Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1373/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi M.B.Seyidovun, Mütəxəssis fortepiano kafedrası üzrə professor M.H.Quliyevin iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbi 3-cü şəxs qismində cəlb edilməklə) əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2013-cü il tarixindən Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbində nəzəriyyə şöbəsində müəllim vəzifəsində çalışmışdır. Sonuncu əmək müqaviləsi xx.xx.2018-ci il tarixindən qüvvədə olmuşdur. O, xx.xx.2025-ci il tarixində Attestasiyadan keçirilmişdir. Attestasiya vərəqəsində qeyd edilir ki, attestasiyadan keçən şəxsə aşağıdakı suallar verilmişdir - Slavsya xoru hansı əsərə aiddir-cavab verə bilmədi. Hərb və sülh əsəri kimin əsəridir - cavab verə bilmədi. Fars qızlarının xoru hansı əsərə aiddir - cavab verə bilmədi. A.Məlikovun hansı əsərləri var - Sadəcə bir cavab verdi. Fikrət Əmirovun hansı əsərləri var- cavab verə bilmədi. Yeddi gözəldə hansı portretlər var - cavab verə bilmədi. Aida operasının müəllifi - cavab verdi. Başqa hansı operaları var - cavab verə bilmədi. Hansı muğam dəstgahları var - qismən cavab verildi. Sol maye ilə rast ladının quruluşu - ifa edə bilmədi. Sadəcə öz bildiyi mövzulardan danışmaq istədi. Mi bemol səsindən xasiyyətli intervallarının qurulması - qura bilmədi. Friqik ladın quruluşunu dedi. Eyni adlı mi bemoldan qura bilmədi. Solfecio nömrəsinin ifası - düzgün ifa edə bilmədi. 2-ci solfecio nömrəsi də ifa oluna bilmədi. Musiqi nömrəsinin ifası - ifa edə bilmədi. Musiqi nömrələrinin dinlənilməsi - 6 musiqi nömrəsindən heç birinə cavab verə bilmədi. Attestasiya komissiyasının səsverməsinin nəticələrinə (lehinə 1, əleyhinə 4 səs) görə işçi iş fəaliyyətinə uyğun deyil hesab edilmişdir. xx.xx.2025-ci il tarixində 34 nömrəli əmr əsasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. Attestasiya qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Beləki, attestasiya vərəqəsində işçinin ona verilən sualları verdiyi cavablar qeyd edilməmişdir, sadəcə olaraq cavab verə bilmədi qeydi aparılmışdır. Yəni səhv olsa belə suala onun hansı cavabı verdiyi qeyd edilməmişdir. Bundan əlavə olaraq ona öz fənninə uyğun olmayan və attestasiya proqramında olmayan suallar verilmişdir. Məhz Hərb və sülh əsəri ilə bağlı proqramda heç bir qeyd olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı iddianın təmin edilməsi, xx.xx.2025-ci il tarixli, 34 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onu Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbində nəzəriyyə müəllimi vəzifəsinə bərpa olunması, onun işdən qanunsuz azad edilmə səbəbilə işdən azad edildiyi tarixdən ödənilməmiş əmək haqqının ödənilməsi, ödənilmiş dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 300 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, komissiya üzvlərinə bildirmişdir ki, o, xalq yaradıcılığı ədəbiyyatından dərsləyir, musiqi ədəbiyyatından deyil, lakin qərəzli olaraq ona ixtisas fənni üzrə deyil, proqramdan kənar suallar verilmişdir. 3 dəfə attestasiyadan keçərək yüksək qiymət almış, necə ola bilər ki, hazırkı attestasiyadan keçə bilməsin. Ona qarşı yeni təyin olunan müdirin qərəzi olmuşdur. Səhhətində də problemlər olub, həkimdən bununla bağlı sənədi də var. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçıya proqramdan kənar suallar verilmiş, CD diskə baxış zamanı səsləndirmə keyfiyyəti yaxşı olmadığı üçün tam araşdırılma aparılması mümkün olmamışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, attestasiya komissiyası iddiaçıya verilən sualların cavabını vərəqədə obyektiv qeyd etmişlər. CD diskə baxış zamanı da bu hal təsdiqini tapmışdır, heç bir qərəz olmamışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən professor X5 CD diskə baxış keçiriləndən sonra bildirmişdir ki, görüntüdə olan verilən suallar proqram çərçivəsində olmuş, attestasiya vərəqəsində qeyd olunanlar görüntü zamanı öz təsdiqini tapmışdır, fərqli hal yoxdur. İddiaçı barəsində çıxarılan qərar obyektiv və ədalətlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmiş H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, mütəxəssisin dinlənilmiş CD disklə əlaqədar mövqeyini dinləyib, iş materiallarını araşdırıb, İddiaçı attestasiyası zamanı çəkilmiş CD-diskə baxış keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə xxxxxxx000206 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinə nəzəriyyə ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul olunmuş, onunla müddətsiz növü əmək müqaviləsi bağlanılmış, aylıq əmək haqqı 874,25 manat təşkil etmişdir. İş üzrə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyin ödənilmə dərəcələrinin verilməsi, artırılması və aşağı salınması, attestasiyalan keçmiş işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi (bənd 1), H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin attestasiyasını həyata keçirmək məqsədilə hər biri 5 nəfərdən ibarət 2 Attestasiya Komissiyasının yaradılması və tərkibləri təsdiq edilməsi (1 və 2 nömrəli əlavələr) (bənd 2), Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2025-ci il fevralın 5-dən iyunun 5-dək attestasiyadan keçirilməsi (bənd 3) əmr edilmişdir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin surətindən görünür ki, Komissiyasnın fəaliyyətinin əsas məqsədi işçilərin peşəkarlıq səviyyəsinin yoxlamaq üçün attestasiyanı həyata keçirmək, attestasiya nəticələrini nəzərə alaraq, peşəkarlıq səviyyəsini artırmaq üçün təlimlərin istiqamətini və təlim iştirakçılarını müəyyən etmək, attestasiyadan keçmiş işçiləri vəzifədə irəli çəkmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək və qanunvericiliklə nəzərdə tutulan digər məsələlərə dair Məktəbin direktoruna tövsiyyələr verməkdir (bənd 2.1). Komissiyanın bu Əsasnamə ilə müəyyən olunmuş əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 3.1.1.Məktəbin hər bir işçisini əməyin xarakterinin və şəraitinin dəyişməsi halları istisna olmaqla 3 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməsi; 3.1.2.Attestasiyanın aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılması; 3.1.3.İşçilərin potensial və professional imkanlarından istifadə etmək mümkünlüyünü aşkara çıxarmaq, onların peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması; 3.1.4.Məktəbin hər bir İşçisinin tutduğu vəzifəsinə uyğunluğunu müəyyənləşdirmək, vəzifədə irəli çəkilməsi, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyat bazasının müəyyən edilməsi; 3.1.5.Komissiyanın fəaliyyəti çərçivəsində zəruri məlumatların yayılmasının qarşısının alınması üzrə tədbirlərin görülməsi; 3.1.6.Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyətin göstərilməsi. İş üzrə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən İddiaçı ünvanlanmış və İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə tanış olmuş müəllimlərin attestasiyası haqqında 33 nömrəli xəbərdarlıq bildirişinin surətindən görünür ki, bildirirlər ki, H.Sarabski adına H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmrinə görə müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılmışdır. Nəzərinə çatdırırlar ki, İddiaçı attestasiya olunacaqlar işçilər kateqoriyasına aiddir. Məlumat üçün bildirirlər ki, Attestasiya Komissiyasının yaradılması haqqında sənədlə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində tanış ola bilər. Attestasiyaja iştirak etmədiyi halda attestasiyadan keçirilməmiş hesab olunur. Tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən son 5 il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yəni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasının nəticələri nəzərə alındığı üçün bununla bağlı sənədləri (sertifikat, diplom və s.) Attestasiya Komissiyasına təqdim etməsi xahiş olunur. Bu xəbərdarlıq işçi tərəfindən rəsmi qaydada alındığı tarixdən qüvvəyə minir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Səadət Yusifova tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovaya, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadəyə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubların surətlərindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə insan resurslarının idarə edilməsi sahəsndə işlərin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar çərçivəsində 2025-2026-cı illərdə musiqi və incəsənət məktəblərində çalışan pedaqoji kadrların peşə sərişə və bacarıqlarının ölçülməsi, onların ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə müəllimlərin attestasiyası keçiriləcəkdir. 2025-ci ilin fevral ayından başlayaraq il ərzində Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regional mədəniyyət idarələrinin tabeliyindəki məktəblərdə, habelə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçirilməsi nəzərdə tutulan attestasiyalarda müəllimlərin həm praktiki ifaçılıq, həm də nəzəri biliklərinin qiymətləndirilməsi aparılacaqdır. Attestasiyaların Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun keçirilməsi məqsədilə rəhbərlik etdiyi müəssisədə çalışan və attestasiya komissiyasının tərkibinə daxil edilmiş təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən mütəxəssislərin, həmçinin attestasiyaların keçirilməsi ilə bağlı zəruri dəstəyin göstərilməsi məqsədilə uyğun bildiyi müəllimlərin və müvafiq təhsil səviyyələri üzrə təhsilalanların attestasiya keçiriləcək günlərdə prosesə cəlb olunmasına icazə verilməsini xahiş edilmişdir. İş üzrə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Nəzəriyyə Şöbəsinin müəllimi İddiaçı attestasiya üzrə xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsinin surətindən görünür ki, attestasiya vərəqəsinin “Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar”ını nəzərdə tutulan 7-ci bəndinə əsasən “Slavsya xoru hansı əsərə aiddir – cavab verə bilmədi. Hərb və sülh kimin əsəridir – cavab verə bilmədi. Fars qızlarının xoru hansı əsərə aiddir – cavab verə bilmədi. A.Məlikovun hansı əsərləri var. Sadəcə bir cavab verdi. F.Əmirovun hansı əsərləri var – cavab verə bilmədi. Yeddi gözəldə hansı portretlər var – cavab verə bilmədi. Aida operasının müəllifi – cavab verdi. Başqa hansı operaları var – cavab verə bilmədi. Hansı muğam dəstgahları var – qismən cavab verildi. Sol maye ilə rast ladının quruluşu – ifa edə bilmədi. Sadəcə öz bildiyi mövculardan danışmaq istədi. Mi bemol səsindən xasiyyətli intervalların qurulması – qura bilmədi. Friqik ladın quruluşunu dedi. Eyni ladı mi bemoldan qura bilmədi. Solfecio nömrəsinin ifası – düzgün ifa edə bilmədi. 2-ci solfecio nömrəsi də ifa oluna bilmədi. Musiqi nömrəsinin ifası – ifa edə bilmədi. Musiqi nömrələrinin dinlənilməsi – 6 musiqi nömrəsindən heç birinə cavab verə bilmədi” kimi qeydlər göstərilmişdir. Attestasiya vərəqəsinin “Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi”ni nəzərdə tutulan 10-cu bəndinə əsasən Attestasiya komissiyası tərəfindən “İş fəaliyyətinə uyğun deyil” kimi qeyd edilmişdir. Attestasiya vərəqəsinin “Attestasiyanın nəticələrinə görə müəssisə rəhbərinin qərarı və onun qəbul olunduğu tarix”i nəzərdə tutulan 13-cü bəndinə əsasən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilir, əmr No34, xx.xx.2025-ci il” kimi qeyd edilmişdir. İş üzrə Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair xx.xx.2025-ci il tarixli 3 nömrəli protokolun surətindən görünür ki, işçilər X3, X2 tutduqları vəzifəyə uyğun hesab edilməsi, işçilər İddiaçı və qeyriləri tutduqları vəzifələrə uyğun hesab edilməməsi qərara alınmışdır. İş üzrə Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli 03 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmış, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasına qədər Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmri ilə təsdiq edilərək, attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. Qeyd olunanlara əsasən məktəbin nəzəriyyə müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdə attestasiyaya dəvət edilmişdir. İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 17 ədəd sual verilmişdir. İddiaçı həmin suallardan 13 ədədinə cavab verə bilməmiş, 2 ədədinə qismən cavab vermiş, yalnız 2 ədədinə tam cavab verə bilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır. İş üzrə Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli 34 nömrəli əmrindən görünür ki, Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası xx.xx.2025-ci il tarixli qərarı ilə həmin məktəbin nəzəriyyə müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara almışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin o, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş hallara malik olmamasına dair məlumat verməkdən imtina etmişdir. Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025ci il tarixli qərarını və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin (b) bəndi və 83-cü maddəsini və “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 7.2-ci bəndinin 13-cü abzasını nəzərə alaraq Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq 33 gün son haqq-hesabının ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Əmrin əsası kimi Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 1 nömrəli protokolu göstərilmişdir. İş üzrə xxxxxxx0002X0 saylı xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 34 saylı, xx.xx.2025-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Bakı 13 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00453 saylı arayışın surətindən görünür ki, İddiaçı attestasiya komissiyasının qərarının ləğvi, işə bərpa və kompensasiyanın ödənilməsi tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə 15.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdən H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinə Nəzəriyyə Şöbəsinin müəllim vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyadan keçirilməsi ilə bağlı komissiya yaradılmış və komissiya tərəfindən məktəbin Nəzəriyyə Şöbəsinin müəllimi vəzifəsində çalışan İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün suallar verilmişdir. İddiaçı 17 sualdan 13 sualına cavab verə bilməmiş, 2 sualına qismən cavab vermiş, yalnız 2 sualına tam cavab verə bilmişdir. Həmin attestasiyada İddiaçı cavabları attestasiya komissiyasını qane etməmiş və komissiya tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun olmaması qənaətinə gəlinmiş, keçirilmiş attestasiyanın nəticələrinə görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixdə əmr qəbul edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. O, xx.xx.2013-cü il tarixindən Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbində nəzəriyyə şöbəsində müəllim vəzifəsində çalışmışdır. Sonuncu əmək müqaviləsi xx.xx.2018-ci il tarixindən qüvvədə olmuşdur. O, xx.xx.2025-ci il tarixində Attestasiyadan keçirilmişdir. Attestasiya komissiyasının səsverməsinin nəticələrinə (lehinə 1, əleyhinə 4 səs) görə işçi iş fəaliyyətinə uyğun deyil hesab edilmişdir. xx.xx.2025-ci il tarixində 34 nömrəli əmr əsasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. Attestasiya qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Belə ki, attestasiya vərəqəsində işçinin ona verilən sualları verdiyi cavablar qeyd edilməmişdir, sadəcə olaraq cavab verə bilmədi qeydi aparılmışdır. Yəni səhv olsa belə suala onun hansı cavabı verdiyi qeyd edilməmişdir. Bundan əlavə olaraq ona öz fənninə uyğun olmayan və attestasiya proqramında olmayan suallar verilmişdir. Məhz Hərb və sülh əsəri ilə bağlı proqramda heç bir qeyd olmamışdır. Bu səbəbdən iddiaçı xx.xx.2025-ci il tarixli, 34 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onu Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbində nəzəriyyə müəllimi vəzifəsinə bərpa olunması, onun işdən qanunsuz azad edilmə səbəbilə işdən azad edildiyi tarixdən ödənilməmiş əmək haqqının ödənilməsi, ödənilmiş dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 300 manatın ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “c” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüquqları vardır. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “a” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən:
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olub-olmadığını müəyyən etmək məqsədilə keçirilir. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. İddiaçı ona verilən suallara düzgün cavab versə də, attestasiya vərəqəsində həmin suallara düzgün cavab verməmə kimi qeydlərin aparılmasını bildirsə də, CD-diskə baxış zamanı iddiaçının bu dəlilləri təsdiqini tapmamış, əksinə attestasiya vərəqəsində iddiaçının verilən suallara cavab verə bilməməsi təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması ilə bağlı yaradılmış attestasiya komissiyası və həyata keçirilmiş attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olduğundan və attestasiya keçirilərkən qanunun göstərilən tələblərinin pozulması halları aşkar olunmadığından, cavabdeh attestasiya komissiyasının qiymətləndirilməsi barədə tövsiyyəsini nəzərə alaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində tam səlahiyyətli olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinini «c» bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə xx.xx.2025-ci il tarixli əmri tam qanuni olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardım xərcinə görə 300 manat məbləğində pulun tutulmasını iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardım xərcinə görə 300 manat məbləğində pulun tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ:
İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbi 3-cü şəxs qismində cəlb edilməklə) xx.xx.2025-ci il tarixli, 34 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, onu Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbində nəzəriyyə müəllimi vəzifəsinə bərpa olunması, onun işdən qanunsuz azad edilmə səbəbilə işdən azad edildiyi tarixdən ödənilməmiş əmək haqqının ödənilməsi, ödənilmiş dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 300 manatın ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev