Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1353/2025 15.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X8 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil1 və cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər Mədəniyyət Baş İdarəsinə və Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər Mədəniyyət Baş İdarəsinə və Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində maddi normaların tələbləri pozulmaqla keçirilmiş xx.xx.2025-ci il tarixli attestasiyanın qərarı ona münasibətdə əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, 07 aprel 2025-ci il tarixli, Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında 07 aprel 2025-ci il tarixli 65 saylı əmr əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, onun Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinə işə bərpa edilməyi, işsiz qaldığı müddət ərzində (07 aprel 2025-ci ildən etibarən işə bərpa edilən tarixədək) əmək haqqının bərpası və ödənilməsi, vəkilə ödənilmiş 326 manat, mediasiyaya ödənilmiş 60 manat və digər məhkəmə xərclərinin cavabdehdən tutulması, onun bir pedaqoq olaraq işgüzar nüfuzuna, bir şəxsiyyət olaraq şərəf və ləyaqətinə, mənəviyyatına, sağlamlığına, eyni zamanda cəmiyyətdə olan sosial statusuna dəyən zərərlə bağlı 100 000 manat dəyərində mənəvi təzminatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mən, İddiaçı, 21 ildir Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində ixtisasım üzrə müəllimə işləmişəm. Özüm də şagird kimi orta təhsilimi məhz Bakı şəhəriƏ.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində almışam. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecini (Asəf Zeynallı adına Musiqi Məktəbini) və Bakı Musiqi Akademiyasının fortepiano ixtisasını bitirmişəm. Əvvəlki dövrdə testlə keçirilən attestasiyada ən yüksək nəticə göstərərək 5 bal almışam. Müxtəlif dövrlərdə hərbçilərimiz qarşısında ifalarıma görə təltiflərə layiq görülmüşəm. Təvazökarlıqdan kənara da çıxsam bildirirəm ki, fəaliyyətimdə həmişə məsuliyyətli, əxlaqlı, vicdanlı və dürüst olmuşam. Şagirdlərimizin təhsil-tərbiyəsi ilə bərabər onların sosial problemləri ilə də maraqlanmağa çalışmışam. Lakin 2024-cü ilin 25 noyabrında Bakı şəhər 12 saylı musiqi məktəbinin direktoru Gülnarə Səfərova bizim məktəbimizə icraçı direktor təyin edildikdən sonra kollektivimizin “qara günləri” başladı. İcraçı direktor Gülnarə Səfərova müəllimləri, o cümlədən məni davamlı şəkildə valideyn və şagirdlərin yanında təhqir və təhdid edib, aşağıda qeyd etdiyim etikadan, mənəviyyatdan, milli dəyərlərdən uzaq, qanunsuz fəaliyyətlə məşğul olurdu: -ona uyğun olmayan müəllimlərə qarşı digər, əsasən texnikum məzunlarının imzasının topladılmasına; -valideynləri çağırıb imtahanda uşaqları kəsəcəyini deyərək şagirdlərimin məndən alınmasına zorlamasına; -12 nömrəli məktəbin direktor müavininin gün ərzində dərsimizə müxtəlif formada mütəmadi müdaxiləsinə; şagirdlərə proqramla əlaqəsi olmayan şəxsi xarakterli suallar verərək onların stress vəziyyətinə çatdırılmasına; -təyyarəmiz vurulan zaman matəm edilməsinə baxmayaraq səhəri gün məktəbimizdə yeni il şənliyi, 20 yanvarın səhəri isə konsert keçirməsinə; valideynlərə uşaqlarını Azərbaycan bölməsindən alıb rus bölməsinə keçirmələri üçün basqı etməsinə; -Azərbaycanın milli bəstəkarlarının ifa edilməsini istəməməsinə; -12 nömrəli məktəbin müəllimləri tərəfindən bizim məktəbdə “imtahan” keçirməsi və s. artıq dözmək mümkün deyil. İcraçı direktor Gülnarə Səfərova mədəniyyət nazirinin və digər şəxslərin adından sui-istifadə etməklə iki məktəbi birləşdirəcəyini və attestasiya keçirəcəyini, “attestasiyanın da məhz mənim formalaşdıracağım komissiya keçirəcək, bunun isə nə demək olduğunu anlayırsınız da?” deməsi ilə hansı mesaji verdiyi bütün kollektivimizə tam aydın idi. Belə münasibətlər zəminində icraçı direktor Gülnarə Səfərova və özü ilə gətirdiyi “öz adamlarının” davamlı basqıları, psixoloji təyziqləri, təhdidləri və təhqirləri səbəbindən dəfələrlə sağlamlıq durumum elə məktəbdə olarkən pisləşmişdi. İcraçı direktor Gülnarə Səfərova sonuncu dəfə məni təhdid və təhqir (digər kollektiv üzvlərinin yanında deyir “sən adam deyilsən, müəllim deyilsən (qoşmada səs yazılarını əlavə edirəm)) edərkən halım pisləşmiş müəllimlər məktəbə təcili yardım xidmətini çağırmışlar. İcraçı direktor Gülnarə Səfərova bu halda da ilkin tibbi yardımalmağıma mane olub, həkimləri məktəbdən qovmağa çalışmış, yalnız valideynlərim gələndən sonra mən xəstəxanaya qaldırılmışam və yalnız 2 həftəlik həkim müalicəsindən sonra (qoşmada həkimdən müalicə arayışıməlavə edilir) iş qabiliyyətimi bərpa edə bilmişəm. Bütün bu özbaşınalıqları Bakı Şəhər Mədəniyyət idarəsində Mehriban xanıma da şifahi məlumat verdim. Bundan sonra mənə qarşı təhqirlərini daha da artırdı. İcraçı direktor Gülnarə Səfərova məni çağırıb dedi ki, “hara istəyirsən get de, mən heç kimdən qorxmuram”. Bütün bu proseslərin fonunda xx.xx.2025-ci il tarixində məktəbimizdə attestasiya keçiriləcəyi elan olundu. Attestasiyadan keçmək üçün İcraçı direktor Gülnarə Səfərovanın konkret “tələblər” müəyyənləşdirdiyi hər kəsə bəlli idi. İcraçı direktor Gülnarə Səfərova ilə münasibətlərimiz gərgin olsa da baş verən proseslərə yenə də seyredici mövqedə qalmadım, neqativ işlərə qarşı davamlı mübarizə aparan bir müəllimə kimi yayılan söz söhbətlərə aydınlıq gətirmək üçün direktoru vəzifəsini icra edən Səfərova Gülnara xanım yanına getdim, Gülnarə xanım məni növbəti dəfə təhqir edərək “onsuz da ömrünə az qalıb” söylədi. Nəhayət xx.xx.2025-ci il tarixində məktəbimizdə attestasiya keçirildi. Attestasiyada da bir saata yaxın müddətdə ən yüksək səviyyədə bilik və bacarıqlarımı nümayiş etdirdim, baxmayaraq ki, məndən başqa digər “hörmətli şəxslər” 10-15 dəqiqə attestasiya otağında olurdular. Lakin iclasın sonunda Səfərova Gülnara xanımın tapşırığını icra edən komissiya (3 əleyhinə, 2 lehinə səs verərək təkmilləşdirməyə tövsiyə etməklə) məni uyğunsuz hesab etdi. Qətiyyətlə deyirəm və iddia edirəm ki, mən Bakı şəhəriƏ.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbininfortepiano müəllimləri sırasında ilk üçlükdəyəm. Ən ağır, ən ciddi komissiya qarşısında belə bu iddiamı sübut etməyə hazıram. Peşə fəaliyyətimə görə onlarla diplomvə digər təltiflərimvar. Yuxarıda qeyd etdiyim proseslərin davamı olaraq müəssisədə keçirilmiş attestasiya komissiyasının qeyri-obyektiv və əsassız qərarına əsaslanaraq mənimlə bağlanmış əmək müqaviləsinə 07 aprel 2025-ci il tarixində, Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 70- ci maddəsinin “c” bəndi ilə qanunsuz şəkildə xitam verildi. Əlavə olaraq qeyd etmək istərdim ki, attestasiya prosesində komissiya üzvləri digər işçilərə qarşı loyal və güzəştli yanaşma sərgilədiyi halda, mənə qarşı açıq-aşkar qərəzli münasibət göstərmişdir. Mən attestasiya zamanı komissiya tərəfindən verilən bütün suallara dolğun və əsaslandırılmış cavablar versəm də, komissiya üzvlərinin bir qisminin “bəyənmədiyi” ifamı yüksək səviyyədə həyata keçirsəm də (həmin əsərimin ifasından hazırda AR X1 Humanitar şöbənin müdiri, professor Fərəh xanım Əliyeva və Professor Fərhad müəllim Bədəlbəylidən 5 (əla) qiymət aldığım halda) fəaliyyətim müvafiq göstəricilərlə qiymətləndirilməmiş, cavablarım nəzərə alınmamış və mənfi rəy formalaşdırılmışdır. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən xx.xx.2024-cü il tarixli 102 nömrəli Əmr qəbul edilib. Buna əsasən AR ƏM-nin 65-ci maddəsinə əsasən müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənədinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olubolmamasının yoxlanılması, işçilərin həvəsləndirilmək ixtisasının və əməyinin ödənilmə dərəcələrinin verilməsi, artırılması və ya azaldılması işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə xx.xx.2024-cü il tarixli 102 nömrəli Əmrlə AR Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komitəsinin Əsasnaməsi təsdiq edilib. Əmrlə hər biri 5 nəfərdən ibarət olmaqla 2 Attestasiya Komissiyası yaradılıb və tərkibləri təsdiq edilib. xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr attestasiyanın keçirilməsi müddəti təyin edilib. Attestasiya yalnız təqdim edilmiş proqram, müvafiq yaradıcılıq tapşırıqları və işçinin gördüyü işlər haqqında məlumat əsasında keçirilməsini təmin edilir. Attestasiyadan keçən işçilərə yalnız tutduqları vəzifələr, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquq və vəzifələr dairəsinə aid olan məsələlər ilə bağlı suallar verilir. xx.xx.2024-cü il tarixli 102 nömrəli AR Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komitəsinin Əsasnaməsi ilə Komissiyanın fəaliyyəti, hüquq və vəzifələri, Attestasiyanın keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi qaydaları tənzim edilir. İddiaçı bildirir ki, attestasiya prosesində komissiya üzvləri digər işçilərə qarşı loyal və güzəştli yanaşma sərgilədiyi halda, ona qarşı açıq-aşkar qərəzli münasibət göstərib. O, attestasiya zamanı komissiya tərəfindən verilən bütün suallara dolğun və əsaslandırılmış cavablar verib, lakin, komissiya üzvlərinin bir qisminin "bəyənmədiyi" onun ifasını yüksək səviyyədə həyata keçirsə də (həmin əsərinin ifasından hazırda AR X1 Humanitar şöbənin müdiri, professor Fərəh xanım Əliyeva və Professor Fərhad müəllim Bədəlbəylidən 5 (əla) qiymət aldığı halda) fəaliyyəti müvafiq göstəricilərlə qiymətləndirilməmiş, cavabları nəzərə alınmamış və mənfi rəy formalaşdırılmışdır. İmtaham ilə bağlı Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli 7 nömrəli qərarı qəbul edilib. Qərarda qeyd edilib ki. xx.xx.2025-ci il tarixində iddiaçı imtahan verib. İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilən hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə bağlı suallar verilib. İddiaçı 4 suala cavab verə bilməmiş. 1 ədədinə qismən cavab verib, yalnız 3 ədəd suala tam cavab verə bilib. İddiaçının praktiki biliklərinin yoxlanılması üçün piano alətində öncədən hazırladığı L.V.Bethoven 25 №-li sonatasının İ hissəsini olduqca zəif ifa və təhlil edib. Cis moll qammasını zəif ifa edib. Üzdən oxu üçün F.Şopenin 46№-li Mazurka əsərinin ifa olunması təklif edilmiş, lakin iddiaçı həmin əsəri zəif ifa edib. Qərara alınıb ki. iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməsin. Qərar 1 həftə ərzində Bakı şəhər Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin direktoruna təqdim edilsin. Qərarı Komissiyanın sədri və üzvləri imzalayıb. . Nəticə odur ki. iddiaçı vaxtikən attestasiyadan keçərək kifayət edən 5 bal toplayaraq imtahanı keçdiyini bildirir. Bu isə sübut edir ki, iddiaçı özündən arxayın olub, heç bir imtahana hazırlaşmayıb. Attestasiya imtahanına ötəri baxdığından hətta, vaxitə ilə hazırlaşdığı əsər üstündə təkrar işləməyidindən imtahan vaxtı yaxşı bildiyi əsəri zəif ifa edib. Qammanı çalışmayıb. Ümumiyyətlə qammalar mütəmadi çalışılmalı tapşırıqlardı. Mütəmadi çalışılınadıqda barmaqlar dəqiq notlara dəymir, bu halda səslər qarışır, nəzərdə tutulan surətin sabitiivi pozulur, bu halda ritm pozulur. Attestasiyanın keçirilməsindən məlumatlı olan iddiaçı bunlar üstündə ciddi çalışmalı idi. İmtahana ötəri hazırlaşdığından nəticə xoşagəlməz hüquqi fakt ilə yekunlaşıb. Qeyd edilməlidir ki. bu məktəbdə attestasiyada 20 nəfər fortepiano. 7 nəfər xalq çalğı alətləri (tar. kaman, xanəndə və digər) üzrə müəllim. 6 nəfər musiqi nəzəriyyəsi fənni üzrə müəllim imtahan veriblər. 8 nəfər fortepiano müəllimi və 2 nəfər nəzəriyyə müəllimi attestasiya imtahanından kəsiliblər. Qalan müəllimlər attestasiya imtahanını keçiblər. Qeyd edilməlidir ki. Komissiya üzvləri digər musiqi məktəblərində musiqi sahəsində ixtisas üzrə çalışan müəllimləri olub və üzvlərdən olan Ülviyyə Hacıyeva AR Həmkarlar İttifaqının üzvüdür. Həmçinin, həmin komissiya üzvləri iddiaçıya birbaşa və ya dolayı təsir edən və ya iddiaçının onların nəzarəti altında, tabeçiliyndə işlədiyi şəxslər deyildir. Bu hal onu sübut edir ki, attestasiya komissiyası üzvləri düzgün seçilib. Bu isə qanunun tələblərinə tam uyğundur. Heç bir qanun pozuntusuna yol verilməyib. Həmçinin. Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində yarımillik qapalı akademik dinləyişlərinin və yoxlama dərslərinin obyektiv keçirilməsi, şagirdlərin bilik səviyyələrinin və müəllimlərin işə münasibətinin yoxlanılması məqsədilə məktəbdənkənar müəllimlərdən ibarət komissiyanın yaradılması qərarı qəbul edilib. Bununla bağlı Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində xx.xx.2025-ci il tarixli 10 nömrəli Əmr qəbul edilib. Əmrə əsasən 2024/2025-ci tədris ilinin İ yarısının yekunu ilə bağlı yoxlama dərslər və qapalı akademik dinləyişlərin keçirilməsi məqsədilə komissiya təşkil edilməsi və keçirələcək dinləyi və yoxlama dərslərin nəticəsi komissiya tərəfindən aktlaşdırıhnası qərara alınıb. Bu addımı təsdiqləmək üçün hətta Bakı şəhər Mədəniyyət Baş İdarəsinə rəsmi müraciət edilib. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2025 tarixli 3-4-5/2-17/2025 saylı cavabında qeyd edilib ki. bu işin görülməsi üçün Komissiyanın yaradılmasına etiraz etmirlər və Komissiyaya seçilə biləcək üzvlərin siyahısı məktəbə təqdim edilib. Tələbələrin imtahamları ilə bağlı Bakı şəhər Mədəniyyət Baş İdarəsinə Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli 25 nömrəli rəsmi müraciəti və xx.xx.2025-ci il tarixli AKT-ı təqdim edilib. Akta qeyd edilib: təkrar yarımillik qapalı imtahanlarda iştirak edən İddiaçı sinfində təhsil alan şagirdlərin ilk növbədə proqramlarının siniflərinə uyğun olmadığını, bəzi əsərlərin ümumiyyətlə tədris proqramına aid olmadığı aşkar edilib. Şagirdlərin əl qoyuluşu düz deyil, ümumi fortepiano fənni üzrə təhsil alan şagirdlər ümumiyyətlə l(bir) barmaqla ifa edirdilər ki, bu bu musiqi tədris metodikasına uyğun deyil. Rəsmi müraciətdə qeyd edilib: xx.xx.2025-ci il tarixdə “Təqvim planf’na əsasən keçirilən "Texniki dinləyişlərdə İddiaçı heç kəsi xəbərdar etmədən iştirak etməmiş və şagirdləri. də dinləyişə qatılmamışlar. Həmçinin. xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə həmin musiqi məktəbində direktor vəzifəsini icra edən Gülnarə Səfərovaya 9 nəfər müəllimi yazılı müraciət ediblər. Ümumi müraciətlərin məzmunu odur ki. iddiaçının sinfində təhsil alan şagirdlər xx.xx.2025 tarixindən həmin müəllimlərin siniflərinə keçirilib. Həmin şagirdlər bilik və bacarıqları çox zəifdir, bəziləri dərslərə gec gəlir, tapşırıqları çalışmırlar, hazırlıqlı gəlmirlər, hətta not tanımayan tələbə var. Gələcək imtahanlarda uşaqların məsuliyyətini daşımırlar. X10 və Rəşidli Xədicənin dərs proqramları yox idi. Lakin, qısa zamanda dərs proqramına uyğun yeni əsərlər seçildikdən sonra şagirdlər mütəmadi dərslərə gəlir və qənaətbəxş öyrənirlər. Məlumat ücün bildirmək istərdim ki, əvvəllər həmin musiqi məktəbində direktor vəzifəsini icra edən Rəhimova Sevdaya xx.xx.2023-cü il. xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində 3 nəfər valideyn yazılı müraciət ediblər. Şikayətləri o ohıb ki, övladlarına iddiaçı musiqi dərsini mütəmadi keçmir, tez-tez dərs buraxırdı, buraxılan dərsləri başqa günlər ilə əvəz etmirdi. Övladları heç nə öyrənə bilməyiblər, bilik səviyyələri aşağıdır. Övladlarının dərsə həvəsləri qalmayıb dərs zamanı müəllimin fikri ancaq telefonla oynamaqdı. Tələblərindən biri Əliyevə Cəmilə rus dilli olduğundan ümumiyyətlə həmin tələbə iddiaçının nə dədiyini heç başa düşmədiyindən onun bilik səviyyəsi çox aşağı olub. Onun alideyin Əliyev İbrahim iddiaçının Tik-tokda videolarını gördükdən sonra ümumiyyətlə Əliyevə Cəmilənin iddiaçının sinfindən çıxarılmasını tələb edib. iddiaçı həmin musiqi məktəbində əvvəllər direktor kimi çalışmış Sevda Rəhimova ilə mübahisələri olub. İddiaçı ondan 2023-cü il tarixində prokurorluq. orqanına şikayət edib. Yasamal rayon Prokurorluğunda 23 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ” Qərar qəbul edilib. Qeyd edilib ki, iddiaçı və məktəbin digər müəllimləri Sevda Rəhimovanın müxtəlif qanun hərəkətlər etməsindən şikayət ediblər. İddiaçı izahatında bildirib ki, Sevda Rəhimova tərəfindən işlədiyi müddətdə kifayət qədər qanunsuzluqlar, özbaşınalıqlar edilmiş və işçilər daxil olmaqla şagirdlər dəfələrlə təhqir edilərək şəxsiyyətləri alçaldılıb. Sevda Rəhimova tərəfindən edilən, qanunsuzluqlar odur ki. o. daxıl bütün müəllim heyətindən aylıq olaraq məcburi şəkildə fond pulu yığıb. Onun maaşəndan çıxılmalar edib. Pulları verməyəndə Sevda Rəhimova şantaj və hədə qoru gələrək işdən çıxaracağı ilə hədələyib. Qərarda yekunda yazılıb ki, araşdırma zamanı Rəhimova Sevda tərəfindən Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi məktəbinin işçilərindən qanunsuz olaraq fond pullarının yığılması faktı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməlidir. İddiaçı ərizə və izahatlarında Rəhimova Sevda tərəfindən şərəf və ləyaqətlərinin alçaldılması ilə bağlı göstərdikləri xüsuatları üzrə xüsusi ittiham qaydasında müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. İddiaçı ərizə və izahatlarında Rəhimova Sevda tərəfindən şərəf və ləyaqətlərinin alçaldılması ilə bağlı göstərdikləri xüsuatları üzrə xüsusi ittiham qaydasında müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqlarının olması izah olunsun. Bu qərar artıq qüvvəyə minib. Ona görə əminliklə yazılmalıdır ki. birincisi iddiaçı və əvvəlki direktor arasında mübahisələrə 2023cilin ortalarında aidiyyatı hüquq mühafizə orqanı tərəfindən baxılmış və qərar verilib ki. fond pullarının yığılması ilə bağlı fakt sübuta yetirilməyib. Başqa hər hansı qanun pozuntusunun olması faktı müəyyən edilməyib. Şərəf və ləyaqətin alçaldılması ilə bağlı iddiaçının xüsusi ittiham qaydasında aiddiyatı quruma müraciət etməsi tövsiyyə olunub. İkincisi hadisə 2023 cü ildə yəni. 2 il öncə baş verib və bitib. Əvvəlki direktor işdən azad edilib. İddiaçının və əvvəlki direktorun arasında gərgin münasibətlərin nə əsasında, nə sonrasında mübahisə predmeti attestasiya imtahanının keçirilməsi olmayıb, ümumiyyətlə bu məsələ ümumiyyətlə 2 il müddətində heç gündəmdə olmayıb. Üçüncüsü iddiaçının etiraf etdiyi kimi bu məktəbə yeni direktor vəzifəsini icra edən Gülnarə Səfərova 2024-cü ilin noyabr ayında vəzifəsini icra etməyə başlayıb. Dördüncüsü musiqi məktəbinin direktoru özbaşına hərəkət etmir. Belə ki, məktəb AR Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyndədir. Attestasiyanın keçirilməsi qərarını yeni direktor Gülnarə Səfərova özü təkbaşına verməyib. Belə qərar bütün ölkə üzrə bütün musiqi məktəblərində keçirilməsi nəzərdə tutulub. Beşincisi ona görə iddiaçının bildirdiyi kimi "direktorun onunla şəxsi qərəzlilik etməsi” ifadəsi, "onun əməllərində korrupsiya kimi qanunsuz hərəkətlərin edilməsi, ondan pul tələb edilməsi” ifadələri 2023-cü il tarixdə əvvəlki direktorla olan mübahisələrinə aiddir. Bitmiş münasibətlərdi. Hazırda direktor vəzifəsini icra edən indiki direktora və attestasiya komissiyasına bu ifadələrin heç bir aidiyyatı yoxdur. Altıncısı AR Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-1-ci bəndi üzrə iddiaçı hazırki direktor barəsində korrupsiya qurumuna şikayət etməsini bildirsə də, bununla bağlı heç bir müraciət, qərar, bildiriş və digər rəsmi sənəd təqdim etməyib. Onun hazırki direktor ilə bağlı korrupsiya və digər bildirdiyi qanunpozmalar ilə bağlı müraciətinə hansı rəsmi qurumda baxılması bəlli deyil. Nəticə odur ki, iddiaçı sırf keçirilməli attestasiya ilə bağlı keçirilməli attestasiyada ona qarşı edilmiş korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı aidiyyatı quruma rəsmi məlumat vermədiyindən, attestasiyadan keçirilərkən, idarə, müəssisə və ya təşkilatın həmin hüquqpozmalar üzrə məlumatların verilməsi üçün müəyyən edilmiş müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsinin təyin edilməsi mümükün deyildi və ona görə attestasiya komissiyasının iclasında iştirak etməli deyil. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi-vəkili etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi haqqıda 24 iyun 2023-cü il tarixli Qərara əsasən, İddiaçı, X2 və X3 müraciətləri əsasında toplanmış material üzrə X4 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin İddiaçı ünvanladığı 5 №-li xəbərdarlıq bildirişində 25 dekabr 2024-cü il tarixli əmrə görə müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyasının yaradıldığı və onun attestasiya olunacaq işçilər kateqoriyasına aid olduğu qeyd edilmişdir. İddiaçı attestasiya vərəqəsinin surətindən görünür ki, keçirilmiş attestasiya nəticəsində lehinə 2, əleyhinə 3 səs verilmiş və ixtisas fənnini tədris etməməyi tövsiyə olunmuşdur. Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin attestasiya komissiyasının 10 mart 2025-ci il tarixli Qərarına əsasən Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilmədiyi qərara alınmışdır. Əhməd Bakıxanov adına Uşaq musiqi məktəbinin 07 aprel 2025-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin 25 dekabr 2024-cü il tarixli əmrinə əsasən müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılmış və iddiaçı da attestasiyaya cəlb edilmişdir. Keçirilmiş attestasiya nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş və AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Attestasiya Komissiyasının qərarının və işdən azad olunması barədə əmrin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasınınartırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 70 “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 288 x bəndi İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Məhkəmə ilk öncə iddia tələbinin “Attestasiya Komissiyasının qərarının etibarsız hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: İddiaçı ərizəsində attestasiyanın ona qarşı qeyri-obyektiv keçirildiyini və attestasiya komissiyasının üzvlərinin ona qarşı qərəzli olduğunu və ayrı-seçkiliyə yol verdiyini qeyd edir. İddiaçı barəsində keçirilmiş attestasiyanın video qeydiyyatını özündə əks etdirən görüntü məhkəmə tərəfində sorğu ilə AR Mədəniyyət Nazirliyindən əldə edilmişdir. Məhkəmə tərəfindən həmin görüntü nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, Attestasiya Komissiyasının qərarının etibarsızlığı üçün heç bir əsas yoxdur. Belə ki, həmin video yazıdan görünür ki, iddiaçı sualları aşağıdakı şəkildə cavablamışdır: 1-ci sual: Azərbaycan fortepiano məktəbinin hansı nümayəndələrini tanıyırsınız? Brenner, Şaroyev 2-ci sual: İmpressionizm dövrünün hansı nümayəndələrini tanıyırsınız Debüssi, Ravel 3-cü sual: Müsabiqələr haqqında məlumat verin. Azərbaycanda keçirilən hansı müsabiqələri tanıyırsınız? İddiaçı bu suala cavab verə bilməmişdir 4-cü sual: İ.S.Baxın neçə partiyası var? Nömrələri sadalayın İddiaçı 6 italyan partitasının olduğunu cavablamış, lakin nömrələri sadalaya bilməmişdir 5-ci sual: Suitaların tərkibi barədə məlumat verin. Dörd ölçü nəyi ifadə edir? Səkkiz ölçü nəyi ifadə edir? İddiaçı suitaların tərkibi barəsində məlumat verə bilsə də, dörd və səkkiz ölçünün nəyi fadə etdiyini cavablaya bilməmişdir. 6-cı sual: Səsin əsas ölçüləri haqqında məlumat verin İddiaçı sualı yarımçıq cavablamış, komissiya üzvlərinin sual ətrafında dəqiqləşdirici suallarını cavablaya bilməmişdir. 7-ci sual: Con fuoco nədir? İddiaçı təravətli mənası cavabını vermişdir, komissiya üzvləri cavabın düzgün olmadığını bildirmişdirlər. 8-ci sual: Orta templər hansıdır? Daha hansı 2 temp var? İddiaçı bu suala cavab verə bilməmişdir. Məhkəmə attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın video yazısını müqayisə edərkən müəyyən etmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların əksəriyyətini cavablaya bilməmişdir. Məhkəmə iddiaçının “məktəbin direktoru barəsində korrupsiya şikayəti etdiyi və bu səbəbdən onun barəsində attestasiya keçirilən zaman qanunvericiliyin tələbi pozularaq həmin şikayəti araşdıran dövlət orqanının nümayəndəsinin attestasiya komissiyasında təmsil edilməməsi səbəbindən attestasiyanın qanunun pozulması ilə keçirildiyi” barəsində bildirdiklərinə münasibətdə qeyd edir ki, işdən görünür ki, iddiaçı Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin direktoru X4 müəssisədə korrupsiya hallarına yol verməsi barəsində şikayətlə müraciət etmişdir. Halbuki işdən görünür ki, attestasiya baş tutan zaman X5 artıq sözügedən məktəbin direktoru kimi fəaliyyət göstərməmiş, həmin dövrdə direktorun səlahiyyətlərini Gülnarə Səfərova icra etmişdir. Belə olan halda iddiaçının attestasiyanın qanunvericiliyin pozulması ilə keçirildiyinə dair irəli sürdüyü bu dəlil də əsassız hesab edilməlidir. Məhkəmə eyni zamanda iddiaçının “komissiya üzvlərinin ona qarşı qərəzli olduğu” barədə bildirdiklərinə münasibətdə qeyd edir ki, attestasiyanın video yazısına baxış keçirilən zaman attessasiya komissiyasının üzvlərinin iddiaçıya qarşı heç bir ayrı-seçkilik nümayiş etdirmədiyi, ona hər hansı bir təzyiq etmədiyi, əksinə olaraq iddiaçı sualları cavablandırmaqda çətinlik çəkdiyi vaxtlarda komissiya üzvlərinin iddiaçıya istiqamətləndirici suallar verməklə onun özünü daha rahat və həyəcansız aparmasına yardımçı olduqları müşahidə edilir. Məhkəmə iddia tələbinin “07 aprel 2025-ci il tarixli, Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında 07 aprel 2025-ci il tarixli 65 saylı əmr əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, onun Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinə işə bərpa edilməyi, işsiz qaldığı müddət ərzində (07 aprel 2025-ci ildən etibarən işə bərpa edilən tarixədək) əmək haqqının bərpası və ödənilməsi və mənəvi zərərin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, işdən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmin normanın məzmununa əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilir. Hazırki işdə iddiaçı attestasiya komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməmiş və nəticə etibarilə məhz bu əsasla da onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən attestasiya komissiyasının qərarı məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən həmin qərar əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunvericiliyin tələblərinə uyğundur. İddia tələbinin “mənəvi zərər hissəsi” tələbin “attestasiya qərarının etibarsızlığı və işdən çıxarma barədə əmrin ləğvi” barədə hissəsindən törəmə tələb olduğundan və həmin tələblər təmin edilmədiyindən iddianın cavabdehdən mənəvi zərərin tutulması hissəsi də əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər Mədəniyyət Baş İdarəsinə və Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLIK EDƏN: İLKIN RÜSTƏMLI
Məhkəmə qərarları › İş №e-2(009)-1353/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1353/2025
15.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver