Məhkəmə qərarları › İş №e-2(009)-1456/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1456/2022

05.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1456/2022 05.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 avqust 2022ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 092/22 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin və mediasiya xərcinə görə ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci ildə "xxxx" ASCdə işə qəbul olmuşdur və xx.xx.2022-ci il tarixədək fasiləsiz olaraq 5 ildən artıq müddətə həmin müəssisədə əmək fəaliyyətini davam etdirmişdir. Belə ki, 2017-ci ilin aprel ayında "xxxx" ASC-nin rəhbərliyi tərəfindən ona həmin şirkətlə əməkdaşlıq etmək barədə dəfələrlə şifahi və yazılı müraciətlər edildi. Sonuncu dəfə o 27 aprel 2017-ci tarixdə cavabdeh müəssisənin idarə heyətinin sədri cənab Fuad Allahverdiyevin imzası ilə təsdiq etdirilmiş əməkdaşlığa təşviq barədə rəsmi müraciət təqdim edildi. Nə qeyd edilən müraciətdə, nə də öncəki şifahi danışıqlarda onunla bağlanacaq əmək müqaviləsinin hər hansı müddətə bağlanması barədə heç nə bildirilmədi. Hətda qeyd etdiyi rəsmi təşviq məktubunda da onun 3 aylıq sınaq müddəti ilə işə qəbul edilməyi təklif edilmişdir. Ona ünvanlanmış sözügedən təşviq məktubundan sonra cavabdeh müəssisə ilə əməkdaşlığa razılıq verdi. Bundan sonra xx.xx.2017-ci il tarixdə cavabdeh müəssisə ilə aralarında əmək müqaviləsi bağlanıldı və o Satış Departamentinin Filial və Nümayəndəliklərin İdarəedilməsi şöbəsinin satış üzrə nümayəndəsi vəzifəsinə işə qəbul edildi. Həmin müəssisədə əməyin daimi xarakterli olduğunu nəzərə alaraq əmək müqaviləsinin də müddətsiz bağlanacağını qənaətində olduğundan müqavilənin şərtləri ilə yaxından tanış olmadı. Yalnız xx.xx.2017-ci il tarixdə cavabdehin insan resursları şöbəsinin əməkdaşları tərəfindən ona əmək müqaviləsinə 1 saylı əlavəni imzalamaq təklif edilərkən məlum oldu ki, əmək müqaviləsi 6 aylıq müddətə bağlanmışdır. Bundan sonra o cavabdehin rəhbər şəxsləri ilə görüşüb hansı səbəbdən əmək müqaviləsinin müddətli bağlandığına aydınlıq gətirmək istəyərkən onlar tərəfindən bildirildi ki, bu şirkətin ümimi qaydasıdır, bütün işçilərlə müddətli müqavilə bağlanılır və bu formal bir şərtdir, narahatçılığa heç bir əsas yoxdur. Lakin xx.xx.2022-ci il tarixdə cavabdeh müəssisənin insan resursları şöbəsindən onunla əlaqə saxlanılaraq xx.xx.2022-ci il tarixli 092/22 nömrəli əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixi sonuncu iş günü olduğu və həmin tarixdən əmək müqaviləsinə xitam verildiyi ona bildirildi. Baxmayaraq ki, xx.xx.2022-ci il tarixdə cavabdehlə aralarında bağlanmış əmək müqaviləsi üzrə əmək münasibətləri fasiləsiz olaraq 5 ildən artıq davam etdirildiyindən həmin əmək müqaviləsi müddətli bağlanmış olsa belə qanunvericiliyinin tələbinə əsasən müddətsiz əmək müqaviləsi hesab edilirdi. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, tərəflər arasında əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə deyil, xx.xx.2017-ci il tarixdə bağlanılmışdır. "xxxx" ASC tərəfindən 28 aprel 2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş, şəxs əmri imzalamaqla əmrlə tanış olmuş, surətini almış və həmçinin işçi ilə son haqq-hesab aparılmışdır. 2022-ci ilin 01 may tarixi istirahət günü olduğundan, 2, 3 may tarixi isə AR Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 375 saylı Qərarı ilə Ramazan bayramı olduğundan qeyri-iş günü olmuş, bu səbəbdən iddiaçının son iş günü xx.xx.2022-ci il tarix hesab edilmişdir. İddiaçı ilə "xxxx" ASC arasında bağlanılan əmək müqaviləsi müddətsiz hesab edilmir, çünki iddiaçı ilə bağlanan əmək müqaviləsi 5 il müddətdən artıq davam etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, cavabdeh işə müddətli əmək müqaviləsi ilə götürülmüşdür və həmin müddət də bitdikdən sonra işdən azad edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" ASCdə satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir ki, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında 01 may 2017-ci il tarixdən 01 noyabr 2017-ci il tarixədək 06 ay müddətinə bağlanmışdır. Əmək müqaviləsinin 2.5-ci bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdikdən sonra 1 həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, əmək müqaviləsinin müddəti avtomatik olaraq eyni şərtlərlə uzadılır. 28 aprel 2022-ci il tarixli 092/22 saylı əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı sınaq müddəti təyin edilməklə "xxxx" ASC-də satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ərizəsində cavabdeh ilə əmək münasibətlərinin fasiləsiz olaraq 5 il müddətinə davam etdiyini və bu səbəbdən tərəflər arasında bağlanmış əmək müqaviləsinin artıq müddətsiz əmək müqaviləsi hesab edildiyini göstərsə də, işin faktiki halları ilə iddiaçının qeyd etdiyi məqam öz təsdiqini tapmır. Belə ki, Əmək Məcəlləsinin 45.5-ci maddəsinin tələbinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi o halda müddətsiz əmək müqaviləsi hesab edilir ki, tərəflər arasında olan əmək münasibətləri fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etsin. Lakin iş materiallarından görünür ki, tərəflər 01 may 2017-ci il tarixdə əmək münasibətlərinə daxil olmuş və həmin münasibətlərə 5 illik müddəti doldurmazdan öncə 28 aprel 2022-ci il tarixdə birtərəflə qaydada xitam verilmişdir. Beləliklə, işəgötürən qanunvericiliyin tələbinə və əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçini əvvəlcədən xəbərdar etməklə onunla əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar