Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1696/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, bu haqda iddiaçıya DƏDRX tərəfindən xx.xx.2012-ci il tarixində seriyası RX olan ******* nömrəli çıxarış verilmişdir. Hazırki iddia ərizəsində göstərilən cavabdehlər məhz iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Lakin həmin cavabdehlər qeyd edilən ünvanda yaşamırlar. Belə ki, cavabdehlərdən Cavabdeh3 iddiaçının keçmiş gəlini, Cavabdeh2 və Cavabdeh1 (bu cavabdeh nikaha girdiyinə görə soyadını dəyişmişdir) isə iddiaçının nəvələridir. Qeyd etmək istəyirlər ki, iddiaçının oğlu X4 ilə Cavabdeh3 arasında olan nikah Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1232/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnamə iddia ərizəsinə əlavə edilir. Hazırki iddia ərizəsi üzrə iddiaçının vəkili (nümayəndəsi) tərəfindən vəkil sorğusuna əsasən DƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən əldə edilmiş 20 may 2024-cü il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixindən Cavabdeh3 xüsusi mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 4 mənzil 20 mövcuddur. Həmin məktubda iddia ərizəsinə sübut olaraq əlavə edilir. Bildirirlər ki, cavabdehlərin hər üçü məhz həmin məzildən faktiki olaraq istifadə edirlər. Lakin, bununla belə cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında rəsmi olaraq pasport qeydiyyatında qalmaqdadırlar. Hazırda iddiaçı hesab edir ki, Cavabdeh3 ilə onun oğlu arasında olan rəsmi nikah pozulduğundan, həmin cavabdehin özünün xüsusi mülkiyyətində ayrıca mənzilin olması səbəbindən, cavabdehlərin hər üçü məhz faktiki olaraq Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 4 mənzil 20-dən istifadə etdiklərindən və cavabdehlər ümumiyyətlə iddiaçının xüsusi mülkiyyətində olan mənzildə uzun müddətdir ki yaşamadıqlarından və ondan istifadə etmədiklərindən onların həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Hazırda məhkəmənin diqqətinə çatdırırlar ki, cavabdehlərdən Cavabdeh3 iddiaçının kecmiş gəlini olaraq iddiaçının oğlu ilə xx.xx.2001-ci il tarixdə nikah bağlamış və daha sonra ünvan 1 ünvanına pasport qeydiyyatına alınmışdır. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 da məhz həmin nikahdan anadan olmuş uşaqlar kimi qeyd edilən ünvana pasport qeydiyyatına alınmışlar. Belə olan halda hesab edirlər ki, hazırda iddiaçı ilə cavabdehlər arasında yaranmış mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin müəyyən etdiyi qaydalara uyğun həll edilməlidir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, hazırda cavabdehlərin heç biri iddiaçı ilə birgə yaşayan onun ailə üzvləri deyillər və onların iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istifadə hüquqlarının saxlanılması yolverilməzdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, mənzil daha əvvəl onun arvadının mülkiyyətində olmuş, lakin 2012-ci ildə yoldaşı xəstələndiyi üçün bağışlama yolu ilə onun adına keçirilmişdir. Oğlu nikaha daxil olduqdan bir qədər sonra həmin mənzilə arvadı ilə köçmüş və uşaqları ilə birlikdə orada yaşamışlar. Nikah pozulanadək ailə münasibətlərinin yaxşılaşması üçün oradan başqa mənzilə köçsələr də aralarındakı münasibət düzəlməmiş və nəticədə nikah pozulmuşdur. Nəvəsi Cavabdeh1 ailə qurmuş və öz ailəsi ilə yaşayır. Digər nəvəsi isə anası ilə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, İddiaçı ünvan 1-a mülkiyyət hüququ 24 iyul 2012-ci il tarixində qeydiyyata alınmışdır. - AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı, xx.xx.1955-ci il təvəllüdlü X2, xx.xx.2002ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2006-cı il təvvəllüdlü Cavabdeh2, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.1977-ci il təvəllüdlü X7 və xx.xx.1977-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - DƏDKR PHŞ-nin 20 may 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanı Bakı şəhərinin notariusu K.A.Rəhmanov tərəfindən təsdiq edilmiş 4Ə-01/42 reyestr nömrəli xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Həmçinin bildirilir ki, Cavabdeh3 mülkiyyətində Bakı şəhəri üzrə digər daşınmaz əmlak aşkar edilməmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(009)-1232/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh3 ilə cavabdeh X4 arasında Bakı Nikah Evində xx.xx.2001-ci il tarixdə bağlanmış və 97 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. - ünvan 4li, 198 nömrəli arayışından görünür ki, X1 Şamil küçəsi, ev 4, mənzil 8/10 ünvanında qeydiyyatdadır və tək yaşayır. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı 2012-ci ildən mülkiyyətindədir. İddiaçının izahatına əsasən mənzil əvvəl həyat yoldaşının mülkiyyətində olmuş və 2012-ci ildə yoldaşı xəstələndiyi üçün bağışlama yolu ilə onun mülkiyyətinə verilmişdir. Həmçinin işin materiallarından görünür ki, Cavabdeh3 ilə cavabdeh X4 arasında nikah xx.xx.2001-ci il tarixdə bağlanmış və bu nikahlarından xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2006-cı il təvvəllüdlü Cavabdeh2 anadan olmuşlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(009)-1232/2024 saylı qətnaməsi ilə Cavabdeh3 ilə cavabdeh X4 arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Müəyyən edilmişdir ki, cavabdehlər hazırda mübahisəli mənzildə yaşamırlar. Belə ki, işin materiallarından görünür ki, xx.xx.2011-ci il tarixindən bağışlama müqaviləsi yolu ilə cavabdeh iddiaçının keçmiş gəlini Cavabdeh3 xüsusi mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 4 mənzil 20 mövcuddur. Digər cavabdehlər olan iddiaçının nəvələri Cavabdeh1 və Cavabdeh2 artıq yetkinlik yaşına çatmışlar və iddiaçının izahatına əsasən onlar mübahisəli mənzildə deyil, anaları ilə yaşamışlar. Hazırda mülkiyyətçi cavabdehlərin onun mülkiyyətində faktiki olaraq yaşamamaqlarına görə istifadə hüquqlarına xitam verilməli olmasını iddia edir. Belə ki, həmin cavabdehlərin iddiaçıya məxsus mənzilində qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Bununla bağlı məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. ”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə daha sonra qeyd edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması iddiaçıya mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri və qeydiyyatda olan şəxslər arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2014-cü il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malik olsa da, hazırki iş üzrə qaldırılmış iddia üzrə ilk növbədə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olub-olmamasına qiymət verilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh V.Abbasova 2001-ci ildən, övlalları isə 2002 və 2006-cı ildən mübahisəli mənzilə qeydiyyata alındıqları üçün yaşayış sahəsinin mülkiyyətçisi ilə həmin şəxslər arasında istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən yaranmış mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin müəyyən etdiyi qaydalara uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. - 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında göstərildiyi kimi, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tairxli fərmanı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinə aşağıdakı məzmunda əlavə edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq iddiaçının gəlini olmuş Cavabdeh3 münasibətdə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından onun mənzilin mülkiyyətçisi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüququ və ya notariat qaydada verilmiş razılıq olmadığından həmin mənzildən istifadə hüquqları yaranmamışdır. Mövcud olmayan hüquqa isə xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, Cavabdeh3 mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə və işin yuxarıda əsaslandırılmış hallarına uyğun olaraq məhkəmə hesab edir ki, mənzildə istifadə hüququ olmadığından Cavabdeh3 münasibətdə iddia təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçının nəvələri olan 2002-ci il və 2006-cı il təvəllüdlü Cavabdeh1 və Cavabdeh2 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır. Məhkəmə hesab edir ki, mübahisəli mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün və o, mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malik olduğundan bu hüquqlarını həyata keçirmə istəyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə qanunidir. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçının nəvələri olmaqla yetkinlik yaşına çatmış və iddiaçının izahatına əsasən artıq xeyli müddətdir ki, həmin mənzildə yaşamırlar. Anaları ilə birlikdə digər ünvanda daimi olaraq yaşamışlar. Onlardan biri artıq ailə həyatı qurmuş, digəri isə işləri ilə bağlı tez-tez ölkə hüdudlarından kənarda olur. Hazırda mənzildə yalnız oğlu tək yaşayır. İşin bu halı iddiaçının izahatından əlavə, həmçinin məhkəməyə təqdim edilmiş övladı X3 Şeyx Şamil küçəsi, ev 4, mənzil 8/10 ünvanında tək yaşamasına dair ünvan 4li, 198 nömrəli arayışının məzmunu ilə də təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə də, mülkiyyətçinin keçmiş ailə üzvü olmuş nəvələrinin yaşayış binasının tərkib hissəsindən (mübahisəli mənzil) istifadə etmək ehtiyaclarının olması və mülkiyyətçinin və ya mənzilin digər sakinlərinin onların həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etmələrinə dair halların olması işin araşdırılmış halları müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçı olan mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə, sahib olmasına və barəsində sərəncam verməsinə imkan verməməklə maneə yaradır. Buna görə də, məhkəmə müdafiəsi tələb olunan hüququn (ev üzərində iddiaçının mülkiyyət hüququnun) müdafiəsiz qalmaması üçün iddianın əsası nəzərə alınmaqla həmin cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqları olsa da qeydiyyatda qalmalarını iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirir. Buna görə də onların istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən, Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməli, onların ünvan 1 ünvandakı mənzildən istifadə hüquqlarına xitam verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvandakı mənzildən istifadə hüquqlarına xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1696/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1696/2024
26.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver