Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1726/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbiinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nik X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh fiziki şəxs fərdi sahibkar Cavabdeh xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilərək, iddiaçının çalışdığı Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 77 ünvanında yerləşən X2 «aşbaz» vəzifəsinə işə bərpa edilməsinə, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh fərdi (fiziki şəxs) sahibkar Bak şəhərində müxtəlif ünvanlarda bir neçə restoran işlədir. Həmin restoranlardan biri Səbail rayonu, Badamdar şosesi, 77 ünvanında yerləşən X1. O, həmin restoranda çalışırdı. Cavabdehin VÖEN-İ********** olub, onun vergi uçotu AZ1029, ünvan 3 ünvanında yerləşən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılır. O, cavabdeh ilə xx.xx.2022-ci ildə əmək müqaviləsi bağlamış və həmin müqavilə əsasında cavabdehin Səbail rayonu, Badamdar şosesi, 77 ünvanında yerləşən X2 "aşbaz” vəzifəsində işləyirdi. xx.xx.2022-ci il tarixində onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq xitam verilmişdir. Həmin əmrin surətini və əmək kitabçasını dəfələrlə tələb etsə də, hələ də ona təhvil verilməyib, bu sənədlərin tələb olunması üçün məhkəmə sorğusunun da verilməsini xahiş edir. Bu qanun pozuntusu ilə birlikdə, bildirmək istərir ki, o, bu günə qədər əmək funksiyanı yüksək peşəkarlıqla yerinə yetirmiş, bir dəfə də olsun intizam tənbehi almamış, əksinə dəfələrlə həvəsləndirici təriflər almışdır. Yəni əmək funksiyasını pozmadığı halda işəgötürən Əmək Məcəlləsinin tələblərini pozaraq qanunsuz olaraq onu ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edib. Əmək kitabçasını ləkələyib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Onun izahatı alınmadan Əmək Müqaviləsinə xitam verildiyi üçün hələ də bilmir ki, o hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı halda əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Yəni işəgötürən həmin əmrini əsaslandırmalı və onun hansı pozuntu törətdiyini sübut etməlidir, lakin bu günə qədər o bunu sübut etməmişdir. Məhz ƏM-nin 71-ci maddəsinin 3-cü bəndi də deyir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa, ƏM-nin 71-ci maddəsinin 2-ci bəndi deyir ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məlum olduğu kimi, iddiaçının ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilə bilməsi üçün bu şərtlər tələb olunur: 1) o, yəni işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını pozmalıdır, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməlidir; 2) Bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı, və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Məlum olduğu kimi, hər iki şərtin var olduğunu işəgötürən sübut etməlidir. Lakin belə bir sübut təqdim olunmayıb. Əmək Məcəlləsinin 186-cu maddəsinin 2-ci bəndinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşə götürən iddiaçıya “əmək müqaviləsinin Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi” intizam tənbehini verərkən ondan izahatını belə qanuna uyğun olaraq tələb etməyib. Bununla Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndini pozmuşdur. Yəni iddiaçı hələ də bilmir ki, onu nə üçün işdən azad ediblər. Özünü müdafiə etməyə imkan da vermədilər. Bütün bunlardan məlum olduğu kimi onun işdən azad olunmağı ilə bağlı əmr Əmək Məcəlləsinin imperativ tələblərinə uyğun deyil, bu səbəblə həmin əmr ləğv olunaraq onun pozulmuş hüquqları bərpa olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, ona uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etirazını ünvanlayaraq bildirmişdir ki, məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi, iddiaçı onun rəhbərliyi altında qısa sayıla biləcək bir müddət ərzində işləmişdir. Bu müddət ərzində ona qarşı şəxsi hər hansı bir kini, ədavəti yaxud qərəzi olmamışdır. Bunu iddiaçı özü də öz ərizəsində “bir dəfə də olsun intizam tənbehi almamış, əksinə dəfələrlə həvəsləndirici təriflər almışdır” ifadəsi ilə təsdiq edir və onun ona münasibətinin daim həvəsləndirici və mükafatlandırıcı olmasını göstərir. Hər bir işin, sahənin özünə məxsus qaydaları, xüsusiyyətləri mövcuddur ki, həmin sahə üçün spesifik, mühüm əhəmiyyət daşıyır. Digər sahələrdə bu məsələ xırda görünsə də, məhs həmin sahə üçün spesifikliyi həmin pozuntuya mühüm əhəmiyyət verir. Örnəyi, digər yerlərdə 50 qəpik məbləğində vəsait əhəmiyyətsiz görsənsə də, bank xəzinədarının o məbləği götürməsi bank intizamının kobud pozuntusu kimi qiymətləndirilir. Onların fəaliyyət göstərdikləri restoran fəaliyyətinin də oxşar nümunələri var və bunlardan biri də sahibkara məxsus olub, satış üçün nəzərdə tutulmuş qida vasitələrinin toxunulmazlığıdır. İddiaçı öz ərizəsində qeyd edir ki, əmək müqaviləsinə bu maddə ilə xitam verilməsinin səbəbini bilmir. Bildirir ki, cavabdeh icazəsiz olaraq 03 may 2022-ci il tarixdə satış üçün nəzərdə tutulmuş içki vasitələrini istifadə etmiş və bununla əlaqədar 04 mart 2022-ci il tarixli akt tərtib olunub cavabdehə yazılı xəbərdarlıq elan olunmuş, bu cür hərəkətin yolverilməzliyi onun diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, cavadheh növbəti dəfə nümayişkaranə şəkildə intizamsızlıq göstərərək, 10 may 2022-ci il tarixdə, eyni əməli təkrar etmişdir. Cavabdehin hərəkətinin cəzasız qalması digər şəxslərin də intizamsızlığına yol aça bilməsi, restoranlarının ümumi iş prinsipini və əmək intizamını təhlükə altına qoyması səbəbində məcburi qaydada bu hərəkət aktlaşdırılaraq, cavabdehin əmək müqaviləsinə qeyd olunmuş əsaslarla xitam verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. Təqdim olunmuş 04 may 2022-ci il tarixli aktdan görünür ki, aşbaz vəzifədə çalışan İddiaçı 03 may 2022-ci il tarixdə sahibkara məxsus, satış üçün nəzərdə tutulmuş içkiləri, bu hərəkətlərin qadağan olunmasına baxmayaraq, icazəsiz olaraq soyuducudan götürərək istifadə etmişdir. Təqdim olunmuş sahibkar Cavabdeh xx.xx.2022-ci il tarixli, 17 №-li əmrindən görünür ki, aşbaz vəzifəsində çalışan İddiaçı satış üçün nəzərdə tutulmuş malları icazəsiz, gizli olaraq istifadə etməsinə görə yazılı xəbərdarlıq elan edilir. Bu cür halların sahibkarın əmlakına ziyan vurulması kimi qiymətləndirilməsi onun diqqətinə çatdırılmalı və yolverilməz olduğu ona izah edilməlidir. Təqdim olunmuş 11 may 2022-ci il tarixli aktdan görünür ki, aşbaz vəzifədə çalışan İddiaçı tərəfindən 10 may 2022-ci il tarixdə sahibkara məxsus, satış üçün nəzərdə tutulmuş içkiləri, bu hərəkətlərin qadağan olunmasına baxmayaraq, icazəsiz olaraq növbəti dəfə gizli olaraq istifadə etməsi faktı aşkar edilmişdir. Təqdim olunmuş sahibkar Cavabdeh xx.xx.2022-ci il tarixli, 22 №-li əmrindən görünür ki, “Kafe xidməti” bölməsində “aşbaz” vəzifəsində işləyən X7 haqqında aşağıdakı səbəb (ləri) nəzərə alaraq, 72 “ç” bəndinə əsasən əmr etmişdir: “Kafe xidməti” bölməsində “aşbaz” vəzifəsində işləyən X3 ilə bağlanılmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70 nömrəli maddəsinin “ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı, onun barəsində verilmiş əmrin qanunsuzluğunu iki hüquqi əsasa - əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmamasına, habelə əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi qaydalarının pozulmasına (əmrin surətinin və əmək kitabçasının ona verilməməsi) - istinad edərək irəli sürmüş və iddia tələbini bu əsaslarla müdafiə etmişdir. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiaçının istinad etdiyi qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. İddiaçının iddia tələbinin ilk hüquqi əsasına, yəni, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması iddiasına qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin materiallarında olan sahibkar Cavabdeh xx.xx.2022-ci il tarixli, 22 №-li əmrindən görünür ki, Kafe xidməti bölməsində “aşbaz” vəzifəsində işləyən X7 haqqında aşağıdakı səbəb (ləri) nəzərə alaraq, 72 “ç” bəndinə əsasən əmr etmişdir: “Kafe xidməti bölməsində “aşbaz” vəzifəsində işləyən X3 ilə bağlanılmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə A R ƏM-nin 70 nömrəli maddəsinin “ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər” başlıqlı 72-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə iclasında verilən izahatlardan aydın olur ki, iddiaçı icazəsiz olaraq 03 may 2022-ci il tarixdə sahibkara məxsus satış üçün nəzərdə tutulmuş içki vasitələrini istifadə etmiş və bununla əlaqədar 04 mart 2022-ci il tarixli akt tərtib olunub iddiaçıya yazılı xəbərdarlıq elan olunmuş, bu cür hərəkətin yolverilməzliyi onun diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, iddiaçı növbəti dəfə nümayişkaranə şəkildə intizamsızlıq göstərərək 10 may 2022-ci il tarixdə eyni əməli təkrar etmiş, iddiaçının hərəkətinin cəzasız qalması digər şəxslərin də intizamsızlığına yol aça bilməsi, restoranın ümumi iş prinsipini və əmək intizamını təhlükə altına qoyması səbəbindən məcburi qaydada bu hərəkət aktlaşdırılaraq iddiaçının əmək müqaviləsinə qeyd olunmuş əsaslarla xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunun yuxarıda qeyd olunan normasının tələbinə zidd olaraq iddiaçıdan belə bir izahat alınmamış, yaxud izahat verməkdən imtina etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan digər sənədlərlə təsdiq olunur ki, iddiaçı «Kafe xidməti» bölməsində «aşbaz» vəzifəsinə işə qəbul edilmiş, işlədiyi müddət ərzində əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olub-olmadığı araşdırılmamış, iddiaçıya istinad olunan pozuntunun onun barəsində müvafiq intizam tənbehinin tətbiqinə əsas veribvermədiyi aydınlaşdırılmamış və beləliklə, əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin İİ hissəsinin və 76-cı maddəsinin tələblərinə əməl edilməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı da müəyyən edilməlidir. İddiaçı da onun hüquqularının digər pozuntusu olaraq haqqında verilmiş əmrin surətinin və həmçinin, əmək kitabçasının ona verilməmiş olmasını göstərmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürənin xx.xx.2022-ci il tarixli əmrin surəti iddiaçıya verilməmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni əmək qanunvericiliyinin istinad olunan normalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinin kobud pozulması nəticəsində baş vermişdir, ona görə də, iddiaçı əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh fiziki şəxs fərdi sahibkar Cavabdeh xx.xx.2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 77 ünvanda yerləşən X2 “Kafe xidməti” bölməsində “aşbaz” vəzifəsinə işə bərpa edilsin və məcburi iş buraxmaya görə əmək haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1726/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1726/2022
14.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver