Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1660/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətə qəsd hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətə qəsd hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə mülkiyyətində olmaqla Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km-2, korpus-A, 17 ünvanında 0.02056 ha torpaq sahəsində 473,3 kv.m ölçüdə olan qeyri-yaşayış obyektinə (F1 villası) qəsd hərəkətlərinə son qoyulması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi, 14-cü km-2, korpus-A,17 ünvanında yerləşən 0.02056 ha torpaq sahəsi və həmin sahə üzərində 473,3 kv.m ölçüdə olan qeyri-yaşayış obyekti-F1 villasının mülkiyyətçisidir. Həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixli ********** nömrə ilə qeydə alınmış və ona ******* saylı çıxarış verilmişdir. İddiası üzrə Cavabdeh MMC ilə aralarında hər hansı bir mülki-hüquqi müqavilə mövcud deyil. Lakin buna baxmayaraq cavabdeh tərəfindən “kommunal xidmət”lər adı altında hər ay ondan 750 manat pul tələb edilir, həmin pulu ödəmədikdə isə işıq və suyun verilməsi dayandırılır. Hansı ki, abonent olaraq mülkiyyət obyektinə işıq və suyun verilməsi ilə bağlı münasibətlər aidiyyəti orqanlar, yəni "xxxx" ASC və "xxxx" ASC-nin ərazi qurumları tərəfindən həyata keçirilir və o, həmin xidmətlərə görə sayğac göstəriciləri əsasında ödənişlər edir. Lakin buna baxmayaraq cavabdeh aralarında heç bir mülki-hüquqi müqavilə olmadan “kommunal xidmət” (bildirdiklərinə görə ərazinin təmizliyi, abadlığı və s.) adı altında ondan hər ay 750 manat pul tələb edir. Həmin məbləğin hansı öhdəlikdən irəli gəldiyi məlum olmasa da cavabdeh istədiyi vaxtlarda özbaşınalıq edərək gündəlik həyati vacib olan təminatları (işıq və suyu) kəsməklə mülkiyyətinə qəsd edir, bir sözlə, mülkiyyətçi hüquqlarını pozur. Bu günədək dəfələrlə etdiyi xəbərdarlıqlara cavabdeh qətiyyən əhəmiyyət verməyərək öz əməllərini davam etdirmiş, yəni bütün danışıq və cəhdləri boşa çıxmış, nəticədə isə bir neçə ildir ki, on min manatlarla pul ödəməyə məcbur olmuşdur. Bu ərizəyə əlavə etdiyi sənədlərdən təkcə biri üzrə, yəni seriya FS 012160 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, V-F1 (yəni F1 villası) obyekti üçün kommunal ödəniş olaraq 6.000 (altı min) AZN məbləğində pul ödəmişdir. Yuxarıda qeyd etdiyi kimi, cavabdeh yalnız müqavilə əsası olduğu halda göstərilən hərəkətləri edə bilər ki, belə bir müqavilə aralarında bağlanmamışdır və qeyd etməlidir ki, ən azından aralarında “xidmət haqqında müqavilə” də mövcud deyildir. Hesab edir ki, cavabdehin hərəkətləri Azərbaycan Pespublikasının qüvvədə olan mülki qanunvericiliyinin norma və prinsiplərinə tamamilə ziddir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. - 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. - 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 20-ci bəndinə görə, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldən görünür ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. İş materiallarına əlavə edilmiş “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı (VÖEN:**********) əsas fəaliyyət növü ərzaq malları bazarının icarəyə verilməsi üzrə fəaliyyətdir. İş materiallarına əlavə edilmiş vergi ödəyicisi barədə məlumatdan görünür ki, Cavabdeh MMC-nin (VÖEN:**********) mövcuddur. İddia tələbinin mahiyyətini və iş üzrə tərəflərin tərkibini nəzərə alaraq hesab edir ki, hazırki işə ümumi məhkəmədə deyil, müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və tərəflər arasında mübahisə nəticə etibarilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalı, iddiaçıya hazırkı iddia ilə bağlı aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətə qəsd hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və həmin iddia tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətə qəsd hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, həmin iddia tələbi ilə onun Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Məhkəməyə müraciət etmək üçün iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin kassasiya şikayətinin formasına dair 3 saylı Əlavəsinə uyğun olaraq; order əlavə edilməklə vəkil tərəfindən tərtib edilmiş şikayətlə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1660/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1660/2025
07.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver