Məhkəmə qərarları › İş №e-2(009)-1357/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1357/2025

21.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1357/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi M.B.Seyidovun iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı (10 saylı Uşaq Musiqi Məktəbi 3cü şəxs qismində cəlb edilməklə) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təyin etdiyi komissiya sədri və üzvləri tərəfindən tərtib edilib imzalanan xx.xx.2025-ci il tarixli Attestasiya vərəqəsinin 11-ci bəndində “İxtisas fənnindən tədris etməyə yararlı deyil” tövsiyəsinin ləğv edilməsi və s. tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təyin etdiyi komissiya sədri və üzvləri tərəfindən tərtib edilib imzalanan xx.xx.2025-ci il tarixli Attestasiya vərəqəsinin 11-ci bəndində “İxtisas fənnindən tədris etməyə yararlı deyil” tövsiyəsinin ləğv edilməsi və s. tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 10 nömrəli UMM-nin direktoru AR Mədəniyyət Nazirliyi tərəfindən keçirilən xx.xx.2025-ci il tarixli Attestasiya vərəqəsi ilə onu xx.xx.2025-ci il tarixində tanış edib. Attestasiya vərəqəsi qərəzli, qanuna zidd və saxta tərtib edilmişdir. Bu barədə AR Mədəniyyət Nazirliyinə rəsmi ərizə ilə müraciət etmişdir, lakin ona cavab verilməmişdir. xx.xx.2025-ci il tarixli Attestasiya vərəqəsində onun yalnız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bakavr pilləsini bitirdiyi qeyd olunub. Müəllimlərin bütün məlumatı məktəb rəhbərliyi tərəfindən idarəyə, Attestasiya komissiyasına təqdim olunduğunda onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Maqistr pilləsini 2017-ci ildə bitirərək Maqistr elmi dərəcəsi aldığını qərəzli şəkildə qeyd etməyiblər. Onun şəxsi işinin arasında özü haqda məlumatda X2 nömrəsini qeyd etmişdir və surətini müdiriyyətə təqdim etmişdir. Attestasiya vərəqəsində “Bethoven Sonata N1 əsərini ifa etdi” yazılıb. Əsəri təhlil etdiyi halda guya suallara cavab vermədiyini, təhlil edə bilmədiyini yazıblar. İfa zamanı komissiya üzvü əl çalaraq ritm tutub “buranı tez ifa edirsən” - deyib onu çaşdırmağa çalışsa da buna müvəffəq ola bilmədi, digər üzv isə durub yanına gəlib başının üstündə dayanaraq həmin hissənin ölçüsünü ona saydırıb, düzgün saymışdır yenidən ifa etmişdir. Komissiya üzvü “Aaa, bayaq buranı gec ifa etdiniz” - deyib, yəni iki komissiya üzvünün əsərin eyni hissədə tərs mütənasib fikirləri oldu. Biri dedi tez ifa etdin, digəri dedi gec ifa etdin dedi. Ona suallar verirlər həmin suallara düzgün cavab verdiyi halda o sualların heç birini vərəqə qeyd etməyiblər. Suallara tam cavab verdiyində isə qismən cavab verdi yazılıb. Sual 1. Əsərin ölçüsü cavabı - C Alla breve. Sual 2. 4/4 nə deməkdir. Cavabı 4 çərək not, yəni yuxarı 4 say, aşağı 4 isə notun uzunluğunu göstərir. Sual 3. Notun sağında olan nöqtə. Cavabı - punktirli nöktə. Sual 4. Sf nədir. Cavabı Sforzando dinamik işarədir, kəskin güclü vurğu. Sual 5. Sf hansı nota aiddir, yuxarıdakı ya aşağıdakı nota. Cavabı yuxarı hissədə olduğu üçün yuxarı nota aiddir. Sual 6. İfa etdiyi əsərin tonallığını soruşub düzgün cavab vermişdir. Sual 7. Melizm nədir soruşub düzgün cavab vermişdir. Sual 8. Forşlaq nədir soruşub düzgün cavab vermişdir. Vəqərədə yazılıb ki, “Listin həyat və yaradıcılığına qismən cavab verib”- yazılıb. Halbu ki, mən Listin həyat və yaradıcılığını olduğu kimi, fortepiano yaraddığından əlavə simfonik yaradıcılığı da danışmışdır. Attestasiya vərəqəsində Listin neçə konserti var sualı ona verilmədiyi halda - “cavablaya bilmədi”- yazılıb. Şopenin yaradıcılığından geniş məlumat verdiyinə baxmayaraq “qismən cavab verib” yazılıb. Azərbaycan bəstəkarlarının klassik əsərlərindən sual verilmədiyi halda “qismən cavabladı” yazılıb. Bütün bəstəkarların yalnız fortepiano yaradıcılığı onların Attestasiya proqramına yazıldığı halda o, Qarayevin qravur, muzıkl, simfoniyalarında dodekafoniya texnikasından istifadəsindən danışmışdır. Qara Qarayevin baletindən sual veriblər cavab vermişdir, “tam cavablaya bilmədi” - yazıblar. O, 2025-ci il fevral ayında qar yağanda evin açıq balkonunda sürüşərək yıxılıb sol qolundan çox ağır zədə alaraq əzilmişdir, həkim ona qoluna zərbə salmamağı və qolunun boynundan 15 gün asılı qalmasını tövsiyə etdiyi halda o, Attestasiyaya getmişdir və əsəri, qammanı olduğu kimi ifa etdiyinə baxmayaraq zəif ifa etdi yazılıb. Üzdən oxu nümunəsini zəif ifa etdi yazıblar. Verilən suallara tam cavab verdiyi halda, bəzi suallara cavabı “qismən cavab verib” yazılmışdır. Verdikləri bəzi sualları hansı ki, hamısına dolğun və düzgün cavab vermişdir onları Attestasiya vərəqəsinə yazmayıblar. O, bəstəkaların yaradıcılığını danışdığım halda sözümü kəsərək başqa suallar verdikləri halda, fikrini digər suala cavab verməyə yönəldərək danışığını yarımçıq kəsdikləri halda qərəzli şəkildə “qismən cavab verdi” yazıblar. Bu heç bir məntiqə uyğun deyil. O, proqramda olmayan suallar verilib və o, bunları da cavablandırmışdır. Əsəri ifa etdiyi zaman bir komissiya üzvü əsərin eyni hissəsini tez ifa etdiyini bildirib, digər komissiya üzvü isə gecikdiyini bildirib. Elə oradaca əsəri sayaraq düzgün ifa etdiyini sübut etmişdir. Hər iki komissiya üzvü kameranın qarşısında bir birini təkzib etdi. Buna baxmayaraq əsas göstərmədən onu ixtisas dərsi deməkdən məhrum etməyi tövsiyə edirlər. Digər bir tərəfdən Mədəniyyət Nazirliyinin məktəblərə göndərdiyi Attestasiya Komissiyasının Əsasnaməsi bölümündə göstərilən 6.1.7. Attestasiya nəticələri əsasında Attestasiya komissiyası işçilərə aşağıdakı qərarlardan birini verir: *tutduğu vəzifəyə uyğun gəlir. *tutduğu vəzifəyə uyğun gəlmir. Attestasiya vərəqəsinin 10. “Attestasiya olunan tutduğu vəzifəyə uyğundur” - yazılıb. Bunun əksinə Attestasiya vərəqəsinin 11. “Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə) İxtisas fənnini tədris etməyə yararlı deyil. X4 və üzdən oxu fənnələrini tədris edə bilər” - yazılıb. Attestasiya Komissiyasının Əsasnaməsində göstərilən 6.1.8. bölümünə görə Attestasiya Komissiyası irəli sürdüyü tövsiyyələri əsaslandırmalıdır - yazılmışdır. Bir Attestasiya vərəqəsində iki müxtəlif rəy verilib. Onun tutduğu vəzifə fortepiano ixtisasıdır və buna tutduğu vəzifəyə uyğundur yazılıb. Tövsiyyə edirlər ki, ixtisas fənnini tədris etməyə yararlı deyil və bunu əsaslandırmayıb. Verilmiş qərarın tövsiyyə hissəsi qanuna uyğun deyil və qərəzlidir. Buradan da bir daha aydın görünür ki, Attestasiya komissiyasının üzvləri öz vəzifələrinin nədən ibarət olduğunu dərk etməyiblər Attestasiya Komissiyasının əsasnaməsini bilmədən Attestasiya vərəqəsində onun hüquqlarını pozaraq onun ixtisas dərsi tədris etməyə yararlı olmadığımı əsaslandırmadan qərəzli Attestasiya vərəqəsi tərtib ediblər. Attestasiya vərəqəsində ixtisas fənnini tərdis etməyə yararlı olmadığına görə heç bir səbəb göstərə bilməyiblər. Onun ifa etdiyi əsərə də mənfi rəy yazılmayıb. Onun tuduğu vəzifə fortepiano ixtisasıdır və ixtisas üzrə ixtisas dərsi deyil. Dərs dediyi şagirdlər məktəb konsertlərində ifa edirlər, Respublika və Beynəlxalq müsabiqələrdə, festivallarda böyük səhnələrdə, onlayn konkurslarda iştirak edirlər və o, ixtisas olan fortepiano üzrə şagirdlər yetişdirdiyi üçün Diplom və Qramotalarla dəfələrlə təltif olunmuşdur. O, bunu komissiya üzvlərinin də diqqətinə çatdırmışdır ki, o, öz ixtisas üzrə şagird yetişdirib böyük səhnələrə çıxardan aktiv müəllimdir. Üzdən oxu, ümumi fortepiano dərsi ixtisas dərsinə bərabərdir. Bir tərəfdən yazır ki, o, tutduğu vəzifəyə uyğundur, digər tərəfdən onun vəzifə olan ixtisasından dərs deməyini məhdudlaşdıraraq, onun hüquqlarını pozur. O, yüksək balla Ali məktəblərə daxil olub Qırmızı diplomla bitirmişdir. Bütün imtahanlardan yüksək bal toplayıb, yüksək qiymət almışdır. 11 ildir ixtisas dərsi tədris edir və şagirdlər yetişdirib konsertlərə, müsabiqələrə, festivallara göndərmişdir. Ölkə və xarici Ali təhsilli musiqiçilər onun yetişdirdiyi şagirdlərin ifalarına yüksək yerlər verərək ona şagird yetişdirdiyi üçün təşəkkürnamələr veriblər. İndi necə olur ki, o, ixtisasdan dərs deməyə yaramadı? Bu ona qarşı olan qərəzdir. O, Attestasiya keşirilən xx.xx.2025-ci il tarixində Attestasiya vərəqəsinə imza atdığı vərəqi diqqətlə oxumuşdur. Həmin o, imza atdığı ikinci vərəqində komissiya üzvlərinin heç birinin adı soyadı və imzası yox idi. Ona boş vərəqə imza atdırıblar. Attestasiya vərəqəsinin 11. “Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə) İxtisas fənnini tədris etməyə yararlı deyil. X4 və üzdən oxu fənnələrini tədris edə bilər.” - sözləri o, imza atdığı vərəqədə yox idi. Vərəqənin birinci səhifəsində 3 lehinə, 2 əleyhinə sözləri yox idi. O, imza atdığı vərəqələr dəyişdirilib və saxtalaşdırıb. Ona məlumat verilməyib ki, o, ixtisas dərsi deməyi “yararsızdır”, ona 3 lehinə, 2 əleyhinə səs verilib. Ona “sən ixtisas vəzifənə uyğunsan” deyilib. O, da buna görə boş vərəqə imza atmışdır. O, bu Attestasiyada uyğundur sözünün altında bu qədər qərəzin, çirkabın olduğunu bilsəydi imza atmazdı və etirazını ordaca bildirərdi. Bu gün o, bu vərəqəni direktordan tələb edib almışdır. O, bu qədər aktiv müəllim olduğu halda əsaslandırmadan ixtisas dərsi tədris deyə bilməz yazaraq, üzdən oxu, ümumi fortepiano dərsi deməyi tövsiyə ediblər. O, bununla razı deyil. Bir müəllim kimi onun hüquqları pozulub. Attestasiya zamanı onun ixtisas fənnindən tədris etdiyi şagirdlərin Respublika və Beynəlxalq festival və Konkurslarda böyük səhnələrdə çıxış edib İ; İİ; İİİ yerlər tutaraq Diplomlar aldıqlarını, onun nümunəvi şagirdlər yetişdirdiyi üçün təltif olunduğu Diplomlar, Təşəkkürnamələr, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndinə əsasən nəzərə alınmayıb. Attestasiya komissiyasının üzvləri qərəzsiz və obyektiv qərar qəbul etməlidirlər. Qeyd edir ki, keçirilən Attestasiya imtahanı qərəzli, qeyri-bərabər keçirilib. Bəzi müəllimlərə 3-4 sual verilərək 4-5 səslə Attestasiyadan keçirilib. Elə müəllim var 5 sualdan 3-nə düzgün cavab verdiyi halda ona 4 lehinə səs verilib. Ona isə 20 dəqiqənin müddətində 3 fənndən 20-dən çox sual verilib ki, 18-dən çox suala doğru cavab vermişdir. Buradan da görünür ki, Attestasiya obyektiv keçirilməyib, qərəzli və qeyri bərabər keçirilib. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən keçirilən Attestasiya prosesi kameraya çəkilib kameranın onun iştirakı ilə açılmasını təmin edərək, 10 nömrəli uşaq musiqi məktəbinin müəllimlərinin Attestasiya Vərəqələrini onun Vərəqəsi ilə müqaisələndirməsi üçün məhkəməyə təqdim edilməsini təmin edərək: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təyin etdiyi komissiya sədri və üzvləri tərəfindən tərtib edilib imzalanan xx.xx.2025-ci il tarixli Attestasiya vərəqəsinin 11-ci bəndində Tutduğu vəzifəyə (vəzifə fortepiano ixtisasıdı) uyğundur yazıldığı halda, əsası göstərilməyən “İxtisas fənnindən tədris etməyə yararlı deyil” tövsiyəsinin ləğv edilməsi; müşahidə kameralarının onun iştirakı ilə açılmasını və 10 nömrəli uşaq musiqi məktəbinin müəllimlərinin Attestasiya Vərəqələrinin onun Vərəqəsi ilə müqaisələndirilməsini təmin edilərək, qərəzli və ədalətsiz verilən 2 əleyhinə olan səslərin lehinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsl cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, ona hazırda ixtisas fənni üzrə tədris etmək üçün dərs verilib, lakin məktəb direktoru dəyişdirərkən yeni direktor həmin müddəanı əsas tutaraq ona həmin fənndən dərs deməsini qadağan edə bilər. Həmin məhdudiyyət isə əsaslı deyil. Ümumiyyətlə Komissiya üzvləri 20 dəqiqə müddətində ona 30 sual ünvanlanmış, düşünməyə imkan verməmişlər. Hətta verilən suallar proqramdan kənar suallar olmuşdur. O, fortepiano fənnini tədris edir, 2 Ali təhsili var. Verilən sualların təxminən 25-ə cavab vermiş, 4-5 suala cavab verə bilməmişdir. Cavab verməməyin səbəbi də yorğunluq və cavablandırılması üçün vaxt verilməməsi olmuşdur. Ona qarşı qərəzin olmasını rəhbərliyin ona qarşı olan münasibətindən görür. Yəni direktor Komissiya üzvlərinə onun barəsində mənfi fikir formalaşdırmışdır. Ona görə də iddiasının tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, attestasiya vərəqəsinin 11-ci bəndində “ixtisas fənnini tədris etməyə yararlı deyil” kimi qeyd tövsiyyə xarakterlidir. Yəni bu şəxsin həmin ixtisas fənnindən dərs deməsini istisna etmir. Komissiya üzvləri isə məktəb müəllimlərini tanımır, başqa müəssisələrdən dəvət olunmuşlar, iddiaçıya münasibətdə də hər hansı qərəz olmamışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmiş 10 saylı Uşaq Müsaqi Məktəbinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə 10 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi İddiaçı attestasiya üzrə xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsinin surətindən görünür ki, attestasiya vərəqəsinin “Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar”ını nəzərdə tutulan 7-ci bəndinə əsasən “Bethoven Sonata No1 əsərini ifa etdi. İfa etdiyi əsərin təhlilinə dair suallar verildi – cavablaya bilmədi, Do fa hansı intervaldır sualı verildi – cavab verildi. D7 dönmələri hansıdır sualı verildi – cavab verildi. Listin həyat və yaradıcılığından suallar verildi – qismən cavabladı. Listin neçə fortepiano konserti var sualı verildi – cavablaya bilmədi. Şopen yaradıcılığından sual verildi – qismən cavabladı. Azərbaycan bəstəkarlarının klassik əsərlərindən sual verildi – qismən cavabladı. Q.Qarayevin yaradıcılığına dair suallar verildi – tam cavablaya bilmədi. Qammanı zəif ifa etdi. Minor qammasında harmonik və metodik halda nə baş verir sualı verildi – cavabladı. Verilən üzdən oxu nümunəsini çox zəif ifad etdi. İfa etdiyi əsərdə akkord birləşməsindən sual verildi – cavab bilmədi” kimi qeydlər göstərilmişdir. Attestasiya vərəqəsinin “Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi”ni nəzərdə tutulan 10-cu bəndinə əsasən Attestasiya komissiyası tərəfindən “Attestasiya olunan tutduğu vəzifəyə uyğundur”, “Səslərin miqdarı: lehinə-3, əleyhinə-2” kimi qeyd edilmişdir. Attestasiya vərəqəsinin “Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə)” nəzərdə tutulan 11-ci bəndinə əsasən Attestasiya komissiyası tərəfindən “İxtisas fənnini tədris etməyə yararlı deyil. X4 və üzdən oxu fənnlərini tədris edə bilər” kimi qeyd edilmişdir. İş üzrə 10 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhər Sabunçu rayonu 10 nömrəli Uşaq Məktəbində müəllim vəzifəsində işləyir. İş üzrə Bakı 16 saylı mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/16-00534 saylı arayışın surətindən görünür ki, İddiaçı attestasiya vərəqəsindəki qeydlərin düzgün olmaması tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə 16.30-17.00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən 10 nömrəli Uşaq Musiqi Məktəbinə fortepiano şöbəsinin müəllim vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 10 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyadan keçirilməsi ilə bağlı komissiya yaradılmış və komissiya tərəfindən məktəbin fortepiano şöbəsinin müəllimi vəzifəsində çalışan İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün suallar verilmişdir. Attestasiya komissiyası tərəfindən iddiaçının attestasiya olunan tutduğu vəzifəyə uyğun olması qənaətinə gəlinmiş, səslərin miqdarı - lehinə 3, əleyhinə 2 müəyyən edilmiş, attestasiya komissiyasının “İxtisas fənnini tədris etməyə yararlı deyil. X4 və üzdən oxu fənnlərini tədris edə bilər” tövsiyyələri kimi qeyd edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən keçirilən Attestasiya prosesi kameraya çəkilib kameranın onun iştirakı ilə açılmasını təmin edərək, 10 nömrəli uşaq musiqi məktəbinin müəllimlərinin Attestasiya Vərəqələrini onun Vərəqəsi ilə müqaisələndirməsi üçün məhkəməyə təqdim edilməsini təmin edərək: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təyin etdiyi komissiya sədri və üzvləri tərəfindən tərtib edilib imzalanan xx.xx.2025-ci il tarixli qərəzli, saxtalaşdırılmış və qanunauyğun tərtib olunmayan Attestasiya vərəqəsinin 11.-ci bəndində Tutduğu vəzifəyə (vəzifəm fortepiano ixtisasıdı) uyğundur yazıldığı halda, əsası göstərilməyən “İxtisas fənnindən tədris etməyə yararlı deyil” tövsiyəsinin ləğv edilməsi; müşahidə kameralarının onun iştirakı ilə açılmasını və 10 nömrəli uşaq musiqi məktəbinin müəllimlərinin Attestasiya Vərəqələrinin onun Vərəqəsi ilə müqayisələndirilməsini təmin edilərək, qərəzli və ədalətsiz verilən 2 əleyhinə olan səslərin lehinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Məlum olduğu kimi sosial dövlət prinsiri ədalətli sosial quruluşun təmin edilməsini dövlət hüququ vəzifəsi kimi tanıyır. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsi təmin edir. Əmək Məcəlləsinin əmək müqaviləsinin anlayışını müəyyən edən 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əməyin azadlığı, eləcə də əmək müqaviləsi azadlığı təkcə əmək münasibətlərinə daxil olmada iradə azadlığını deyil, həm də tərəflərin qarşılıqlı razılığı, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tərəflərin birinin təşəbbüsü ilə ona xitam verilməsini mümkünlüyünü nəzərdə tutur. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfi (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədi ilə qanunvericilik bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Əmək Məcəlləsində əmək şəraiti - işçinin əmək münasibətində olduğu iş yerində öz əmək funksiyalarını səmərəli və faydalı yerinə yetirilməsi üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş minimum normalar, habelə əmək müqaviləsində tərəflərin özlərinin müəyyən etdiyi əmək, sosial və iqtisadi normalarının məcmusu kimi qəbul edilir. Qeyd edilən normaların yerinə yetirmə səviyyəsində və istehsalat amillərindən asılı olmayaraq bütün müəssisələrdə işəgötürən iş yerlərinin attestasiyasını həyata keçirilməlidirlər. Attestasiyanın keçirilməsi əməyin mühafizəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi ilə yanaşı, müəssisələrdə sağlam, əmək və iş mühitini formalaşması işinə xidmət edir və olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən:

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçının Attestasiyadan keçməsi zamanı çəkilişi aparılmış videogörüntünü əks etdirən CD disk məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə həmin CD diskə baxış keçirilməsi ilə bağlı cavabdehə təcrübəli mütəxəssisin iştirakının təmin edilməsini təklif etsə də, cavabdeh tərəfindən məhkəməyə mütəxəssis dəvət edilmədiyi üçün CD diskə baxışın keçirilməsinin təmin edilməsi mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının Komissiyada ona ixtisas fənni üzrə verilən sualların cavablandırılmasının düzgün olub-olmamasını müəyyən etmək mümkün olmadığından, eyni zamanda hazırda Nazirliyin göstərişinə görə 11-ci bənddə göstərilənlər tövsiyyə xarakterli olmaqla iddiaçı üçün həmin fənni tədris edilməsinə mane olmasa da, gələcəkdə həmin bəndin mövcudluğu iddiaçının ixtisas fənnini tədris etməyə mane olan hal kimi qiymətləndirilməli olduğundan, həmin bəndin ləğv edilməsi ilə bağlı tələb əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddia tələbinin iki Komissiya üzvünün onun əleyhinə olan səsinin lehinə dəyişdirilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, beş Komissiya üzvünün ikisinin əleyhinə səsi işçinin işdən azad olunması əsası kimi müəyyən edilmir. Digər tərəfdən hər bir Komissiya üzvü verilən sualların cavablandırılmasının qiymətləndirilməsində müstəqildir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 10 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının həmin Məktəbin müəllimi İddiaçı barəsində Komissiya üzvləri tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2025-ci il tarixli Attestasiya vərəqəsinin 11-ci bəndində “İxtisas fənnini tədris etməyə yararlı deyil” tövsiyyəsi ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar