Məhkəmə qərarları › İş №e-2(009)-1490/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1490/2025

25.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1490/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi M.B.Seyidovun, 3-cü şəxs 33 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi A.V.Əsədovun iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və 33 saylı Uşaq Musiqi Məktəbi 3-cü şəxs qismində cəlb edilməklə) əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı (33 saylı Uşaq Musiqi Məktəbinin direktoru X3 3-cü şəxs qismində cəlb edilməklə) əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 1987-ci ildən etibarən artıq 38 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur və bu müddət ərzində müxtəlif uşaq musiqi məktəblərində fortepiano müəllimi kimi çalışmışdır. Uzunillik təcrübəsi ərzində şagirdlərə musiqi biliklərinin ötürülməsi ilə yanaşı, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına xüsusi önəm vermişdir. Daim nizam-intizamlı olmuş, kollektivdə nümunəvi əməkdaş kimi tanınmışdır. O, xx.xx.1999-cu ildə ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində olan 33 saylı Uşaq Musiqi Məktəbi ilə əmək müqaviləsi bağlayaraq, fortepiano müəllimi vəzifəsinə qəbul edilərək, xx.xx.2025-ci il tarixinə qədər həmin vəzifədə müvəfəqiyyətlə çalışmışdır. O, əmək funksiyasını icra etdiyi həmin müddət ərzində nümunəvi işçi olmuş, işəgötürən tərəfindən barəsində heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Lakin, xx.xx.2025-ci il tarixində 33 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən, məktəbin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı əsasında onun tutduğu vəzifəyə "uyğun olmadığı" qərara alınmış və bu əsasla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə 25 nömrəli xitam əmri tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin (sərəncamın, qərarın) forması və məzmununa dair tələblər müəyyən edilmişdir. Həmin maddənin birinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, işəgötürənin faktiki fəaliyyət göstərdiyi ünvan, əmək müqaviləsinə xitam verilməsinin əsasları və digər məlumatlar göstərilməlidir. Hazırkı mübahisəyə dair materiallar təhlil edildikdə məlum olur ki, onun əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmr göstərilən tələblərə cavab vermir. Belə ki, əmrdə işəgötürənin adı, faktiki fəaliyyət göstərdiyi ünvan barədə məlumatlar qeyd edilməmiş, əmək müqaviləsinə xitam verilməsinin əsasları hüquqi baxımdan əsaslandırılmamışdır. Əmrin mətni əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd olunan hüquqi arqumentlər kontekstində belə qənaətə gəlmək olar ki, xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmr formaca və məzmunca Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun gəlmir. Hazırkı mübahisədə onun əmək müqaviləsi üzrə rəsmi işəgötürəni Bakı şəhər Mədəniyyət Baş İdarəsidir. Bu, fakt iddiaçının əmək müqaviləsi ilə də təsdiqlənir. Lakin xx.xx.2025-ci il tarixində onun əmək müqaviləsinə xitam verilməsi birbaşa 33 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Maraqlı şəxs tərəfindən imzalanmış əmr əsasında həyata keçirilmişdir. Halbuki, adıçəkilən məktəb işəgötürən statusuna malik olmayıb, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən struktur bölmədir və onun direktorunun əmək müqaviləsinə xitam vermək səlahiyyəti mövcud deyildir və Maraqlı şəxs belə bir səlahiyyətini təsdiq edən müvafiq sənədlər ona təqdim edilməmişdir. Odur ki, əmək müqaviləsinə xitam verilməsi səlahiyyətsiz orqan, yəni 33 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən həyata keçirildiyindən, bu əməl hüquqi baxımdan etibarsız hesab olunmalı və əmək münasibətlərinin xitamı qanunsuz sayılmalıdır. İş materiallarına əlavə edilmiş attestasiya vərəqəsinə nəzər salındıqda, onun attestasiyası zamanı attestasiya komissiyası tərəfindən aşağıdakı tapşırıqların verildiyi müəyyən edilmişdir: 1) Y.X6 ifa edilməsi; 2) Qamma E dur cis moll ifası; 3) Musiqi əsərini üzdən oxuma bacarığının nümayiş etdirilməsi. Göründüyü kimi yuxarıdakı punktlarda qeyd edilən tapşırıqların heç biri sual olmamaqla yanaşı tapşırıq xarakteri daşıyır və bununla da, qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən attestasiya proqramında praktik ifaçılığın da qiymətləndirilməsi nəzərdə tutulmuş olsa da, Qaydalara və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən, tapşırıqlar, icra hərəkətləri attestasiyanın keçirilməsi zamanı nəzərdə tutulmayaraq, yalnız sual verilməsi nəzərdə tutulmuşdur. AR Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Buradakı “əsaslandırmaq” anlayışı yalnız formallıq xatirinə ümumi bir istinad deyil, işçinin konkret fəaliyyətinə, peşə keyfiyyətlərinə, iş prosesində göstərdiyi nəticələrə dair konkret və məzmunlu arqumentlərlə dəstəklənmiş açıqlama deməkdir. Hazırkı mübahisədə təqdim olunmuş xx.xx.2025-ci il tarixli əmrdə isə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi haqqında heç bir əsaslandırmaya yer verilməmiş, sadəcə olaraq Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarına istinad edilərək, işçinin tutduğu vəzifəyə uyğun olmadığı qeyd olunmuşdur. Halbuki, bu təkbaşına yetərli deyildir və işəgötürən tərəfindən konkret olaraq attestasiya nəticələrinin hüquqi nəticə doğuracaq dərəcədə əsaslı olub-olmadığı, işçinin əmək funksiyalarım hansı məqamda yerinə yetirə bilmədiyi, onun fəaliyyətinin müəssisənin işinə necə mənfi təsir göstərdiyi, alternativ tədbirlərin mümkünlüyü (işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi, işçinin razılığı ilə onun başqa müvafiq vəzifəyə keçirilməsi) və bunların niyə tətbiq edilmədiyi barədə dəqiq və əsaslı məlumatlar göstərilməli idi. Beləliklə, əmr yalnız attestasiya qərarına istinad etməklə, əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinə dair konkret və hüquqi əsaslı izahat təqdim etmədiyindən, bu sənəd AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələblərinə ziddir və nəticə etibarilə, hüquqi baxımdan əsassız hesab edilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və ya işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilərdi. Bu normanın əsası əmək münasibətlərinin sabitliyinin qorunması, işçinin əmək hüququnun təmin edilməsi və işəgötürən tərəfindən sosial məsuliyyət prinsiplərinə əməl olunması məqsədi daşıyır. Yəni, əmək qanunvericiliyi işçiyə qarşı işdən azad edilmə tədbirini sonuncu variant olaraq nəzərdə tutur və alternativ tədbirlər qeyri-mümkün və ya qeyri-effektiv olduqda əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun ola bilər. Bu isə iddiaçının qanunvericiliklə qorunan maraqlarına zidd olmaqla yanaşı, həm də iddiaçıya qarşı subyektiv, qeyri-obyektiv və qərəzli mövqe nümayiş etdirir. Bildirir ki, onun sağlamlıq vəziyyəti ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. xx.xx.2023-cü il tarixində ona “bilək kanalı sindromu” (biateral kapral tunel sindromu) diaqnozu qoyulmuş və hər iki biləyindən cərrahi əməliyyat keçirmişdir. Məlumat üçün bildirir ki, karpal tunel sindromu (KTS) biləkdə yerləşən medial sinirin sıxılması nəticəsində yaranan sinir sıxılması sindromudur. Bu sinir baş barmaq, şəhadət, orta və adsız barmağın bir hissəsinin hissiyyatını və bəzi əzələlərin motor funksiyalarını təmin edir. Qeyd edilən xəstəlik - karpal tunel sindromu - biləkdə yerləşən medial sinirin sıxılması nəticəsində yaranır və sinirin qidalandırdığı barmaqlarda keyləşmə, ağrı, əzələ zəifliyi və motor funksiyalarda pozulma ilə müşayiət olunur. Onun fortepiano müəllimi kimi uzunmüddətli peşəkar fəaliyyəti bu xəstəliyin yaranmasına birbaşa səbəb olmuşdur. Fortepiano ifası zamanı əllər və biləklər davamlı olaraq uzunmüddətli təkrarlanan hərəkətlərə, biləyin əyilmiş vəziyyətdə saxlanmasına, vibrasiya və mexaniki gərginlik vəziyyətlərinə məruz qaldığından sözügedən xəstəlik, bu peşənin tələblərindən qaynaqlanan peşəvi risk faktoru sayılır və bu hal attestasiya və işdən azad edilmə prosesində nəzərə alınmalı mühüm tibbi amil idi. Hal-hazırda da o, xəstəliyi ilə bağlı mütəmadi müalicə alır. Belə ki, xx.xx.2025-ci il tarixində "xxxx" MMC (Saf Hospital) tərəfindən verilmiş arayışa əsasən, “pasiyent İddiaçı sağ və sol əldə olan ağrı şikayəti ilə müraciət etmişdir, pasiyent xx.xx.2023-cü il tarixində “ikitərəfli ağır dərəcəli karpal tunel sindromu" diaqnozu ilə cərrahi əməliyyat olunmuşdur. Pasiyent təkrar həkim neyrocərrah qəbulunda olmuşdur. Hal-hazırda pasiyentdə hər iki əlində nevroloji defisit qalmaqdadır. Məsləhət: Pasiyentə konservativ və fizioterapevtik müalicə təyin edildi, uzunmüddətli reabilitasiyaya ehtiyac var. Yaşayış yeri üzrə nevroloqun nəzarətinə göndərilir”. Bu vəziyyət birbaşa olaraq onun ifaçılıq qabiliyyətinə təsir etsə də, metodik tədris və şagirdlərə musiqi biliklərinin səmərəli şəkildə ötürülməsi fəaliyyətini fasiləsiz olaraq davam etdirmişdir. Həmçinin o, iddia edir ki, attestasiya vərəqəsində göstərilən 2 sual ümumiyyətlə Attestasiya Komissiyası tərəfindən ona ünvanlanmamışdır, habelə attestasiya prosesində üzvlər tərəfindən verilmiş sualların bir qismi onun əsas əmək funksiyası ilə birbaşa əlaqəli olmamışdır. Əmək müqaviləsi üzrə onun əmək funksiyaları aşağıdakılardır: Proqrama uyğun olaraq uşaqların musiqi tərbiyəsini həyata keçirmək, uşaqlarda musiqiyə maraq və məhəbbət hissinin yaranmasına, inkişafına, musiqi qabiliyyətinin formalaşdırılmasına xidmət etmək, pedaqoji kollektivlərlə və ailə ilə birlikdə uşaqların estetik tərbiyəsinin inkişafı üzrə işlər aparmaq, onlarda ümumi musiqi mədəniyyətinin, yaradıcılıq qabiliyyətinin formalaşdırılması ilə məşğul olmaq, musiqi məşğələləri, ədəbi-musiqili konsertlər, bayramlar təşkil edir, müxtəlif növ əyləncələrin hazırlanması və aparılmasında iştirak etmək, uşaqlara musiqi alətində çalmağı öyrətmək və onları bir orkestrdə birləşdirmək, musiqi fəaliyyətinin müxtəlif növləri üzrə uşaqlarla müntəzəm olaraq fərdi iş aparmaq, musiqi qabiliyyətinə malik istedadlı uşaqları aşkara çıxarmaq və onların inkişafına hərtərəfli təsir göstərmək, tərbiyəçiləri uşaqlarla musiqi məşğələləri aparmağa hazırlamaq, səhər idmanının keçirilməsində, kostyumların hazırlanmasında və zalın bayramsayağı tərtibində onlara köməklik göstərmək, uşaq və yaşlılarla apardığı işdə xalq musiqi alətlərindən və eləcə də müasir texniki vasitələrdən istifadə etmək, tərbiyə prosesində incəsənət ustalarının ifasında lentə yazılan klassik musiqili ədəbi əsərlərə geniş yer vermək, işçilərin musiqi mədəniyyətinin yüksəlməsinə kömək etmək. Attestasiya vərəqəsində qeyd edilmiş suallara nəzərə salsalar görə bilərlər ki, verilən sualların bir qismi onun əmək funksiyasına aid olmayan suallardır: a) 5-ci sualda öz əksini tapan “Y. Haydnın sonataları haqqında danışın" sualı ensiklopedik bilik sayılır. b) 6-cı sualda öz əksini tapan “Y.Haydnın neçə konserti var? " sualı konsert sayını əzbər bilmək heç bir pedoqoji məqsədə xidmət etmir. c)8-ci sualda öz əksini tapan “Vyana klassiklərindən daha kimlərin adını çəkə bilərsiniz? " sualı ümumi klassik musiqi biliklərinə aid sualdır. Fortepiano ixtisası üzrə müəllimin pedaqoji qabiliyyətini ölçmür. d) 9-cu sualda öz əksini tapan “Ay sonatasında hissələr klassik sonataya uyğun şəkildəmi verilib?" sualı formal musiqi nəzəriyyəsinə aid olmaqla, ümumiyyətlə, tədris proqramında öz əksini tapmamışdır və bu sual formalar nəzəriyyəsi fənninə aiddir. e) 13-cü sualda öz əksini tapan “Musa Mirzəyevin uşaq pyesləri" sualı Azərbaycan musiqi ədəbiyyatına aiddir. Uşaq pyeslərinin müəllifi haqqında konkret ad çəkmək tələb olunur - bu da konkret repertuar və ensiklopedik bilik sahəsidir, pedaqoji bacarıqdan çox xatırlama yaddaşı ilə bağlıdır. Onun pedoqoji fəaliyyəti dövründə müxtəlif səviyyəli musiqi festivallarında və konsertlərdə şagirdləri dəfələrlə iştirak etmiş və mükafatlar qazanmışdır. Bu nəticələr pedaqoji fəaliyyətinin yalnız nəzəri deyil, praktiki baxımdan da səmərəli və uğurlu olduğunu, şagirdlərinin inkişafına və musiqi təhsili sahəsində keyfiyyətli nəticələrin əldə olunmasına xidmət etdiyini sübut edir. 38 illik pedaqoji fəaliyyəti ərzində ixtisas sahəsini dərindən mənimsəmiş, fortepiano ixtisası üzrə müasir tədris metodlarını tətbiq etməklə şagirdlərinin musiqi təhsilinə sistemli və metodik yanaşmanı təmin etmişdir. Musiqi təhsili, metodik hazırlığı və uzunmüddətli pedaqoji təcrübəsi nəticəsində ixtisas sahəsində yüksək nəzəri və praktiki biliklərə yiyələnmişdir. Bu savad və biliklər yalnız şagirdlərinin fərdi inkişafına deyil, həm də ümumi təhsil keyfiyyətinə əhəmiyyətli töhfə vermişdir. Kollegaları və rəhbərlik tərəfindən hər zaman savadlı, prinsipial və nümunəvi müəllim kimi tanınmışdır. Əgər onun ixtisas və pedaqoji hazırlığı qeyri-kafi və ya savad səviyyəsi aşağı olsaydı, bu qədər uzun müddət - 38 il ərzində fortepiano müəllimi kimi fasiləsiz çalışmaq, onlarla şagirdin musiqi inkişafına töhfə vermək və müxtəlif festivallarda uğurlu nəticələr əldə etmək mümkün olmazdı. Bu fakt özü sübut edir ki, pedaqoji fəaliyyəti yalnız təcrübə ilə deyil, həm də yüksək ixtisas hazırlığı və peşəkar savadla müşayiət olunmuşdur. Bu səbəbdən də, onun hazırda tutduğu vəzifəyə guya uyğun olmaması barədə verilmiş qərar illərlə aparılmış səmərəli pedaqoji fəaliyyətin və əldə edilmiş real nəticələrin hüquqi və məntiqi baxımdan inkarı deməkdir. Bu cür yanaşma isə qanunvericiliyin obyektivlik və ədalətlilik prinsipləri ilə ziddiyyət təşkil edir. Bununla yanaşı, xx.xx.2014-cü il tarixində iddiaçı Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi məqsədilə keçirilən imtahanda iştirak edərək, qənaətbəxş qiymətləndirmə nəticəsi əldə etmişdir. Bu qiymətləndirmə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilmiş və onun məqsədi pedaqoji heyətin bilik səviyyəsinin və peşə hazırlığının obyektiv şəkildə müəyyən edilməsindən ibarət olmuşdur. Belə imtahanlar dövlət səviyyəsində təşkil olunan formal qiymətləndirmə vasitələri olmaqla müəllimlərin ixtisas uyğunluğunun və eləcə də pedaqoji fəaliyyətə yararlılığının müəyyən edilməsi üçün hüquqi əhəmiyyət kəsb edən sübut vasitələrindən sayılır. İddiaçının bu imtahanda iştirak etməsi və qənaətbəxş nəticə əldə etməsi onun peşəkar hazırlığının, nəzəri biliklərinin və pedaqoji səriştəsinin dövlət tərəfindən təsdiqləndiyini göstərir. Bu isə, öz növbəsində, onun tutduğu vəzifəyə uyğunluğu barədə sonrakı tarixdə - xüsusilə 2025-ci ildə - qəbul olunmuş mənfi məzmunlu attestasiya qərarının obyektivlikdən uzaq, şübhə doğuran və əvvəlki qiymətləndirmələrlə ziddiyyət təşkil edən bir yanaşma olduğunu sübut edir. Göstərilənləri nəzərə alaraq iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 25 nömrəli əmrin etibarsız hesab edilməsi, işə bərpa, işə bərpa olunan günədək məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi, hər gecikdirilmiş gün üçün ödənilməli olan əməkhaqqı məbləğinin bir faizi məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, attestasiya zamanı ona nəzəriyyədən suallar verilməməli idi. 10 bənddən ibarət attestasiya proqramı ilə tanış olmuş və ona uyğun olaraq hazırlaşmışdır. Sualların bəziləri həmin proqramdan kənar verilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, işəgötürən Bakı şəhər Mədəniyyət Baş İdarəsi olsa da, iddiaçını işdən azad olunması barədə əmri 33 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru qəbul etmişdir. Bu qanunvericiliyin tələblərinə ziddir. İşəgötürən olmadığı üçün həmin müəssisə atesstasiya komissiyasının yaratma səlahiyyətində də olmamışdır. Eyni zamanda komissiya üzvləri attestasiya keçirilən müəssisənin daha peşəkar əməkdaşlarından formalaşdırmalıdır, olmadığı təqdirdə digər təşkilatlardan üzvlər cəlb edilə bilər. Komissiya üzvlərinin məhz kənardan dəvət edilməsi əsaslandırılmamışdır. Digər tərəfdən komissiya üzvlərinin peşəkarlıq səviyyəsi də müəyyən edilməmişdir. İddiaçı bəzi komissiya üzvlərindən daha stajlıdır. Attestasiya zamanı yalnız şifahi sual-cavab olmalıdır. Pianinoda ifanın tələb edilməsi qanunsuzdur, normativ akta uyğun deyil. Attestasiya vərəqəsindəki sualların cavablandırılması da düzgün qeyd edilməmişdir. Bəzi suallar iki hissədən ibarət olsa da, iddiaçı tərəfindən bir hissəsinə cavab verilsə də, qeyri-məqbul kimi qiymətləndirilmişdir. Digər tərəfdən işdən azad olunma əmri yalnız attestasiyanın nəticəsinə əsaslanaraq verilmişdir, halbuki qanunvericilik işəgötürənə əmək müqaviləsinin zəruriliyini əsaslandırma olmasını nəzərdə tutur. Hesab edir ki, komissiya üzvləri iddiaçıya münasibətdə qərəzli olmuş və “iş fəaliyyətinə uyğun deyil” kimi onun fəaliyyətinə qiymət verilmiş, lakin bu nəticədə əsaslandırılmamışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, attestasiya qanuni əsaslarla həyata keçirilmiş, videogörüntüyə baxış keçirilmiş, heç bir qərəzdən söhbət gedə bilməz, qəbul edilən qərar qanuni olmuşdur. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs qismində işə cəlb edilmiş 33 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi və vəkili X4 öz izahatında göstərmişdir ki, Uşaq Musiqi, İncəsənət və Rəssamlıq Məktəblərinin Nümunəvi Əsasnaməsinə əsasən direktorun işçi götürmə və çıxarma səlahiyyəti vardır, həmçinin attestasiya komissiyasının yaratması barədə qərar qəbul etməsi də tam əsaslı olmuşdur. İşçinin attestasiyadan keçmədikdən sonra onun işdə qalıb-qalmaması işəgötürənin diskridision hüququdur, iddiaçının işdə qalması məqbul hesab edilməmişdir.Komissiya üzvləri kifayət qədər təcrübəli şəxslər olmuşdur, staj peşəkarlığı müəyyən edə bilməz. İddiaçının gətirdiyi dəlilləri əsassız hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, İddiaçı attestasiyası zamanı çəkilmiş CD-diskə baxış keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə "xxxx" MMC-nin ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ambulator müayinəyə “Bilək kanalı sindromu” diaqnozu ilə daxil olmuş, xx.xx.2023-cü il tarixdə “Median sinirin karpal tuneldə dekompressiyası” cərrahi müdaxilə edilmiş, cərrahi müdaxilə fəsadsız keçmiş, “Bilateral karpal tunel sindromu” diaqnozu qoyulmuşdur. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1999-cu il tarixdə 33 saylı Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə İddiaçı Davud qızı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətinə əsasən İddiaçı Davud qızı 33 nömrəli Uşaq Musiqi Məktəbə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul olunmuşdur (bənd 1.2). İşçiyə hər ay 784,58 manat əmək haqqı ödənilir (bənd 4.1). İş üzrə 33 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 76 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq 33 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyin ödənilmə dərəcələrinin verilməsi, artırılması və aşağı salınması, attestasiyalan keçmiş işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə 33 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsi təsdiq edilməsi (bənd 1), 33 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin attestasiyasını həyata keçirmək məqsədilə hər biri 5 nəfərdən ibarət 2 Attestasiya Komissiyasının yaradılması və tərkibləri təsdiq edilməsi (1 və 2 nömrəli əlavələr) (bənd 2), Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, 33 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2025-ci il fevralın 5-dən iyunun 5-dək attestasiyadan keçirilməsi (bənd 3) əmr edilmişdir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin surətindən görünür ki, Komissiyasnın fəaliyyətinin əsas məqsədi işçilərin peşəkarlıq səviyyəsinin yoxlamaq üçün attestasiyanı həyata keçirmək, attestasiya nəticələrini nəzərə alaraq, peşəkarlıq səviyyəsini artırmaq üçün təlimlərin istiqamətini və təlim iştirakçılarını müəyyən etmək, attestasiyadan keçmiş işçiləri vəzifədə irəli çəkmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək və qanunvericiliklə nəzərdə tutulan digər məsələlərə dair Məktəbin direktoruna tövsiyyələr verməkdir. Komissiyanın bu Əsasnamə ilə müəyyən olunmuş əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 3.1.1.Məktəbin hər bir işçisini əməyin xarakterinin və şəraitinin dəyişməsi halları istisna olmaqla 3 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməsi; 3.1.2.Attestasiyanın aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılması; 3.1.3.İşçilərin potensial və professional imkanlarından istifadə etmək mümkünlüyünü aşkara çıxarmaq, onların peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması; 3.1.4.Məktəbin hər bir İşçisinin tutduğu vəzifəsinə uyğunluğunu müəyyənləşdirmək, vəzifədə irəli çəkilməsi, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyat bazasının müəyyən edilməsi; 3.1.5.Komissiyanın fəaliyyəti çərçivəsində zəruri məlumatların yayılmasının qarşısının alınması üzrə tədbirlərin görülməsi; 3.1.6.Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyətin göstərilməsi. İş üzrə 33 nömrəli Uşaq musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli 08 nömrəli əmrin surətindən görünür ki, 33 nömrəli Uşaq musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 76 nömrəli əmrinə aşağıdakı dəyişikliklərin - əmrin 2-ci hissəsində “fortepiano və musiqi nəzəriyyəti ixtisasları” sözlərindən sonra “və digər bütün ixtisaslar” sözlərin əlavə edilməsi (bənd 1.1), “2” sözlərin çıxarılması (bənd 1.2), “Komissiası” sözü “Komissiyaları” sözü ilə, “(1 və 2 nömrəli əlavələr)” sözləri “(ə lavə olunur)” sözləri ilə əvəz edilməsi (bənd 1.3), əmrin 3-cü hissəsi aşağıdakı yeni redaksiyada verilməsi: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinə göstərilən işçilər istisna olunmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 33 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəlliməlri 2025-ci il fevral ayının 05-dən iyun ayının 05-dək, digər bütün ixtisaslar üzrə müəllimlər isə həmin ilin aprel ayının 01-dən dekabr ayının 30-dək attestasiyadan keçirilsinlər” – edilməsi əmr edilmişdir. İş üzrə 33 nömrəli Uşaq Musiqi Məktəbinin Fortepiano şöbəsinin müəllimi İddiaçı attestasiya üzrə xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsinin surətindən görünür ki, attestasiya vərəqəsinin “Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar”ını nəzərdə tutulan 7-ci bəndinə əsasən “1. Y.X6 – zəif ifa edildi. 2. Qamma Edur cis moll – zəif ifa edldi. 3. Cis moll qammasında uzun arpecioları ifa edin – vurğular düz qeyd edildi. 4. İfa edilən əsərin təhlili - əsas mövzu, köməkçi partiya və bağlayıcı hissələr göstərildi, ümumi təhlil edildi. Bağlayıcı hissələr hansı tonallıqdadır sualına – minor tonallığı yalnış cavabı verildi. 5. Y.Haydnın sonataları haqqında danışın – 52 sonatası var, ən məhşurları – cavab verə bilmədi. 6. Y.Haydnın neçə konserti var – qeyri-dəqiq cavablandırıldı 30 və 50 ədədləri arasında düzgün cavab seçməyi düşünürdü. 7. Haydn hansı yenilikləri gətirmişdir – cavab verə bilmədi. 8. Vyana klassiklərindən daha kimlərin adını çəkə bilərsiniz – Motsart və Bethoven adları düzgün qeyd edildi. 9. Ay sonatasında hissələr klassik sonataya uyğun şəkildəmi verilib, yoxsa hansısa dəyişkilikmi edilib cavab verilmədi. 10. Azərbaycanlı pianistlər – F.Bədəlbəyli, M.Adıgözəlzadə və s.adları düzgün qeyd edildi. 11. Akkordlarla applikaturanı uşaqlara necə öyrədirsiniz – akkordlarda düzgün barmaqlar və əlin düzgüq qoyuluşuna fikir verirəm cavab verildi. 12. Akkordların tədrisində tərkibindən danışırsınızmı – qeyri-dəqiq cavab verildi. 13. Musa Mirzəyevin uşaq pyesləri – cavab verə bilmədi. 14. Uzdən oxu – zəif ifa edildi” kimi qeydlər göstərilmişdir. Attestasiya vərəqəsinin “Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi”ni nəzərdə tutulan 10-cu bəndinə əsasən Attestasiya komissiyası tərəfindən “İş fəaliyyətinə uyğun deyil” kimi qeyd edilmişdir. Attestasiya vərəqəsinin “Attestasiyanın nəticələrinə görə müəssisə rəhbərinin qərarı və onun qəbul olunduğu tarix”i nəzərdə tutulan 13-cü bəndinə əsasən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilir, əmr No25, xx.xx.2025” kimi qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025ci il tarixli 01 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Bakı şəhəri 33 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024cü il tarixli 76 nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmış, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasına qədər Bakı şəhər 33 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 76 nömrəli əmri ilə təsdiq edilərək, attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin xx.xx.2024-cü il tarixli 76 nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. Qeyd olunanlara əsasən məktəbin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdə attestasiyaya dəvət edilmişdir. İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 14 ədəd sual verilmişdir. İddiaçı həmin suallardan 7 ədədinə cavab verə bilməmiş, 4 ədədinə qismən cavab vermiş, yalnız 3 ədədinə tam cavab verə bilmişdir. Bununla yanaşı, İddiaçı praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində üzdən oxunun ifa olunması təklif edilmiş, lakin İddiaçı həmin əsəri zəif ifa etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı şəhər 33 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır. İş üzrə 33 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli 25 nömrəli əmrin surətindən görünür ki, Bakı şəhər 33 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası xx.xx.2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığını qərara alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin o, Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilmiş hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir. Bakı şəhər 33 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarını və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığını nəzərə alaraq Bakı şəhər 33 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Əmrin əsası kimi Bakı şəhər 33 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 1 nömrəli protokolu göstərilmişdir. İş üzrə "xxxx" MMC-nin SAF Hospital tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 155 nömrəli arayışın surətindən görünür ki, pasiyent İddiaçı xx.xx.2025-ci il tarixdə "xxxx" MMC SAF Hospital klinikasına sağ və sol əldə olan ağrı şikayəti ilə müraciət etmişdir. Pasiyent xx.xx.2023-cü il tarixdə “İkitərəfli ağır dərəcəli karpal sindromu” diaqnozu ilə cərrahi əməliyyat olunmuşdur. Pasiyent təkrar həkim neyrocərrah qəbulunda olmuşdur. Hazırda pasiyentdə hər iki əlində nevroloji defisit qalmaqdadır. Məsləhət: Pasientə konservativ və fizioterapevtik müalicə təyin edildi, uzunmüddətli reabilitasiyaya ehtiyac var. Yaşayış yeri üzrə nevroloqun nəzarətinə göndərilir. İş üzrə Bakı 2 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/2-00389/25 saylı arayışından görünür ki, İddiaçı əlavə iş maaşlarına görə ödənilməmiş pul tələbi və sağlamlığa görə dəymiş zərərə görə təzminatın ödənilməsi tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə 11.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1999-cu il tarixdən 33 nömrəli Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 33 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyadan keçirilməsi ilə bağlı komissiya yaradılmış və komissiya tərəfindən məktəbin fortepiano müəllimi vəzifəsində çalışan İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün suallar verilmişdir. İddiaçı 14 sualdan 7 sualına cavab verə bilməmiş, 4 sualına qismən cavab vermiş, yalnız 3 sualına tam cavab verə bilmişdir. İddiaçı praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində üzdən oxunun ifa olunması təklif edilmiş, lakin iddiaçı həmin əsəri zəif ifa etmişdir. Həmin attestasiyada İddiaçı cavabları attestasiya komissiyasını qane etməmiş və komissiya tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun olmaması qənaətinə gəlinmiş, keçirilmiş attestasiyanın nəticələrinə görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixdə əmr qəbul edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. O, 1987-ci ildən etibarən artıq 38 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur və bu müddət ərzində müxtəlif uşaq musiqi məktəblərində fortepiano müəllimi kimi çalışmışdır. Uzunillik təcrübəsi ərzində şagirdlərə musiqi biliklərinin ötürülməsi ilə yanaşı, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına xüsusi önəm vermişdir. Daim nizam-intizamlı olmuş, kollektivdə nümunəvi əməkdaş kimi tanınmışdır. O, xx.xx.1999-cu ildə ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində olan 33 saylı Uşaq Musiqi Məktəbi ilə əmək müqaviləsi bağlayaraq, fortepiano müəllimi vəzifəsinə qəbul edilərək, xx.xx.2025-ci il tarixinə qədər həmin vəzifədə müvəfəqiyyətlə çalışmışdır. O, əmək funksiyasını icra etdiyi həmin müddət ərzində nümunəvi işçi olmuş, işəgötürən tərəfindən barəsində heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Lakin, xx.xx.2025-ci il tarixində 33 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən, məktəbin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı əsasında onun tutduğu vəzifəyə "uyğun olmadığı" qərara alınmış və bu əsasla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı mübahisədə təqdim olunmuş xx.xx.2025-ci il tarixli əmrdə isə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi haqqında heç bir əsaslandırmaya yer verilməmiş, sadəcə olaraq Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarına istinad edilərək, işçinin tutduğu vəzifəyə uyğun olmadığı qeyd olunmuşdur. Onun sağlamlıq vəziyyəti ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. xx.xx.2023-cü il tarixində ona “bilək kanalı sindromu” (biateral kapral tunel sindromu) diaqnozu qoyulmuş və hər iki biləyindən cərrahi əməliyyat keçirmişdir. Onun fortepiano müəllimi kimi uzunmüddətli peşəkar fəaliyyəti bu xəstəliyin yaranmasına birbaşa səbəb olmuşdur. Fortepiano ifası zamanı əllər və biləklər davamlı olaraq uzunmüddətli təkrarlanan hərəkətlərə, biləyin əyilmiş vəziyyətdə saxlanmasına, vibrasiya və mexaniki gərginlik vəziyyətlərinə məruz qaldığından sözügedən xəstəlik, bu peşənin tələblərindən qaynaqlanan peşəvi risk faktoru sayılır və bu hal attestasiya və işdən azad edilmə prosesində nəzərə alınmalı mühüm tibbi amil idi. Hal-hazırda da o, xəstəliyi ilə bağlı mütəmadi müalicə alır. Attestasiya vərəqəsində göstərilən 2 sual ümumiyyətlə Attestasiya Komissiyası tərəfindən ona ünvanlanmamışdır, habelə attestasiya prosesində üzvlər tərəfindən verilmiş sualların bir qismi onun əsas əmək funksiyası ilə birbaşa əlaqəli olmamışdır. Onun pedoqoji fəaliyyəti dövründə müxtəlif səviyyəli musiqi festivallarında və konsertlərdə şagirdləri dəfələrlə iştirak etmiş və mükafatlar qazanmışdır. Bu nəticələr pedaqoji fəaliyyətinin yalnız nəzəri deyil, praktiki baxımdan da səmərəli və uğurlu olduğunu, şagirdlərinin inkişafına və musiqi təhsili sahəsində keyfiyyətli nəticələrin əldə olunmasına xidmət etdiyini sübut edir. 38 illik pedaqoji fəaliyyəti ərzində ixtisas sahəsini dərindən mənimsəmiş, fortepiano ixtisası üzrə müasir tədris metodlarını tətbiq etməklə şagirdlərinin musiqi təhsilinə sistemli və metodik yanaşmanı təmin etmişdir. Əgər onun ixtisas və pedaqoji hazırlığı qeyri-kafi və ya savad səviyyəsi aşağı olsaydı, bu qədər uzun müddət - 38 il ərzində fortepiano müəllimi kimi fasiləsiz çalışmaq, onlarla şagirdin musiqi inkişafına töhfə vermək və müxtəlif festivallarda uğurlu nəticələr əldə etmək mümkün olmazdı. Bu səbəbdən iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 25 nömrəli əmrin etibarsız hesab edilməsi, işə bərpa, işə bərpa olunan günədək məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi, hər gecikdirilmiş gün üçün ödənilməli olan əməkhaqqı məbləğinin bir faizi məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “c” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüquqları vardır. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “a” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən:

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olub-olmadığını müəyyən etmək məqsədilə keçirilir. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş və praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində üzdən oxunun ifa olunması təklif edilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərləri ifa etmə komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Qeyd edilənlər baxış keçirilmiş videogörüntüdə də təsdiq olunmuşdur. Məhkəmə iclasında iddiaçının sağ və sol əlində aparılmış cərrahi əməliyyat ilə əlaqədar piano alətində ifa zamanı çətinliyi bununla əlaqədar olmasını bildirsə də, videogörüntüdə iddiaçının özü tərəfindən gətirilmiş və etdiyi ifa zamanı belə çətinlik müşahidə olunmamışdır. Komissiya tərəfindən təqdim olunan əsərin zəif ifa edilməsi müşahidə olunmuş və bu hal komissiya üzvləri tərəfindən dəyərləndirilmişdir. Eyni zamanda məhkəməyə təqdim olunan komissiya üzvlərinin tutduğu vəzifələr kifayət qədər peşəkarların komissiya üzvlüyünə cəlb edilməsini təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması ilə bağlı yaradılmış attestasiya komissiyası və həyata keçirilmiş attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olduğundan və attestasiya keçirilərkən qanunun göstərilən tələblərinin pozulması halları aşkar olunmadığından, cavabdeh attestasiya komissiyasının qiymətləndirilməsi barədə tövsiyyəsini nəzərə alaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində tam səlahiyyətli olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinini «c» bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə xx.xx.2025-ci il tarixli əmri tam qanuni olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və işburaxma müddətinin hər gün üçün ona əmək haqqının 1% məbləğində pul vəsaitinin verilməsi barədə tələblərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbləri bu hissələrdə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və 33 saylı Uşaq Musiqi Məktəbi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 25 nömrəli əmrin etibarsız hesab edilməsi, işə bərpa, işə bərpa olunan günədək məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi, hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqı məbləğinin bir faizi məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar