Məhkəmə qərarları › İş №e-2(009)-1682/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1682/2025

04.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1682/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh təşkilatda müfəttiş vəzifəsində işləmiş və qərəzli olaraq işdən azad edilmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh təşkilatda müfəttiş vəzifəsində işləməsini qeyd etsə də, bunu təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Ona görə də iddiaçının cavabdeh təşkilatda əmək müqaviləsi əsasında və ya hərbi qulluqçu kimi işə qəbul edilməsini və işləməsini müəyyən etmək mümkün deyil. Hakim qeyd edir ki, əgər iddiaçı cavabdehlə əmək müqaviləsi əsasında işə qəbul olunmuşdursa, əmək münasibətlərindən irəli gələn tərəflər arasında yaranan mübahisə ümumi məhkəmələrdə baxılmalı olduğundan iddia ərizəsinin düzgün olaraq Səbail rayon Məhkəməsinə verilməsi müəyyən oluna bilər. Lakin təqdim olunan sənədlərlə bu halı müəyyən etmək mümkün deyil. Əgər iddiaçı cavabdeh təşkilatda hərbi qulluqçu kimi işə qəbul olunmuşsa, onun işə qəbul edilməsi və işdən azad edilməsi barədə qəbul edilmiş qərar inzibati akt hesab edildiyindən, həmin aktların qəbulu ilə bağlı cavabdeh təşkilatla aralarında yaranan mübahisəyə inzibati icraat qaydasında baxılmalıdır. Hakim qeyd edir ki, İnzibati mübahisənin aşağıdakı əsas əlamətləri vardır: - ictimai-hüquqi mübahisədə xüsusi subyektin mövcudluğu; - ictimai-hüquqi mübahisənin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi funksiyasının həyata keçirilməsi ilə əlaqədar olması. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4№-li qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. X1 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti inzibati orqandır. AR İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) tələblərinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini geri qaytarır. Hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil, bu səbəbdən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1, və 153.2.1, 153.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənləri əsasən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar