Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1481/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh AR Müdafiə Nazirliyinin N №-li hərbi hissənin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsinə qarşı “əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa, buraxılmış müddət üzrə əmək haqqının və dəymiş mənəvi zərər məbləğinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsinin 01.06.2020-ci il tarixli, 142 nömrəli işdən azad olunma haqqında əmrinin onunla bağlı hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının faizləri ilə birlikdə ödənilməsi, maddi və sağlamlığına dəyən zərər nəzərə alınmaqla 1 illik əmək haqqı miqdarında dəymiş zərərin ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 05.02.2001-ci il tarixindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbı Hissəsində mühəndis vəzifəsinə işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. 15 ildən çox müddətdir ki, eyni müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin vaxtdan bu günə kimi, öz işini yüksək səviyyədə icra etmiş, nöqsansız işçi kimi hər zaman digər işçilər üçün nümunə olmuşdur. İşlədiyi müddətdə barəsində heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Lakin bu qeyd olunanlara baxmayaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45ci maddəsinin 5-ci hissəsinin tələbləri nəzərə alınmadan onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinin müddəti 12.02.2020-ci il tarixində bitmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir tərəfin tələbi olmadığına görə onunla cavabdeh arasında olan əmək müqaviləsi davam etmişdir. Buna baxmayaraq, 01.06.2020-ci il tarixində Respublika Prezidentinin tapşırıqları, pandemiya dövrü nəzərə alınmadan onunla cavabdeh arasında olan əmək müqaviləsinə müddətinin bitməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi əsas göstərilərək xitam verilmiş və bugünkü tarixədək cavabdeh tərəfindən istifadə edilməyən məzuniyyət günlərinə görə məzuniyyət pulu üzrə son haqq-hesab həyata keçirilməmişdir. Bildirir ki, daim dövlətin inkişafı naminə əlindən gələni edən bir vətəndaş olaraq, dünyada bas verən pandemiya dövründə Respublika Prezidentinin, X1 və Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin tapşırıqları nəzərə alınmadan qanunvericiliyə zidd bir şəkildə işdən çıxarılmağı nəticəsində böyük sarsıntı keçirmiş, dünyada baş verən iqtisadi böhran və pensiya yaşına qısa müddət qalmış işdən çıxarılması, onun bu yasdan sonra iş tapmağını çətinləşdirmiş, maddi itkilərə məruz buraxılmışdır. Məhz bu səbəbdən sağlığı ilə bağlı problemlər yaşamış, diabet və təzyiq xəstəsi olan həyat yoldaşına baxmaqda çətinlik çəkmişdir. Onunla bağlanmış müqavilə qanunvericiliyin tələbləri nəzərə alınmadan müddətli bağlanmışdır. Halbuki Əmək Məcəlləsinin 45.1-ci maddəsinin tələbinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz hesab edilməli idi. Məhz bu səbəbdən də, müqavilənin müddətinin bitməsi ilə bağlı cavabdehlə bağlanmış onun əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verilə bilməz. Cavabdeh onunla müddətli əmək müqaviləsi bağlanmasına baxmayaraq, müddətli əmək müqaviləsinə xitam verilməsi üzrə qanunvericiliyin tələblərini pozaraq, müddətin bitməsindən 108 gün keçdikdən sonra xitam vermişdir. Halbuki müddətli əmək müqaviləsinə onun bitdiyi tarixdən etibarən bir həftə ərzində xitam verilə bilər. Bundan başqa, əmək qanunvericiliyinin tələbləri pozularaq, onunla bugünədək son haqq-hesab edilməmişdir. Bunları nəzərə alaraq, faizlər hesablanaraq ona dəymiş maddi ziyan üzrə ödəniş təmin edilməlidir. 07 iyun 2021-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, cavabdeh AR MN-nin N saylı hərbi hissənin 01.06.2020-ci il tarixli 142 nömrəli işdən azad olunma haqqında əmrinin onunla bağlı hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun əvvəlki işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının faizləri ilə birlikdə ödənilməsi, o cümlədən maddi, mənəvi və sağlamlığa dəyən ziyanı nəzərə alaraq 1 illik əmək haqqı miqdarında dəymiş zərərin cavabdeh tərəfindən iddiaçya ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşdirmə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək eləcə də bildirmişdir ki, iddiaçı ilə bağlanılmış müqavilə müddəti bitdikdən sonra da iddiaçı sərt karantin rejimində N saylı hərbi hissə komandanlığı tərəfindən iiş yerində əmək fəaliyyətini icra etmək üçün işə cəlb edilmiş və bu barədə ona arayış da verilmişdir. Ona görə də, hesab edir ki, iddiaçının işdən çıxarılması barədə əmr qanunsuz və əsassız olmuşdur. Cavabdeh AR Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N №-li hərbi hissənin nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı 05.01.2016-cı il tarixədək N nömrəli hərbi hissənin birləşmiş anbarlarda mühəndis kimi işləmiş, 05.01.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən hərbi hissə komandirinə ərizə ilə müraciət edərək işdən azad olmuş, 13.04.2016-cı il tarixdə N nömrəli hərbi hissə komandiri Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən (tərəflərin hüquqi bərabərlik prinsiplərinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) İddiaçı ilə 13.04.2016-cı il tarixli 99 nömrəli əmri ilə müqavilə imzalayaraq sonuncu N nömrəli hərbi hissənin texniki şöbəsinin mühəndisi vəzifəsinə qəbul edilmişdir. İddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin 45.1-ci maddəsinin tələblərinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə müddətsiz əmək müqaviləsi hesab edildiyini qeyd edərək, işdən qanunusuz azad edildiyini bildirsə də, iş üçün əhəmiyyət kəsb edən və hərbi hissənin arxivində saxlanılan sənədlərdən də, görünür ki, İddiaçı N nöməli hərbi hissədə N il ərzində əmək fəaliyyəti ilə məşğul olmuş, müqavilə müddəti bitdikdə o, Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən (müddətli əmək müqaviləsinin xitam verilməsi qaydası) əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Belə ki, İddiaçı N nömrəli hərbi hissənin birləşmiş anbarlarda mühəndis kimi işləmiş, 05.01.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən hərbi hissə komandirinə ərizə ilə müraciət edərək işdən azad olmuş, bundan sonra, o, işə qəbul olunmaq üçün N nömrəli hərbi hissə komandanlığına ərizə ilə müraciət etdikdən sonra hərbi hissə komandiri Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən (tərəflərin hüquqi bərabərlik prinsiplərinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) vətəndaş İddiaçı müraciətini nəzərə alaraq 120 nömrəli müqavilə əsasında 13.04.2016-cı il tarixdən 13.04.2017-ci il tarixədək bir il müddətinə işə qəbul olunmuş, bundan sonra onunla 13.04.2017-ci il tarixdən 13.04.2018-ci il tarixədək (188 nömrəli müqavilə), 13.04.2018-ci il tarixdən 13.04.2019-cu il tarixədək (258 nömrəli müqavilə), 13.04.2019-cu il tarixdən 13.04.2020-ci il tarixədək qarşılıqlı razılıq əsasında ümumilikdə N il olmaqla əmək müqaviləsi bağlanmış və müqavilələrin surəti ona təqdim edilmişdir. Bundan başqa 13.04.2020-ci il tarixdə S.B.Tarverdiyev ilə bağlanmış müddətli əmək müqaviləsinin qüvvədə olma müddəti bitdiyindən, həmin tarixdə hərbi hissə komandanlığına sonuncu ilə əmək müqaviləsinin artırılıb-artırılmaması barədə raport yazılaraq təqdim edilmiş, hərbi hissə komandanlığı Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinin xitam verilməsi qaydası) tələblərinə əsaslanaraq dərkanarı ilə İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə hərbi hissənin kadrlar şöbəsinə göstəriş vermişdir. Lakin 2020-ci ilin mart ayından 31.05.2020-ci il tarixədək Respublikada xüsusi karantin rejimi tətbiq olunduğundan İddiaçı əmək müqaviləsinə yalnız 01.06.2020-ci il tarixdə karantin bitdikdən sonra iş günü başladıqda xitam verilmişdir. Bununla yanaşı, onlar tərəfindən araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçılə bağlanmış əmək müqaviləsinin müddəti 13.04.2020-ci il tarixdə bitməsinə baxmayaraq, o, əmək fəaliyyətini davam etdirmiş, xüsusi karantin rejimi dövründə N saylı hərbi hissədə əmək fəaliyyətini icra etmək üçün hərbi hissə komandanlığı tərəfindən ona arayış da verilmişdir. Belə olduğu təqdirdə, iddia tələbini qismən, AR MN-nin N saylı hərbi hissənin 01.06.2020-ci il tarixli 142 nömrəli işdən azad olunma haqqında əmrinin İddiaçı bağlı hissədə ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi hissəsində qəbul etdiyini və həmin hissədə iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini, lakin qalan hissədə, yəni faizlərin ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbini qəbul etmədiyini bildirmiş, həmin hissədə iddianın təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan N nömrəli Hərbi hissə komandirinin 142 saylı 01.06.2020-ci il tarixli (nizami hissə üzrə) əmrindən çıxarışdan görünür ki, mülki işçi texniki şöbənin mühəndisi İddiaçı Bəysəfa oğlu ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə (müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə) əsasən 01 iyun 2020-ci il tarixdən xitam verilərək onun işdən azad edilməsi, İddiaçı Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əvvəlcədən istifadə etmədiyi (13.04.2019 - 01.06.2020-ci iş ili üçün) əsas məzuniyyətə görə 35 təqvim günü üçün pul əvəzi və son haqq-hesabı ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xxxxxxx0001X0 nömrəli 01.06.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi əsası: 73.1) Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İş materiallarına əlavə olunmuş N nömrəli Hərbi hissə komandirinin 99 saylı 13.04.2016-cı il tarixli (nizami hissə üzrə) əmrindən çıxarışdan görünür ki, İddiaçı Bəysəfa oğlu 13 aprel 2016-cı il tarixdən hərbi hissənin texniki şöbənin mühəndisi vəzifəsinə 2(iki) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş N nömrəli Hərbi hissə komandirinin 105 saylı 15.04.2019-cu il tarixli (nizami hissə üzrə) əmrindən çıxarışdan görünür ki, texniki şöbənin mühəndisi İddiaçı Bəysəfa oğlu ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti işçinin razılığı ilə 1 (bir) il müddətinə müddətli əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən 2019-cu ilin aprelin 13-dən 2020-ci ilin aprelin 12-dək uzadılmışdır. İş materiallarına əlavə edilmiş AR MN-nin N saylı hərbi hissə komandirinin birinci müavininin arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 02.04.2020-ci il tarixli 124 nömrəli qərarının 1 saylı əlavəsində MN-nin N nömrəli hərbi hissə əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli müəssisə kimi fəaliyyətinin davam etdirilməsinə icazə verildiyini nəzərə alaraq İddiaçı Bəysəfa oğlu iş yerində əmək fəaliyyətini icra etmək üçün işə cəlb edilmişdir. İş materiallarında olan 08.06.2021-ci il tarixli, N №-li N saylı hərbi hissənin arayışından görünür ki, hərbi hissə komandirinin müvafiq əmrinə əsasən 01.06.2020-ci il tarixində əmək müqaviləsinə xitam verilmiş mülki işçi İddiaçı Bəysəfa oğluna 2020-ci ilin may ayı üzrə əmək haqqı 515,02 manat, 2020-ci ilin istifadə edilməmiş məzuniyyətin 35 təqvim günü üçün isə 2020-ci ilin iyun ayında 588,72 manat pul kompensasiyası ödənilmişdir. İş materiallarında olan 08.05.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinin bağlandığı tarix 13.02.2019-cu il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 12.02.2020-ci il. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin "b" bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Yuxarıda göstərildiyi kimi, İddiaçılə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı Bəysəfa oğlu ilə N nömrəli Hərbi hissə komandiri arasında 13 aprel 2016-cı il tarixdə 120 saylı əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən S.B.Quliyeva Tanrıverdiyev (iki) ay sınaq müddəti ilə hərbi hissənin texniki şöbənin mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmaqla 01 il müddətinə, 13 aprel 2016-cı il tarixdən 13 aprel 2017-ci il tarixinədək bağlanılmışdır. Bundan sonra iddiaçı ilə qarşılıqlı razılıq əsasında 1 (bir) il müddətinə olmaqla 13.04.2017-ci il tarixdən 13.04.2018-ci il tarixədək 188 nömrəli müqavilə, 13.04.2018-ci il tarixdən 12.04.2019-cu il tarixədək 258 nömrəli müqavilələr bağlanmışdır. N nömrəli Hərbi hissə komandirinin 105 saylı 15.04.2019-cu il tarixli (nizami hissə üzrə) əmri ilə texniki şöbənin mühəndisi İddiaçı Bəysəfa oğlu ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti işçinin razılığı ilə 1 (bir) il müddətinə müddətli əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən 2019-cu ilin aprelin 13-dən 2020-ci ilin aprelin 12-dək uzadılmışdır. N nömrəli Hərbi hissə komandirinin 142 saylı 01.06.2020-ci il tarixli (nizami hissə üzrə) əmri ilə mülki işçi texniki şöbənin mühəndisi İddiaçı Bəysəfa oğlu ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə (müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə) əsasən 01 iyun 2020-ci il tarixdən xitam verilmişdir. Məhkəmə iclasında həmçinin sübutların tədqiqi ilə müəyyən edildi ki, əmək müqaviləsinin 01 il müddəti 12.04.2020-ci il tarixdə qurtarsa da, 12 aprel 2020-ci il tarixdən 01 iyun 2020-ci il tarixədək, yəni müqavilə müddəti bitdikdən sonra 1 ay 19 gün müddətində İddiaçı Bəysəfa oğlu öz əmək funksiyalarını yerinə yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş AR MN-nin N saylı hərbi hissə komandirinin birinci müavininin arayışından da görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 02.04.2020-ci il tarixli 124 nömrəli qərarının 1 saylı əlavəsində MN-nin N nömrəli hərbi hissə əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli müəssisə kimi fəaliyyətinin davam etdirilməsinə icazə verildiyini nəzərə alaraq İddiaçı Bəysəfa oğlu iş yerində əmək fəaliyyətini icra etmək üçün işə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh N nömrəli Hərbi hissə tərəfindən 12 aprel 2020-ci il tarixdən, yəni İddiaçı Bəysəfa oğlu ilə bağlanan 13 aprel 2019-cu il tarixli əmək müqaviləsi üzrə əmək münasibətləri davam etdirildiyindən və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni daha 01 (bir) il uzadılmış hesab olunur. Məhkəmə hesab edir ki, cavabdeh N saylı hərbi hissə tərəfındən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələbləri pozularaq, İddiaçı Bəysəfa oğlu ilə bağlanmış əmək müqaviləsi 13 aprel 2020-ci il tarixdən daha 1 il müddətinə uzadılmış hesab olunmasına baxmayaraq, əmək müqaviləsinə 01 iyun 2020-ci il tarixdə xitam verilməsi açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Əmək müqaviləsinin ləğv edilməsinin əsaslılığını təsdiq edən sübutların olmaması, onun ləğv edilməsi zamanı əmək qanunvericiliyinin pozulmasını təsdiq edir. Deməli, cavabdehin göstərilən hərəkətləri qanunsuzdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi hissəsində iddia tələbinin hüquqi əsası yoxdur və ona görə də, təmin edilməməlidir. Məhkəmə hesab edir ki, mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia da təmin edilə bilməz, belə ki, iddiaçı həmçinin əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı ona mənəvi ziyan dəyməsinə dair sübutları təqdim etmədi. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunauyğun surətdə xitam verilməmiş, cavabdeh tərəf isə iddiaya olan etirazın əsası kimi istinad etdiyi halları məhkəmə baxışı zamanı sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Tərəflər arasında bağlanmış müqavilədə həmçinin tərəflər bu razılığa da gəlmişlər ki, tərəflər bu əmək müqaviləsinin şərtlərini, Əmək Məcəlləsi ilə müəyyən edilən vəzifələrini, habelə biri digərinin qanuni mənafelərini və hüquqlarını pozarsa, təqsirkar tərəfin məsuliyyətə cəlb edilməsini müvaifq dövlət orqanlarından, mülkiyyətçidən tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi 01 iyun 2020-ci il tarixli 142 saylı əmri ona münasibətdə ləğv edilməklə, o əvvəlki iş yerinə bərpa olunmalı və ona məcburi işburaxmaya görə aylıq əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin 142 nömrəli 01.06.2020-ci il tarixli əmri İddiaçı aid hissədə ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi işburaxmaya görə əmək haqqı müəyyən edilmiş qaydada hesablanıb ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1481/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1481/2021
17.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver