibəti pozulmuş, iddiaçı ağır stres yaşamışdır. Bu baxımdan iddiaçının 5000 manat məbləğində mənəvi zərər tələbi də cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, ekspert rəyi ilə razıdır. Yalnız onu qeyd etmək istəyir ki, ekspert rəyində plastik pəncərənin quraşdırılması üçün 200 manat məbləğ əks olunmuşdur. Həmin pəncərə iddiaçının özü tərəfindən onun hesabına quraşdırılmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə görüləcək işlər siyahısında plastik pəncərənin quraşdırılması razılaşdırılmamışdır. Bu səbəbdən həmin iş üçün xərclənmiş 200 manat məbləğin iddiaçı tərəfindən ödənilməsinin məhkəmə tərəfindən qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iddiaçının və nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08 noyabr 2022-ci il tarixli müqavilənin (surətinin) 2.1-ci və 3.1-ci bəndlərindən görünür ki, İcraçı müqavilənin 1.1 bəndinə göstərilmiş işləri Sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini, Sifarişçi isə müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün İcraçıya smeta dəyərinə uyğun olaraq hər bir işin vahidi müəyyənləşdirilməklə görülmüş işin həcmi və bu iş həcminin əsası olan Təhvil-Təslim Aktına uyğun olaraq hesablanmaqla 14,000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürür. 17 dekabr 2022-ci il, 09 noyabr 2022-ci il, 08 noyabr 2022-ci il qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə ümumilikdə 9850 manat məbləğində pul verilmişdir.xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoru İlyas Səttarzadənin hesabına 600 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli bank qəbzinin və vatsap platforması vasitəsi ilə iddiaçı ilə Aidə adlı şəxsin arasında olan yazışmaların məzmunundan görünür ki, hazırki müqavilə üzrə iddiaçı tərəfindən cavabdeh şirkətə 2473 manat məbləğində də ödəniş edilmişdir. 01 noyabr 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93-də inşa edilmiş Yeni Zığ yaşayış kompleksinin 7 saylı binasında yerləşən 58 saylı mənzildə görülmüş işlərin həcm və dəyəri 6616 manat təşkil edir. Ekspert rəyində qeyd olunur ki, plastik pəncərənin quraşdırılmasına 200 manat məbləğində xərc çəkilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavabdeh İcraçı qismində iddiaçının sifarişi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93-də inşa edilmiş Yeni Zığ yaşayış kompleksinin 7 saylı binasında yerləşən 58 saylı mənzili tam keyfiyyətlə və ağlabatan müddətdə təmir edib Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun müqabilində 14,000 manat İcraçıya pul ödəməyi öhdəsinə götürmüşlər. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə ümumilikdə 12,923 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməyərək, sözügedən mənzilin təmirini başa çatdırmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi qaydada və müddətdə yerinə yetirməmişdir. Bu isə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. İddia tələbinin “12923 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən təmir işləri aparılması sifariş edilən mənzildə cavabdeh tərəfindən dəyəri və həcmi 6616 manat təşkil edən işlər görülmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin görüləcək işlər bəndinə nəzər yetirərkən müəyyən edilir ki, plastik pəncərənin quraşdırılması müqavilədə əks olunmamışdır. Bu səbəbdən məhkəmə plastik pəncərələrin iddiaçının özü tərəfindən quraşdırılması barədə iddiaçının iddiasını əsaslı hesab edir və ekspert rəyində qeyd olunan məbləğdən bunun üçün sərf olunan 200 manat məbləğində xərci çıxmaqla iddiaçı tərəfindən cavabdehə ödənilmiş 12,923 manat puldan cavabdeh tərəfindən görülən işlərin dəyərini təşkil edən 6416 manat pul çıxılmaqla 6507 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması olduğu qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “646,15 manat əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 08 noyabr 2022-ci il tarixli Müqavilədə qeyd edilir ki, müqavilənin bitmə tarixi yəni görülən işin təhvil verilmə tarixi kimi xx.xx.2023-cü il tarix razılaşdırılmışdır. Bu səbəbdən məhkəmə xx.xx.2023-cü il tarixdən hazırki tarixə kimi 23 ay üçün illik 5 % qismində 330,31 manat məbləğində əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin: 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının mənəvi ziyana görə 5.000 manat pul tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 146 manat dövlət rüsumunun 80 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6507 manat məbləğində zərərin əvəzi və 330,31 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 6837,31 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulsun. xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə "xxxx" MMC-dən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEMVÖEN ********** X1 VÖEN ********** Kod: 210005 Müxbirhesabı 41nABZ********************, hesab AZ34CTRE********************,S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülsün İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1332/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1332/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver