Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1421/2021 05.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən qeydiyyatdan çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 48 saylı evin 10 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 onun mülkiyyətindədir. Həmin mənzil o, Cavabdeh 2007-ci ildə alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Həmin alqısatqı müqaviləsi əsasında AR ƏMDK yanında DƏDRX-nin MH seriyalı ******* №-li, ********* qeydiyyat nömrəli 18.04.2007-ci il tarixli çıxarışı ilə onun mülkiyətinə verilmişdir. Cavabdeh isə köhnə ev sahibidir. Ev satdığı gündən və göstərilən ünvanda yaşamır. Hal-hazırda cavabdehin onun mənzili ilə heç bir əlaqəsi yoxdur, ona aid heç bir əşyası da yoxdur. Halhazırda cavabdehin onun mənzilində qeydiyyatı var. «Elektron notariat» Atomatlaşdırılmış informasiya Sistemindən 14.10.2019-cu il tarixli çıxarışdan görünür ki, o hələ də qeydiyyatdadır. Onun qeydiyyatda qalması onun mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini tam qəbul etdiyini, onun mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 18.04.2007-ci il tarixli, ********* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində istifadədə olan 0.0216 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 2 mərtəbəli binada 107 kv.m ümumi, 82 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 9,10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1960-cı ildə Naxçıvan MR, Ordubad rayonu, Kotam kəndində anadan olmuş, Naxçıvan MR, Ordubad rayonu, Kotam kəndində qeydiyyatdadır. İş materiallarında olan «Elektron notariat» X1 çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 48 saylı evin, 10 saylı mənzilini 2007-ci ildə alqı-satqı müqaviləsinə əsasən almışdır və həmin vaxtdan ailəsi ilə birlikdə göstərdiyi ünvanda yaşayır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən 18.04.2007-cu il tarixli, ********* saylı çıxarışa əsasən onun adına qeydiyyata alınmışdır. İddiaçıya məxsus mənzildə mənzilin keçmiş sahibi Cavabdeh oğlu qeydiyyatdadır, lakin mənzildə yaşamır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehlərin mənzilə dair istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küsəsi, 48 saylı evin 10 saylı mənzilinə istifadə hüququna xitam verilsin. Həmin qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 48 saylı evin 10 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1421/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1421/2021
05.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver