Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1712/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 5 saylı evin, 54-cü mənzilinin cavabdehlər və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayan uşaqları tərəfindən öz hesablarına boşaldılması və mənzilin ona təhvil verilməsi, alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi 93 günün hər günü üçün 49 manat olmaqla, cəmi 4557 (dörd min beş yüz əlli yeddi) manat dəbbə pulunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: 2024-cü ilin əvvəllərində o, qardaşı və yoldaşıyla birlikdə Bakı şəhərinin mərkəzi hissəsində ev almaq qərarına gəlmişlər. Bunun üçün 2024-cü ilin mart ayının əvvəlində ev elanları saytında müxtəlif ev elanlarını nəzərdən keçirmişdir. Elanlar sırasında həmçinin ünvan 1 ünvanında yerləşən, sahəsi 28,92 m2-dən ibarət 1 otaqlı mənzilin 98.000 (doxsan səkkiz min) manata satış elanını görmüşdür. Həmin elanı yerləşdirən şəxslə əlaqə saxlayaraq elan barədə ətraflı məlumat əldə etmişdir. Ailəsiylə müzakirələrdən sonra digər evlərə baxarkən həmin evə də baxmağa qərar vermişlər. Ailəsiylə birlikdə müvəqqəti olaraq xarici ölkədə yaşadığı üçün və fiziki olaraq ölkədə olmadığı üçün qərara almışlar ki, qardaşı onun yerinə mənzillə tanış olacaq və onunla video zəng vasitəsi ilə əlaqə saxlayacaq. 2024-cü ilin mart ayının 8-də qardaşı elanı yerləşdirən maklerlə birlikdə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 5-də 54 saylı mənzilə getmişlər. Evlə tanış olduqdan sonra Cavabdeh1 ilə evin qiymətini müzakirə etmişlər və Cavabdeh1 ona evin elandakı kimi 98.000 (doxsan səkkiz min) manatın son qiymət olduğunu söyləmişdir. Onlar da bu qiymətə razılaşmışlar. Onlar makler və Cavabdeh1 ilə razılaşmışlar ki, o, cavabdehin mənzilini almaq üçün qısa vaxtda ünvan 2 ünvanında yerləşən 61,57 m sahəsi olan 3 otaqlı mənzilini satacaq və dərhal bu mənzili alacaq. Eyni zamanda cavabdehlər də bu müddətdə özlərinə yeni ev axtaracaqlar. Fikirlərinin ciddi olmasını sübut etmək və evin başqa şəxsə satılmaması üçün yerindəcə beh ödəmişlər. Cavabdehlərə söz verdiyi tarixlərdə mənzilin alışını gerçəkləşdirmək üçün 2024-cü ilin mart ayının 18-də Efiopiyadan Bakıya gələrək ailələrinə məxsus mənzili faktiki bazar dəyərindən aşağı qiymətə, 90000 (doxsan min) manata satmağa məcbur olmuşdur. Sonra maklerlə əlaqə saxlayıb cavabdehin evini alacağı üçün mənzillə tanış olmağına şərait yaratmasını xahiş etmişdir (çünki o vaxta qədər mənzili yalnız video zəng zamanı görmüşdü). Həmin gün qardaşıyla birlikdə maklerlə görüşmüşlər və onları Cavabdeh1nın evinə gətirmişdir. Evin təmiri onu qane etməsə də mənzilin alınması haqqında razılıqları olduğundan, mənzilə görə beh ödədiklərindən mənzili almaqdan imtina etməmiş və ailəsiylə razılaşdırmışlar ki, əlavə xərc çəkməli olsalar da sonra mənzili təmir edərlər. Növbəti gün martın 19-u danışdıqları kimi qardaşıyla 2 saylı Bakı “Asan xidmət” mərkəzinə gəlmişdir. Cavabdeh maddi vəziyyətlərinin çətin olduğunu əsas gətirərək bütün xərclərin onun tərəfindən ödənilməsini şərtini qoymuşdur. Bundan əlavə “şirinlik” pulu istəmiş və qızı uşaqla gəldiyi üçün taksi pulunu ondan almışdır. Lakin Cavabdeh1 adına olan mənzilin çıxarışı köhnə formatda olduğu üçün alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamış və bunun üçün yeni çıxarışın alınması tələb edilmişdir. Bu səbəbdən cavabdehlər yeni sənəd üçün müraciət etmişlər. Yeni çıxarışın hazırlanması üçün müddət tələb edildiyindən, Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olduğundan mənzilin alqısatqısını 10 gün sonraya təxirə salmağa məcbur olmuşlar. Nəticədə o, işlərini və müalicəsini yarım qoyub Bakıya yalnız bu rəsmiləşdirmə işləri ilə bağlı 2 günlük gəlsə də qeyd edilən səbəblərdən Bakıda 10 gün gözləmək məcburiyyətində qalmışdır. 2024-cü ilin mart ayının 29-da o, cavabdeh və makler evin alqı-satqısını gərçəkləşdirmək üçün yenidən 2 saylı Bakı “Asan xidmət” mərkəzinə gəlmişlər. Orada Cavabdeh1 ona bildirmişdir ki, borcları olduğundan ailəsinə mənzili 98000 manata deyil, 88500 manata satdığını bildirib, bu səbəbdən xahiş etmişdir ki, mənzilin ümümi dəyərindən 9000 (doqquz min) manatı ona nağd qaydada, qalan 88500 manatı isə notariusun depozit hesabı vasitəsilə ödəsin. Cavabdeh1 notariat ofisində alqı-satqı müqaviləsində qeyd üçün notarius əməkdaşlarına mənzilin dəyərinin 88500 (səksən səkkiz min beş yüz) manat olduğunu qeyd etmiş və o, həmin məbləği notariusun depozit hesabı vasitəsilə Cavabdeh1 ödəmişdir. Qalan 9000 manatı isə mənzilin alışı proseduru bitəndən sonra Cavabdeh1 maklerin yanında nağd şəkildə vermişdir. Cavabdeh1 9000 (doqquz min) manat məbləğində nağd pulu və 500 (beş yüz) manat behi alması barədə əlyazmanı öz imzası ilə təsdiq etmişdir. Beləliklə, mənzilin razılaşdırdıqları dəyəri kimi 98000 (doxsan səkkiz min) manat (500+9000+88500=98000) pulu Cavabdeh1 tam məbləğdə ödəmiş olmuşdur. Alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən sonra mənzilə mülkiyyət hüququ əldə etmiş və qardaşıyla birlikdə mənzilə qeydiyyata alınmışlar. Lakin, onun xaricdə çox önəmli işləri olduğu üçün və Bakıda ev alqı-satqısı işini bitirdiyi üçün ölkə ərazisini tərk etmişdir. Evin alqı-satqı müqaviləsində qeyd edilmişdi ki, 1 ay sonra, yəni 29 aprel 2024-cü ildə ev ona təhvil veriləcək. Cavabdehlərlə razılaşmışlar ki, onlar 1 ay ərzində özlərinə yeni mənzil tapacaqlar. Həmin müddət ərzində o, Cavabdeh1 ilə əlaqə saxladıqda ona Binəqədi rayonunda 70000 manatadək həyət evi axtardığını söyləmiş və o, cavabdehə kömək etmək üçün saytlarda həmin ərazidə evlər axtarmışdır. Həmin qiymətə saytda çıxarışlı evlər tapmış, elan yerləşdirən maklerlərlə əlaqə saxlamış, digər xətdə Cavabdeh1 ilə bütün danışıqları eşidirdi. 2024-cü ilin aprel ayının sonu cavabdehlə əlaqə saxlamış, satdıqları evdən əşyalarını boşaltmalı olduqlarından evi nə zaman onlara təhvil verəcəyini və nə zaman əşyalarını ora köçürə biləcəklərini soruşmuşdur. Cavabdeh çox sərt şəkildə ona söyləmişdir ki, ev hələ tapmayıblar, ev tapmasalar evdən çıxmayacaqlar. Üstəlik, “Qardaşın oğlan xeylağıdır orda burda qala bilər, biz isə ailəyik” söyləmişdir. Satdıqları mənzilin yeni sahibi evi boşaltmağı tələb etdiyi üçün və cavabdeh qanunla aldıqları mənzili onlara təhvil vermədiyi üçün ailələrinə məxsus əşyalarını dost-tanışların evlərində və qarajlarda yerləşdirməli olmuşlar. Qardaşı isə evsiz qalmışdır. Sonradan Cavabdeh1 onlara uyğun kriteriyalara uyğun evlərin qiymətinin baha olmasını, yay fəsli ilə bağlı ondan almış olduğu evin qiymətinin artmış olmasını əsas gətirərək evdən çıxaraq mənzili ona təhvil verməkdən imtina etmişdir. Ona bildirmişdir ki, ya o, evi geri qaytarmalı, ya da 32.000 (otuz iki min) manat əlavə pul ödəməlidir. Buna razı olmayacağı halda əlaqələrindən istifadə edərək ona və ailəsinə problem yaradacağını, mənzili ondan geri alaraq başqa şəxsə daha baha qiymətə satacağını bildirmişdir. Nəzərə çatdırmaq istəyir ki, həmin mənzilin alınması üçün satdığı mənzilində qardaşı yaşayırdı və bu yeni mənzildə də qardaşı yaşamalı idi. Hazırda cavabdehlərin qanunsuz olaraq mənzili təhvil verməmələri səbəbindən qardaşı neçə aydır ki, başqa mənzillərdə yaşamalı olub, xəstəliyə düçar olub, 21 gün karantinə alınıb və işə çıxmadığı üçün maddi çətinliklərlə üzləşib. Onlar müqavilə üzrə öhdəliklərini icra etməsi üçün cavabdehlərə pretenziya göndərmişdir. Cavabdehlər həmin pretenziyanı xx.xx.2024-cü il tarixində alıblar. Pretenziyanın alınmasından sonra Cavabdeh1 vəkili və nümayəndəsi Vəkilla əlaqə saxlayaraq maksimum 1 həftə ərzində mənzilini boşaldaraq ona təhvil verəcəklərini söz verib və məhkəməyə müraciət etməməklərini xahiş edib. Lakin, cavabdehlər pretenziyada qoyulmuş müddətdə və ya söz verdikləri müddətdə mənzili boşaltmayıblar və ona təhvil verməyiblər. O, mənzili qanuni əsaslarla və dəyərini tam məbləğdə ödədiyindən, müqavilə öhdəliklərimi tam icra etdiyindən hesab edir ki, iddiası qanunvericiliyin bütün tələblərinə tam cavab verdiyindən təmin edilməlidir. Etirazın dəlilləri: xx.xx.2024-cü il tarixdə AN – İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsini iddiaçı ilə bağlamışlar. Müqaviləyə əsasən alıcı onu xaricə gedir adı ilə tələsdirmiş və o, evini çox aşağı qiymətə satmışdır. Ev almağa getdiyi zaman aldanılmağı və mənzili qiymətindən qat-qat aşağı satdığı ona bəlli olmuşdur. O, həmin qadına istədiyi yerdə ev tapa bilmir, bağladıqları müqaviləni pozsunlar demiş, iddiaçı da qaytaracağına söz vermiş, lakin 5 ay ərzində onu gözlədərək evdə saxlamış, sözünü tutmamışdır. Bu müddət ərzində bəlkə də özünə münasib ev axtrıb tapa bilərdi ki, ancaq iddiaçının sözünə inanmışdır. İddiaçı vəkil tutub, lakin vəkil qarşı tərəfi bilmədən ona evdən çıxmağını, çıxmasa məhkəməyə verib təzminat alacağını deyir. İddiaçı ondan 10000 manat tələb edir, ancaq o, onsuzda evi aşağıl qiymətə sataraq ziyana düşmüşdür. Sübut olaraq səsyazma və mesajlar da var. Düşdüyü çətin vəziyyəti nəzərə alaraq ona kömək edib ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraza uyğun izahat verərək, bildirmişdir ki, o, evini ucuz satmışdır, iddiaçı ilə dəfələrlə müzakirələr aparmış, iddiaçı Ölkə xaricində olduğundan görüşə bilməmişlər, ölkəyə qayıtdıqdan sonra görüşüb ona 10.000 manat da əlavə pul verəcəyini demişdir. Hazırda ev boşaldılıb, lakin əlavə kirayə xərci üçün ona 4000 manat verildikdən sonra evin açarları iddiaçıya təhvil veriləcək, bundan başqa o, evdə iddiaçının razılığı ilə qlın indiyədək, çünki iddiaçı ona ya evi qaytaracağını ya da bazar dəyərinə uyğun əlavə pul ödəyəcəyini bildirmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, anasının evi öz təşəbbüsü ilə uşaqları ilə məsləhətləşmədən ucuz qiymətə satdığını, buna görə də iddiaçının əlavə olaraq onlara pul ödəməli olduğunu bildirmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: AN – İ ******* nömrəli, 18 mart 2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61.57 kv.m olan 9 saylı mənzili mənzili alıcı X1. Alıcı X3 İddiaçı satdığı mənzili 90000 manat qiymətinə aldı. AN – İ ******* nömrəli, 29 mart 2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X9 Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 28.92 kv.m, yaşayış sahəsi 16.22 kv.m olan 1 otaqlı 54 saylı mənzili alıcı İddiaçı satmışdır. Alıcı İddiaçı satıcı X2 mənzili 88500 manat qiymətinə aldı. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışından görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 5 ünvanında yerləşən 54 saylı mənzil Yeni qaydalarla: AZ 1009, ünvan 4 ünvanına mülkiyyət hüququ 02 aprel 2024-cü il tarixində qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 5 ünvanında yerləşən 54 saylı mənzil tam mülkiyyət hüququ üzrə X7 mülkiyyətində olmuş və o, xx.xx.2024-cü il tarixli, AN – İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi üzrə mülkiyyəti İddiaçı 88.500 manata satmışdır. İddiaçı ilə cavabdeh X9 arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 5 ünvanında yerləşən 54 saylı mənzili xx.xx.2024-cü il tarixdə bağlanmış AN – İ ******* nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən satıcı X9 mənzili xx.xx.2024-cü il tarixinədək faktiki sahibliyinə verməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürsə də, hazırki vaxta kimi bu öhdəlik yerinə yetirilməmişdir. Hazırda iddiaçı mülkiyyətində olan mənzilin cavabdehlər tərəfindən boşaldılmasını, mənzilin təhvil verilməsini və gecikdirilmiş vaxt üçün dəbbə pulunun ödənilməsini xahiş edir. Cavabdeh tərəf isə iddiaçı ilə müzakirələr apardığını, evdə özbaşına qalmadığını, iddiaçının ona əlavə pul verəcəyini və ya evi qaytaracağına dair söz verməsini bildirərək hazırda 4000 manat kirayə xərci ödənilməsi şərtilə evin açarının iddiaçıya təhvil veriləcəyini bildirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. - 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. - 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin qənaətinə görə Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının mənzildən çıxarılma və mənzilin boşaldılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da görünür ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 5 ünvanında yerləşən 54 saylı mənzil tam mülkiyyət hüququ üzrə X7 mülkiyyətində olmuş və o, xx.xx.2024-cü il tarixli, AN – İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi üzrə mülkiyyəti İddiaçı 88.500 manata satmışdır. Həmin müqaviləyə əsasən satıcı X9 mənzili xx.xx.2024-cü il tarixinədək faktiki sahibliyinə verməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 5 ünvanında yerləşən 54 saylı mənzilin iddiaçıya təhvil verilməməsi hazırki mülkiyyətçi olan İddiaçı hüquqlarını pozur. Belə ki, iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməyərək, onun bu hüquqdan istifadə imkanı cavabdehlər tərəfindən məhdudlaşdırılır. Qeyd edilən işin faktiki hallarına və yuxarıda sadlanan ölkədaxili və beynəlxalq hüquq normalarının mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı özünə məxsus mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi 93 günün hər günü üçün 49 manat olmaqla, cəmi 4557 (dörd min beş yüz əlli yeddi) manat dəbbə pulunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi üzrə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, satıcı müqavilədə xx.xx.2024-cü il tarixinədək mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən pretenziya cavabdehə 20 iyul 2020-ci il tarixində göndərilmişdir. Məhkəmə, cavabdehin izahatında göstərdiyi xüsusatları da nəzərə alaraq, cavabdehin mənzildə müəyyən vaxtadək qalmasına iddiaçının bu və ya digər səbəbdən şərait yaratması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 5 ünvanında yerləşən 54 saylı mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) tərəfindən öz hesablarına boşaldılaraq mənzil İddiaçı təhvil verilməli, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 5 ünvanında yerləşən 54 saylı mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan uşaqları tərəfindən öz hesablarına boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1712/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1712/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver