Məhkəmə qərarları › İş №e-2(009)-1392/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1392/2022

11.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1392/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı «əmrin ləğv edilməsi, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı «əmrin ləğv edilməsi, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2022-ci il tarixli, K-65 nömrəli əmrinin ləğv edilməsi, müqavilənin müddətsiz hesab edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə işə bərpa olunacağı günədək əmək haqqının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin xx.xx.2017-ci il tarixli, K-39 № li əmri ilə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Ümumi şöbəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sektorunun məsləhətçisi vəzifəsində işə başlamış, xx.xx.2018-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2022-ci il tarixli, K-65 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən ləğv edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2022-ci il tarixli, K-65 nömrəli əmri qanunsuzdur və ona görə də ləğv edilməlidir. Belə ki, əvvəldən iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hansı bir əsas mövcud olmamışdır. Eyni zamanda iddiaçının işdən azad olunmasına səbəb olan hallar əmrdə qeyd edilməmiş və bununla bağlı heç bir açıqlama verilməmişdir. Bu kimi hallar daha əvvəllər də məhkəmələrdə mübahisələndirilmiş və bənzəri işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli, 2(102)-301/2022 iş nömrəli, xx.xx.2022-ci il tarixli, 2(102)-1931/2022 iş nömrəli qərarları onu göstərir ki, iddiaçı qanunvericiliyə əsaslanan tələbində haqlıdır və pozulmuş hüquqları bərpa edilməlidir. Göründüyü kimi məhkəmə tərəfindən onun barəsində olan əmr etibarsız hesab edilə bilər. Belə ki, çıxarılmış əmrdə əmrin imzalayan şəxsin ata adı, eləcə də müəssisəsin hüquqi ünvanı qeyd edilməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin xidməti məruzəsində onun tutduğu vəzifə səhv qeyd edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli, K-142 nömrəli əmrə əsasən o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Ümumi şöbəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sektorunun məsləhətçisi vəzifəsindən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. Qeyd olunan xidməti məruzədə isə “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir” deyə qeyd edilir. Onu da bildirir ki, barəsində ilk öncədən hər hansı bir inzibati tədbir görmədən, hər hansı bir ciddi nöqsan aşkar etmədən, ona öncədən özünə başqa bir iş tapmağı üçün xəbərdarlıq edilmədən birbaşa olaraq Əmək Məcəlləsinin 73.1-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin bildirmək istəyir ki, 11 aprel 2022-ci il tarixdə uzun müddətli qismən ödənişli sosial məzuniyyətdən qayıtdığı gün onun işdən kənarlaşdırılmağı barədə əmr verilmişdir. Onu işdən kənarlaşdıran müəssisə görəsən düşünmürmü ki, hamiləlik kimi ağır bir dövrdən sonra xüsusi ilə də, iqtisadiyyatın çətin dövründə onun işdən kənarlaşdırılmağı ailə büdcəsinə necə böyük təsir göstərib?! Uşaq qidalarının və digər labüd əşyalarının mütəmadi alınmasının vacibliyindən və onların bazar qiymətindən xəbərdar deyillərmi?! O, artıq ikinci dəfə ana olmaqdan qorxur. Hər ölkənin öz demoqrafik siyasəti olur və dövlət bu yöndə xalqa dəstək durur. Demoqrafik siyasət doğumsayı, nikahlılıq, boşanma, əhalinin yaş strukturu və onun ölüm miqdarına təsir edən siyasətdir. Geniş mənada demoqrafik siyasəti bəzən əhalinin artması ilə eyniləşdirilir, dar mənada isə onun tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. İqtisadiyyat nazirliyi onu işdən kənarlaşdırmaqla, gəlirini kəsməklə gənc bir ailənin yaşam şərtlərini nə qədər aşağı çəkdiyinin fərqindədirmi?! O, hər zaman işində peşəkar kimi davranmış, lakin ən təbii haqqı olan analıq hüququndan istifadə etməsi onun işindən olmasına səbəb olmuşdur. Son olaraq bildirmək istəyir ki, əgər onun tutmuş olduğu vəzifə vakansiya ştatı olaraq qalırsa və onun işi ilə bağlı gözəçarpan nöqsanları yoxdursa, əvvəllər də öz işini qaydasında icra etdiyi kimi yenə də, bunu davam edə bilər. Bir müddətdir çalışdığı işində xeyli peşəkarlaşmış və işləri onun yerinə gətirilən yeni kadrlardan daha yaxşı icra edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat vermiş, əlavə olaraq bildirmişdir ki, əvvəlki şöbə müdiri 2019-cu ilin fevral ayının 5-də ona növbəti gün müqavilə müddətinin bitməsi səbəbilə əmək müqaviləsinə xitam veriləcəyini, buna görə də artıq işə gəlməməsini bildirmiş, o isə işdən çıxmaq istəmədiyindən ərizə ilə müraciət edərək analıq məzuniyyətinə çıxmışdır. Lakin sonradan müdir dəyişilmiş, o da işə qayıtmaq istəmiş lakin yeni müdir tərəfindən ona bildirilmişdir ki, onun işlədiyi ştata başqa işçi təyin edilmiş, həmin işçi başqa vəzifəyə yerləşdirildikdən sonra onun işə çıxa biləcəyini demişdir, o da gözləmiş həmin işçi başqa vəzifəyə yerləşdirildikdən sonra işə çıxmışdır. İşə çıxdığı gün isə əmək müqaviləsinə xitam verilmişdir. Ailəli olmaqla iki azyaşlı uşağının olduğunu, məcburi köçkün ailəsi olduğunu nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, Vahidi X3 nazirinin xx.xx.2017-ci il tarixli, K-39 nömrəli əmri ilə Ümümi şöbənin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sektorunun məsləhətçisi vəzifəsinə, daha sonra isə struktur dəyişikliyi ilə əlaqədar İqtisadiyyat nazirinin xx.xx.2018-ci il tarixli, K-142 nömrəli əmri ilə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektoruna aparıcı məsləhətçi vəzifəsinə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmişdir. İddiaçı İqtisadiyyat nazirinin müvafiq əmrlərinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ödənişli sosial məzuniyyətə, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətdə (uşağının 3 yaşı tamam olanadək) olmuşdur. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən işçinin müəyyən üzrlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli, M-70 nömrəli əmrində İddiaçı qismən ödənişli sosial məzuniyyətinin 2022-ci il 08 apreldə başa çatdığı və onun 11 aprel tarixdən işə başlamalı olduğu qeyd edilmişdir. İddiaçı 11 aprel 2022-ci il tarixdə işə qayıtmış və həmin gün Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Lakin İddiaçı işdən çıxarılmasını qeyri-qanuni hesab edərək “Mediasiya haqqında Qanunun” 3.2-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin tətbiqi məqsədilə mediatora müraciət etmişdir. Bununla bağlı Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli, MŞB/6-2335 nömrəli məktubu ilə mediator Fərid İmanov tərəfindən xx.xx.2022-ci il tarixə mediasiya sessiyasına çağırışla bağlı məktub daxil olmuş, Nazirliyin nümayəndəsi həmin mediasiya prosesində iştirak etmiş, lakin qarşı tərəf sessiyaya gəlməmişdir. Göstərilənlərə əsasən bildirirlər ki, İddiaçı əmək qanunvericiliyinə uyğun olaraq, müqavilə müddəti bitdiyi üçün işdən azad edilmişdir. Daha sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraza əlavə təqdim edərək göstərmişdir ki, İddiaçı vaxtilə müddətli əmək müqavilə üzrə çalışdığı vəzifə - İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa görə, inzibati vəzifələrin beşinci təsnifatına aid dövlət qulluğu vəzifəsidir. “Dövlət Qulluğu” haqqında Qanunun 28-ci maddəsinə görə dövlət qulluğuna qəbul müsabiqə (test və müsahibə) əsasında aparılır və yalnız müsabiqədən uğur qazanmış namizədlərlə müddətsiz əmək müqaviləsi bağlanılır və onlar dövlət qulluqçusu hesab edilirlər. Dövlət orqanının rəhbəri vakant dövlət orqanı vəzifə üzrə müsabiqəyədək həmin vəzifə üzrə iş yükünü azaltmaq məqsədilə müddətli əmək müqaviləsi əsasında həmin vakant yerə işçi cəlb edə bilər. İddiaçı dövlət qulluqçusu olmadığı üçün onunla müddətli əmək müqaviləsi bağlanılmış və onunla bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə 11 aprel 2022-ci il tarixdə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə iş üzrə keçirilmiş məhkəmə baxışında həmin vəzifənin hazırda vakant olubolmadığına dair şifahi sorğuya əsasən bildirir ki, hal-hazırda həmin vəzifə vakant deyildir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat nazirinin 06 iyul 2022-ci il tarixli K- 147 nömrəli əmrinə əsasən, dövlət qulluqçusu X1 Çağrı mərkəzinin işinin təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsindən İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2017-ci il tarixli, K-39 nömrəli əmrindən görünür ki, İddiaçı - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən 13 mart 2017-ci il tarixindən İqtisadiyyat Nazirliyinin Ümumi şöbəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 114 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2019-cu il tarixli, M-39 nömrəli əmrindən görünür ki, müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinin 1-ci hissəsinə əsasən 2019-cu ilin fevral ayının 5-dən 2019-cu ilin iyun ayının 10-dək 126 təqvim günü müddətinə ödənişli sosial məzuniyyət verilmiş, xx.xx.2019-cu il tarixindən işə başlaması müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2019-cu il tarixli, M-158 nömrəli əmrindən görünür ki, müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi İddiaçı sosial məzuniyyət müddəti 2019cu il iyun ayının 11-dən 24-dək 14 təqvim günü müddətinə uzadılmış, xx.xx.2019-cu il tarixindən işə başlaması müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2019-cu il tarixli, M-186 nömrəli əmrindən görünür ki, müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi İddiaçı 2019-cu il iyun ayının 26-dan 2020-ci il ilin aprel ayının 8-dək uşağının 1 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmiş, xx.xx.2020-ci il tarixindən işə başlaması müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2020-ci il tarixli, M-69 nömrəli əmrindən görünür ki, müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi İddiaçı 2020-ci il aprel ayının 8-dən 2021-ci il ilin aprel ayının 8-dək uşağının 2 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmiş, xx.xx.2021-ci il tarixindən işə başlaması müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2021-ci il tarixli, M-70 nömrəli əmrindən görünür ki, müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi İddiaçı 2021-ci il aprel ayının 9-dan 2022-ci il ilin aprel ayının 8-dək uşağının 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmiş, xx.xx.2022-ci il tarixindən işə başlaması müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-65 nömrəli əmrindən görünür ki, müddətli əmək müqaviləsi ilə İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə qəbul edilmiş İddiaçı əmək müqaviləsinə 11 aprel 2022-ci il tarixindən xitam verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-122 nömrəli əmrindən görünür ki, X1 - Çağrı mərkəzinin işinin təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsindən ştatı ilə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. - xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsi bildirişindən görünür ki, X2 dövlət qulluqçusu kimi İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin xx.xx.2017-ci il tarixli, K-39 № li əmri ilə xx.xx.2017ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Ümumi şöbəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sektorunun məsləhətçisi vəzifəsində işə başlamış, xx.xx.2018-ci il tarixdə müqavilə bağlayaraq struktur dəyişikliyi ilə əlaqədar olaraq sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ödənişli sosial məzuniyyətdə, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətdə (uşağının 3 yaşı tamam olanadək) olmuşdur. xx.xx.2022-ci il tarixli, M-70 nömrəli əmrində İddiaçı qismən ödənişli sosial məzuniyyətinin 2022-ci il 08 apreldə başa çatdığı və onun 11 aprel tarixdən işə başlamalı olduğu qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, K-65 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2022-ci il tarixli, K-65 nömrəli əmrin qanunsuzluğunu onunla əsaslandırmışdır ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hansı bir əsas mövcud olmamışdır. Eyni zamanda iddiaçının işdən azad olunmasına səbəb olan hallar əmrdə qeyd edilməmiş və bununla bağlı heç bir açıqlama verilməmişdir. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi dəlillərini əsassız sayır və bununla bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin İ hissəsinin a və b bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları da vardır. - 12-ci maddəsinin İ hissəsinin a və c bəndlərinə əsasən Əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq kimi əsas vəzifələri də vardır. - 45-ci maddəsinin İ hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin normanın İİ hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin normanın 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin normanın 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İşin materiallarında əmək müqaviləsinə dəyşiklik edilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Lakin işin materiallarından görünür ki, İddiaçı İqtisadiyyat nazirinin müvafiq xx.xx.2017-ci il tarixli, K-39 nömrəli əmri ilə Ümümi şöbənin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sektorunun məsləhətçisi vəzifəsinə, daha sonra isə struktur dəyişikliyi ilə əlaqədar İqtisadiyyat nazirinin xx.xx.2018ci il tarixli, K-142 nömrəli əmri ilə (həmin tarixdə müvafiq müqavilə bağlayaraq xx.xx.2018ci il tarixədək) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektoruna aparıcı məsləhətçi vəzifəsinə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş, İqtisadiyyat nazirinin müvafiq əmrlərinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ödənişli sosial məzuniyyətdə, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətdə (uşağının 3 yaşı tamam olanadək) olduğundan onunla bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilməsi mümkün olmamışdır. Halbuki, iddiaçı öz izahatında göstərmişdir ki, əvvəlki şöbə müdiri 2019-cu ilin fevral ayının 5-də ona növbəti gün (xx.xx.2018-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, bitmə tarixi xx.xx.2018-ci il olmaqla, uzadılmış 3 ay müddət xx.xx.2019-cu il tarixdə bitməli idi) müqavilə müddətinin bitməsi səbəbilə əmək müqaviləsinə xitam veriləcəyini, buna görə də artıq işə gəlməməsini bildirmiş, o isə işdən çıxmaq istəmədiyindən ərizə ilə müraciət edərək analıq məzuniyyətinə çıxmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlə əmək münasibətlərində olmasına dair əmək müqaviləsi 5 il 1 ay müddətində qüvvədə olsa da, bu Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğun olaraq onunla bağlanmış müqavilənin müddətsiz əmək müqaviləsi kimi qiymətləndirilməsinə əsas ola bilməz. Belə ki, həmin normada müddətli əmək müqaviləsinin 5 ildən artıq müddətə davam etdiyi halda müddətsiz əmək müqaviləsi hesab edilməsi üçün əsas şərt əmək müqviləsinin fasiləsizliyidir. Qanunvericiliyə əsasən iddiaçının əmək müqaviləsinin müddəti 05 fevral 2019-cu ildə bitdiyi üçün işəgötürən onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə müqaviləyə xx.xx.2019-cu il tarixdə xitam vermək səlahiyyətinə malik idi, bununla bağlı iradə ifadəsini də işçiyə-iddiaçıya bildirmişdi, lakin iddiaçının sosial məzuniyyətdə olması işəgötürənə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin İİ-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsinə imkan vermirdi. Həmin normaya əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin materiallarından görünür ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardığından işəgötürən onunla əmək münasibətlərini davam etdirmək arzusunda olmayaraq işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «e» bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Tərəflər arasında bağlanmış müqavilənin 9-cu bəndində də göstərilmişdir ki, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Həmçinin məhkəmə iddiaçının müddətli əmək müqaviləsi bağlanması hallarını müəyyən edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinə istinad etməsi ilə bağlı qeyd edir ki, həmin normanın “f” bəndində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; “ğ” bəndində isə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi göstərilmişdir. İddiaçı tərəflər arasında bağlanmış sözügedən əmək müqaviləsinin müddətli olmasını bildiyi halda onun bu qaydada bağlanması üçün hər hansı bir əsas mövcud olmaması ilə bağlı müqavilə qüvvədə olan dövrdə işəgötürənə hər hansı bir müraciəti olmamış, müqavilənin qanuniliyini mübahisələndirməmişdir. Məhkəmə bununla bağlı xüsusilə vurğulayır ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, bağlanmış əmək müqaviləsinin müddətli olması və bu müddətin hansı tarixdə bitəcəyi ona məlum idi. Lakin həmin vaxt ailə vəziyyəti ilə əlaqədar o, ödənişli sosial məzuniyyətə çıxması barədə ərizə ilə müraciət etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsin. Daha sonra isə uşağının 3 yaşı tamam olanadək - xx.xx.2022-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətdə olmuşdur. Məhkəmə, iddiaçının əmək müqaviləsi qüvvədə olduğu müddətdə uşağının olması ilə əlaqədar ödənişli məzuniyyətdə olmasını və bu müddətin 06 fevral 2019-cu il tarixdə bitməsinə baxmayaraq, özünün də məhkəmə iclasında etiraf etdiyi kimi işdən çıxarılmasına hüquq əsas olmaması üçün sosial məzuniyyətə çıxması barədə ərizə yazaraq müqavilənin müddətinin 5 ildən artıq müddətə uzanmasına şərait yaratmasını heç kimə zərər vurmasa da, qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi baxımından hüquqdan sui-istifadə kimi qiymətləndirir və yuxarıda göstərilən işin faktiki hallarına, araşdırılan sübutlara əsasən iddiaçının dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddiaçı barəsində verilən əmrdə onun işdən azad olunması əsaslandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bundan əlavə, məhkəmə iddiaçının müddətli və müddətsiz müqavilələr üzrə digər məhkəmə icraatında olan işlər üzrə məhkəmə təcrübəsi ilə əlaqədar istinad etdiyi məhkəmə qərarlarının məzmunu ilə bağlı göstərdiyi dəlillərə həmin qərarlarla müəyyən edilmiş hallara hüquqi qiymət vermədən hazırki işin halları baxımından qiymət verərək qeyd edir ki, istinad edilən işlərdə iddianın mahiyyəti müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə keçirilməsinin mübahisələndirilməsi ilə ədaqədar olmuş və həmin iş üzrə məhkəmələrin mövqeyinə görə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri sayır ki, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuş olsa idi belə müəyyən edilmişdir ki, iddiaçının müddətli əmək müqaviləsi üzrə çalışdığı vəzifəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa görə, inzibati vəzifələrin beşinci təsnifatına aid dövlət qulluğu vəzifəsidir və iddiaçı həmin vəzifəyə dövlət qulluqçusu kimi müsabiqə (test və müsahibə) əsasında qəbul edilməmişdir. “Dövlət Qulluğu” haqqında Qanunun 28-ci maddəsinə görə, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Məhkəmə iddiaçının müddətli əmək müqaviləsi üzrə çalışdığı vəzifənin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa görə inzibati vəzifələrin beşinci təsnifatına aid dövlət qulluğu vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər əmək qanunvericiliyi ilə tənzimlənsə də, “Dövlət Qulluğu” haqqında Qanunun tələbləri də nəzərə alınmalıdır. İşin materiallarından görünür ki, İddiaçı vaxtilə müddətli əmək müqaviləsi üzrə çalışdığı vəzifəyə - İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə İqtisadiyyat nazirinin 06 iyul 2022-ci il tarixli K-147 nömrəli əmrinə əsasən, dövlət qulluqçusu X1 müddətsiz əmək müqaviləsi ilə təyin edilmişdir. Başqa sözlə, həmin vəzifə hazırda vakant qalmamış və həmin vəzifəyə yalnız dövlət qulluqçu daimi əsaslarla təyin edilməli idi. İddiaçı isə hazırda dövlət qulluqçusu olmadığı üçün onunla bağlanmış əmək müqaviləsi müddətli olmuş və bu müqavilənin müddətinin bitməsi səbəbindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə 11 aprel 2022-ci il tarixdə xitam verilmiş, onun yerinə dövlət qulluqçusu təyin edilmişdir. Məhkəmə iddiaçının barəsində ilk öncədən hər hansı bir inzibati tədbir görmədən, hər hansı bir ciddi nöqsan aşkar etmədən, ona öncədən özünə başqa bir iş tapmağı üçün xəbərdarlıq edilmədən birbaşa olaraq Əmək Məcəlləsinin 73.1-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsinə dair dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçının qanunvericiliyin tələblərinə uyğun formada bağlanmış müqavilənin məzmunundan, o cümlədən müddət qurtardıqdan sonra bir həftə ərzində müqavilə tərəflərindən biri kimi işəgötürənin müqaviləyə xitam verilməsini tələb etmək kimi səlahiyyətinin olması barədə tam məlumatı olmuş və imzası ilə müqavilə ilə razı olmasına dair iradə ifadəsini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsi ilə xitam verilərkən işçinin əvvəllər ciddi nöqsana yol verib-verməməsi, öncədən özünə başqa bir iş tapmağı üçün xəbərdarlıq edilməsi nəzərdə tutulmamışdır. Bu kimi hallar qanunvericiliyə əsasən işçilərin sayı və ştatı ixtisar edilərkən nəzərə alınmalı olan hallara aiddir. Məhkəmə iddiaçının dəlillərinə hüquqi qiymət verməkdə davam edərək barəsində olan əmrin verilməsi üçün əsas hesab olunan Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin xidməti məruzəsində onun tutduğu vəzifənin səhv qeyd edilməsi dəlili ilə əlaqədar qeyd edir ki, bu hal əmrin etibarsız sayıla bilinməsi halların təsbit edildiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84.1-ci maddəsində nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə iddiaçı barədə çıxarılmış əmrdə əmrin imzalayan şəxsin ata adı, eləcə də müəssisəsin hüquqi ünvanı qeyd edilməməsinə dair dəlillərə də qiymət verərək qeyd edir ki, bu halın əmrdə əksini tapmaması həmin əmrin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən etibarsız sayılması üçün ciddi əsaslar sayıla bilməz. Belə ki, həmin normanın məzmunu imperativ deyil və məhkəməyə verilən hüqüqdur. Məhkəmə hesab edir ki, mahiyyəti üzrə qanuni və əsaslı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2022-ci il tarixli, K-65 nömrəli əmri formal əsaslara və mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbinin ilk öncə qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni müqavilənin müddətsiz hesab edilməsi, işə bərpa edilmə və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi kimi tələbinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı «əmrin ləğv edilməsi, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı «əmrin ləğv edilməsi, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar