Məhkəmə qərarları › İş №e-2(009)-1576/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1576/2023

07.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1576/2023 07.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Həsənova (Haşumova) Yelena Rəşidovnanın nümayəndəsi və vəkili Vəkil1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Həsənova (Haşumova) Yelena Rəşidovnanın Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair ilkin iddia ərizəsinə, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Həsənova (Haşumova) Yelena Rəşidovnaya qarşı “yaşayış evinə köçürmə və yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Həsənova (Haşumova) Yelena Rəşidovna Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun övladlarının Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, 3 saylı evin, 14-cü blok, 5-ci mərtəbəsində, sahəsi 32,5 kv.m. olan 2 otaqlı, 145 ünvandakı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddianın dəlilləri: İş üzrə Cavabdeh Rəşidovna bacısdır. Ataları X40 1980-ci ildə 23 nömrəli Hərbi Zavodda işlədiyi dövrdə, Bakı şəhəri keçmiş 26 Bakı Komissarı rayon rayon X15 İcraiyyə Komitəsinin (indiki Səbail) 1/108 saylı xx.xx.1980-ci il tarixli orderi əsasında Badamdar qəs., 2-ci Neftçi döngəsi, ev 3, blok 14, 5-ci mərtəbə ev 145 ünvanda yerləşən 2 otaqlı ev verilmişdir. Atası X46, anası X9, bacısı Cavabdeh Raşidovna və o, həmin mənzildə yaşamışlar. X44 Viktorovna xx.xx.1983-cü il tarixində, atası X45 xx.xx.2004-cü il tarixində vəfat etmişdir. AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2002-ci il tarixdən Bakı şəhəri, Badamdar qəsəbəsi, İ.Ağayev küçəsi 3 saylı evin, 145 saylı mənzilində pasport qeydiyyatındadır. Həmin mənzildə Cavabdeh övladları X33 və X38 pasport qeydiyyatındadırlar. İş üzrə cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinə xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X5mış, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın qəbul etməsi faktının müəyyən olunması, həmin miras əmlak üzərində vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilməsi və ona həmin əmlakın 1/2 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişdir. Lakin, Bakı şəhəri 28 saylı notariat ofisinin 16 avqust 2022-ci il tarixli qərarına əsasən miras əmlaka dair hüquqmüəyyənedici sənədin olmaması və mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən vətəndaş Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. Daha sonra Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X10 və Bakı şəhəri 28 saylı Notariat ofisinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə onun xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X23 miras qalmış, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın qəbul etməsi faktının müəyyən olunması, həmin miras əmlak üzərində vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilməsi və ona həmin əmlakın 1/2 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ hüqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 28 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(009)-1995/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(009)-1995/2022 saylı qətnaməsindən narazı olan iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1149/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022- ci il tarixli, 2(009)- 1995/2022 saylı qətnaməsi iddiaçı Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-1149/2023 saylı işi üzrə məhkəmənin mövqeyinə əsasən iddiaçı Cavabdeh miras əmlak olduğunu iddia etdiyi Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsində yerləşən 3 saylı evin, 145 saylı mənzili yaşayış sahəsi kimi xx.xx.1980-ci il tarixli order əsasında iddiaçının atası olan və xx.xx.2004-cü il tarixdə vəfat edən X34 verilmişdir və başqa sözlə, həmin order qeyd edilən şəxsin və onun ailə üzvü olmaqla onunla birlikdə yaşayan arvadının və iki qızının (iddiaçı və cavabdeh) yaşayış sahəsindən istifadə etmək hüququnu yaratmışdır. Lakin, X46 həmin orderin sahibi və mənzilin icarədarı olaraq mənzildən istifadə etmək hüququnu əldə etsə də, sağlığında bu hüququna söykənərək, mənzilə dair mülkiyyət hüququnu əldə etməmiş və mənzilin mülkiyyətçisinə çevrilməmişdir. Onun bu mənzilə olan istifadə hüququ mahiyyət etibarı ilə şəxsi xarakter daşımış (şəxsi servitut) və yalnız ona mənsub ola bilən hüquq olmuşdur. Bu səbəbdən həmin hüquqa, habelə bu hüquqdan irəli gələrək mənzilə dair mülkiyyət hüququnun əldə edilməsinə olan “gözlənti” hüququna onun ölümü ilə xitam verilmişdir. Xitam olunmuş hüququn da mirasın tərkibinə daxil edilməsi qeyri-mümkündür. Mübahisəli mənzil isə daşınmaz əmlak kimi bügünədək dövlət reyestrində qeydə alınmamışdır. Bundan başqa, iş üzrə cavabdeh daimi olaraq heç vaxt Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsində yerləşən 3 saylı evin, 145 saylı mənzildə yaşamamışdır. Cavabdeh nikaha daxil olmamışdan əvvəl Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsində yerləşən 3 saylı evin, 145 saylı mənziləin yaxınlığında nənələrinə məxsus olan Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi, ev 14, mənzil 8 ünvanda yaşamış, nikaha daxil olandan sonra ordan köçmüş və uzun müddətdir ki, başqa yerdə yaşayırlar. Qeyd olunanlardan göründüyü kimi cavabdeh və onun övladları formal olaraq, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsində yerləşən 3 saylı evin, 145 saylı mənzildə qeydiyyatdadırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. İddiaçı tələbini prosessual maddi norma (Azərbaycan Respublikasının MM-nin 27.1, 146.1, 152.3, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı və 87-ci maddələri) ilə əsaslandıraraq təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri: Eyni zamanda iddiaçı Cavabdeh Həsənova (Haşumova) Yelena Rəşidovnaya qarşı “yaşayış evinə köçürmə və yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları X16 və X24 Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, 3 saylı evin 14-cü blok, 5-ci mərtəbəsində olan sahəsi 32,5 kv.m. olan 2 otaqlı 145 ünvandakı yaşayış evinə köçürmələri və qarşılıqlı iddia üzrə cavabdeh X25 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, İlkin iddia üzrə iddiaçı Həsənova (Haşumova) X39 rayon məhkəməsinə müraciət edərək onun və övladlarının mərhum atasına məxsus Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, 3 saylı evin 14-cü blok, 5-ci mərtəbəsində olan sahəsi 32,5 kv.m. olan 2 otaqlı 145 ünvandakı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı qəbul etmir və rədd edilməsini xahiş etmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı özü də qeyd etdiyi kimi, atası X35 1980-ci ildə 23 nömrəli Hərbi Zavodda işlədiyi dövrdə Bakı şəh Keçmiş 26 Bakı Komissarı rayon X26 İcraiyyə Komitəsinin (indiki Səbail) 1/108 saylı xx.xx.1980-ci ii tarixli orden əsasında Badamdar qəsəbəsi, 2-ci Neftçi döngəsi, ev 3, blok 14, 5-ci mərtəbə ev 145 ünvanda yerləşən 2 otaqlı evi 4 nəfərdən ibarət olan ailə üzvünə verilmişdir Ailə üzvlərinin tərkibi atası X46, anası X11, bacısı X27 birdə iddiaçı X17 ibarət olmuşdur. İddiaçı ailə üzvləri ilə həmin evə köçüb yaşamışdırlar. İlkin iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh həmin evdə yaşamışlar və bu günədək qeydiyyatdadırlar. İlkin iddia üzrə cavabdeh Səbail rayon məhkəməsinə müraciət edərək cavabdehlər X10 və Bakı şəhəri 28 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması, mirasın rəsmiləşdirilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, miras əmlakın ½ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(009)-1995/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1149/2023 saylı qətnamə ilə təmin edilməmişdir. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki qanunvericilikdə təsbit edilmiş vərəsəlik hüququnun normalarının tələbləri baxımından şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İddiaçının miras əmlak olduğunu iddia etdiyi Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsində yerləşən 3 saylı evin, 145 saylı mənzili yaşayış sahəsi kimi xx.xx.1980-ci il tarixli order əsasında iddiaçının atası olan və xx.xx.2004-cü il tarixdə vəfat edən X40 verilmişdir. Başqa sözlə, həmin order qeyd edilən şəxsin və onun ailə üzvü olmaqla onunla birlikdə yaşayan arvadının və iki qızının (iddiaçı və cavabdeh) yaşayış sahəsindən istifadə etmək hüququnu yaratmışdır. Lakin, X46 həmin orderin sahibi və mənzilin icarədan olaraq mənzildən istifadə etmək hüququnu əldə etsə də, sağlığında bu hüququna söykənərək, mənzilə dair mülkiyyət hüququnu əldə etməmiş və mənzilin mülkiyyətçisinə çevrilməmişdir. Onun bu mənzilə olan istifadə hüququ mahiyyət etibarı ilə şəxsi xarakter daşımış (şəxsi servitut) və yalnız ona mənsub ola bilən hüquq olmuşdur. Bu səbəbdən həmin hüquqa, habelə bu hüquqdan irəli gələrək mənzilə dair mülkiyyət hüququnun əldə edilməsinə olan “gözlənti” hüququna onun ölümü ilə xitam verilmişdir. Xitam olunmuş hüququn da mirasın tərkibinə daxil edilməsi qeyri-mümkündür. Mübahisəli mənzil isə daşınmaz əmlak kimi bügünədək dövlət reyestrində qeydə alınmamış və hazırda dövlətin mülkiyyətindədir. Bununla belə, nə mənzil (mövcud hüquqi vəziyyətinə görə), nədə ki, X35 mənzilə münasibətdə yaranmış (onun ölümü ilə artıq xitam verilməsi səbəbi ilə) əmlak hüquqları ondan qalmış mirasın tərkibinə daxil deyil. Bu səbəbdən iddiaçı Cavabdeh X35 vərəsəsi olaraq bu mənzildən pay tələb edə bilməz. Belə olan halda həmin məsələnin bu cür həlli ilkin iddia üzrə iddiaçıyada aiddir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində qeyd edir ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). İlkin iddia üzrə iddiaçının bu hüquqdan da göründüyü kimi o, həmin mənzildən istifadə ilə bağlı notarial qaydada əqd bağlamadığı təqdirdə istifadə hüququ yaranmamışdır. Belə olan halda ilkin iddia üzrə iddiaçı hansı əqdi bağlamış və onun nəyə əsasən istifadə hüququ yaranmışdır. İlkin iddia üzrə iddiaçı eyni zamanda onun formal olaraq həmin ünvanda qeydiyyatda olduğunu bildirir. Guya o, nənəsinin evində ünvan 2 ünvanda yaşamışdır. Belə olan halda həmin mənzilin mülkiyyətçisinin kim olması araşdırılsın. Əksinə ilkin iddia üzrə iddiaçı ilkin olaraq nənəsinin evini adına keçirtdikdən sonra onu aldadaraq atasının evinə köçərək, açarları dəyişmiş və onun həmin evə daxil olmağına və mənzil sahəsindən istifadəsinə maneələr yaratmışdır. Onun həmin evdən və yaşayış sahəsindən başqa bir evi yoxdur və o, uşaqları ilə həmin evdə uzun müddət yaşamışdır. İlkin iddia üzrə iddiaçı onun həmin mənzildən istifadə etməyinə maneə yaradır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Həsənova (Haşumova) Yelena Rəşidovnanın nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, cavabdeh uşaqları ilə birlikdə uşaqlarının atasının evində yaşayır, hətta həmin evin olduğu ünvana da yaxın yerləşən ərazidə yerləşən məktəbə gedirlər. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, Cavabdeh uşaqlarının atası Reznik Viktor və doğulduqdan sonra uşaqları ilə birlikdə 2008-ci ildən 2014-cü ilədək mübahisəli mənzildə yaşamışdır, vərəsəlik mübahisəsi ilə bağlı məhkəməyə müraciət edənədək mübahisəli mənzilin açarları Cavabdeh da olmuş, onun həmin evdə əşyaları da olmuşdur, lakin bacısı sonradan açarları dəyişdirmişdir. O, uşaqlarının atası ilə rəsmi nikahda deyil, buna görə də onun evində yaşaması yaşayış yerinin olması mənasını daşımır. Mübahisəli mənzildən istifadə etməyə bacısı qədər onun da hüququ var. Məhkəmə iş materiallarını nəzərdən keçirib, məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon X47 İcraiyyə Komitəsinin 1/108 nömrəli, xx.xx.1980-ci il tarixli qərarına əsasən verilmiş Bakı şəhəri X47 İcraiyyə Komitəsinin 184516 nömrəli, xx.xx.1980-ci il tarixli orderin surətindən görünür ki, X48 3 nəfər ailəsi ilə birlikdə Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, 3 saylı evin 14-cü blok, 5-ci mərtəbəsində, sahəsi 32,5 kv.m. olan 2 otaqlı 145 saylı yaşayış sahəsində yaşamaq hüququna malikdir. Ailə tərkibi: özü, arvadı X12, qızları X28 və X41. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1995/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X18 cavabdehlər X10 və 28 saylı Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması, mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, ½ paya dair vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi vəzifəsinin 28 saylı notariat ofisinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, V-JQ 284349 nömrəli, xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X46, anası isə X1. 16 iyul 1983-cü il tarixli, ll-JQ 403767 nömrəli, xx.xx.1983-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 iyul 1983-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1983 ilin iyul ayının 16 günündə 593 № ilə qeyd edilmişdir. Bakı şəhəri 28 saylı notariat ofisinin notariusunun 16 avqust 2022-ci il tarixli qərarından görünür ki, vətəndaş X29 miras əmlaka dair hüquqmüəyyənedici sənəd olmadığından və mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 1149/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(009)- 1995/2022 saylı qətnaməsi iddiaçı Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Səbail rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T 177815 nömrəli tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X46, anası isə X1. Bu barədə doğum haqqında qeydlər kitabında xx.xx.1975-ci ildə 816 saylı qeyd edilmişdir. - Bakı şəhəri Səbail rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ 251237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X46 09 yanvar 2004-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 yanvar 2004-cü il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. - AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2002-ci ildən ünvan 3 ünvanında qeydiyyatdadır. Onunla birlikdə həmin mənzildə xx.xx.2010-cu il təvəllüdlü X33 və xx.xx.2017-ci il təvəllüdlü X38 qeydiyyatdadırlar. - Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 7 nömrəli Mənzil-İstismar sahəsinin arayışından görünür ki, X6 qeydiyyatda olduğu ünvan ünvan 4dar qəsəbəsi iqor Ağayev küçəsi ev 3 mənzil 145 adlandırılır. - Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 7 nömrəli Mənzil-İstismar sahəsinin 04 oktyabr 2022-ci il tarixli, 15 oktyabr 2022-ci il tarixli və 25 oktyabr 2022-ci il tarixli aktlardan görünür ki, İ.Ağayev küçəsi 3 saylı binanın 145-ci mənzilində qeydiyyatda olan X19 həmin mənzildə yaşamaması ilə bağlı akt tərtib edilmişdir. - 01 oktyabr 2022-ci il tarixli, Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlu, X3, X13, X2 və X37 tərəfindən imzalanmış aktdan görünür ki, X42 ünvan 5 ünvanda yerləşən mənzildə heç vaxtı yaşamamışdır. O, qeyd olunan evin yaxınlığında nənəsinin evi olan Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi, ev 14,mənzil 8 ünvanda yaşamışdır. - 12 noyabr 2022-ci il tarixli, Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlu, X14, X20, X21, X7, X30 və X4 tərəfindən imzalanmış aktdan görünür ki, X42 əri və oğlu ilə birlikdə xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək atasına məxsus ünvan 5 ünvanda yaşamışlar. - Səbail rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)-2262/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu X18 müvəqqəti olaraq məskunlaşdığı ünvan 7 ünvanına gəldilər. Ünvanda olan zaman mənzilin mülkiyyətçisi X22 mənzil və mənzildə mövcud olan əmlakların onun şəxsi mülkiyyəti olduğunu bildirdi. Borclu A.Haşımovanın müvəqqəti olaraq uşaqları ilə birlikdə ona məxsus mənzildə yaşadıqları və mənzildə yalnız onların şəxsi istifadəsi üçün nəzərdə tutulmuş geyim əşyalarının olduğunu bildirdi. Tərəflərindən mənzilə baxış keçirilən zaman tələbin yönələcəyi biləcək əmlak aşkar edilmədi. - Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlunun Səbail rayon məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə qonşusu Haşumova Yelena ona müraciət edərək Akta imza etməyini xahiş etdi. O da latın hərflərini bilmədiyi üçün həmin akta imza etdi. Lakin sonradan ona məlum oldu ki, həmin aktla o onun bacısı Cavabdeh onların atalarının mənzilində ünvan 9 ünvanda yaşamamasını təsdiq etmişdir. Bildirmək istəyir ki, Cavabdeh əri Viktor ilə 2008-ci ildən etibarən 5 ilə yaxın həmin mənzildə yaşamışdır və böyük oğlu həmin evdə doğulmuşdur. Odur ki, qonşular tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli aktda imzasının etibarsız hesab edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon X47 İcraiyyə Komitəsinin 1/108 nömrəli, xx.xx.1980-ci il tarixli sərəncamına əsasən X36 adına verilmiş orderdə ailə tərkibi X48 özü, arvadı X12, qızları X28 və X41 göstərilmişdir. X12 xx.xx.1983-cü il tarixində, X45 xx.xx.2004-cü il tarixində vəfat etmişlər. Mübahisəli ev daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmadığından, xüsusi mülkiyyət hüququ əsasında mərhum X31 məxsus deyildir. Mənzilin hazırda kirayəçisi müəyyən deyildir. Hazırda iddiaçı Həsənova (Haşumova) Yelena Rəşidovna Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi" tələbini cavabdehin mübahisəli mənzildə yaşamaması, iddiaçı Cavabdeh isə cavabdeh Həsənova (Haşumova) Yelena Rəşidovnaya qarşı irəli sürdüyü özünün və yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli mənzilə köçürmələri və s. tələbləri üzrə qarşılıqlı iddiasını həmin mənzildə daha əvvəl yaşamaqla istifadə hüququ əldə etmələri ilə əsaslandırmışlar. Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 (altı) ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin materiallarından görünür ki, tərəflər doğma bacı olmaqla atalarına verilmiş Bakı şəhəri keçmiş 26 Bakı Komissarı rayon rayon X15 İcraiyyə Komitəsinin (indiki Səbail) 1/108 saylı xx.xx.1980-ci il tarixli orderi əsasında Badamdar qəs., 2-ci Neftçi döngəsi, ev 3, blok 14, 5-ci mərtəbə ev 145 ünvanda yerləşən 2 otaqlı evdə yaşamışlar, adları orderdə qeyd edilməklə hazırda pasport qeydiyyatındadırlar. İlkin iddia üzrə iddiaçı cavabdehin mübahisəli mənzildə yaşamadığı üçün istifadə hüququnun itirilməsini mübahisələndirir və bunun sübutu kimi cavabdehin mənzildə yaşamamasını təsdiq edən Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 7 nömrəli Mənzil- İstismar sahəsinin 04 oktyabr 2022-ci il tarixli, 15 oktyabr 2022-ci il tarixli və 25 oktyabr 2022-ci il tarixli aktlarına istinad edir. Eyni zamanda iddiaçı qonşularının tərtib etdiyi 01 oktyabr 2022-ci il tarixli akta istinad etsə də, məhkəmə bu aktı, eləcə də, ilkin iddia üzrə cavabdehin təqdim etdiyi digər qonşularına tərtib etdiyi 12 noyabr 2022-ci il tarixli aktların heç birini mötəbər sübut növü kimi qiymətləndirmir. Belə ki, hər iki tərəfin aktlarında eyni şəxsin, Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlunun imzası olması görünür. Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlunun Səbail rayon məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, o, xx.xx.2022ci il tarixdə imzaladığı aktı təsdiq etmir və bu ərizəsində Cavabdeh əri Viktor ilə 2008-ci ildən etibarən 5 ilə yaxın həmin mənzildə yaşamışdır və böyük oğlunun həmin evdə doğulmasını təsdiq edir. Məhkəmə Cavabdeh mübahisəli mənzildə yaşayıb-yaşamamasına dair qonşuların aktlarından daha çox nümayəndəsinin izahatına üstünlük verilməsini önəmli sayır. Belə ki, nümayəndə də məhkəmə iclasında Cavabdeh Reznik Viktor ilə 2008-ci ildən 2014-cü ilədək mübahisəli mənzildə yaşamasını etiraf etmişdir. Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlunun imzaladığı aktların heç biri mötəbər sübut növü kimi qiymətləndirilməsə də, onun Səbail Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində Cavabdeh əri Viktor ilə 2008-ci ildən etibarən 5 ilə yaxın mübahisəli mənzildə yaşamasını göstərməsi cavabdehin həm 2008-ci ilə kimi, həm də 2013-2014-cü illərdən sonra mübahisəli mənzildə yaşamamasını təsdiqidir. Məhkəmə, Cavabdeh mübahisəli mənzilə dair orderdə adının olması ilə orada yaşamaqla istifadə hüququnun yaranmasını qeyd etməklə yanaşı hesab edir ki, onun 2014-cü ildən mübahisəli mənzildə yaşamaması faktından əlavə, 2008-ci ilə qədər də orada yaşamaması faktı özlüyündə cavabdehin həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin təsiri altına düşməsinə əsasdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin uşaqlarının atası Viktor Reznik ilə 2008-ci ildən 2014-cü ilə qədər mübahisəli mənzildə yaşaması xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından həmin mənzildə hazırda istifadə hüququnun qalması kimi qiymətlədirilə bilməz və onun 2014-cü ildən sonra həmin mənzildə yaşamaması faktı özünün (nümayəndəsinin) etirafı və iş materialları ilə təsdiq edildiyindən ona qarşı qaldırılmış ilkin iddianın dəlillərinin əsaslı olmasına dəlalət edir. İşin materiallarından görünür ki, iddiaçı 2014-cü ildən sonra övladları X33 və X32, faktiki ailə münasibətlərində olduğu X8 mülkiyyətində olan ünvan 7 ünvanında yaşamışlar. İşin bu halı Səbail rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktının məzmunu ilə təsdiq edilir. Həmin aktda X18 uşaqları ilə göstərilən mənzildə müvəqqəti məskunlaşması qeyd edilsə də, məhkəmə onların 2014-cü ildən həmin ünvanda müvəqqəti olaraq məskunlaşmaları kimi fikirlərinə tənqidi yanaşır və inandırıcı saymır. Belə ki, keçən 9 il ərzində X18 qeydiyatda olduğu və istifadə hüququ olan mənzilində ailəsi ilə birlikdə yaşamaması artıq işin mübahisəsiz halıdır və belə olan halda keçən müddət onun ailəsi ilə birlikdə digər ünvanda müvəqqəti deyil, daimi yaşaması qənaətinə gəlməyə kifayət edir. Tərəflərin izahatlarından da görünür ki, X18 uşaqları mübahisəli mənzil yerləşən ərazi üzrə deyil, digər ərazidə yerləşən məktəbə gedirlər. Həmçinin, işin materiallarından görünür ki, X42 mübahisəli mənzildə yaşamadığı halda onu miras əmlak kimi sayaraq həmin mənzildə ½ paya vərəsəlik hüququnu mübahisələndirməsinə dair iddia ilə də məhkəməyə müraciət etmiş və bu iddiası rədd edilmişdir. Hətta X28 X18 yaşayış yeri kimi ünvan 7 ünvanını göstərməklə ona qarşı pul tələbinə dair iddia qaldırmış, iddia qaldırmamışdan əvvəl həmin ünvana ona pretenziya da göndərmişdir. İddiaya cavabdehin qeydiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmış və iddia tələbi qismən təmin edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, işin faktiki araşdırılmış halları ilkin iddianın əsaslı olmasını təsdiq edir və buna görə də məhkəmə ilkin iddianın təmin edilməsi nəticəsinə gəlir. Lakin qeyd olunmalıdır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. İlkin iddia üzrə iddiaçı cavabdehin istifadə hüquqlarına xitam verilməsini xahiş etsə də, xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş mənzil qanunvericiliyinə əsasən mənzildə yaşamayan şəxsin istifadə hüququnun itirilmiş hesab edilməli olması təsbit edilmişdir. İddiaçı tələbində qeyd edilən qanunvericilik normasına istinad edərək cavabdehin istifadə hüquqlarınna xitam verilməsini xahiş etsə də, məhkəmə iddia ərizəsinin məzmununa əsasən iddiaçının həqiqi niyyətinin cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməli olması nəzərdə tutulduğu üçün iddianın da bu qaydada təmin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə ilkin iddia üzrə həmçinin qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 27.1ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşma çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab edir ki, bu tələbə ilkin iddianın təmin edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. Məhkəmə hesab edir ki, həm qarşılıqlı iddiaçı Cavabdeh münasibətdə ilkin iddia üzrə mübahisəli mənzilə istifadə hüquqununun itirilmiş hesab edilməsi nəticəsinə gəlindiyi üçün, həm də məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə ididaçının bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması müəyyən edildiyindən onun qarşılıqlı iddia üzrə cavabdeh Həsənova (Haşumova) Yelena Rəşidovnaya qarşı “yaşayış evinə köçürmə və yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 14.2, 77.1, və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməklə ilkin iddia üzrə Cavabdeh, eləcə də onun uşaqları X16 və X24 Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, 3 saylı evin, 14-cü blok, 5-ci mərtəbəsində, sahəsi 32,5 kv.m. olan 2 otaqlı, 145 ünvandakı yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməli, 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq Həsənova (Haşumova) Yelena Rəşidovnaya ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Həsənova (Haşumova) Yelena Rəşidovnaya qarşı “yaşayış evinə köçürmə və yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh, eləcə də onun uşaqları X16 və X24 Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, 3 saylı evin, 14-cü blok, 5-ci mərtəbəsində, sahəsi 32,5 kv.m. olan 2 otaqlı, 145 ünvandakı yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq Həsənova (Haşumova) Yelena Rəşidovnaya ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Həsənova (Haşumova) Yelena Rəşidovnaya qarşı “yaşayış evinə köçürmə və yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar