Məhkəmə qərarları › İş №e-2(009)-1552/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1552/2023

20.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1552/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və ötən aylara görə ödənilmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və ötən aylara görə ödənilmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR- AQŞ MMC üzərinə onu işdən çıxarması barədə 25 aprel 2023-cü il tarixli, İR-İR-351/23 saylı əmrin ləğv edilməsi, ötən aylara görə ödənilməmiş əmək haqqının ödənilməsi və əvvəlki işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, 16 noyabr 2016-cı ildən CavabdehMMC-də sürücü vəzifəsində işləmişdir. SOCAR-AQŞ MMC 25 aprel 2023-cü il tarixli, İR-İR-351/23 saylı əmrə əsasən Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsini, 83-cü maddəsini rəhbər tutaraq həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin B bəndinə əsasən əmək müqaviləsi müddətinin qurtarması əsası ilə xitam vermişdir. Bildirmək istəyir ki, atası X7 xx.xx.2016-cı il tarixdə SOCAR AQŞ MMC-də iş müddətində əmək funksiyalarının icrası zamanı suda batma nəticəsində vəfat etmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı akt tərtib edilmişdir. Atası əməyin mühafizəsi qaydalarının SOCAR AQŞ tərəfindən təmin edilməməsi ucbatından həlak olmuşdu. Bundan sonra SOCAR AQŞ MMC onu işlə təmin etmişdir. Təyin olunduğu vaxtdan sürücü vəzifəsində çalışırdı. Lakin hazırda o, heç bir səbəb olmadan vəzifənin icrasından kənarlaşdırılaraq işə buraxılmır. SOCAR AQŞ MMC-nin xitama qədər ona ünvanlandığı xəbərdarlıq məktubuna nəzərə salarkən məlum olur ki, guya o, heç bir məcburiyyət altında qalmadan xx.xx.2022-ci il tarixdə işəgötürənə müraciət edərək müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilərək xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Halbuki o, könüllü sürətdə və heç bir vəclə belə bir ərizə ilə işəgötürənə müraciət etməzdi. Bu məsələdə təbii olaraq savadsızlığından sui-istifadə edilmişdir. Xəbərdarlıq müddətində guya ixtisası nəzərə alınmaqla müvafiq işə götürülmək imkanları araşdırılaraq ona takelajçı peşəsində işləmək təklif olunmuşdur. Lakin hesab edir ki, bu onun peşəsinə bərabər tutulan peşələr sırasında daxil deyildir. Buna görə də tərəfindən həmin təklif rədd edilmişdir. Bundan başqa SOCAR AQŞ MMC-də sürücü vəzifəsi üzrə iş həcminin mövcud olmadığı bildirilir. Halbuki o, orda işlədiyi müddətdə də işdən çıxarılan sürücülərin ştat vahidləri ixtisara salınmadan onların əvəzinə yeni sürücülər işə qəbul olunurdu. Başqa sözlə, sürücü olaraq onun ixtisara salınmağı süni xarakter daşıyır və heç bir istehsalat zərurətindən irəli gəlmir. Hesab edir ki, ona qaşı qarşı baş vermiş qanunsuzluq, yəni müddətsiz əmək müqaviləsiin onun razılığı olmadan və ya aldatma yolu ilə ona müddətli əmək müqaviləsi ilə əvəz olunmasına dair imzalatdırılması konstitusion hüquqlarını ciddi mənada pozulması deməkdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin işçilərin ixtisarı ilə bağlı xəbərdar edildikdən sonra ona 6 ay vaxt verilməsini istədiyindən əmək müqaviləsinin müddətli əmək müqaviləsinə dəyişdirilməsi ilə bağlı ərizənin özü tərəfindən imzalandığını göstərmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndələri X3 və X2 iddia ərizəsinə etirazlarını bildirir və İddiaçı iddia ərizəsinə münasibətdə aşağıda qeyd edilənlərə əsasən etirazlarını bildirərək iddianın təmin edilməməsinə dair etirazın məzmununa uyğun izahat verərək izahatlarında göstərmişlər ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq X6 Xidməti tərəfindən təhqiq olunmuş və "xxxx" tərtib edilmişdir. Daha sonra SOCAR-AQŞ Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi humanist addım ataraq bədbəxt hadisə nəticəsində həlak olmuş X4 oğlu İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 1 (bir) il müddətinə sürücü peşəsinə işə qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddəti bitdikdən sonrakı 1 (bir) həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə 5 dəfə uzadılmış və bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilmişdir. Lakin son vaxtlar Cəmiyyətdə is həcminin arzuolunan səviyyədə və iqtisadi durumun qənaətbəxş olmaması səbəbindən 27 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələb və qaydalarına uyğun olaraq işçilərin sayının, o cümlədən onun peşəsinin ixtisarı ilə bağlı 6 (altı) həftə qabaqcadan İddiaçı xəbərdarlıq verilmişdir. Xəbərdarlıq müddətində İddiaçı ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla müvafiq işə (vəzifəyə) götürülmək imkanları araşdırılaraq xx.xx.2022-ci il tarixində ona takelajçı peşəsində işləmək təklif edilmişdir. Daha sonra İddiaçı təkliflə tanış olmuş, lakin təkliflə razı olmadığı (imtina etdiyi) üçün xx.xx.2022-ci il tarixində işəgötürənə yazılı müraciət edərək, onun müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilərək xx.xx.2022-ci il tarixindən 6 ay müddətinə bağlanılmasını və xx.xx.2023-ci il tarixində xitam verilməsini xahiş etmişdir. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq işçinin müraciətini təmin etmiş və işçinin əmək müqaviləsinə edilmiş dəyişikliklər “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmişdir. Bildirirlər ki, hazırda SOCAR-AQŞ MMC-də sürücü peşəsi üzrə tələb olunan iş həcmi məhduddur və şikayətçinin bu peşə üzrə əmək funksiyalarının icrasına ehtiyac yoxdur. Əlavə olaraq bildirirlər ki, - Socar-AQŞ MMC-nin «Bazar iqtisadiyyatı şəraitində rəqabət qabiliyyətinin aşağı düşməsi, iş həcinin azalması və yaranmış iqtisadi sətinliklirlər əlaqədar işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan əsaslarla (ixtisar edilmiş daxil olmaqla) əmək müqavilələrinə mərhələri xx.xx.2022-ci il tarixli olmaqla xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli PR-1540/22-1 saylı protokola əsasən Socar-AQŞ MMC-də əsas istehsal sahələrinin rəhbər və mütəxəssislərinin iştirakı ilə xx.xx.2022-ci il tarixində yığıncaq keçirilmiş və Cəmiyyətin bazar iqtisadiyyatı şəraitində rəqabət qabiliyyətliyinin aşağı düşməsi məsələləri müzakirə edilmişdir. İclasda qeyd edilmişdir ki, hazırda bir neçə platformlarda iş həcminin əhəmiyyətli dərəcədə azalması və ya başa çatdırılması, həmçinin Cəmiyyətin maliyyə vəziyyətinin əhəmiyyətli şəkildə azalması, yeni layihə və sifarişlərin olmaması nəticəsində Cəmiyyətin gəlirləri əsaslı şəkildə azaldılmışdır. Qeyd olunanları nəzərə alaraq və yaranmış iqtisadi çətinliklərlə bağlı mərhələli şəkildə işçilərin ixtisar edilməsi, həmçinin müddətli əmək müqavilələrinin müddətinin uzadılmaması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin İ hissəsinin "xxxx" bəndini 73-cü maddəsinin İ hissəsini, 77-ci maddəsinə əsasən Socar-AQŞ MMC xx.xx.2022-ci ildə keçirilmiş yığıncaqda qərara alınmışdır ki, Socar-AQŞ MMC-də iş həcminin azalması və yaranmış tqtisadi çətnliklərlə əlaqədar işdə saxamasına üstünlük verilən işçilər nəzərə alınmaqla əmək qanunverixiliyi ilə SOCAR- AQŞ MMC-də iş həcminin azalması və yaranmış iqtisadi çətinliklərlə əlaqədar işdə saxlanmasına üstünlük verilən işçilər nəzərə alınmaqla, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla bazalarda və platformalarda çalışan işçilərin sayı azaldılsın və müddətli əmək müqavilələrinin müddəti bitdikdə həmin müqavilələr növbəti müddətə uzadılmasın. Həmçinin də SOCAR-AQŞ MMC-də iş həcminn azalması və yaranmış iqtisadi çətinliklərlə bağlı işçilərin ixtisar edilməsi zərurəti ilə əlaqədar əsas istehsal sahələrinin rəhbər və mütəxəssislərin iştirakı ilə xx.xx.2023-cü il tarixində keçirilmiş yığıncağın rəyini və Cəmiyyətin bazar iqtisadiyyatı şəraitind rəqabət qabiliyyətliyinin aşağı düşməsini, həmçinin hazırda Ümid-1, Günəşli-11, Qərbi Abşeron-10 saylı platformlarda iş həcmi əhəmiyyətli dərəcə azalmasını və sonlandırılmasını, bununla da Cəmiyyətin gəlirlərinin əhəmiyyətli şəkildə azalmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci madəsinin 1-ci hissəsinin b) bəndinə, 70-ci maddəsinə, 71-ci maddəsinin 1-ci və 3-cü hissələrinə, 77-ci maddəsinə və 78-ci maddəsinin 1-ci hissəsinə əsasən SOCAR-AQŞ MMC-nin 16 mart 2023-cü il 1048/23-1 saylı “Bazar İqtisadiyyatı şəraitində rəqabət qabiliyyətliyinin aşağı düşməsi, iş həcminin azalması və yaranmış iqtisadi çətinliklərlə əlaqədar işçilərin ixtisar edilməsi haqqında” əmrinə əsasən SOCAR- AQŞ MMC-də iş həcminin azalması və yaranmış iqtisadi çətinliklərlə əlaqədar işdə saxlanmasına üstünlük verilən işçilər nəzərə alınmaqla, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla bazalarda və platformalarda çalışan işçilərin sayı azaldılmışdır. Yuxarıda qeyd edilənlər, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək normalarının yaxşılaşdırılması halı olaraq işçinin maddi-sosial vəziyyəti nəzərə alınaraq, onun sürücü peşəsində qalmaqla əmək haqqının əmək funksiyalarını icra etmədiyi (işə gəlmədiyi) halda əmək müqaviləsinin müddəti bitənədək tam məbləğdə saxlanılması tərəflərindən təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddəti bitdikdə İddiaçı əmək müqaviləsinə qanunauyğun qaydada xitam verilmişdir. İddiaçı cavabdeh SOCAR-AQŞ MMC-yə qarşı “əmrin ləğv edilməsi, ötən aylara görə ödənilməmiş əmək haqqının ödənilməsi və əvvəlki işə bərpa olunması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - SOCAR-AQŞ MMC-nin sürücü İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli «işçi ştanının ixtisarı ilə bağlı xəbərdarlıq barədə» məktubunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin İ hissəsinin «a» bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar olaraq tutduğunuz Sürücü peşəsində çalışan işçi sayının qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilməsi nəzərdə tutulur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə münasibətdə 5 ildən 10 ilədək əmək stajına malik olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğu) vaxtdan etibarən altı təqvim həftəsi qabaqcadan çalışdığı sürücü peşəsinin ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilirsiniz. Xəbərdarlılıq müddəti ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 gün iş axtarmağa ona imkan yaradılır. - SOCAR-AQŞ MMC-nin sürücü İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli xx.xx.2022ci il tarixli işçilərin sayının ixtisarı ilə bağlı xəbərdarlığa əlavədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar olaraq ona ixtisar ediləcəyi haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Yuxarıda qeyd edilən tələb rəhbər tutularaq işəgötürən tərəfindən peşəsi, sənəti nəzərə alınaraq əvvəlki əmək haqqı saxlanılmaqla ona takelajçı peşəsində işləmək təklif olunur. Ona ixtisar ediləcəyi haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıqda nəzərdə tutulan xəbərdarlıq müddəti başa çatanadək takelajçı keçib-keçməyəcəyi barədə münasibət bildirməsi xahiş olunmuşdur. - İddiaçı SOCAR-AQŞ MMC-nin baş direktoruna yazdığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, bildirir ki, SOCAR-AQŞ MMC-i ilə bağladığı əmək müqaviləsi müddətsizdir. Gələcək şəxsi planları ilə bağlı xx.xx.2022-ci il tarixi ilə onunla bağlanmış əmək müqaviləsinin müəyyən müddətə bağlanılmaq şərti ilə 6 ay müddətinə uzadılaraq xx.xx.2023-cü il tarixində xitam verilməsini xahiş etmişdir. - İddiaçı ilə SOCAR-AQŞ MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1086/KS №li əmək müqaviləsinə dəyişklikdən görünür ki, əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2022-ci il tarixindən 2.1 bəndi aşağıdakı redaksiyada verilmişdir: 2.1 bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci cümləsinə və 45-cı maddəsinin 6-cı hissəsinə əsasən xx.xx.2016-cı il tarixli 1086/KS №li əmək müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixinədək uzadılır. - SOCAR-AQŞ MMC-nin sürücü İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, SOCAR-AQŞ MMC-də iş həcminin arzu olunan səviyyədə və iqtisadi durumu qənaətbəxş olmadığı səbəbindən ona xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin İ hissəsinin tələb və qaydalarına uyğun olaraq işçi sayının ixtisarı ilə bağlı altı həftə qabaqcadan xəbərdarlıq verilmişdir. Xəbərdarlıq müddətində ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqlı müvafiq işə * vəzifəyə) götürülmək imkanları araşdırılaraq xx.xx.2022-ci il tarixində ona takelajçı peşəsində işləmək təklif edilmişdir. Bu təkliflə tanış olmuş və xx.xx.2022-ci il tarixində işəgötürənə yazılı müraciət edərək Cəmiyyətlə bağlanılmış müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsi ilə əvəz edərək xx.xx.2022-ci il tarixindən 6 ay müddətinə bağlanılmasını və xx.xx.2023-cü il tarixində xitam verilməsini xahiş etmidir. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq müraciətini təmin etmiş və onunla imzalanmış əmək müqaviləsinə edilmiş dəyişikliklər “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmişdir. Bildirilir ki, hazırda SOCAR-AQŞ MMC-də onun çalıdığı sürüxü peşəsi üzrə iş həcmi mövcud deyil və bu peşə üzrə əmək funksiyalarının icrasına ehtiyac yoxdur. Yuxarıda qeyd edilən amillər, eləcə də, onun sosial vəziyyətini nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin İİ hissəsinə uyğun olaraq maddi təminatının yaxşılaşdırmaq, əmək haqqının ödənilməsini təmin etmək məqsədi ilə çalışdığı peşədə qalmaqla və əmək haqqı, məzuniyyət hüquqları saxlanılmaqla əmək funksiyasının icrasından azad edilmişdir. - SOCAR-AQŞ MMC-nin 25 aprel 2023-cü il İR-351/23 saylı «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsini və 83-cü maddəsini rəhbər tutaraq Cavabdehndə sürücü peşəsində işləyən İddiaçı əmək müqaviləsinə 25 aprel 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi, Əmək haqqının hesablanması üzrə məsul şəxsə tapşırılsın ki, İddiaçı sonuncu iş günü son haqq-hesab ödənişi verilərkən istifadə etmədiyi 9.26 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilməsinin təmin edilməsi, İnsan Kapitalı bölməsinin əməkdaşına əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək kitabçasına, ƏMAS-da müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının işçiyə işdən azad olduğu gün müvafiq qaydada verilməsinin həvalə edilməsi əmr edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 1 (bir) il müddətinə sürücü peşəsinə işə qəbul edilmiş, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə 5 dəfə uzadılmış və bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilmişdir. 27 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələb və qaydalarına uyğun olaraq işçilərin sayının, o cümlədən onun peşəsinin ixtisarı ilə bağlı 6 (altı) həftə qabaqcadan İddiaçı xəbərdarlıq verilmişdir. Xəbərdarlıq müddətində İddiaçı ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla müvafiq işə (vəzifəyə) götürülmək imkanları araşdırılaraq xx.xx.2022-ci il tarixində ona takelajçı peşəsində işləmək təklif edilmişdir. Daha sonra İddiaçı təkliflə tanış olmuş, lakin təkliflə razı olmadığı (imtina etdiyi) üçün xx.xx.2022-ci il tarixində işəgötürənə yazılı müraciət edərək, onun müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilərək xx.xx.2022-ci il tarixindən 6 ay müddətinə bağlanılmasını və xx.xx.2023-ci il tarixində xitam verilməsini xahiş etmişdir. İddiaçının müraciəti təmin edilmiş və onun əmək müqaviləsinə edilmiş dəyişikliklər “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2023cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin «a» bəndinə (əmək müqaviləsinin müddətinn bitməsi) əsasən xitam verilmişdir. İddiaçı hazırda əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: - Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və "xxxx" bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir - 12-ci maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. - 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. - 47-ci maddənin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hisəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - Həmin maddənin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir - 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. - 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 83-cü maddəsinin İ hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. - 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. - Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək müqaviləsinə xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsi onun öz xahişi (ərizəsi) və razılığı ilə əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə müddətli müqaviləyə keçirilmiş və bu müqaviləyə də müddətin qurtarması əsası ilə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən (əmək müqaviləsinə dəyişiklik edilərkən) iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. (öz ərizəsi əsasında) Cavabdeh tərəfin izahatlarına əsasən əmək müqaviləsinin müddətinin uzadılması igəgötürənin hüququdur və onlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinin eyni müddətə uzadılmasını məqsədəuyğun saymamış və müqaviləyə xitam verilməsi heç bir qərəzli münasibətlə bağlı olmamışdır. Həmçinin müqaviləyə xitam verilərkən iddiaçının özünun bu barədə olan xx.xx.2022-ci il tarixli ərizəsi və onun tutduğu vəzifəsinin ixtisar edilməsi də mütləq qaydada nəzərə alınmışdır. İddiaçı tələbində könüllü surətdə və heç bir vəclə ərizə ilə işəgötürənə müraciət etməməsini, bu məsələdə təbii olaraq savadsızlığından sui-istifadə edilməsini, müqavilənin onun razılığı olmadan və ya aldatma yolu ilə ona müddətli əmək müqaviləsi ilə əvəz olunmasına dair ərizə imzalatdırılması ilə konstitusion hüquqlarının ciddi mənada pozulmasını göstərsə də, məhkəmə iclası zamanı SOCAR-AQŞ MMC-nin baş direktoruna yazdığı xx.xx.2022-ci il tarixli ərizənin özü tərəfindən imzalanmasını, müqaviləyə də dəyişikliyin onun razılığı ilə edilməsini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin mahiyyətinin göstərilən əsaslar üzərində qurulmasına və bu halların iddiaçının özü tərəfindən məhkəmə baxışı zamanı təkzib edilməsinə baxmayaraq o, işdən çıxarılması barədə əmri qanunsuz hesab etməkdə davam etmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, onun izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, iddiaçının işlədiyi vəzifəsi ixtisara düşdüyü üçün tərəflərin qarşılıqlı razılığı əsasında, xüsusən də iddiaçının özünün şəxsi xahişi ilə onun ixtisarla işdən azad edilməsi baş verməmiş, özünün ərizəsi əsasında əmək müqaviləsinə yuxarıda göstərilən qaydada müvafiq dəyişiklik edilərək müddətin qurtarması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Başqa sözlə, cavabdeh iddiaçının xahişini təmin edərkən onun mənafeyinə uyğun hərəkət etmişdir. Məhkəmə iddiaçının barəsində verilən əmrin qanunsuzluğuna dair ərizəsində göstərilən digər dəlillərə də qiymət verərək hesab edir ki, bu dəlillər formal mülahizə olmaqla İddiaçı əmək müqaviləsinə qanunauyğun qaydada xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi üçün heç bir hüquqi əsas yaratmır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə, cavabdehin 25 aprel 2023-cü il tarixli, İR-İR-351/23 saylı əmrinin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar iddiaçının iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsinə dair hissələrinə də hüquqi qiymət verilməsinə zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və ötən aylara görə ödənilmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və ötən aylara görə ödənilmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar