Məhkəmə qərarları › İş №e-2(009)-166/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-166/2025

02.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-166/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə qarşı əmlak hüquqlarının pozulmasından irəli gələn kompensasiya tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə qarşı əmlak hüquqlarının pozulmasından irəli gələn kompensasiya tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 35, mənzil 62 ünvanında yerləşən **********18-05101-093058 reyestr nömrəli xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın reyestrində ********** nömrəli ilə onun adına qeydə alınmışdır. Sözügedən mənzil binanın 4-cü mərtəbəsində yerləşir və onun qarşısında təxminən yarım metrdən az məsafə Cavabdeh1 MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən sonradan otel binası inşa edilmişdir. Binalar arasındakı məsəfə yarım metrdən azdır. Bu səbəbdən onun mülkiyyətində olan mənzilin mətbəx otağının pəncərəsi həmin binanın divarı ilə əhatələnmiş halda olduğundan otağa gün işığının daxil olmaması, hava axınının azalması, oksigen çatışmazlığı ventelyasiya olmaması, o cümlədən otağın görünüş və estetikasının pozulması kimi bir çox problemlər yaranmışdır. Qeyd edilən məsələnin həlli ilə əlaqədar dəfələrlə edilmiş müraciətlər nəticəsiz qalmışdır. Cavabdehlərə xx.xx.2024-cü il tarixli YA0469/2024 nömrəli pretenziya məktubu ünvanlanaraq, onların qanuna zidd hərəkətləri nəticəsində onun pozulmuş hüquqları və bununla əlaqədar yaranmış kompensasiya hüququ bildirilmiş və ödənilməsi tələb edilmişdir. Lakin məktub nəticəsiz qalmış, icrası ilə əlaqədar cavabdehlər tərəfindən hər hansı hərəkətlilik göstərilməmişdir. Halbuki cavabdehlər tərəfindən inşaat, şəhərsalma norma və qaydalarının pozulması ilə inşa edilmiş mənzil onun mülkiyyətindən istifadə hüququnun məhdudlaşdırılmasına, bu hüququndan rahat istifadə edə bilməməsinə, eyni zamanda müvafiq mənzilin bazar dəyəri xeyli dərəcədə aşağı düşməsinə səbəb olur. İş materiallarına əlavə edilən Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 35, mənzil 62 ünvanında yerləşən **********18-05101-093058 reyestr nömrəli ona məxsus mənzilə dair texniki pasporta əsasən, evin təsdiq edilmiş planında mətbəx otağında yerləşən hazırda digər binanın inşası ilə əlaqədar istifadəsiz hala gələn pəncərə göstərilmişdir. Belə ki, onun hüquqlarının pozulmasına səbəb olan binanın inşa zamanı zəruri tədqiqatlar cavabdehlər tərəfindən aparılsaydı, sözügedən pəncərənin istifadəsiz hala gələcəyi, onun əmlakdan istifadə hüququnun ciddi ölçüdə məhdudlaşacağı və əmlakının bazar dəyərinin xeyli miqdarda azalacağı müəyyən edilə bilər. Lakin cavabdehlər öz vəzifə səlahiyyətlərinə laqeyd yanaşmaqla onun hüquqlarının pozulmasına səbəb olmuşlar. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 35, mənzil 62 ünvanında yerləşən **********18-05101-093058 reyestr nömrəli mənzil üzrə onun pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar ona 15.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək izahatında göstərmişdir ki, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilib qərardadda cavablandırılması zəruri olan suallar qoyulsa da, ekspert yalnız onlardan birinə otel tikilisinin iddiaçının mülkiyyətndə olan evin qarşısında mövcudluğuna dair suala cavab vermiş, yerdə qalan suallar cavablandırılmamışdır. Lakin qaldırılan iddianın əsaslığı ilə bağlı həmin sualların cavablarının alınması zəruridir. Məhkəmə isə müvafiq ekspertiza təyin edilməsi barədə vəsatətlərini təmin etməmişdir. Ona görə də qaldırdıqları iddianı təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, sübutların təqdim edilməsi tərəfin üzərinə düşən məsuliyyətdir. İddiaçı tərəfindən otel tikilisinin mövcudluğu səbəbi ilə ona maddi ziyanın vurulması təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə belə bir ziyan cavabdeh tərəfindən vurulmamışdır. Sübutlar olmadığı təqdirdə isə qaldırılan iddia əsaslı hesab edilə bilməz. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli 05 saylı sərəncamın surətindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli 04 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1,75.1 və 75.6-cı maddələrini, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 644 saylı sərəncamını, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2016-cı il tarixli, ER-15/405 saylı, FHN X3 Xidmətinin xx.xx.2016-cı il tarixli, YTNƏŞ-0518 saylı, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli, 04-22/7-1612 saylı və Fövqəladə Hallar Nazirliyinin X1 Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 22487 saylı müsbət rəylərini nəzərə alaraq ünvan 2 ünvanda yerləşən torpaq sahəsində inşası aparılmış otel binasının tikintisi üçün müstəsna hal kimi "xxxx" MMC-yə icazə verilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş tikinti obyektinin istismarına 44 nömrəli, xx.xx.2019-cu il tarixli icazənin surətindən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-yə tikinti obyektinin istismarına icazə verilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən 35 saylı evin 62 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvan 3 ünvanında yaşayan X2, surəti Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, yaşadığı Qurban Abbasov küçəsi, ev 35, mənzil 62 ünvanında binaya bitişik çoxmərtəbəli otel binasının inşa edilməsi nəticəsində mənzilinin pəncərələrinin qarşısının bağlanması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlandığı xx.xx.2019-cu il tarixli müraciətinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 05 nömrəli sərəncamı ilə Səbail rayonu, Qurban Abbasov küçəsi, 33 ünvanında icarəyə verilmiş torpaq sahəsində aidiyyəti qurumların rəyi, razılığı və digər zəruri sənədlər əsasında inşası aparılmış otel binasının tikintisi üçün müstəsna hal kimi "xxxx" MMC-yə 2 nömrəli obyektin tikintisinə icazə verilmişdir. Əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən olunmuşdur ki, həmin ünvanda tikinti obyektinin layihəçisi Cavabdeh1 MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən otel binasının tikintisi başa çatdırılaraq hazırda təyinatına uyğun fəaliyyət göstərir. Bildirirlər ki, N.Bağırovanın tikinti obyektinin layihəçisi Cavabdeh1 MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olduğundan müraciətində qaldırdığı məsələyə məhkəmənin yekun qərarından sonra baxıla bilər. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən 35 saylı evin 62 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən "xxxx" MMC-nin və Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 35, mənzil 62 ünvanında yerləşən **********18-05101-093058 reyestr nömrəli mənzil xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. Sözügedən mənzil binanın 4-cü mərtəbəsində yerləşir və onun qarşısında təxminən yarım metrdən az məsafədə Cavabdeh1 MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən sonradan otel binası inşa edilmişdir. Belə ki, binalar arasındakı məsəfə yarım metrdən azdır. Bu səbəbdən ona məxsus mənzilin mətbəx otağının pəncərəsi həmin binanın divarı ilə əhatələnmiş halda olduğundan otağa gün işığının daxil olmaması, hava axınının azalması, oksigen çatışmazlığı ventelyasiyanın olmaması, o cümlədən otağın görünüş və estetikasının pozulması kimi bir çox problemlər yaranmışdır. Qeyd edilən məsələnin həlli ilə əlaqədar edilmiş müraciətlər nəticəsiz qalmışdır. Halbuki tərəflərdən inşaat, şəhərsalma norma və qaydalarının pozulması ilə inşa edilmiş mənzil İddiaçı öz mülkiyyətindən istifadə hüququnun məhdudlaşmasına, bu hüquqdan rahat istifadə edə bilməməsinə, eyni zamanda müvafiq mənzilin bazar dəyərinin xeyli dərəcədə aşağı düşməsinə səbəb olur. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/9778 saylı rəyinə əsasən: -1-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən 35 saylı evin qarşısında "xxxx" MMC-yə məxsus 4 mərtəbəli otel binası mövcuddur. -2-ci sual üzrə: otel binasının mövcudluğu şəraitində həmin bina İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən 35 saylı evin 62 saylı mənzilinin mətbəx otağına hava axının və gün işığının daxil olmasını məhdudlaşdırılmasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. -3-cü və 4-cü suallar üzrə: qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən otel binası inşa edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 35, mənzil 62 ünvanında yerləşən **********18-05101-093058 reyestr nömrəli xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın reyestrində ********** nömrəli ilə onun adına qeydə alınmışdır. Sözügedən mənzil binanın 4-cü mərtəbəsində yerləşir və onun qarşısında təxminən yarım metrdən az məsafə Cavabdeh1 MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən sonradan otel binası inşa edilmişdir. Binalar arasındakı məsəfə yarım metrdən azdır. Bu səbəbdən onun mülkiyyətində olan mənzilin mətbəx otağının pəncərəsi həmin binanın divarı ilə əhatələnmiş halda olduğundan otağa gün işığının daxil olmaması, hava axınının azalması, oksigen çatışmazlığı ventelyasiya olmaması, o cümlədən otağın görünüş və estetikasının pozulması kimi bir çox problemlər yaranmışdır. Qeyd edilən məsələnin həlli ilə əlaqədar dəfələrlə edilmiş müraciətlər nəticəsiz qalmışdır. Halbuki cavabdehlər tərəfindən inşaat, şəhərsalma norma və qaydalarının pozulması ilə inşa edilmiş mənzil onun mülkiyyətindən istifadə hüququnun məhdudlaşdırılmasına, bu hüququndan rahat istifadə edə bilməməsinə, eyni zamanda müvafiq mənzilin bazar dəyəri xeyli dərəcədə aşağı düşməsinə səbəb olur. Belə ki, onun hüquqlarının pozulmasına səbəb olan binanın inşa zamanı zəruri tədqiqatlar cavabdehlər tərəfindən aparılsaydı, sözügedən pəncərənin istifadəsiz hala gələcəyi, onun əmlakdan istifadə hüququnun ciddi ölçüdə məhdudlaşacağı və əmlakının bazar dəyərinin xeyli miqdarda azalacağı müəyyən edilə bilər. Lakin cavabdehlər öz vəzifə səlahiyyətlərinə laqeyd yanaşmaqla onun hüquqlarının pozulmasına səbəb olmuşlar. Bu səbəbdən iddiaçı Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 35, mənzil 62 ünvanında yerləşən **********18-05101-093058 reyestr nömrəli mənzil üzrə onun pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar ona 15.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.1-ci maddəsinə əsasən sifarişçi müvafiq tikinti sahəsinin, habelə tikintinin mənfi təsir göstərə biləcəyi qonşu sahələrin, tikililərin şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulmuş qaydada tədqiqini təmin edir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Məhkəmə tərəfindən iddianın əsaslığı ilə bağlı müvafiq ekspertiza təyin edilsə də və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilsə də, ekspert qoyulan sualların bir qisminin məhkəmə tikinti-texniki ekspert səlahiyyətinə aid olmaması, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etmədiyindən, müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən, material və xidmətlərin qiymətlərinin ekspert tərəfindən müəyyən edilməməsinə dair rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, irəli sürdüyü iddianın əsaslığı ilə bağlı sübutları iddiaçı özü tərəfindən təqdim etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən onun əmlak hüquqldarının pozulmasını iddia etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, iş üzrə keçirilmiş ekspertiza xərci və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə qarşı Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, ev 35, mənzil 62 ünvanında yerləşən **********18-05101-093058 reyestr nömrəli mənzil üzrə onun pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar ona 15.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı dövlət nəfinə iş üzrə keçirilmiş ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar