Məhkəmə qərarları › İş №e-2(009)-1701/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1701/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1701/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə iddiaçı Vəkil Cavabdeh MMC-yə qarşı «pul və s.» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Vəkil Cavabdeh MMC-yə qarşı «pul və s.» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1850 manat pulun, 4000 manat əldən çıxmış faydanın, 500 manat dəbbə pulu, 350 manat hüquqi yardıma görə ödənilmiş pulun və 90 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xidmət göstərilməsinə dair xx.xx.2024-cü il tarixində elektron müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı sifarişçi, Cavabdeh MMC isə icraçı qismində çıxış etmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh UX/Uİ Dizayn dərslərinin tədrisini müqavilədə göstərilmiş şərtlərlə aparmağı öz öhdəliyinə götürmüşdür. Cavabdeh MMC-nin direktoru Aqşin Rəcəbovdur, o, UX/Uİ dizayn sahəsi üzrə Azərbaycanda nüfuzlu mütəxəssis kimi tanınır. Dərslərin keçirilməsi bilavasitə onun tərəfindən icra olunmalı olsa da, dərslər A.Rəcəbovun tələbəsi tərəfindən keçirilmişdir. Bununla bağlı tərəflər arasında bağlanmış müqavilədə müvafiq bənd və ya razılaşma mövcud deyildir. Müqavilənin 2-ci maddəsinə əsasən, dərslər 1 saat olmaqla həftədə 2 dəfə , ayda 12 saat əsas dərs, 8 saat praktiki dərs keçirilməsi və tədris proqramının 4 ay davam etməsi nəzərdə tutulmuşdur. 4.1-ci bəndə əsasən, xidmət haqqı 1850 (min səkkiz yüz əlli) AZN olaraq müəyyən edilmişdir. Həmçinin, müqavilənin 3.4-cü bəndində qeyd olunmuşdur ki, "İcraçı tədris müddətinin sonunda, Sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda Diplom ilə təltif etməmək hüququna malikdir". Bu qiymətləndirmənin necə və hansı qaydada aparılması, nəyə əsasən müəyyən olunması müqavilə və ya onun əlavələrində qeyd olunmamış və tərəflər arasında razılaşdırılmamışdır. Cavabdeh, müqavilə ilə öhdəlik götürmüşdür ki, o dərslərin keyfiyyətinə tam zəmanət verir və tam, keyfiyyətli xidmət göstərməyi öz üzərinə götürür. İddiaçı, müqavilənin 4.1-ci bəndinə əsasən, öz üzərinə düşən öhdəliyi tam icra etmiş və xidmət haqqını dərslər üzrə deyil, cəm şəklində olmaqla əvvəlcədən ödəmişdir (ödəniş qəbzləri əlavə olunur). Lakin, cavabdeh işə səhlənkar yanaşmış, keçirilən online dərslərdə iştirak etməmiş, həmçinin tərəflər arasında və tədris qrupunun çatında söz verildiyi kimi mentor ilə aparılmalı olan 4 konsultasiyanı (hansıları ki, A.Rəcəbov şəxsən aparmalı idi) tam və lazımınca icra etməmiş, iddiaçının sorğularını cavabsız qoymuşdur, narahatlığına etinasız yanaşmışdır. İddiaçı ilə müqavilə öhdəliklərinin tam və keyfiyyətli şəkildə icra olunması ilə əlaqədar dəfələrlə danışıqlar aparılmış, ya öhdəliyin keyfiyyətli və tam aparılması və ya ödənilmiş təlim haqqının qaytarılması tələb olunmuşdur, lakin bu danışıqlar müsbət nəticə verməmişdir. 21 iyun 2025-ci il tarixində cavabdehin hüquqi ünvanına pretenziya məktubu ünvanlanmış və 10 (on) gün ərzində müqavilə üzrə ödənilmiş 1850 (min səkkiz yüz əlli) manat məbləğin geri qaytarılması xahiş edilmişdir, qeyd olunmuşdur ki, əks təqdirdə tərəfimizdən məhkəməyə müraciət ediləcəkdir. (poçt qəbziəlavə olunur) Həmçinin, əlavə olaraq, pretenziya məktubunun surəticavabdehin elektron poçt ünvanlarına da göndərilmiş, lakin, müraciətimizə heç bir cavab gəlməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi vərazılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. Tərəfimizdən müqavilə üzrə öhdəlik icra edilmişdir. İcraçı tərəfindən öhdəlik icraedilməmişdir. İddiaçı 1850 AZN ödəniş etmiş, əvəzində ona keyfiyyətsiz, natamam xidmət göstərilmiş, sertifikat isə təqdim olunmamışdır. Cavabdeh etirazda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, müqaviləyə əsasən dərslərin keçirilməsi bilavasitə Aqşin Rəcəbov tərəfindən icra olunmalı olsa da, dərslər A.Rəcəbovun tələbəsi tərəfindən keçirilmişdir. Bununla bağlı bildirmək istəyirik ki, tərəflər arasında qabaqcadan belə bir razılaşma olmamışdır və müqavilədə də dərslərin Aqşin Rəcəbov tərəfindən şəxsən keçiriləcəyi qeyd olunmamışdır. Müqavilə şərtləri ilə tanış olması üçün iddiaçıya kifayət qədər vaxt verilmiş və daha sonra tərəflər arasında müqavilə imzalanmışdır. Həmçinin tədris proqramı barədə məlumat verilərkən tədirisin kim tərəfindən aparılacağı bildirilmiş, tələbə sınaq dərsinə qoşulmuş və tələbənin Aqşin Rəcəbov tərəfindən hazırlanmış video materiallarla təmin olunacağı bildirilmişdir. Həmin video materiallar 96 % həcmində iddiaçı tərəfindən müntəzəm olaraq istifadə olunmuşdur. (bununla bağlı sübut etiraza əlavə olunur). Bu materiallarda qeyd olunan həcmdə müntəzəm olaraq istifadə olunması da onu göstərir ki, iddiaçı hərəkətləri ilə müqavilə şərtləri ilə razılaşmış və onları qəbul etmişdir. Qeyd olunmuş keçid vasitəsilə ilə də görmək olar ki, iddiaçı bütün dərslərdə iştirak etmişdir (https:// drive.google.com/drive/folders/1wdQiP1BikrzJmjO3MwuuVlwGSP2tNwqX? usp=drive_link ) . Müqavilənin 2-ci maddəsində göstərildiyi kimi, dərslər 1 saat olmaqla həftədə 2 dəfə , ayda 12 saat əsas dərs, 8 saat praktiki dərs olaraq 4 ay davam etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, “müqavilənin 3.4-cü bəndində qeyd olunmuşdur ki, "İcraçı tədris müddətinin sonunda, Sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda Diplom ilə təltif etməmək hüququna malikdir". Bu qiymətləndirmənin necə və hansı qaydada aparılması, nəyə əsasən müəyyən olunması müqavilə və ya onun əlavələrində qeyd olunmamış və tərəflər arasında razılaşdırılmamışdır”. Bu səbəbdən də, onun diplomla təltif olunmamasına etirazını bildirir. Bildirmək istəyirik ki, iddiaçının da bildirdiyi kimi müqavilənin 3.4-cü bəndinə əsasən “İcraçı tədris müddətinin sonunda, Sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda Diplom ilə təltif etməmək hüququna malikdir.” Qiymətləndirmənin forması müqavilədə öz əksini tapmamış və bununla bağlı müqavilə bağlanarkən iddiaçı tərəfindən hər hansı tələb irəli sürülməmişdir. Tədris müddətinin sonun iddiaçı qeyd olunan balı yığa bilmədiyindən ona kurs tərəfindən diplom verilməmişdir. Qiymətləndirmənin hesablama metodu ilə bağlı isə bildirmək istəyirik ki, iddiaçıya əvvəlcədən məlumat verildiyi kimi (bununla bağlı yazışmalar etiraza əlavə olunur), qiymtələndirmə tədris müddəti ərzində verilmiş tapşırıqların ortalama balı və yekunda verilən Diplom layihəsinə uyğun olaraq aparılır. İddiaçı müavilədə qeyd olunan bal yığa bilməmiş və diplom layihəsini təhvil verməmişdir. İddiaçı iddia ərizəsində onun etirazlarına etinasız yanaşıldığını, sorğularının cavabsız qoyulduğunu bildirsə də. Kursun əməkdaşları tərəfindən daima bütün sorğular cavablandırılmış, ətraflı izah olunmuşdur. Həmçinin bildirmək istəyirik ki, tədris müddəti boyunca iddiaçı tərəfindən hər hansı narazıçılıq bildirilməmiş, tədrisi həyata keçirən şəxs və digər məsələr barədə etiraz olunmamışdır. Kurs bitdikdən sonra isə iddiaçının bildirdiyi narazlığa cavab olaraq kurs rəhbəri Aqşin Rəcəbov tədris müddətinin bitməyinə baxmayaraq onun suallarını cavablandırmağa və köməklik göstərməyə hazır olduğunu bildirmiş, lakin iddiaçı tərəfindən buna hər hansı münasibət bildirilməmişdir. Bundan əlavə iddiaçı iddia tələbində 4000 manat əldən çıxmış fayda məbləğinin cavabdehdən tutulmasını iddia etsə də bu tələbini əsaslandırmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının irəli sürdyü tələblər tamamilə əsassızdır və iddiaya dair hər hansı sübut təqdim olunmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmiş, müqavilənin şərtləri pozulmamış və buna dair sübutlar mövcuddur. İddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh MMC (İcraçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış 20 noyabr 2024-cü il tarixli "xxxx"nin: 1.1-ci bəndinə əsasən sifarişçi tapşırır, İcraçı isə hazırki müqavilədə göstərilmiş şərtlərlə UX\Uİ Dizayn dərslərinin tədrisinin öhdəliyini üzərinə götürür. 3.1-ci bəndinə əsasən icraçı hazırkı müqavilənin 1.1 bəndində göstərilmiş işləri Sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini öz üzərinə götürür. 3.4-cü bəndinə əsasən icraçı tədris müddətinin sonunda, Sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda Diplom ilə təltif etməmək hüququna malikdir. 4.1-ci bəndinə əsasən sifarişçi hazırki müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün ümumi olaraq 1850 AZN ödəyir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh MMC ilə İddiaçı arasında 20 noyabr 2024-cü il tarixli "xxxx" hazırlanmışdır. Müqavilə imzalandıqdan sonra iddiaçı tərəfindən MMC-yə 1850 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və bu səbəbdən cavabdehə ödənilmiş məbləğ və iddiaçı tərəfindən çəkilmiş digər xərclər cavabdehdən tutulmalıdır. AR Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı ərizəsində 2 əsasa istinad edərək, cavabdehin öhdəliyini yerinə yetirmədiyini iddia edir: dərslərin bilavasitə Aqşin Rəcəbov tərəfindən tədris edilmədiyinə və tədris müddətinin sonunda diplom ilə təltif edilmədiyinə. Məhkəmə ilk öncə iddiaçının ərizəsində “dərslərin bilavasitə Aqşin Rəcəbov tərəfindən tədris edilmədiyinə” dair göstərdiklərinə münasibətdə qeyd edir ki, iddiaçı əsas kimi onu göstərir ki, müqaviləyə əsasən dərslərin keçirilməsi bilavasitə Aqşin Rəcəbov tərəfindən icra olunmalı idi, lakin icraçı bu öhdəliyini yerinə yetirməmiş, dərslər Aqşin Rəcəbov tərəfindən icra olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının bildirdiyinin əksinə olaraq, tərəflər arasında bağlanmış əqddə dərslərin Aqşin Rəcəbov tərəfindən tədris ediləcəyi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, tərəflər arasında bağlanmış əqddə MMC iddiaçıya müqavilədə göstərilmiş şərtlərlə UX\Uİ Dizayn dərslərinin tədris edəcəyini razılaşdırmış və bununla bağlı öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş keçidlərdən görünür ki, cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, dərsləri təşkil edərək, iddiaçıya müqavilə ilə razılaşdırılmış dizayn dərslərinin tədrisini həyata keçirmişdir. Bundan başqa iddiaçı dərslərin bilavasitə Aqşin Rəcəbov tərəfindən keçirilmədiyinə istinad etməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim olunmuş keçidlərdən görünür ki, iddiaçı dərslərdə davamlı olaraq iştirak etmişdir. Əgər iddiaçı qeyd etdiyi kimi dərslərin Aqşin Rəcəbov tərəfindən keçirilmədiyinə əsasən cavabdehin hərəkətlərindən narazı qalsa idi, o zaman ilk bir neçə dərsdən sonra bu barədə cavabdehə öz etirazını bildirər və qalan dərslərdə iştirak etməkdən imtina etmiş olardı. Halbuki iddiaçı dərslərdə ardıcıl olaraq iştirak edərək, İcraçının müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirdiyini qəbul etmiş sayılır. Məhkəmə daha sonra iddiaçının ərizəsində “tədris müddətinin sonunda diplom ilə təltif edilmədiyinə” dair göstərdiklərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış əqdə əsasən onlar razılaşmışdırlar ki, icraçı tədris müddətinin sonunda, sifarişçinin ümumi qiymətləndirməsi 80 balın altında olduğu halda sifarişçinin Diplom ilə təltif etməmək hüququna malikdir. Göründüyü kimi, müqavilə ilə icraçının sifarişçini bütün hallarda tədris müddətinin sonunda diplom ilə təltif etməli olduğu barədə əqddə heç bir şərt mövcud deyildir. Bunun əksinə olaraq, tərəflər arasında razılaşdırılmışdır ki, iddiaçı tədrisin sonunda keçiriləcək qiymətləndirmədə 80 balın altında qiymət alacağı təqdirdə, diplom ilə təltif edilməyəcəkdir. Tədrisin sonunda keçirilən qiymətləndirmədə isə iddiaçı 80 balın altında qiymət aldığından cavabdeh tərəfindən diplom ilə təltif edilməmişdir. Məhkəmə iddia tələbinin “4000 manat əldən çıxmış faydanın, 500 manat dəbbə pulunun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi “1850 manat pulun cavabdehdən tutulması” hissəsindən yarandığından və iddia həmin hissədə əsassız sayıldığından, bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar