Məhkəmə qərarları › İş №e-2(009)-1355/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1355/2025

29.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1355/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə və Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, maddi və mənəvi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə və Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, maddi və mənəvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdehlərin keçirdiyi xx.xx.2025-ci il tarixli attestasiya qanunvericiliyə zidd hesab edilərək nəticələrinin ləğv edilməsi, onun işdən azad olunmasına dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın imzaladığı 08 aprel 2025-ci il tarixli əmrin ləğv edilməsi, onun müəllim vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi, 1000 manat mənəvi ziyan üçün, 1000 manat maddi ziyan üçün kompensasiya cavabdehlərdən tutularaq ona ödənilməsi, 300 (üç yüz) manat hüquqi xidmət xərci, 50 manat dövlət rüsumu, 60 manat mediasiya xərci, cəmi 410 manat məhkəmə xərcinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: onunla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi arasında 29 sentyabr 2010-cu ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında o, 29 sentyabr 2010-cu il tarixindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə musiqi müəllimi vəzifəsinə təyin olundu. Həmin tarixdən xx.xx.2025-ci il tarixinə qədər həmin vəzifədə çalışırdı lakin, 08 aprel 2025-ci il tarixində əmək müqaviləsinə Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən qanuna zidd olaraq xitam verildi. İşdən çıxarılma barədə verilmiş əmrin qanunsuz olduğunu hesab edirlər. Belə ki, o bildirir ki, “29 sentyabr 2010-cu il tarixində o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə işə müddətsiz olaraq qəbul olunmuşdur. Lakin, onu qeyri-qanuni işdən azad edən Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərova olmuşdur. Belə ki, 2024-cü ilin dekabr ayında müəllim kollektivinə, müəllimlər arasında planlanmış “attestasiya imtahanı” keçiriləcəyi barədə məlumat verildi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində uşaq musiqi və incəsənət məktəblərinin fortopyano ixtisası üzrə təhsil verilənlərin attestasiya proqramı adlı sənəd biz müəllim kollektivinə verildi. Həmin sənəddə attestasiya proqramı, dərslik, əyani musiqili fortopyano üzərində ifa və sair tələblər qeyd olunmuşdur. Həmin tələblər aşağıda qeyd olunan proqram üzərindən imtahan təşkili olunmalı idi: 1. Bir əsərin üzdən ifası (əzbər və ya not ilə) – fortopyano üzərindən sərbəst seçim ilə; 2. Mojor və Minor qammaları; 3. Verilən əsərin təhlili; 4. Alətin yaranması və inkişaf təhlili; 5. Musiqi və incəsənət məktəblərində tədris proqramı; 6. Az. və xarici ölkələrin görkəmli piano ifaçıları; 7. Az. Bəstəkarlarının fortopyano yaradıcılığı; 8. Xarici ölkə bəstəkarlarının fortepyano yaradıcılığı; 9. Təhsil verənlərin peşə səriştəsi (ixtisasın tədris metodikası); 10. Etik davranış qaydaları. Lakin, xx.xx.2025-ci il tarixində keçirilmiş attestasiya imtahanında, bu yuxarıda sadalananların heç biri imtahan suallarına aid edilmədi. Verilən kənar suallara da, kafi cavab versə də münsif heyyəti qərəzli olaraq hamısına “YOX elə deyil” cavabı səsləndirirdilər. Musiqili əsərin ifasına keçid edərkən, ilk notların səsləndirilməsində kənar bərkdən “gülüş” səsləri ilə, “UJAS” sözü ilə ifam dayandırıldı. O, müvafiq qaydalara uyğun olaraq əsəri not dəftərindən ifa etməyə başlamış və yenə də digər komissiya üzvlərinə ona aşağılayıcı sözlər deyərək onun təntiyərək dayanmağına səbəb oldular. Nəzərə çatdırmaq istərdi ki, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “Fərqlənmə” ilə bitirmiş, işdən azad olunana qədər qüsursuz və peşəkar 15 illik musiqi müəllimi peşə fəaliyyəti olmuşdur. Ardıyca münsiflərdən biri olan Nigar Məlikova ondan Bethovenin Sonatalarını soruşmuş, cavabında sonataları adlarıyla sadalamışdır. Sonra başqa bir komissya üzvü “Bethoven 21-ci sonatasını kimə həsr edib?” soruşmuşdur. O da əzbər biliyi bu cavabı vermişdir ki, “Bethoven 21-ci sonatasını Avrora Yunan ilahəsinə həsr edib” demişdir. Yenə də Nigar xanım “bu suala da doğru cavab vermədi” dedi… Beləcə bütün imtahan boyu davam edirdi. O, elə bir süni gərgin atmosfer yaratmışdı ki, o, doğru bildiyi cavablara belə tərəddüdlə cavab verirdi. Sonra Nigar xanım ondan Azərbaycan bəstəkarlarından “kimləri tanıyırsan?” deyə soruşdu. O da dahi Üzeyir Hacıbəyov, Fikrət Əmirov və s. tanınmış bəstəkarları sadalayırdı ki, yenə Nigar xanım sözünü kəsərək demişdir ki, “yox o mənada soruşmuram”. O onun hansı mənada soruşduğunu dəqiqləşdirmək istədiyini soruşmuş və cavabında Nigar xanım demişdir ki, “Fikrət Əmirovun uşaq suitasi haqqında danış”, o, cavab vermişdir ki, Fikrət Əmirov uşaq suitasi yazmayıb, uşaqlar uçun 12 miniatur yazıb, uşaq pyesləri yazıb, uşaq suitasini isə Asəf Zeynallıya aiddir. Bu cavabı Nigar xanımı daha da hiddətləndirmişdir. Artıq ona hər şey aydın idi, əmin olmuşdur ki, attestasiyadan öncə hazırda məktəbin direktoru vəzifəsini icra edən Səfərova Gülnara xanımın dedikləri doğru imiş. Bütün doğru cavablarına səhv deyildiyi üçün artıq attestasiya komissiyasına inamı da itmiş, tam həvəsdən düşmüş və sonuncu suala artıq cavab belə vermək istəməmiş, hansı ki, cavabını əzbər bilirdi. Sağollaşıb zalı tərk etmişdir. Komissiya işinin sonunda onu təkrar zala dəvət edib bildirmişlər ki, kəsilmiş və orada olan bir sənədə imza atmağını istəmişlər. O, hansı əsasla onu uyğunsuz hesab etdiklərini sual etmiş, heç bir cavab verməmişlər. O da onların tələb etdiyi sənədə imza atmaqdan imtina etmişdir. Tam qanuna müvafiq olaraq attestasiya imtahanının fərqli tərkib ilə keçirilməsi üçün Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Adil Kərimliyə xx.xx.2025-ci il tarixli müraciət ünvanlasa da, hələ də nəticə əldə edə bilməmişdir”. Hesab edirlər ki, cavabdehin, iddiaçının işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli əmr də əmək qanunvericiliyin tələblərinə ziddir, ona görə də həmin əmr ləğv edilməli o, işinə bərpa olunmaldıır. Hesab edirlər ki, həmin əmrin verilməsinə səbəb Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın ona qarşı olan şəxsi qərəzliyi olmuşdur. Məhz buna dair sübutları məhkəməyə təqdim olunacaq. Bundan başqa hesab edirlər ki, həmin əmr verilərkən Əmək Məcəlləsinin 65-ci maddəsinə müvafiq olaraq işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd olunan maddələrə əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə işə müddətsiz olaraq müəllim vəzifəsinə qəbul olunmuş, 15 il iş stajı ilə fəaliyyət göstərən, qüsursuz pedaqoq İddiaçı attestasiyadan keçmədiyi əsası ilə işdən azad olunması absurd görsənməkdədir. Bundan başqa ona qarşı Atestasiya vaxtı səgilənmiş hərəkətlər də təsdiq edir ki, əslində məqsəd onu bir mənalı olaraq imtahandan keçirməmək olub. Məhz attestasiyadan əvvəlki günlərdə Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın ona qarşı olan şəxsi qərəzliyi də bunu təsdiq etdiyi kimi, eyni zamanda, attestasiya vaxtı çəkilmiş video görüntü də bunu sübut edir. Bundan başqa yuxarıda sadalanan normalardan da məlum olduğu kimi, müəllim və Pedaqoqlar “Sertifikasiya” imtahanı keçirilir – “Attestasiya” deyil. Və o cümlədən, “Sertifikasiya” imtahanı ilk dəfə keçirilməsi, biləxsus da, 15 il iş təcrübəsi olmuş, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin “Fərqlənmə” ilə bitirmiş müəllimi üçün şərtdir, təbii ki, attestasiya deyil. O cümlədən növbəti hüquq pozuntusu ondan ibarətdir ki, 29 sentyabr 2010-cu ildə İddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi əmək müqaviləsi bağlansa da, 08 aprel 2025-ci il tarixində əmək müqaviləsinə Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən qanuna zidd olaraq xitam verildi. Bir halda ki, 6 sayılı Uşaq musiqi məktəbi ilə onun arasında heç bir əmək müqaviləsi imzalanmamışdır. 2024-10-14 tarixində iddiaçının razılığı olmadan, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə bağlanmış olan əmək müqaviləsinə dəyişiklik edilib. Bu barədə müvəkkili peşəkar hüquq xidmətinə müraciət etdiyi zaman, ƏMAS – e.sistemə giriş edərkən müəyyən olunmuşdur. Bu fakt özü kobud surətdə Qanunu və Əmək Məcəlləsinin müvafiq maddələrini pozmaqdadır. Məlum olduğu kimi, cavabdeh təkcə işçinin əmək şəraitinin şərtlərindən olan əmək haqqını tək tərəfli olaraq, yəni onun razılığı olmadan dəyişib. Qalan şərtlər olan iş və istirahət vaxtı, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması kimi şərtləri isə dəyişməyib. Qanun tələbinə görə, ancaq Qanunda göstərilən əmək şəraitinin şərtləri bir tərəfli qaydada dəyişdirilə bilər, digər şərtlərin dəyişməsi üçün isə işçinin də buna razı olması lazımdır. Məhz ƏM-nin 54-cü maddəsinin 2-ci bəndi deyir ki, bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Məlum olduğu kimi, cavabdeh ƏM-nin 54-cü maddəsinin 2-ci bədini pozub. Məlum olduğu kimi, işçiyə heç bir yazılı məlumat verilmədiyi kimi, onun başqa işə keçirilmə imkanları da araşdırılmadan cavabdeh işçinin əmək müqaviləsini ləğv edib. Hesab edirlər ki, bu kobud qanunvericilik pozuntusudur. Bundan əlavə olaraq bir halda ki, işçi yeni iş yeri ilə əvəz olunaraq yeni şəraitdə (bundan xəbərsiz olduğu halda da belə) Əmək Məcəlləsinə müvafiq olaraq “Attestasiya” imtahanının keçirilməsi qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən attestasiya olunmayan işçilər: - bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər. Bu o deməkdir ki, Əmas -e. sistemi üzərinədə QANUNSUZ yollar ilə dəyişiklik olmuş olsa da, həmin 2024-10-14 tarixli “Əmək müqaviləsi” əsas verir ki, həmi “yeni” iş yeri üzrə işçi minimum 1 il iş fəaliyyətində olmuş olmalıdır. Lakin, onun “yeni iş yeri” üzrə fəaliyyəti cəmi 5 ay təşkil etmişdir. Bu isə “attestasiya” imtahanının keçirilməsini mümkünsüz edir. O, məhkəməyə iddia ərizəsi verməzdən əvvəl mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya iclasında iştirak etməmişdir. Bu səbəblə ona xx.xx.2025-ci tarixli mediasiya arayışı verilmişdir. Qeyd edir ki, onun 2 az yaşlı övladı var və qanunsuz işdən çıxarılması ilə ailə şəraitinin pisləşməsi zəmnində səhhətində, psixologiyasında ciddi problemlər əmələ gəlmiş, mənəvi olaraq sarsıntı və iztirab keçirmişdir. Bununla əlaqədar o, peşəkar həkim müayinəsi və müalicəsi almaqdadır. Qeyd etməlidirki, o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın qanunsuz hərəkətləri səbəbi ilə mənəvi olaraq sarsıntı keçirmiş, mənəvi ziyana məruz qalmışdır. Bundan başqa qeyd etməlidir ki, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi həm də qanunvericiliyə əsasən digər cavabdehlər üzərində nəzarət funksiyasını layiqincə yerinə yetirmədiyi üçün onun əmək hüquqları kobud şəkildə pozulub. Bu səbəbə hesab edir ki, hər üç cavabdeh ona qarşı son əmək hüquqlarının pozuntusundan məsuliyyət daşıyır. Onu da qeyd edir ki, iddiaçının öz şəxsi vəsaiti hesabına satın alınmış fortepiano da ona geri verilməyərək, ona maddi ziyan da vurulmuşdur. Bu səbəblə iddiaçı cavabdehlərdən maddi və mənəvi ziyana görə kompensasiya da tələb edir. Etirazın dəlilləri: iddiaçının iddia tələbi aşağıda qeyd edilən xüsusatlara görə təmin edilməməlidir. Belə ki, 2024-cü ilin dekabr ayında müəllim kollektivinə, müəllimlər arasında planlanmış “attestasiya imtahanı” keçiriləcəyi barədə məlumat verildi. AR Mədəniyyət Nazirliyinin tabeliyində uşaq musiqi və incəsənət məktəblərinin fortopyano ixtisası üzrə təhsil verilənlərin attestasiya proqramı adlı sənəd müəllim kollektivinə verildi. Həmin sənəddə attestasiya proqramı, dərslik, əyani müsiqili fortopyano üzərində ifa və sair tələblər qeyd olunmuşdu. Demək iddiaçı bildirir ki, 14 il 3 ay müddətində musiqi müəllimi kimi fortepiano ixtisası üzrə dərs verərək əmək fəaliyyəti ilə məşğul olur. Həm də, bildirir ki, bu prosesin keçirilməsi barədə artıq 2024-cü ilin dekabr ayında rəsmi olaraq məlumatlanıb. Attestasiya komissiyasından keçmək üçün ona attestasiya proqramı adlı sənəd verilib. Həmin sənəddə attestasiya proqramı, dərslik, əyani müsiqili fortopyano üzərində ifa və sair tələblər qeyd olunmuşdu. Yəni, bu prosesin necə keçirilməsi, peşə üzrə hansı sualların verilməsindən məlumatlıdır və təcrübəlidir, attestasiyadan keçmək üçün necə hazırlaşmaq lazım olmasını bilirdi, həmçinin, azı 2 ay müddətində bu prosesi keçmək üçün vaxt ayrılmasını nəzərə alaraq hazırlaşmaq üçün kifayət qədər vaxta malik olmasını qəbul edir. İddiaçı hesab edir ki, onun attesyasiya komissyası üzvləri tərəfindən imtahanda ona verilən sualları tam dolğun cavablandıra bilməməsi, qammanı düzgün ifa edə bilməməsi, əsəri ifa edə bilməməsinin əsas səbəbkarı yalnız musiqi məktəbin direktorudur. Demək komissiya üzvləri direktorun tapşırığını icra ediblər. Ona görə imtahan verə bilməyib. Lakin, iddiaçı komissiya üzvləri ilə direktorun birbaşa əlaqəsini, birbaşa məktəb direktorunun proses vaxtı iştirak etməsi, direktorun birbaşa tapşırıq verməsini sübut edən heç bir sübutu məhkəməyə təqdim etməyib. Yazılıb ki, həmin Əmr verilərkən ƏM-nin 65-ci maddəsinə müvafiq olaraq işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri kobud şəkildə pozulmuşdur; İddiaçı bu fikirləri bildirsə də lakin, iş üzrə təhrif edilmiş məlumatları sadəcə məhkəməyə bildirib. Əslində həqiqət belə deyil. Belə ki, Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən xx.xx.2024-cü il tarixli 102 nömrəli əmr qəbul edilib. Buna əsasən AR ƏM-nin 65-ci maddəsinə əsasən müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənədinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olub-olmamasının yoxlanılması, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyinin ödənilmə dərəcələrinin verilməsi, artırılması və ya azaldılması işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə xx.xx.2024-cü il tarixli 102 nömrəli Əmrlə AR Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komitəsinin Əsasnaməsi təsdiq edilib. Əmrlə hər biri 5 nəfərdən ibarət olmaqla 2 Attestasiya Komissiyası yaradılıb və tərkibləri təsdiq edilib. xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr attestasiyanın keçirilməsi müddəti təyin edilib. Attestasiya yalnız təqdim edilmiş proqram, müvafiq yaradıcılıq tapşırıqları və işçinin gördüyü işlər haqqında məlumat əsasında keçirilməsini təmin edilir. Attestasiyadan keçən işçilərə yalnız tutduqları vəzifələr, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquq və vəzifələr dairəsinə aid olan məsələlər ilə bağlı suallar verilir. xx.xx.2024-cü il tarixli 102 nömrəli AR Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komitəsinin Əsasnaməsi ilə Komissiyanın fəaliyyəti, hüquq və vəzifələri, Attestasiyanın keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi qaydaları tənzim edilir. İddiaçı bildirir ki, attestasiya prosesində komissiya üzvləri ona qarşı açıq-aşkar qərəzli münasibət göstərib. O, attestasiya zamanı komissiya tərəfindən verilən bütün suallara dolğun və əsaslandırılmış cavablar verib, lakin, komissiya üzvləri onun cavablarını nəzərə almayıb. İddiaçı etiraf edir ki, imtahan ilə bağlı "Müəllimlərin attestasiyası haqqında" 7 №-li Xəbərdarlıq bildirişinin və əlaqədar suallarının 12.2024-cü il tarixdə iddiaçı tərəfindən alıb. Bildirişin 1 nüsxəsinə əl ilə imza edərək qəbul etməsi təsdiq edilir. İmza ona aiddir. İmtahan ilə bağlı Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli 6 nömrəli Qərarı qəbul edilib. Qərarda qeyd edilib ki, xx.xx.2025-ci il tarixində iddiaçı imtahan verib. İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilən hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə bağlı suallar verilib. İddiaçı 5 suala cavab verə bilməmiş, 4 ədədinə qismən cavab verib, İddiaçının praktiki biliklərinin yoxlanılması üçün piano alətində öncədən hazırladığı L.V.Bethoven 14 №li sonatasının İ hissəsini olduqca ifa edə bilməyib. Gis moll qammasını ifa edə bilməyib. Üzdən oxu üçün F.Əmirovun 12 miniatür məcmuəsindən "Yumoreska" əsərinin ifa olunması təklif edilmiş, lakin iddiaçı həmin əsəri ifa edə bilməyib. Qərara alınıb ki, iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməsin. Qərar 1 həftə ərzində Bakı şəhər Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin direktoruna təqdim edilsin. Qərarı Komissiyanın sədri və üzvləri imzalayıb. Həmçinin, AR NK-nin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarı təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na X1 qəbul edilib. Suallar ilə bağlı qeyd edilib ki, 1) Əsərin ifası və təhlili: L.V.Bethoven 14 №-li sonatası İ hissə. İfa edə bilmədi. 2) Qamma ifası gis moll ifa edə bilmədi 3) Üzdən oxuma: F.Əmirovun 12 miniatür məcmuəsindən "Yumoreska" İfa edə bilmədi. 4) L.V.Bethovenin hansı sonataları iki hissəlidir sualına cavab verə bilmədi. 5) Əlin düzgün quruluşunu necə qoyulur sualına cavab verə bilməsi. 6) Səsin əsas ölçüləri haqqında bütöv, yarımçərək, səkkizlik, onaltılıq məlumatını orta cavab verdi. 7) Lya majorun paralel minoru sualına cavab verə bilmədi. 8) İş prosesində hansı məcmuələrdən istifadə edirsiz sualına zəif cavab verdi 8) Yuxarı sınıf şagirdlərinə əsərləri necə tədris edirsiz sualına cavab verə bilmədi 9) 1-ci sinif şagirdləri ilə necə işləyirsiz sualına zəif cavab verdi. 10) Tədris prosesində hansı Azərbaycan bəstəkarların məcmuələrindən istifadə edirsiz: 12 miniatur. Cavab verə bilmədi. Göründüyü kimi iddiaçıya verilən suallar yalnız onun 15 illik (əslində 14 il 3 ay olan) ixtisası üzrə, peşə fəaliyyəti üzrə verilən suallar olub. Ona peşəsindən kənar heç bir sual verilməyib. Nəticə odur ki, iddiaçıya onun uzun müddətli daimi təcrübəsinə ilə bağlı attestasiya imtahanında suallar verilən materiallar verilməklə və azı 2 ay vaxt verilməklə hazırlaşması üçün kifayət edən vaxt verilmişdir. Bu isə sübut edir ki, iddiaçı özündən arxayın olub, heç bir imtahana hazırlaşmayıb. Attestasiya imtahanına ötəri baxdığından hətta, hazırlaşdığı əsər üstündə lazımi şəkildə işləməyidindən imtahan vaxtı yaxşı bildiyi əsəri zəif ifa edib. Qammanı çalışmayıb. Ümumiyyətlə qammalar mütəmadi çalışılmalı tapşırıqlardı. Mütəmadi çalışılmadıqda barmaqlar dəqiq notlara dəymir, bu halda səslər qarışır, nəzərdə tutulan surətin sabitliyi pozulur, bu halda ritm pozulur. İşarələr qarışdırılır. Nəzəri biliklərini təkrar təkmilləşdirməli idi. Attestasiyanın keçirilməsindən məlumatlı olan iddiaçı bunlar üstündə ciddi çalışmalı idi. İmtahana ötəri hazırlaşdığından nəticə xoşagəlməz hüquqi fakt ilə yekunlaşıb. Qeyd edilməlidir ki, bu məktəbdə attestasiyada 20 nəfər fortepiano, 7 nəfər xalq çalğı alətləri (tar, kaman, xanəndə və digər) üzrə müəllim, 6 nəfər musiqi nəzəriyyəsi fənni üzrə müəllim imtahan veriblər. 8 nəfər fortepiano müəllimi və 2 nəfər nəzəriyyə müəllimi attestasiya imtahanından kəsiliblər. Qalan müəllimlər attestasiya imtahanını keçiblər. Qeyd edilməlidir ki, Komissiya üzvləri digər musiqi məktəblərində musiqi sahəsində ixtisas üzrə çalışan müəllimləri olub və üzvlərdən olan Ülviyyə Hacıyeva AR Həmkarlar İttifaqının üzvüdür. Həmçinin, həmin komissiya üzvləri iddiaçıya birbaşa və ya dolayı təsir edən və ya iddiaçının onların nəzarəti altında, tabeçiliyndə işlədiyi şəxslər deyildir. Həmçinin, həmkarlar ittifaqının üzvü olan komissiya üzrə 1 bal iddiaçının xeyrinə verib. Bu hal onu sübut edir ki, attestasiya komissiyası üzvləri düzgün seçilib. Bu isə qanunun tələblərinə tam uyğundur. Heç bir qanun pozuntusuna yol verilməyib. O cümlədən, müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır tələbi ilə bağlı iddiaçı belə bir kollektivin rəsmi mövcud olması, bu kollektivin məktəb direktoruna və Bakı şəhər Mədəniyyət Baş İdarəsinə rəsmi müraciət etməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməyib. İddiaçı əsaslı sübutu məhkəməyə təqdim edə bilməyib. Həmçinin, Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində yarımillik qapalı akademik dinləyişlərinin və yoxlama dərslərinin obyektiv keçirilməsi, şagirdlərin bilik səviyyələrinin və müəllimlərin işə münasibətinin yoxlanılması məqsədilə məktəbdənkənar müəllimlərdən ibarət komissiyanın yaradılması qərarı qəbul edilib. Bununla bağlı Bakı şəhəri Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində xx.xx.2025-ci il tarixli 10 nömrəli Əmr qəbul edilib. Əmrə əsasən 2024/2025-ci tədris ilinin İ yarısının yekunu ilə bağlı yoxlama dərslər və qapalı akademik dinləyişlərin keçirilməsi məqsədilə komissiya təşkil edilməsi və keçirələcək dinləyi və yoxlama dərslərin nəticəsi komissiya tərəfindən aktlaşdırılması qərara alınıb. Bu addımı təsdiqləmək üçün hətta Bakı şəhər Mədəniyyət Baş İdarəsinə rəsmi müraciət edilib. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin xx.xx.2025 tarixli 3-4-5/2-17/2025 saylı cavabında qeyd edilib ki, bu işin görülməsi üçün Komissiyanın yaradılmasına etiraz etmirlər və Komissiyaya seçilə biləcək üzvlərin siyahısı məktəbə təqdim edilib. Qeyd edilməlidir ki, bu prosesin keçirilməsinin nəticəsini əks edən Ə.Bakıxanov adına 6 №li Uşaq Musiqi məktəbinin xx.xx.2025-ci il tarixli 4№li Aktı tərtib edilib. Akta təsdiq edilib ki, iddiaçı xx.xx.2025-ci il tarixdə işə geçikərək 11:30-da gəlib. Ona olan iradları "onsuzda bu məktəbdə qanun qayda yoxdu və bir günlə düzəlməyəcək" deyərək qəbul etməyib. Həmin gün təyin edilmiş fortopiano şöbəsinin yarımillik dinləyişində saat 10:30-da sinif şagirdləri iştirak etməliydi. Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən təyin edilən komissiya onu gözləyərək dinləyişi 11:30-a keçirmək məcburiyyətində olub. 3 şagirddən 2-si heç nə bilmədiyini bildirib. İddiaçı dinləyişdə emosional öz səhvlərini rədd etməyə cəhd edib. Direktora qarşı sərt və aqressiv ittihamlar yürütmüş, etik qaydalarını pozub. İddiaçının bildiyi hallar həqiqi hallardan uzaqdır, xəyali mülahizələridir. Ona görə sadaladığı maddi normalar real həqiqətdə mövcud olmayan uydurma münasibətlərə tətbiq edilə bilməz. Heç bir əsaslı, birbaşa sübut təqdim edilməyib. İddiaçı bildirir ki, xx.xx.2010-cu ildə iddiaçı ilə AR Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi əmək müqaviləsi bağlansa da, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70ci maddəsinin "c" bəndinə əsasən qanuna zidd xitam verilib. Musiqi məktəbi ilə, iddiaçı arasında heç bir əmək müqaviləsi imzalanmayıb. xx.xx.2024-ci il tarixində iddiaçının razılığı olmadan, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə bağlanmış olan əmək müqaviləsinə dəyişiklik edilib. Bu barədə müvəkkilim peşəkar hüquq xidmətinə müraciət etdiyi zaman, ƏMAS-e. sistemə giriş edərkən, müəyyən olunmuşdur. Bu fakt özü kobud surətdə Qanunu və Əmək Məsəlləsinin müvafiq maddələrini pozmaqdadır. ƏM-nin 56-cı maddəsinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. ƏM-nin 66-ci maddəsinə əsasən attestasiya olunmayan işçilər: - bir vəzifədə (peşəde) faktik olaraq bir ildən az müddətdə çalışan işçilərdi. Bu o deməkdir ki, Əmas-e.sistemi üzərinə də QANUNSUZ yollar ilə dəyişiklik olmuş olsa da, həmin xx.xx.2024-cü tarixli "Əmək müqaviləsi" əsas verir ki, həmi "yeni" iş yeri üzrə işçi minimum 1 il iş fəaliyyətinə olmuş olmalıdır. Lakin iddiaçı "yeni iş yeri" üzrə fəaliyyəti cəmi 5 ay təşkil etmişdir. Bu isə "attestasiya" imtahanının keçirilməsini mümkünsüz edir. Bununla bağlı birincisi qeyd edilməlidir ki, iddiaçı özü məhkəməyə əmək müqavilələrinin surətlərini təqdim edib. Əmək müqaviləsi xx.xx.2018-ci il tarixində və müddətsiz bağlanmışdır. 1) Bu faktı təsdiq edən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı dövlət elektron əmək portalında Əmək müqaviləsi Bildirişi mövcuddur. Həmin elektron sistemdə qeyd edilib ki, tərəflər arasında sonuncu müqavilə xx.xx.2018-ci il tarixində müddətsiz bağlanılıb. Müqavilə üzrə işəgötürən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi işçi isə iddiaçıdır. 2) Lakin, iddiaçı özünün təqdim etdiyi elektron dövlət portalından Çıxarışda qeyd edilib ki, işəgötürən Bakı şəhər Mədəniyyət Baş İdarəsi işçinin çalışdığı struktur bölmə Ə.Bakıxanov adına 6 №li Uşaq Musiqi Məktəbidir. 3) Həmçinin, iddiaçının təqdim etdiyi əmək kitabçasında təsdiq edilib ki, iddiaçı xx.xx.2010-cu il tarixində 84 №-li Əmrlə məhz Ə.Bakıxanov adına 6 Saylı uşaq musiqi məktəbinə fortopiano ixtisası üzrə müəllim vəzifəsinə təyin edilsin. QEYD: 4) Mədəniyyət və Turizm sahəsində dövlət idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında AR Prezidentinin xx.xx.2018-ci il tarixli, 04 nömrəli Sərəncamına əsasən AR Mədəniyyət və Turizm Nazirliyi ləğv edilmiş və onun əsasında AR Mədəniyyət Nazirliyi yaradılmışdır. xx.xx.2018-ci il tarixində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əsasında isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yaranmışdır. İddiaçının etiraf etdiyi kimi bu məktəbə yeni direktor vəzifəsini icra edən Gülnarə Səfərova 2024-cü ilin noyabr ayında vəzifəsini icra etməyə başlayıb. Musiqi məktəbinin direktoru özbaşına hərəkət etmir. Belə ki, məktəb AR Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyndədir. Attestasiyanın keçirilməsi qərarını yeni direktor Gülnarə Səfərova özü təkbaşına verməyib. Belə qərar bütün ölkə üzrə bütün musiqi məktəblərində keçirilməsi nəzərdə tutulub. Ona görə iddiaçının bildirdiyi kimi "direktorun onunla şəxsi qərəzlilik etməsi" ifadəsi, "onun əməllərində qanunsuz hərəkətlərin edilməsi, ifadələri əvvəlki direktorla olan mübahisələrinə aiddir. Hazırda direktor vəzifəsini icra edən indiki direktora bu ifadələrin heç bir aidiyyatı yoxdur. İddiaçı təqdim etdiyi sənədlərdə etiraf edir ki, həqiqətən 2010-cu il tarixində işəgötürən məhz musiqi məktəbi olub. Sadəcə 2018-ci il tarixində ölkə başçısının sərəncamı ilə struktur təkmilləşmələri ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yaradılıb. Hazırda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində 30 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Buna görə sonuncu elektron əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanmışdır. Təbii ki, bu müqavilədən mütləq şəkildə iddiaçının xəbəri olub, belə ki, bu hal kütləvi şəkildə bütün musiqi məktəblərinə tətbiq edilib. Əgər hər hansı ciddi dəyişiklik olsaydı mütləq şəkildə iddiaçının bundan xəbəri olardı. Bildirdiyimiz fakt kütləvi internet informasiya ehtiyat sistemində açıq məlumat kimi elan edilib və yayılıb! Buna əsasən iddiaçının təqdim etdiyi əmək fəaliyyəti ilə bağlı sənədlərdən aydın olur ki, 2010-cu ildən 2018-ci ilədək işəgötürən birbaşa məhz musiqi məktəbi direktoru olub. Baxmayaraq ki, 2018-ci il tarixdə ölkə üzrə təkmilləşmə ilə bağlı musiqi məktəblərinə nəzarət Bakı şəhər Mədəniyyət Baş İdarəyə verilsə də, işçinin çalışdığı struktur bölmə daimi olaraq musiqi məktəbi olub. Hazırki vaxtda da musiqi məktəblərin direktorları işəgötürən kimi işçinin əmək müqaviləsinə xitam verə bilər. Belə ki, musiqi məktəbinin direktorunun belə səlahiyyətinin olmamasını təkzib edən mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməyib. İkincisi odur ki, iddiaçı etiraf edir ki, cavabdeh işçinin əmək şəraitinin şərtlərindən olan əmək haqqını tək tərəfli olaraq, iddiaçının razılığı olmadan dəyişib. Qalan şərtlər olan iş və istirahət vaxtı, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması kimi şərtlər dəyişməyib. İddiaçı, 2024-cü il tarixinde hansı əmək şəraiti şərtlərinin dəyişilməsini, necə dəyişməsini dəqiq bildirməyib, iş yerinin necə, hara dəyişilməsinə dair, əgər iş yeri dəyişdirilibsə 5 ay müddətində hansı müəssisədə, hansı vəzifədə, hansı ixtisas üzrə çalışmasına dair heç bir əsaslı sübut təqdim etməyib. Hətta, əmək haqqının onun ziyanına azalmasını belə sübut edən heç bir mötəbər dəlil təqdim etməyib. Diqqət edilməlidir ki, elektron sistemdə belə zərər vurmayan dəyişiklik edilməsi iddiaçının attestasiya imtahan nəticələrinə heç bir təsir etmir, çünki əmək müqaviləsi sırf 70-ci maddənin c) bəndi ilə xitam verilib. Qeyd edilən hallara münasibətdə iddiaçının bildirdiyi maddi hüquq normaları heç bir halda məhkəmə tərəfindən tətbiq edilə bilməz, çünki əsaslı real olan mötəbər sübut yoxdur. İddiaçı ərizəsində yazıb ki, iddiaçının 2 az yaşlı övladı var və qanunsuz işdən çıxarılması ilə ailə şəraitinin pisləşməsi zəmnində səhhətində, psixologiyasında ciddi problemlər əmələ gəlmiş, mənəvi olaraq sarsıntı və iztirab keçirmişdir. Bununla əlaqədar iddiaçı həkim müayinəsi və müalicəsi almaqdadır. İddiaçı attestasiya imtahanını keçməsə də, onun hüquqi vəziyyətində ƏM-in 79-cu maddəsində qeyd edilən halların olmasına dair rəsmi məlumatı işəgötürənə təqdim etməyib. Bu fakt iddiaçının təqdim etdiyi xx.xx.2025-ci il tarixli Xitam Əmrində qeyd edilib. Həmçinin bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməyib. Baş vermiş hal ilə bağlı həkim müalicəsi almasına dair sübutu məhkəməyə təqdim etməyib. İddiaçı ərizəsində yazıb ki, ƏM-in 67-2-ci maddəsinə əsasən: AR dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma; Həmin maddənin 4-cü bəndinə müvafiq olaraq: AR “Təhsil haqqında" Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunan maddələrə əsasən, AR Mədəniyyət Nazirliyi yanında, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə işə müddətsiz olaraq müəllim vəzifəsinə qəbul olunmuş, 15 il iş stajı ilə fəaliyyət göstərən, qüsursuz pedaqoq iddiaçının attestasiyadan keçmədiyi əsası ilə işdən azad olunması absurd görsənməkdədir. Sadalanan normalardan məlum olduğu kimi, Müəllim və Pedaqoqlar "Sertifikasiya" imtahanı keçirilir - "Attestasiya" deyil. Və o cümlədən, "Sertifikasiya" imtahanı ilk dəfə keçirilməsi, biləxsus da, 15 il iş təcrübəsi olmuş, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin "Fərqlənmə" ilə bitirmiş müəllimi üçün şərtdir, təbii ki, attestasiya deyil. Bu hissədə yenə maddi maddi norma təhrif edilib. Belə ki, AR Əmək Məcəlləsinin 67-2-ci maddəsi Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması adlanır. Qeyd edilib: 1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər AR "Təhsil haqqında" Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. 3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 4. AR "Təhsil haqqında" Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Bildiyimiz kimi AR Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma" Qaydası təsdiq edilib.Qaydanın 1.1-ci bəndinə əsasən bu Qayda AR "Təhsil haqqında" Qanununun 36-2.2-ci və AR "Ümumi təhsil haqqında" Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra - təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanilması prosedurunu tənzimləyir. AR "Təhsil haqqında" Qanunun 1.0.6-1.0.6-1-ci maddələrinə əsasən attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində, ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində təhsil verənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi prosedurudur. Sertifikatlaşdırma dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Qanunun 14.5.2-ci, 14.5.3-cü və 14.5.8-ci maddələrinə əsasən ümumi təhsil müəssisələri - ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi nəzərdə tutulur. Məktəbdənkənar təhsil müəssisələri - yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri, musiqi məktəbləri və s. nəzərdə tutulur. Təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr - uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s. nəzərdə tutulur. Qanunun 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. AR "Ümumi təhsil haqqında" Qanunun 1.0.2-1.0.3-cü maddələrinə əsasən ümumi təhsil müəssisəsi - ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsidir. Ümumi orta təhsil - ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsidir. Qanunun 1.0.15-ci maddəsinə əsasən dərsdənkənar məşğələ (fakültativ kurs) - şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələ formasıdır. Qanunun 7.1-ci maddəsinə əsasən ümumi təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin bir pilləsi olmaqla fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınaraq davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. Qanunun 12.14-cü maddəsinə əsasən ümumi təhsil müəssisələrinin növlərinə ibtidai ümumtəhsil məktəbi; ümumi orta ümumtəhsil məktəbi; tam orta ümumtəhsil məktəbi; lisey; gimnaziya; inteqrasiya təlimli ümumtəhsil məktəbi; xüsusi ümumtəhsil məktəbi; ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi; internat tipli lisey; internat tipli gimnaziya; inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi; internat tipli xüsusi ümumtəhsil məktəbi; internat tipli sanator ümumtəhsil məktəbi daxildir. Göründüyü kimi qeyd edilən maddi normalardan aydın olur ki, uşaq musiqi məktəbi təhsil fəaliyyətini həyata keçirən digər müəssisədir. İcbari deyil, könüllüdür. Əsasən şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələlərdən ibarət məktəbdən kənar fakültativ kursdur. Dövlət ümumi təhsil müəssisələrinin növlərinə daxil deyildir. Ona görə iddiaçının bildirdiyi sertifikasiya prosesinin təsiri dairəsinə düşmür. Bu faktı təsdiq edən əsaslı sübutu iddiaçı məhkəməyə təqdim etməyib. İddiaçının sertifikasiya bağlı sadaladığı normalar onun mülahizəsidir və bu səbəblərdən məhkəmə tərəfindən heç bir halda həqiqi hal kimi qəbul edilə bilməz. Ona görə iddiaçının bildirdiyi hallar sertifikasiya ilə bağlı maddi normasının təsiri altına düşmədiyindən heç bir halda bu hissədə tətbiq edilə bilməz. Nəticə olaraq uşaq musiqi məktəbinin müəllimlərinin attestasiyadan keçirilməsi və əlaqəli AR Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 97 saylı "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları" nə AR MN Bakı şəhər Mədəniyyət Baş İdarəsi, nə də Bakı şəhəri Ə.Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbin direktoru tərəfindən pozulmadığı sübut edilir. Qeyd edilməlidir ki, Attestasiya vərəqəsi sənədinə gəlincə onun inizbati akt hesab edilib-edilməməsi müzakirə edilməlidir. Belə ki, AR İnzibati İcraat haqqında Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs nəzərdə tutulur. Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na əsasən attestasiya vərəqəsi, işçinin attestasiyası nəticəsində verilən sənəddir. Bu vərəqədə işçinin peşəkar səviyyəsi, bacarıqları, nailiyyətləri və gələcək üçün tövsiyələr qeyd olunur. Attestasiya nəticəsində verilən qərar isə işçinin iş yerindəki vəziyyəti, vəzifəsi və gələcək karyera planları ilə bağlı olan yekun rəydir. Attestasiya vərəqəsi işçinin attestasiya prosesində əldə etdiyi nəticələri əks etdirən rəsmi sənəddir. İşçinin peşəkar səviyyəsi, bilik və bacarıqları, nailiyyətləri və çatışmazlıqları haqqında məlumatları ehtiva edir. İşçinin gələcək karyera planları, təlim ehtiyacları və inkişafı üçün tövsiyələr verilə bilər. Attestasiya vərəqəsi, işəgötürən tərəfindən işçinin fəaliyyətini qiymətləndirmək və müvafiq qərarlar qəbul etmək üçün sənəd kimi istifadə olunur. Attestasiya vərəqəsi qərarı attestasiya vərəqəsinin nəticələrinə əsasən, işəgötürən tərəfindən verilən yekun rəydir. Bu qərar işçinin iş yerindəki vəziyyətini, gələcək karyera planlarını və ya işdən azad edilməsi kimi məsələləri əhatə edə bilər. Məsələn, attestasiya nəticələrinə görə işçinin vəzifəsinin artırılması, maaşının artırılması, təlimlərə göndərilməsi və ya işdən azad edilməsi kimi qərarlar qəbul edilə bilər. Yəni, məcburi icra edilməli olan məcburi hüquqi qüvvəyə malik inzibati akt hesab edilmir. Əsas fərqlər odur ki, attestasiya vərəqəsi, işçinin attestasiya prosesində əldə etdiyi nəticələrin qeyd olunduğu bir sənəddir. Attestasiya qərarı isə bu vərəqənin nəticələrinə əsasən verilən yekun rəydir. Attestasiya vərəqəsi bir sənəd, attestasiya qərarı isə bir qərardır. Başqa sözlə, attestasiya vərəqəsi, attestasiya prosesinin nəticələrini əks etdirən bir sənəddir, attestasiya qərarı isə bu sənədin əsasında işəgötürənin verdiyi qərardır. İşəgötürənin verdiyi qərar isə inzibati akt hesab edilə bilməz. Ona görə iddiaçının bildirdiyi inzibati icraat maddi normasının təsiri altına düşmədiyindən inizbati icraat haqqında qanun 24-cü maddəs, 61-62-ci maddələri heç bir halda bu hissədə tətbiq edilə bilməz. Əlavə olaraq sertifikasiya ilə attestasiyanın müəyyən fərqlərinin olması qeyd edilməlidir. Belə ki, sertifikasiya tam şəkildə attestasiya deyil. Sertifikasiya alan müəllimə onun bilik ve bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbiq edilə bilər. Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əmək haqqı tətbiq olunarsa, artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqbı verilməsi planlaşdırılır. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər də sertifikasiyada iştirak edə bilərlər. Bildiyimiz kimi AR MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçının bildirdiyi faktların çoxusunu məhkəməyə təqdim edilməyib, sübutlar təqdim edilməyib. Yəni, iddiaçı səhv etdiyini faktiki etiraf edir. Bu səbəbdən qərarın ləğv edilməsinin tələb edilməsi əsassızdır. İddiaçı qeyd edir ki, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddiaedən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun məhkəmə tərəfindən müəyyən edilir. Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir". İddiaçı, AR Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Ə.Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Gülnarə Səfərovanın qanunsuz hərəkətləri səbəbi ilə mənəvi olaraq sarsıntı keçirmiş mənəvi ziyana məruz qalmışdır. Bundan başqa cavabdeh AR Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi həm də qanunvericiliyə əsasən digər cavabdehlər üzərində nəzarət funksiyasını layiqincə yerinə yetirmədiyi üçün iddiaçının əmək hüquqları kobud şəkildə pozulub. Bu səbəbə hər üç cavabdeh ona qarşı əmək hüquqlarının pozuntusundan məsuliyyət daşıyır. Onun bir pedaqoq olaraq işgüzar nüfuzuna, bir şəxsiyyət olaraq şərəf və ləyaqətinə, sağlamlığına mənəvi zərər vurulduğundan zərərlə bağlı 1000 manat mənəvi ziyan üçün kompensasiya tələb edir. Qısaca qeyd edilməlidir ki, bildiyimiz kimi AR MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, 1000 manat hansı mənəvi pozuntuya görə ödənilməlidir aydın deyil, heç bir hüquqi əsası qeyd edilməyib. Dəyən zərər dedikdə dəqiq olaraq bu zərərin necə vurulması, şərəf və ləyaqətinin necə alçaldılması, sağlamlığının necə, hansı hərəkətlər ilə pozulması, bu pozuntunun bilavasitə cavabdeh tərəfindən edilməsi faktiki mötəbər dəlillər ilə əsaslandırılmayıb. Bildirdiyi faktların əsasını məhkəməyə təqdim edilməyib, sübutlar təqdim edilməyib. Ümumiyyətlə mənəvi təzminat necə müəyyən edilib aydın deyil. İddiaçının iddia tələblərində bildirdiyi halların mülahizə olması və zəruri sübutlar təqdim edilməməsi əsası üzrə iddia tələblərinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı həmçinin bildirmişdir ki, komissiaya üzvləri onun verdiyi cavabdları yarımçıq kəsərək, müdaxilə edərək ona təzyiq göstərmiş, attestasiya zamanı o, həyəcanlı olmuşdur. Bundan başqa, musiqi əsərlərini konsertmeyster olan müəllimlər sərbəst ifa edə bilirlər. İxtisas müəllimləri musiqi əsərlərini əvvəlcədən hazırlaşıb ifa edə bilirlər, heç bir ixtisas müəllimi qəflətən verilən əsəri sərbəst ifa edə bilmir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil etirazı müdafiə edərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli, 102 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyin ödənilmə dərəcələrinin verilməsi, artırılması və aşağı salınması, attestasiyadan keçmiş işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi və s. barədə əmr edilmişdir. - Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı attestasiya olunacaq işçilər kateqoriyasına aid olması barədə ona xəbərdarlıq edilmişdir. - xx.xx.2025-ci il tarixli İddiaçı attestasiya vərəqəsinin surətindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar - Əsərin ifası və təhlili: L.V.Bethoven Sonata № 14 (1 hissə). İfa edə bilmədi; Qammanın ifası: gis moll. İfa edə bilmədi; Üzdən oxuma: F.Əmirov “12 miniatür” məcmuəsindən Yumereska. İfa edə bilmədi; LV.Bethovenin hansı sonataları ikihissəlidir: Cavab verə bilmədi; 1-ci sinif şagirdləri ilə necə işləyirsiz: Zəif cavab verdi; Əlin düzgün quruluşunu necə qoyursuz: Zəif cavab verdi; Yuxarı sinif şagirdinə əsərləri necə tədris edirsiz: Cavab verə bilmədi; Tədris prosesində hansı Azərbaycan bəstəkarlarının məcmuələrindən istifadə edirsiz: “12 miniatür”. Cavab verə bilmədi; Lya major qammasında neçə işarə var: Cavab verə bilmədi; Lya majorun parallel minoru hansıdır: Cavab verə bilmədi; Səsin əsas ölçüləri hansılardır: bütöv, yarım, çərək, səkkizlik, onaltılıq. Orta cavab verdi. Keçirilmiş attestasiya nəticəsində lehinə 1, əleyhinə 4 səs verilmiş və ixtisas fənnini tədris etməməyi tövsiyə edilmişdir. 08 aprel 2025-ci il tarixli 67 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. - Bakı şəhər Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli, 6 nömrəli qərarından görünür ki, Bakı şəhər Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının iclasına dair 1№li protokolundan görünr ki, həmçinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilmir. - Bakı şəhər Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli, 6 nömrəli qərarından görünür ki, Bakı şəhər Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır. - Əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 67 nömrəli əmrdən görünür ki, Bakı şəhər Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 08 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 6\1 №li qərarı ilə təsdiq edilmiş Uşaq, musiqi, incəsənəd və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsinin «Məktəbin idarə olanması» adlanan 7-ci bölməsinin direktorun icra etdiyi vəzifələri özündə əks etdirən 7.2-ci bəndində onun müəllimləri Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında işə qəbul və qanuna müvafiq qaydada işdən azad edilməsi kimi vəzifələrinin də olması qeyd edilmişdir. Əsaslandırıcı hissə: Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 12-ci maddəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 68-ci maddəsinin 1 və 2-ci hissələrinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «c» maddəsinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - Həmin maddənin Qeyd hissəsinə əsasən, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. - 71-ci maddənin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 65-ci maddəsinin İ-V hissələrinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. - 65-ci maddəsinin Vİ hissəsinə əsasən, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. - 66-cı maddəsində attestasiyası keçirilməyən işçilərin dairəsi sadalanmışdır: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 300.1-ci maddəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: ƏM-nin 300-cü maddəsinin İ hissəsinin məzmunundan görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Məhkəmə, həmçinin qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi arasında 29 sentyabr 2010-cu ildə bağlanmış əmək müqaviləsinə əsasən həmin tarixindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə musiqi müəllimi vəzifəsinə təyin olunmuş, 08 aprel 2025-ci il tarixində əmək müqaviləsinə Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas Bakı şəhər Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 1 №li protokol göstərilmişdir. İddiaçı tərəf onun barəsində verilən əmri qanunsuz sayaraq həmin əmrin verilməsinə səbəb kimi Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın ona qarşı olan şəxsi qərəzliyi olmasını, həmin əmr verilərkən Əmək Məcəlləsinin 65-ci maddəsinə müvafiq olaraq işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtlərinin kobud şəkildə pozulmasını, 6 saylı Uşaq musiqi məktəbi ilə onun arasında heç bir əmək müqaviləsi imzalanmadığı halda əmək müqaviləsinə Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən qanuna zidd olaraq xitam verilməsini, 2024-10-14 tarixində razılığı olmadan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə bağlanmış olan əmək müqaviləsinə dəyişiklik edilməsini göstərmişdir. Cavabdeh tərəf iddiaya etiraz edərək məktəbin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyndə olmaqla yeni direktor vəzifəsini icra edən Gülnarə Səfərova 2024-cü ilin noyabr ayında vəzifəsini icra etməyə başlamasını, attestasiyanın keçirilməsi qərarını yeni direktor Gülnarə Səfərova özü təkbaşına verməməsini, belə qərar bütün ölkə üzrə bütün musiqi məktəblərində keçirilməsi nəzərdə tutulmasını, direktorun iddiaçı ilə şəxsi qərəzlilik etməsinə dair hes bir sübutu olmamasını, direktorun onu işdə azad etməyə səlahiyyəti olmasını, beləliklə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə xitam verilməsini göstərmişdir. İşin materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 №li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənədinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olub-olmamasının yoxlanılması, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyinin ödənilmə dərəcələrinin verilməsi, artırılması və ya azaldılması işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin xx.xx.2024-cü il tarixdi 102 №li əmrinə əsasən həmin məktəbdə attestasiya keçirilməsi qərara alınmış, Attestasiya Komitəsinin Əsasnaməsi təsdiq edilib. Əmrlə hər biri 5 nəfərdən ibarət olmaqla 2 Attestasiya Komissiyası yaradılıb və tərkibləri təsdiq edilib. xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr attestasiyanın keçirilməsi müddəti təyin edilmiş, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasna qədər məktəbin qeyd edilən əmri ilə təsdiq edilərək attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin sözügedən əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmış, AR Mədəniyyət Nazirliyinin tabeliyində uşaq musiqi və incəsənət məktəblərinin fortopiano ixtisası üzrə təhsil verilənlərin attestasiya proqramı adlı sənəd müəllim kollektivinə verilmiş, həmin sənəddə attestasiya proqramı, dərslik, əyani müsiqili fortepiano üzərində ifa və sair tələblər qeyd olunmuşdu. İşin materiallarından olan Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixində attestasiyaya dəvət edilmiş, ona tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair yerinə yetirdiyi işlər və onların nəticələri barədə, həbelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 9 ədəd sual verilmiş, o həmin suallardan 5-nə cavab verə bilməmiş, 4-nə qismən cavab vermişdir. Bununla yanaşı, iddiaçının praktiki biliklərinin yoxlanılması məqsədi ilə piano alətində hazırladığı əsəri L.V. Bethovenin 14 №li sonatasının İ hissəsini ifa edə bilməmiş, verilmiş gis minor qammasını ifa edə bilməmiş, üzdən oxuma üçün F.Əminovun «12 miiatür» məcmuəsindən «Yumoreska əsərinin ifa olunması təklif edilmiş, lakin iddiaçı həmin əsəri ifadə edə bilməmişdir. Qeyd edilən qərarla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci madəsinin 7-ci hissəsinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 №li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.6-cı hissəsi rəhbər tutularaq iddiaçının tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır. Məhkəmə, cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallarla razılaşır və hesab edir ki, iddiaçı 14 ildən artıq musiqi müəllimi kimi fortepiano ixtisası üzrə dərs verərək əmək fəaliyyəti ilə məşğul olan şəxs kimi Attestasiya prosesinin keçirilməsi barədə artıq 2024-cü ilin dekabr ayında rəsmi olaraq məlumatlı olmaqla, komissiyadan keçmək üçün ona attestasiya proqramı, dərslik, əyani müsiqili fortepiano üzərində ifa və sair tələblərlə tanış olmaqla bu prosesi keçmək üçün vaxt ayrılmasını nəzərə alaraq hazırlaşmaq üçün kifayət qədər vaxt olmuşdur. İddiaçı “attestasiya zamanı komissiya tərəfindən verilən bütün suallara dolğun və əsaslandırılmış cavablar versə də, komissiya üzvlərinin onun cavablarını nəzərə almaması ilə yanaşı onun attesyasiya komissyası üzvləri tərəfindən imtahanda ona verilən sualları tam dolğun cavablandıra bilməməsi, qammanı düzgün ifa edə bilməməsi və əsəri ifa edə bilməməsinə dair komissiyanın mövqeyinin əsas səbəbkarı kimi direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın iddiaçıya qarşı olan şəxsi qərəzliliyini göstərmişdir. Lakin, buna dair konkret olaraq digər musiqi məktəblərində musiqi sahəsində ixtisas üzrə çalışan müəllimlər olan komissiya üzvləri ilə direktorun birbaşa əlaqəsini, birbaşa məktəb direktorunun proses vaxtı iştirak etməsini, direktorun da birbaşa və ya dolayı yolla tapşırıq verməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən keçirilmiş attestasiyanın video yazısına baxış keçirilərək əsasən onun məzmununun iddiaçıya münasibətdə cavabdeh tərəfin iddiaya etirazının dəlilləri və Attestasiya Vərəqəsinin məzmunu ilə uzlaşması müəyyən edilir. Məhkəmə də hesab edir ki, iddiaçıya attestasiya imtahanında verilən suallar, proqram, materiallar təqdim edilmiş və azı 2 ay vaxt ərzində hazırlaşması mümkün olsa da, ona peşəsindən kənar hər hansı bir sual deyil, məhz onun 14 ildən çox işlədiyi ixtisası üzrə, peşə fəaliyyəti ilə bağlı verilən suallara göstərilən qaydada cavab verməsi onun tutduğu vəzifəyə uyğun olmamasına dair cavabdeh tərəfin mövqeyinin əsaslı olmasına dəlalət edir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəf onun bu cür cavab verməsini komissiaya üzvlərinin ona təzyiq göstərməsi, həyəcanlı olması, musiqi əsərlərini ifa edə bilməməsini isə konsertmeyster deyil, məhz ixtisas müəllimi olması ilə əlaqələndirsə də, məhkəmə bu dəlilləri iddianın təmin edilməsi üçün kifayət qədər əsaslı hesab etmir. Məhkəmə, iddiaçının ona qarşı qərəzli olmasına dair dəlillərinə qiymət verməkdə davam edərək qeyd etməyi də zəruri sayır ki, attestasiya zamanı 20 nəfər fortepiano, 7 nəfər xalq çalğı alətləri (tar, kaman, xanəndə və digər) üzrə müəllim, 6 nəfər musiqi nəzəriyyəsi fənni üzrə müəllim imtahan veriblər. 8 nəfər fortepiano müəllimi və 2 nəfər nəzəriyyə müəllimi attestasiyadan keçə bilməmişlər. Məhkəmə, iddianın uşaq musiqi məktəbinin müəllimlərinin attestasiyadan deyil, sertifikasıyadan keçirilməsi və əlaqəli AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 saylı "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"nın AR MN Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Bakı şəhəri Ə.Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbin direktoru tərəfindən pozulmasına dair dəlilləri ilə bağlı qeyd edir ki, sertifikasiya ilə attestasiya anlayışları müəyyən fərqlərə malikdir. Belə ki, sertifikasiya tam şəkildə attestasiya deyil. Sertifikasiya alan müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbiq edilə bilər. Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əmək haqqı tətbiq olunarsa, artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqbı verilməsi planlaşdırılır. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər də sertifikasiyada iştirak edə bilərlər. Məhkəmə qeyd edir ki, uşaq musiqi məktəbi təhsil fəaliyyətini həyata keçirən digər müəssisə olmaqla icbari deyil, könüllüdür. Əsasən şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələlərdən ibarət məktəbdən kənar fakültativ kursdur. Dövlət ümumi təhsil müəssisələrinin növlərinə daxil deyildir. Ona görə iddiaçı tərəfin bildirdiyi sertifikasiya prosesinin təsiri dairəsinə düşmür. Məhkəmə iddiaçının xx.xx.2010-cu ildə iddiaçı ilə AR Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi əmək müqaviləsi bağlansa da, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən qanuna zidd xitam verməsi dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 6\1 №li qərarı ilə təsdiq edilmiş Uşaq, musiqi, incəsənəd və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsinin «Məktəbin idarə olanması» adlanan 7-ci bölməsinin direktorun icra etdiyi vəzifələri özündə əks etdirən 7.2-ci bəndinə əsasən direktorun belə bir səlahiyətinin olması nəzərdə tutulmuşdur. Məhkəmə xx.xx.2024-ci il tarixində iddiaçının razılığı olmadan, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə bağlanmış olan əmək müqaviləsinə dəyişiklik edilməsi dəlili ilə bağlı qeyd edir ki, bu hala dair iddiaçı heç bir sübut təqdim etməmişdir. Başqa sözlə, iddiaçı bu dəyişklik barədə məlumatlı olmuş, bu dəyişiklik barədə sonrada məlumatlı olmasına dair dəlilləri əsassız olmuşdur. Ümumilikdə məhkəmə hesab edir ki, iddiaçı tələblərinin əsaslılığını sübut etmək üçün irəli sürdüyü dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, izahatında göstərilənlər isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir və həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli attestasiyanın qanunvericiliyə zidd hesab edilərək nəticələrinin ləğv edilməsi və iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqla əsassızdır. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli attestasiya qanunvericiliyə zidd hesab edilərək nəticələrinin ləğv edilməsi və iddia işdən azad olunmasına dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın imzaladığı 08 aprel 2025-ci il tarixli əmrin ləğv edilməsi hisssində əsassız olduğu üçün təmin edilməməlidir. Belə olan halda, iddiaçının tələbinin əsası kimi göstərdiyi digər törəmə tələblərin, yəni işə bərpa, həmçinin məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi, 1000 manat mənəvi ziyan üçün kompensasiyanın cavabdehlərdən tutularaq ona ödənilməsi, 300 (üç yüz) manat hüquqi xidmət xərci, 50 manat dövlət rüsumu, 60 manat mediasiya xərci, cəmi 410 manat məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi kimi tələbləri də təmin edilə bilməz. İddiaçı 1000 manat maddi ziyan üçün kompensasiyanın cavabdehlərdən tutularaq ona ödənilməsini öz şəxsi vəsaiti hesabına satın alınmış fortepianonun ona geri verilməməsi ilə əsaslandırsa da, buna dair də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, iddia bu hissədə də əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar