Məhkəmə qərarları › İş №e-2(009)-157/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-157/2021

23.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-157/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı (Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) Cavabdeh qarşı “ tikilinin qanunsuz hesab edilərək sökülməsi” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) Cavabdeh qarşı “ tikilinin qanunsuz hesab edilərək sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı qeyri-qanuni tikinti, yenidəqurma və yenidən planlaşdırma işlərinin nəticəsində İddiaçı mənzilinə və binaya vurulan ziyanın gələcəkdə yaşayış üçün təhlükəli olmayacağı barədə Cavabdeh qanun qarşısında zəmanət verməsi, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işlərin qanunsuz hesab edilməsi, həmin binanın və binada yerləşən 53 saylı mənzilin konstruksiyasına və dayanıqlığına mənfi təsir edən cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onların nəticələrinin sökülməsi, cavabdeh tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və İddiaçı mənzilinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsi cavabdehə həvalə edilməsi, xüsusi qərardad qəbul edilərək Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən binaya və onun tərkib hissələrinə cavabdeh tərəfindən qəsdən vurulmuş ziyanla bağlı materiallar araşdırılması üçün prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 53 saylı mənzilin sakinidir. Yeni qonşusu X10 binanın konstruksiyasına uyğun olmayan yenidənqurma işləri həyata keçirir. Onun hərəkətləri nəticəsində bina və binanın daxilindəki mənzillər yararsız hala düşüb. İddiaçı bu barədə aidiyyəti dövlət təşkilatlarına dəfələrlə müraciət etmişdir. Onlar bu qeyri-qanuni tikintiyə öz etirazlarını bildirsələr də Zaur Adıyev hər hansı irad və tələblərə məhəl qoymamış, işini davam etdirmişdir. O, pandemiya dövründə xüsusi karantin rejimindən istifadə edərək layihəsi olmadan xəlvəti olaraq tikintini davam etdirmişdir. Hətta Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi rəsmən bildirmişdir ki, məhkəmə qətnaməsi olmadan həmin mənzildə heç bir təmir işləri aparıla bilməz. FHN və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də rəsmən bu barədə etirazlarını bildirsələr də o, karantin dövründən istifadə edərək qədimi tarixi abidənin memarlıq üslübuna xələl gətirərək təmiri davam etdirmişdir. Ən əsası odur ki, heç bir qanuni icazə olmadan tikinti və təhlükəsizlik qaydalarına, texniki şərtlərə əməl etmədən cavabdeh yaşayış binasının daşıyıcı ana divarını zədələyib. Ağır dəmir metallarla divarları deşərək eyvanı genişləndirib. Bunun nəticəsində İddiaçı mənzilinin divarlarında çatlar əmələ gəlmişdir. Bu çatlar getdikcə genişlənməyə başlayır və nəticədə tavanın uçurulmasına gətirib çıxaracaqdır. Bundan başqa bütün binaya xidmət edən qədimi çuğundan olan ümumi kanalizasiya xəttini sındıraraq sanitariya-texniki və kommunikasiya qurğularını sıradan çıxarıb. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 01.07.2020-ci il tarixli məktubundan da görünür ki, cavabdeh tərəfindən əsaslı təmir işləri aparılarkən bir sıra nöqsanlar ayırd edilərək işin dayandırılması tələb edilmişdir. Bina XİX əsrdə inşa olunmuş yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Binanın altından metro xətti keçir. Binada hər hansı işlərin aparılması xüsusi layihələr üzrə binanın xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır. Ola bilsin mənzili yeni alan cavabdeh mənzili tez-tələsik “təmir” edib satmaq istəyir. Lakin, İddiaçı və yaxınları uzun illərdir ki, bu mənzildə yaşayır və gələcəkdə də burada yaşamağı planlaşdırırlar. O öz hərəkələri ilə sakinlərin normal yaşayışını mümkünsüz edir, İddiaçı mənzilinə bərpa olunmaz ziyan vurur, yaşayış sahəsini yararsız hala salır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 28.08.2020-ci il tarixdə iddianın təmin edilməsi barədə tədbirlərin tətbiqinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə və həmin binada tikinti, söküntü, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin aparılmasının Cavabdeh qadağan edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin e-2(009)-2020 saylı, 28.08.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı 23.12.2021-ci il tarixdə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı qeyri-qanuni tikinti, yenidəqurma və yenidən planlaşdırma işlərinin qanuna uyğunluğunun Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişaf və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, X1 Hallar Nazirliyi Tikintidə X5 Agentliyi ilə razılaşdırılması və razılaşdırılımanın nəticələrinin iddiaçıya açıqlanması öhdəliyi cavabdehin üzərinə qoyulması, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı təmir, tikinti işlərinin icra edilməsinin cavabdehə qadağan edilməsi, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işləri qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onların nəticələrinin sökülməsi, cavabdeh tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və İddiaçı mənzilinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsi cavabdehə həvalə edilməsi, xüsusi qərardad qəbul edilərək Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən binaya və onun tərkib hissələrinə cavabdeh tərəfindən qəsdən vurulmuş ziyanla bağlı materiallar araşdırılması üçün prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh hal-hazırda qonşudurlar. Cavabdeh həmin binada mənzil alıb, təmir-tikinti işləri aparmağa başlayandan sonra binada çatlar yaranmağa başlayıb. Həmin bina tarixi abidələr siyasındadır. Cavabdeh bununla bağlı müvafiq orqanlara müraciət edib icazə almalı, layihə təqdim etməli olduğu halda, iddiaçının və həmin orqanların iradına baxmayaraq, pandemiya şəraitindən istifadə edərək, təmir-tikinti işləri aparır. Tarixi abidə olduğu üçün təmir fərqli formada olmalıdır ki, digər mənzillərə ziyan dəyməsin. Təmir işləri mütəxəssislər tərəfindən aparılmalı idi. Cavabeh təmiri davam etdirməklə binaya ziyan vurmağa davam edib, artıq bina əvvəlki dayanıqlığa malik deyil. Eyvanı genişləndirib, kanalizasiya sistemini dəyişib. Ekspert rəyi isə birtərəfli, yəni cavabdehin xeyrinə verilmişdir. Binanın kanalizasiya sistemi bərbad vəziyyətdədir, lakin ekspert bu mövzuya münasibət bildirməmişdir. Kanalizasiya sisteminə görə iydən dayanmaq olmur. İddiaçı cavabdehdən etdiyi təmir-tikinti işlərini dövlət orqanları ilə razılaşdırıb etməsini istəyir. İddiaçı ekspert olmadığı üçün bilmir, dövlət orqanları razılıq verdiyi halda iddiaçı etiraz etməyəcəkdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. 2019-cu ilin sentyabr ayında alğı-satqı müqaviləsi əsasında həmin mənzili almış, noyabr ayından təmir-işləri aparmağa başlamışdır. Dəfələrlə icra başçısının müavini onun mənzilində olub, lakin heç bir irad bildirməyib. O öz mənzilinin içində təmir işləri aparıb, bununla bağlı bütün qonşulara layihə paylamalı deyildi. İcazə almasa da, müvafiq orqanların xəbəri olub, lakin heç bir irad bildirilməyib. Bütün qonşular öz istədiyini edir, kimsə icazə almır ki, o da icazə alsın. Artıq 2 ildən çoxdur ki, məhkəmə mübahisəsi gedir. Bu müddət ərzində o evinə köçə bilmədiyindən, kirayə qalmağa məcbur olmuş və bu səbəbdən ona ziyan dəymişdir. İddiaçının özünün təmirlə bağlı sənədləri yoxdur. Eyni zamanda iddiaçı öz evinə şəxsi kanalizasiya xətti çəkdirib. Əgər binanın xarici görünüşünü düşünürdüsə, özü də bu hallara yol verməzdi. İddiaçı özü bu hallara yol verdiyi üçün iddianı ədalətli hesab etmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddia tam əsassızdır. Həmin binada olan bütün sakinlər təmir işləri aparıb, lakin heç kəsin bununla bağlı icazəsi yoxdur. Ekspert rəyində göstərilib ki, 54 saylı mənzildə aparılmış təmir və yenidənqurma işləri nəticəsində 53 saylı mənzilə ziyan dəyməmişdir. 53 saylı mənzilin artırma hissəsində yaranmış çatlara səbəb artırma hissəsinin əsas binaya əlaqə olmadan inşa edilməsidir. İddiaçıya cavabdeh tərəfindən ziyan vurulması sübut olunmur. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X8, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı və cavabdehin nümayəndələrinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Başçısı X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Azərbaycan prospekti, ev 17, mənzil 53 İddiaçı adına xususi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 426 nömrəli reyestr kitabında, 61569-cı səhifə, 30 qeydəalma 13214 nömrəli, 17.09.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan DƏDRX 1saylı Bakı Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış 25.12.2020-ci il tarixli, **********47 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanı (ü/s-17 kv.m) 02.09.1994-cü il tarixdə X6 adına ilkin qeydiyyata alınmışdır. 1 saylı DNK-nın 3M-1535 reyestr nömrəli, 24.12.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil X4 mülkiyyətinə keçmişdir. 12 saylı NO-nun 4ə-1469 reyestr nömrəli, 20.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X7 adına rəsmiləşdirilmiş və onun adı ilə bağlı 23.09.2019-cu il tarixli elektron çıxarış tərtib edilmişdir. Dövlət reyestrində qeydiyyata alınmış eyni ünvan göstəricilərinə malik, 03.10.1998-ci il tarixdə X4 adına ilkin qeydə alınmış, sahəsi 27,1 kv.m olan digər mənzil (ünvan 2 ünvanı) də X10 tərəfindən satın alınmışdır və 12 saylı NO-nun 4ə-1470 reyestr nömrəli, 20.09.2019-cu il tarixli alqı-satqı müqaviləsi və 23.09.2019-cu il tarixli elektron çıxarışa əsasən sözügedən mənzillər vahid əmlak olaraq Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 17, mənzil 54 (ü/s-66,5 kv.m) adı altında onun adına rəsmiləşdirilmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5920 saylı, 19 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yaşayan Cavabdeh tərəfindən mülkiyyətində olan mənzildə yalnız əsaslı təmir işləri aparılmış və eyvan hissəsi sökülərək yenidən metar tirlər üzərində inşa edilmişdir. Eyvan hissəsinin sökülərək yenidən inşa edilməsi barəsində müvafiq qurumlarla razılaşdırılmış heç bir layihə sənədləri təqdim edilməmişdir. 54 saylı mənzildə aparılmış təmir və yenidənqurma işləri nəticəsində 53 saylı mənzilə ziyan dəyməmişdir. 53 saylı mənzilin artırma hissəsində yaranmış çatlara səbəb artırma hissəsinin əsas binaya əlaqə olmadan inşa edilməsidir. Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 ünvanında yerləşən yaşayış binasının 5-ci mərtəbəsinin XX əsrin ortalarında paraped divarının üzərində sonradan inşa edilməsini, 53, 54 saylı mənzillərdə və binadakı digər mənzillərdə sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələrinin inşa edildiyini nəzərə alsaq paraped divarında (4-cü mərtəbə ilə 5-ci mərtəbənin orta hissəsində ) müşahidə edilən xırda ölçülü çatların hansı səbəbdən yaranmasını müəyyən etmək mümkün olmadı. Yaşayış binasında inşa edilmiş əlavə bütün yaşayış sahələri ( artırmalar) binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Yaşayış binasına dəymiş ziyanın dəyərinin hesablanması inşaat konstruktorunun səlahiyyətlərinə aid olmadığı üçün tərəfimdən cavablandırılmayıb. Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 ünvanında yerləşən yaşayış binada və 53 saylı mənzildə yaranmış xırda ölçülü çatlar 54 saylı mənzildə aparılmış təmir və yenidənqurma işləri nəticəsində ziyan dəymədiyini nəzərə alaraq, ümumi binaya və onun daxili elementlərinə (53 saylı mənzil də daxil olmaqla) dəymiş ziyanın aradan qaldırılması üçün orta bazar qiymətlərinə əsasən zəruri xərclərin (xərclərin təyinatı üz ayrı-ayrı göstərilməklə) məbləğinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının 2-ci maddəsinin “ə” bəndinə əsasən abidənin mühafizə zonası – abidələrin görkəminə xələl gətirməmək məqsədi ilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə tənzimlənmə zonasıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Məhkəmə məsələnin hüquqi həlli ilə bağlı qeyd edir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş tikili özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırkı iddia tələbinə də məhz bu aspektdən yanaşılmalı, qanunsuz olub-olmaması, həmin tikilinin başqa şəxslərin hüquq və mənafelərini pozub-pozmaması, yenidənqurma işlərinin qanunsuz olub-olmaması faktları müəyyən edilməlidir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində tələbolunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyətinin yaratdığı qurum (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Həmin Məcəllənin 78.1 və 78.2-ci bəndlərinə əsasən təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 3.0.14-cü maddəsinə əsasən təhlükə potensiallı tikinti obyektləri – funksional təyinatına, texnoloji istehsalat proseslərinin xarakterinə və istismar xüsusiyyətlərinə görə təhlükə mənbəyi sayılan bina və ya qurğulardır. Eyni zamanda “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli 695 saylı Fərmanının 4.7- 1.1-ci, 4.7-1.2-ci və 4.7-1.2.1-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektləri, habelə bir neçə şəhər (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə - Azərbaycan Respublikası Nazirlər Kabinetinin, digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə - həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyində olan dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası dövlət Turizm Agentliyinin razılığı verilməklə), Bakı ərazisində olan tikinti obyektlərinə münasibətdə - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər. Həmin Qanunun 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına 3301 inventar nömrə altında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 (Z.Əliyeva 17) daxil edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 (Z.Əliyeva 17), mənzil 54-də tikinti və yenidənqurma işləri qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmalı olduğu halda müvafiq icazə alınmadan aparıldığı müəyyən edildiyindən, həmin tikinti və yenidənqurma işləri qanunsuz hesab edilərək cavabdeh tərəfindən sökülməlidir. İddia tələbinin mənzilin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 54 saylı mənzildə aparılmış təmir və yenidənqurma işləri nəticəsində 53 saylı mənzilə ziyan dəyməsi sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının xüsusi qərardad çıxarılması tələbi ilə bağlı qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə Azərbaycan Respublikası CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərcin 15 manatı cavabdehə aid edilməlidir. Həmçinin keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci, 400 manat məbləğinin 50 manatı İddiaçı, 50 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22), 150 manatı İddiaçı, 150 manatı Cavabdeh tutularaq “Azərbaycandövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun hesabına (VÖEN **********, H/h:AZ08AZFİ38060AZ**********006, "xxxx" ASC-nin Sahil filialı, Kod 501305, VÖEN **********, Müxbir hesab AZ81NABZ********************, SWİFT :AZFİAZ22) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17, mənzil 54-də apardığı tikinti və yenidənqurma işləri qanunsuz hesab edilsin və cavabdeh tərəfindən sökülsün. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci, 400 manat məbləğinin 50 manatı İddiaçı, 50 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22), 150 manatı İddiaçı, 150 manatı Cavabdeh tutularaq “Azərbaycandövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun hesabına (VÖEN **********, H/h:AZ08AZFİ38060AZ**********006, "xxxx" ASC-nin Sahil filialı, Kod 501305, VÖEN **********, Müxbir hesab AZ81NABZ********************, SWİFT :AZFİAZ22) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar