Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1651/2025 29.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İddiaçı Ağaqulu qızı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 mart 2025-ci il tarixli, Ə-193ş/h nömrəli əmrin etibarsız hesab edilməsi, İddiaçı Ağaqulu qızının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı Ağaqulu qızı artıq 30 ildən çoxdur ki, hərbi komissarlıq və hərbi xidmətə çağırış strukturlarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, sonuncu iş yeri kimi uzun müddət Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsində çalışmışdır. O, bu dövr ərzində dəfələrlə öz peşəkarlığına görə mükafatlar və fəxri fərmanlarla təltif olunmuşdur. Həmçinin, kollektiv içərisində öz peşəkarlığı və səriştəli olmağı ilə fərqlənmişdir. Təsadüfi deyil ki, əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqləndiyinə görə 13 fevral 2018-ci il tarixli əmrlə İddiaçı Ağaqulu qızına təşəkkür elan edilmiş, 10 fevral 2022-ci il tarixli əmrlə İddiaçı Ağaqulu qızına pul mükafatı verilmiş, 13 fevral 2020-ci il tarixində əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqləndiyinə görə Xidmət tərəfindən Fəxri Fərmanla, 26 iyun 2021-ci il tarixində isə “Azərbaycan Vətən Müharibəsi X2” tərəfindən Vətən Müharibəsi zamanı arxa cəbhədə göstərdiyi fədakarlığa görə Fəxri Fərmanla təltif edilmişdir. Diqqətinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 12 mart 2025-ci il tarixli, Ə-193ş/h nömrəli əmri (bundan sonra “Əmr”) ilə İddiaçı Ağaqulu qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam vermişdir. Əmrə əsasən, İddiaçı Ağaqulu qızı guya Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndini (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) pozmuşdur. Cavabdeh əmrdə həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 11 mart 2025-ci il tarixli, 51 nömrəli əmrini əsas göstərmişdir. Diqqətinizə çatdırmaq istəyirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 11 mart 2025-ci il tarixli, 51 nömrəli əmrində qeyd edilmişdir ki, iddiaçı cavabdehin adına mənfi rəyin formalaşmasına zəmin yaratdığına və bu hərəkətləri ilə Xidmətin adına xələl gətirdiyinə görə Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsindən azad edilməlidir (Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən). Lakin qeyd edilənlər tamamilə əsassız və qanunsuzdur. Belə ki, Asəf Qafarzadə 19 dekabr 2024-cu il tarixində oğlu Ramiz Qafarov üçün qılmalğaS“ vəziyyətinin müəyyən edilməsi akt”ını Suraxanı rayon idarəsinə təqdim etmiş və ilkin hərbi qeydiyyata alınmasını tələb etmişdir. İddiaçı sənədləri X4 Sistemində qeydiyyata almış və 7 yanvar 2025-ci il tarixində sənədləri Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmişdir. Onu da qeyd etməyi zəruri hesab edirik ki, 28 yanvar 2025-ci il tarixində Ramiz Qafarov hərbi xidmətə yararlı hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır. Lakin daha sonra, Asəf Qafarzadə Xidmətə müraciət edərək, İddiaçı Ağaqulu qızının ona qarşı guya qanunsuz tələblər irəli sürdüyünü bildirmişdir. Əslində isə belə bir hal baş verməmiş və Xidmət vətəndaş tərəfindən irəli sürülən şikayətin dəlillərini obyektiv araşdırmadan Ruhiyyə Mustafayeva barəsində qanunsuz əmr qəbul etmişdir. İddiaçı cavabdehin mənafeyinə hər hansı xələl gətirməmiş, əksinə, öz vəzifəsini layiqincə icra etmişdir. Əlavə olaraq bildiririk ki, Xidmət tərəfindən işçiyə münasibətdə əmək müqaviləsinin xitamı zamanı kobud pozuntulara yol verilmişdir. Belə ki, əmr 12 mart 2025-ci il tarixli olduğu halda əmrin özündə əmək müqaviləsinə 11 mart 2025-ci il tarixdən xitam verilməsi göstərilmiş, əmrin surəti, əmək kitabçası işçiyə gec təqdim edilmiş və son haqq-hesab Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri kobud surətdə pozulmaqla ödənilmişdir. Əmək münasibətlərinə xitam zamanı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Əmək Məcəlləsinin tələblərinə məhəl qoymamış, işçinin hüquqlarını pozmuş və qanunazidd davranmışdır. İddiaçı iddia ərizəsinin məzmununun dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin 6-cı abzasının aşağıdakı redaksiyada qəbul edilməsini: - “R. Qafarov 17 dekabr 2024-cü il tarixində Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən müayinə edildikdən sonra Bakı Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında məcburi diaqnostik müayinələrdən keçmiş və atası A.Qafarzadə “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi akt”ını 19 dekabr 2024-cü il tarixində idarənin kargüzarı İddiaçı təqdim etmişdir. R.Qafarovun ilkin hərbi qeydiyyata alınması haqda məlumatların Xidmətin X4 Sisteminə (VEİS) yüklənməsi üçün aidiyyatı sənədlər Suraxanı rayon idarəsi tərəfindən 7 yanvar 2025-ci il tarixində Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmiş və o, 28 yanvar 2025-ci il tarixində tibbi şəhadətləndirilməklə “hərbi xidmətə yararlı” hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır.” xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İddiaçı Ağaqulu qızı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 mart 2025-ci il tarixli, Ə-193ş/h nömrəli əmrin ləğv edilməsi, İddiaçı Ağaqulu qızının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Xidmətin Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2025-ci il tarixli protokoluna əsasən, Xidmətin Suraxanı rayon idarəsinin kargüzarı İddiaçı Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq işdən azad edilməsinə razılıq verilmişdir. Müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonunda yaşayan xx.xx.2008-ci il təvəllüdlü Ramiz Qafarov ötən ilin dekabr ayında şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün atası Asəf Qafarzadə ilə birlikdə “ASAN xidmət” mərkəzinə müraciət etmiş, lakin R.Qafarov ilkin hərbi qeydiyyata alınmadığından faktiki yaşadığı ərazi aidiyyəti üzrə Xidmətin Suraxanı rayon idarəsinə yönləndirilmişdir. R.Qafarov xx.xx.2024-cü il tarixdə Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən müayinə edildikdən sonra Bakı Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında məcburi diaqnostik müayinələrdən keçmiş və atası A.Qafarzadə “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktını xx.xx.2024-cü il tarixdə idarənin kargüzarı İddiaçı təqdim etmişdir. R.Qafarovun ilkin hərbi qeydiyyata alınması haqda məlumatların Xidmətin X4 sisteminə (VEİS) yüklənməsi üçün aidiyyəti sənədlər Suraxanı rayon idarəsi tərəfindən 07.01,2025-ci il tarixdə Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilmiş və o, xx.xx.2025-ci il tarixdə tibbi şədahətləndirilməklə “hərbi xidmətə yararlı” hesab edilərək ilkin hərbi qeydiyyata alınmışdır. Vətəndaş A.Qafarzadənin şikayəti əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, kargüzar İddiaçı 17 və 19 dekabr 2024-cü il tarixlərdə R.Qafarovun sənədərinin Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinə göndərilməsi müqabilində atası A.Qafarzadəyə qarşı qanunsuz tələblər irəli sürmüş, həmçinin qeyd olunan sənədlər xx.xx.2025-ci il tarixdə göndərildiyi halda xx.xx.2025-ci il tarixdə işin gedişatı ilə maraqlanan sonuncuya qarşı analoji hərəkətlərə yol verməklə vətəndaşın haqlı şikayətinə və Xidmət haqqında mənfi rəyin formalaşmasına zəmin yaratmışdır. Xidmət rəisinin xx.xx.2025-ci il tarixli 51 nömrəli əmrinə əsasən, əmək qanunvericiliyinin tələblərini pozaraq ilkin hərbi qeydiyyata alınmalı olan R.Qafarovun sənədlərinin Şərur rayon şöbəsinə göndərilməsi müqabilində valideyninə qarşı qanunsuz tələblər irəli sürməklə və həmin faktın araşdırılması prosesində yalan izahat verməklə vətəndaşın haqlı şikayətinə və Xidmət haqqında mənfi rəyin formalaşmasına zəmin yaratdığına, bu hərəkətləri ilə Xidmətin adına xələl gətirdiyinə görə Xidmətin Suraxanı rayon idarəsinin kargüzarı İddiaçı əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmçinin xidməti təhqiqat materialı hüquqi qiymət verilməsi üçün xx.xx.2025-ci il tarixli 3-43/2-291/2025 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Bununla da İddiaçı öz əməlləri ilə etdiyi hərəkətlərlə Xidmətin nüfuzuna və ictimaiyyət arasında qazandığı imicinə xələl gətirmiş və cavabdeh haqlı olaraq onun əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Onu da qeyd etmək istərdik ki, Xidmətin əməkdaşları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməklə yanaşı maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. Xidmətin əməkdaşları xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Onlar vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir və etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Həmçinin, Azərbaycan Respublikasının, dövlət orqanının nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. İnsanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. İddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 etiraza uyğun məzmunda izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Xidmətin Təşkilati nəzarət baş idarəsinin rəisi, polkovnik Əziz Hidayevin xx.xx.2025-ci il tarixli təqdimatına əsasən Xidmətin Suraxanı rayon idarəsinin kargüzarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 51 saylı əmrindən görünür ki, hərbi vəzifəlilərə qarşı qanunsuz tələb irəli sürdüyünə görə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməyə təqdim olunması kadr və kadr hazırlığı baş idarəsinə tapşırılmışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli Ə-193 ş/h saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddəsinin e bəndi - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi)) müvafiq olaraq İddiaçı 11 mart 2025-ci il tarixdən Suraxanı rayon idarəsinin kargüzarı vəzifəsindən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddənin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış və iddiaçı Bakı şəhəri Suraxanı rayon idarəsinə kargüzar peşəsinə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 mart 2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası SHXÇDX ünvanlanmış məktubdan görünür ki, “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş X5 müraciətində qeyd edilmiş xüsusatların araşdırılaraq nəticəsi barədə Baş prokurorluğa və müraciət müəllifinə məlumat verilməsi xahiş olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroruna ünvanlanmış təqrirdən görünür ki, X7 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, oğlu X6 hərbi xidmətə aparılması üçün qeydiyyatdan keçmək məqsədilə səfərbərlik və hərbi xidmətə çağırış xidmətinin Suraxanı rayon şöbəsində 18 nömrəli otaqda adını bilmədiyi əmkdaş ondan 81 manat tələb etmişdir. Mübahisələndirilən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qeyd edilən normada əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsi üçün 3 əsas nəzərdə tutulmuşdur ki, onlardan biri də bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır. İddiaçı onun barəsində aparılan xidməti araşdırmanın əsassız olmasını bildirsə də, iddiaçıdan şikayət edən şəxsin qərəzli olaraq onun barəsində şikayət etməsini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut növü təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1651/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1651/2025
29.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver