Məhkəmə qərarları › İş №e-2(009)-1423/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1423/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1423/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd edilməklə verdiyi iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyini qeyd edərək sair öhdəliklər üzrə mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, ərizəçi tərəfindən verilmiş iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun deyil. Qanunun tələblərinə əsasən iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbini göstərməlidir. Yəni bu tələb konkret olmalıdır. Lakin iddiaçı Elektron Məhkəmə sisteminə yerləşdirilən iddia ərizəsində tələbini konkret göstərməmişdir. Ümumiyyətlə iddia ərizəsində iddiaçının tələbi mövcud deyil. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim izah edir ki, iddiaçı tərəfindən Elektron Məhkəmə sisteminə yerləşdirilən iddia ərizəsində tələbini konkret göstərməlidir. Bu səbəbdən hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməməklə verildiyindən geri qaytarılmalıdır . AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim digər tərəfdən qeyd edir ki, iddia ərizəsində ərizənin mətni hissəsində iddiaçı hərbi qulluqçu kimi ehtiyata buraxılması ilə bağlı cavabdehə etdiyi müraciətlərə hər hansı bir münasibətin göstərilməməsini qeyd edilmişdir. Hakim qeyd edir ki, iddiaçı hərbi qulluqçu, cavabdeh isə inzibati orqan olduğu üçün, həmin münasibətlərdən irəli gələn mübahisələr inzibati xarakterlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati orqandır. Beləliklə hakim hesab edir ki, hazırki mübahisə inzibati orqanın qəbul edəcəyi inzibati akt ilə bağlı olduğundan, həmin iddia tələbinə aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəmədə - inzibati məhkəmədə baxılmalıdır. AR İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hakim həmçinin izah edir ki, iddiaçı hərbi qulluqçu kimi ehtiyata buraxılması ilə bağlı yaranan mübahisənin həll edilməsi üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd edilməklə verdiyi iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hərbi qulluqçu kimi ehtiyata buraxılması ilə bağlı yaranan mübahisənin həll edilməsi üçün müvafiq inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən X1 ödəmə vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə xx.xx.2025-ci il tarixdə ödənilmiş dövlət rüsumu – 100 (yüz) manat (ödəniş qəbzinin nömrəsi **********) geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar