Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1586/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı və onun nümayəndə və vəkili Vəkil iştirakları ilə, İddiaçı (3-cü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb olunmaqla) Cavabdehnə qarşı əmək haqqının, kompensasiyanın və mənəvi zərərin ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin oktyabr-dekabr ayları üçün ödənilməmiş əmək haqqı məbləğinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi və tərəflər arasında əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar olaraq iddiaçı ilə son haqq-hesabın aparılması; Qətnamə tam icra olunanadək işəgötürən tərəfindən ödənilməli olan, lakin ödənilməmiş hər əmək haqqına gecikdirilmiş hər gün üçün əlavə 1 (bir) faiz məbləğində ödənc hesablanaraq Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi; “Əmək və məşğulluq” altsistemində iddiaçının adına olan əmək müqaviləsi bildirişinin qüvvədən salınması (ləğv olunması); Cavabdeh MMC-dən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 1500 (min beş yüz) manat pul məbləğinin əmək haqqının vaxtında ödənilməməsi və yeni işə düzəlməkdə çəkdiyi çətinliklərlə əlaqədar vurulmuş mənəvi zərərə görə kompensasiya kimi 1000 (min) manat pul məbləğinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 20 iyul 2023-cü il tarixdən, Cavabdehndə Mexanika mühəndisi vəzifəsində çalışmağa başlamış, əmək funksiyası mühəndis-kommunikasiya sistemlərinin mexaniki bölmələrinin layihələndirilməsindən ibarət olmuşdur. Onunla yazılı formada əmək müqaviləsi bağlanmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilmişdir. İddiaçı qeyd olunan müəssisədə münasib vəzifədə iş olduğu barədə həmin təşkilatda Layihə baş mühəndisi vəzifəsində çalışan Cem Yaman tərəfindən məlumat almış və evdən işləmək imkanını da dəyərləndirərək əmək münasibətlərinə daxil olmuşdur. Dövri şəkildə 2023-cü ilin sentyabr ayınadək müddətdə hər ay ona əmək haqqı olaraq 1.800 (min səkkiz yüz) manat məbləğində ödəniş edilmişdir. Oktyabr ayından etibarən əmək haqqı ödənişi dayandırılmışdır. Eyni zamanda İddiaçı noyabr ayından artıq əmək fəaliyyətini çalışdığı müəssisəyə gedərək davam etdirmişdir. Buna baxmayaraq, dekabr ayına qədər olan müddətdə ona heç bir ödəniş edilməmişdir. Həmçinin 23 sentyabr 2023-cü il tarixdə uşağı doğulmasına baxmayaraq bununla da əlaqədar əmək qanunvericiliyinə əsasən malik olduğu heç bir əmək hüquqlarına riayət edilməmişdir. Müəssisədə çalışan bir çox işçinin qeyd olunan problemlərlə üzləşdiyini gördüyü üçün bu barədə dəfələrlə işəgötürənlə danışıqlara gedib problemi həll etməyə çalışmasına baxmayaraq heç bir nəticə əldə etmədiyini gördüyü üçün 15 dekabr 2023-cü il tarixdə 07 yanvar 2024-cü il tarixdən işdən azad olunmağı barədə ərizə vermişdir. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim etdiyi ərizəyə əhəmiyyət verilməyərək, onunla əmək münasibətlərinə 25 dekabr 2023-cü il tarixli 3-1 nömrəli əmrlə xitam verilmiş və müvafiq qeyd əmək kitabçasında aparılmışdır. Eyni zamanda İddiaçı ilə son haqq-hesab aparılmamışdır. Həmçinin “Əmək-məşğulluq” altsisteminə daxil edilmiş Əmək müqaviləsi bildirişinə xitam verilmədiyi üçün yeni işə düzəlməklə əlaqədar olduqca ciddi çətinliklərlə üzləşmişdir. İddiaçı, 18 yanvar 2024-cü il tarixdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 142 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qeyd olunan əmək hüquqlarının pozulması ilə əlaqədar məlumat vermişdir. Müraciət qurum tərəfindən qeydə alnımışdır. Daha sonra, 25 yanvar 2024-cü il tarixdə, 3 saylı Bakı DOST Mərkəzinə yaxınlaşaraq yazılı izahat vermişdir. Onun tərəfindən Cavabdeh MMC-yə dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamış, rəsmi şəkildə göndərilən heç bir sənəd hüquqi və yaxud faktiki fəaliyyət göstərdikləri ünvana çatmayaraq geri qaytarılmışdır. İddiaçı tərəfindən işəgötürənə mediasiya prosesində iştirak etməsi, mübahisənin mediasiyada həll olunması təklif olunsa da, işəgötürən Cavabdeh MMC mcdiasiyaya gəlməkdən imtina edərək işçinin əmək haqqını ödəməkdən və pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar digər qanuni tədbirlər görməkdən qərəzli şəkildə və qəti surətdə imtina etmişdir. Bununla bağlı olaraq, 18 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00597 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Yuxanda qeyd olunanlara əsasən Cavabdeh MMC tərəfindən işçiyə ödənilməli olan əmək haqqı indiyə qədər də ödənilməmiş, Cavabdeh MMC tərəfindən gecikdirilmiş, “Əmək və məşğulluq ”sistemində hələ də mövcud olan əmək müqaviləsi bildirişinə xitam verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, eləcə də bildirmişdir ki, hal-hazırda onlara məlum olmuşdur ki, “Əməkməşğulluq” altsisteminə daxil edilmiş Əmək müqaviləsi bildirişinə artıq xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 13 sentyabr 2024-cü il tarixdə məhkəmə iclasında dindirilən şahid Cem Yaman ifadəsində göstərmişdir ki, o, İddiaçı 2020-ci ildən tanıyır və onunla Med Dizayın şirkətində birlikdə, o, mexanik qrup rəhbəri, Gülər xanım mühəndis kimi çalışmışlar. 2023-cü ilin may ayında o, Aqil İbrahimovla “X9” alış-veril mərkəzində işləmək üçün xidməti müqavilə bağlamışdır. Həmin vaxt Gülər xanım işləmirdi, evdə idi, hamilə idi. O, Gülər xanıma evdən onunla işləməyi təklif etdi və onlar 1800 manata razılaşdılar. 29 may 2023-cü ildə Gülər xanımla bərabər çalışmağa başladılar. 1800 manat rəsmi əmək haqqı deyildi. 2023-cü ilin iyun ayının sonu iyul ayının əvvəlində Aqil İbrahimov "xxxx" MMC-ni satın aldı. Aqil bəy həmin şirkət üçün ondan işçi qrupu tələb etdi. O da bir başqa xanımı və Gülər xanımı təklif etdi və Gülər xanımın sənədlərini ona təqdim etdi. 2023-cü ilin iyul ayında Gülər xanımı rəsmi olaraq işə götürdülər. Aztam MMC-nin direktoru bir xanım idi, lakin o həmin xanımı şəxsən tanımırdı. O, Gülər xanıma veriləcək əmək haqqını Aqil bəylə 1800 manata razılaşdı. O, Gülər xanımın rəsmi əmək haqqını bilmirdi. O, sentyabra qədər Gülər xanımın əmək haqqını qeyri-rəsmi olaraq 1800 manat verirdi və həmin məbləği Gülər xanımın göndərdiyi karta köçürürdü. Aqil bəy onun da Aztama daxil olmaq üçün sənədlərini aldı, lakin onu daxil etdi-etmədi bilmir. Sonra Aqil bəyin problemi başladı, hətta ona müqavilə üzrə ödəmələr etməli olduğu halda, etmədi. O da, Aqil bəydən İqtisadiyyat Nazirliyinə şikayət etdi. Aqil bəy 100000 manat ödənişdən ona 40000 manat ödədi. Hələ də ona 60000 manat borclu qalıb. O, Aqil bəydən Gülər xanım üçün 2500 manat əmək haqqı istəmişdi və Aqil bəy ondan soruşdu ki, əvvəlki layihədə Gülər xanıma nə qədər əmək haqqı verirdi. O da Aqil bəyə dedi ki, 1800 manat əmək haqqı verirdi. Aqil bəy də ona dedi ki, Aztamda da Gülər xanıma 1800 manat ver. Gülər xanım uşağı olana qədər evdən işlədi. Bu təcrübədə, bu stajda olan mexanika mühəndisi vəzifəsində işləyənlərə onlar 2500 manat ödəyirlər. Gülər xanımın 350 manat məbləğə həmin vəzifədə işləməsi ehtimalı real deyil. Gülər xanım işini bilir. Belə ki, Gülər xanım alış-veriş mərkəzinin havalandırma, isitmə-soyutma sisteminin layihələrini təkbaşına hazırladı. Məhkəmə işə baxb, iddiaçı tərəfin izahatlarını, şahid ifadəsini dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən dəlilləri müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 yerinə dair xx.xx.2024-cü il tarixli arayışından görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqı 350 manat olmaqla müxddətsiz olaraq mexanika mühəndisi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan AR ƏƏSMN yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-9-8548/2024 nömrəli məktubdan görünür ki, əmək müqaviləsi bildirişinin qüvvədən salınması ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X5 Xidmətinin səlahiyyətləri xaricindədir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 3-1 saylı əmrinə əsasən o, AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan AZ-İV 939812 saylı, xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə doğulmuşdur, atası X3, anası İddiaçıdır. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə 01-2024 saylı, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Cavabdeh” bölməsində “Mexanika mühəndisi” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli Əmək müqaviləsi bildirişi ləğv edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 9/8266 nömrəli, 20 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi 2023-cü ilin olktyabr-dekabr ayları üzrə 1050,00 manat məbləğində əmək haqqı və iddia ərizəsinin qəbul edildiyi tarixinədək, yəni xx.xx.2024-cü il tarixədək olan əmək haqqının ödənişlərinin gecikdirilməsinə görə (1 faiz) 2380,00 manat məbləğində ödənc olmaqla ümumilikdə hesablanmalı məbləğin 3430,00 manat təşkil etdiyi müəyyən olunur. Hesablanmış ümumi məbləğdən vergi və digər tutulmalar çıxılandan sonra ödənilməli olan əmək haqqı məbləğinin 3015,25 manat təşkil etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı; b) işəgötürənin adı, ünvanı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Əmək Məcəlləsinin 44-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsi ilə iddiaçı cavabdeh MMC-də müddətsiz olaraq mexanika mühəndisi vəzifəsində qəbul olunmuşdur. Həmin müqaviləyə əsasən iddiaçının aylıq əmək haqqı 350 manat təşkil etmişdir. Eləcə də müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə övladı dünyaya gələnədək evdən işləmişdir. Məhkəmə iclasında dindirilən şahid Cem Yaman ifadəsində göstərmişdir ki, o, sentyabra qədər Gülər xanımın əmək haqqını qeyri-rəsmi olaraq 1800 manat verirdi və həmin məbləği Gülər xanımın göndərdiyi karta köçürürdü. İddiaçının əmək müqaviləsinə cavabdehin xx.xx.2023-cü il tarixli, 3-1 saylı əmrinə əsasən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olundu ki, ddiaçıya 2023cü ilin oktyabr-dekabr ayları üçün əmək haqqı ödənilməmişdir. Bununla əlaqədar olaraq iddiaçı işəgötürən tərəfindən ödənilməli olan, lakin ödənilməmiş əmək haqqına görə gecikdirilmiş hər gün üçün əlavə bir faiz məbləğində ödənc hesablanaraq cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə 9/8266 nömrəli, 20 noyabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi 2023-cü ilin olktyabr-dekabr ayları üzrə 1050,00 manat məbləğində əmək haqqı və iddia ərizəsinin qəbul edildiyi tarixinədək, yəni xx.xx.2024-cü il tarixədək olan əmək haqqının ödənişlərinin gecikdirilməsinə görə (1 faiz) 2380,00 manat məbləğində ödənc olmaqla ümumilikdə hesablanmalı məbləğ 3430,00 manat təşkil edir, hesablanmış ümumi məbləğdən vergi və digər tutulmalar çıxılandan sonra ödənilməli olan əmək haqqı məbləği 3015,25 manat təşkil edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 350 manat təşkil etmiş və Cavabdeh MMC tərəfindən işçiyə olktyabr-dekabr ayları üzrə ödənilməli olan əmək haqqı indiyə qədər ödənilməmiş, Cavabdeh MMC tərəfindən gecikdirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozuntularına yol verilmişdir və cavabdeh məhkəmə iclasında həmin pozuntularla bağlı heç bir hüquqi əsas gətirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının xeyrinə 2023cü ilin oktyabr-dekabr ayları üzrə 1050 (bir min əlli) manat məbləğində əmək haqqı, xx.xx.2024-cü il tarixədək əmək haqqının gecikdirilməsinə görə 2380 (iki min üç yüz səksən) manat məbləğində ödənc olmaqla, vergi və digər tutulmalar çıxıldıqdan sonra ödənilməli olan 3015,25 (üç min on beş manat iyirmi beş qəpik) manat əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının hüquqi yardım xidməti üçün xidmət haqqı olaraq ödənilmiş 1500 manat məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı cavabdehdən iddiaçının xeyrinə 500 manat tutulmalıdır. Eyni zamanda Bakı şəhəri 18 saylı mediasia şurası tərəfindən xx.xx.2024-cü il tarixli mediasiya arayışı verilmiş, həmin mediasiya arayışına görə iddiaçı 61 manat rüsum ödəmişdir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 1000 manat tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s.hallarda özünü büruzə verə bilər. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən onun xeyrinə 1000 manat tutulması barədə tələb irəli sürsə də, bununla yanaşı, cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir, ona görə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 2023-cü ilin oktyabr-dekabr ayları üzrə 1050 (bir min əlli) manat məbləğində əmək haqqı, xx.xx.2024-cü il tarixədək əmək haqqının gecikdirilməsinə görə 2380 (iki min üç yüz səksən) manat məbləğində ödənc olmaqla, vergi və digər tutulmalar çıxıldıqdan sonra ödənilməli olan 3015,25 (üç min on beş manat iyirmi beş qəpik) manat əmək haqqı, mediasiya üçün ödənilmiş 61 (altmış bir) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh MMC-dən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1586/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1586/2024
11.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver