Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-176/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ("xxxx" ASC və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və "xxxx" Firmasına qarşı "maneənin aradan qaldırılması" tələbinə dair iddia mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Firmasına qarşı "maneənin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus, Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi, ev 52C, korpus 12, mənzil 14 ünvanında yerləşən mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və gələcəkdə də belə qanunsuz hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı ona məxsus Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi, ev 52C, korpus 12, mənzil 14 ünvanında yerləşən əmlakın elektrik enerjisinin və əmlaka su təminatının cavabdehlər tərəfindən əsassız yerə qanunsuz olaraq kəsilməsinə görə əziyyət çəkir və bu hərəkətlərin cavabdehlərə qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Belə ki, cavabdehlərin qanunsuz olaraq istehlakçının elektrik enerjisini xx.xx.2023-cü il tarixdən bu məsələ ilə bağlı MTT-yə dair qərardad çıxana qədər kəsməsi və su təminatının dayandırılması nəticəsində mənzildə yaşamaqda olan iddiaçı və onun ailə üzvləri xeyli sıxıntılar keçirmişdirlər. Mövsümi soyuqların gəlməsi, sanitar-gigiyena tələbatlarının qarşılanması və ən əsası bu hərəkətlərin heç bir dayanağının olmaması bina idarəçiliyini həyata keçirən cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulmasının zəruriliyini tələb edir. İddiaçının "xxxx" ASC-yə və "xxxx" ASC-yə heç bir kommunal ödənişə dair borcu yoxdur. "xxxx" MMC guya ki, iddiaçının ona borclu olduğunu iddia edərək ona məxsus əmlakın elektrik və su enerjisini qanunsuz olaraq kəsmiş və aidiyyəti cəmiyyətlər isə bu barədə məlumatı olmasına rəğmən heç bir tədbir görmədən hərəkətsiz qalmışdır. Bu hal isə iddiaçının hüquqlarının pozulmasına və onun konstitusion hüquqlarından məhrum qalmasına gətirib çıxarmaqdadır. Odur ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi, ev 52C, korpus 12, mənzil 14 ünvanında yerləşən əmlakın elektrik, su, rabitə kommunikasiya və digər təchizatlarının kəsilməməsi, iddiaçıya öz əmlakından və istehlakçı olaraq hüquqlarından istifadə etməsinə yaradılan süni maneələrin aradan qaldırılmasına və gələcəkdə də belə maneələrin yaradılmaması üçün cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair öhdəliyinin onların üzərinə qoyulması labüddür. İşin hallarından göründüyü üzrə cavabdehlərin hərəkətləri tamamilə qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməkdədir. Eyni zamanda iddiaçı bütün bu hadisələrə görə dərin əsəb və stress altındadır. Ona cavabdehlər tərəfindən həm maddi, həm də mənəvi zərər yetirilməkdədir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, kommunal xidmətlərin verilməsinin dayandırılması Cavabdeh1 MMC tərəfindən deyil, Cavabdeh1 firması tərəfindən törədilir. Onlara müqavilə şərtləri ilə tanış olmaqla müqavilə bağlanılması ilə bağlı müraciət etmişlər, lakin hazıradək Firma tərəfindən onlara cavab verilməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sübutlar: İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2015-ci il tarixli 862 saylı müqavilədən görünür ki, Podratçı "xxxx" MMC ilə sifarişçi İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda yerləşən torpaq sahəsi üzərində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 203 Saylı xx.xx.2005-ci il tarixli sərəncamı əsasında beş mərtəbəli binaların inşa etməsinə, inşaat işlərinin 2005-2015-ci illər ərzində başa çatdırlmasına, binanın inşaatı başa çatdırıldıqdan sonra 12 saylı binanın 5-ci mərtəbəsində yerləşən 14 nömrəli mənzilinin “Sifarişçi”yə satılaraq onunla müvafiq alqı-satqı müqaviləsinin bağlanmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə, “Sifarişçi”nin isə bu əmlakı qəbul edib, əvəzində razılaşdırılmış məbləğin ödənilməsinə dair tərəflər üçün ilkin hüquqi öhdəliyin yaranması təşkil edir. - Satıcı "xxxx" MMC ilə Alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 45 kv.m. olan mənzili tam mülkiyyət üzrə Alıcı- İddiaçı mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 45 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - İddiaçı ünvanlanmış Xəbərdarlığın mətnindən görünür ki, “Sizin kommunal xərclərə görə 15 ay: 300 manat borcunuz var. Xahiş edirik 3 gün müddətində ödəyəsiniz!!! Əks halda tədbirlər görüləcək!” -Binada yerləşdirilmiş yazılı mətndə qeyd edilmişdir ki, “Hörmətli sakinlər! Xahiş edirik kommunal ödənişləri xx.xx.2023-cü ilədək edəsiniz! Əks halda tədbirlər görüləcək!” - Bakı şəhəri, Səbail rayonu, Akademik Ə.Yaqubov küçəsi, ev 52C, korpus 12, mənzil 1 ünvanında yaşayan E.Xəlilov, mənzil 3 ünvanında yaşayan İldırımlı Zamin və digərlərinə "xxxx" Firmasının müdriyyəti tərəfindən ünvanlanmış Bildirişdən görünür ki, bina 12, mənzil 14-də yaşayan mənzilin sahibi İddiaçı kommunal pulunu ödəmədiyinə görə (hal-hazırda kommunal üzrə borcu 828 manatdır), şirkət nasosxananın təmirini və nasosların işıqla təmin olunmasını təşkil edə bilmir. Bu səbəblə, xx.xx.2023-cü il tarixinədək borc ödənilməsə bu binanın su anbarından istifadəsi dayandırılacaqdır. Qeyd edilir ki, kommunal xərclərinə ödənilən məbləğin (1kv.m-30 qəpik) əsas hissəsi nasosxananın təmirinə və işıqla təmin olunmasına xərclənir. - "xxxx" ASC-nin “söhbət” bölməsində İddiaçı müraciətindən görünür ki, işığının binanın komendantı tərəfindən dayandırılması ilə bağlı müraciət edilmiş və "xxxx" ASC-nin vətəndaşa cavab mətnində qeyd edilmişdir ki, “elektrik enerjisi təchizatının dayandırılması məsələləri “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.12 və 9.13-cü bəndinin tələbləri ilə tənzimlənir və binanın komendantının enerji sərfiyyatına görə borc olmadığı halda, digər xərclərə görə elektrik enerjsi verilişinin dayandırılması halları qanunvericiliyə ziddir. Xahiş olunur, qeyd edilən məsələ ilə bağlı müraciəti yaşayış kompleksinin səlahiyyətli şəxsləri ilə aydınlaşdırasınız”. - İşıq sayğacının yerləşdiyi bölmənin üzərində yerləşdirilmiş mətndə qeyd edilmişdir ki, “Diqqət! Elektrik şiti icazəsiz açmaq qadağandır! Cərimə 1000 AZN”. -xx.xx.2021-ci il tarixli, AKX-02794xx/xx-2021 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “Azəriqaz” İB ilə İddiaçı arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və ünvan 4 ünvanına G-4 markalı **********1 nömrəli sayğac quraşdırılmışdır. -qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 4 ünvanında yerləşən, İddiaçı adına olan **********10140 saylı Abunə hesabı üzrə qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. -“Azəriqaz” İB tərəfindən verilmiş **********10140 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı xx.xx.2018-ci il tarixdən qazdan istifadəyə görə aylıq ödənişlər etmişdir. -"xxxx" ASC-nin Səbail Rayonu Sukanal İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı adına olan **********142 abonent kodu üzrə sudan istifadəyə görə ödənişlər edilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş Abunə haqqında məlumatdan görünür ki, ünvan 4 ünvanı üzrə abonent İddiaçı 2018-ci ildən işıqdan istifadəyə görə aylıq ödənişlər edilmişdir. -"xxxx" ASC-nin Bildiriş xəbərdarlığından görünür ki, ünvan 4 ünvanında yerləşən, İddiaçı adına olan **********20014 saylı Abune kodu üzrə xx.xx.2023-cü il tarixdə 26.17 manat öfəniş edilmiş, xx.xx.2023-cü il tarixə ödəniləcək məbləğ 11.52 manat olmuşdur. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşin materiallarından görünür ki, İddiaçı kommunal ödənişlərin edilməsi ilə bağlı -“Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC ilə müvafiq müqavilələr bağlayaraq kommunal ödənişləri mütəmadi olaraq etmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda İddiaçı ilə Cavabdeh1 Firması arasında kommunal xidmətlərin ödənilməsi ilə bağlı müqavilə bağlanmamış və kommunal xidmətlərin dayandırılması ilə bağlı aralarında mübahisə yaranmışdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. -137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. -137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. -137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. -137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. -137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. -137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. -137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, işin materiallarından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçisi İddiaçı tərəfindən kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müvafiq olaraq Azərişıq" ASC və "xxxx" ASC ilə xidmət müqavilələri bağlanmış və həmin xidmətlərə görə aylıq kommunal ödənişlər həyata keçirilmişdir. İddiaçının nümayəndəsinin izahatı ilə də müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanında yerləşən mənzili almaqla yaşayan İddiaçı ilə "xxxx" Firması arasında kommunal xidmətlərin göstərilmələrinə görə müqavilə bağlanmamışdır. Bununla belə, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında araşdırılmış iddiaçı tərəfindən təqdim edilmiş, elektrik şitinə, divara yerləşdirilmiş və bina sakinlərinə ünvanlanmış müraciət, bildiriş və xəbərdarlıqların mətnindən aydın olur ki, "xxxx" Firması tərəfindən sakinlərə kommunal ödənişlərin edilməsi, əks halda cərimələrin ediləcəyi və müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir yaşayış binasında MMMC-lər, MTK-lar və s. hüquqi şəxslər yalnız özünün göstərdiyi xidmətlərə görə ödənişlər tələb edə və məhdudiyyələr müəyyən edə bilər. Hazırki halda isə "xxxx" Firmasının tərəfindən İddiaçı mülkiyətində olan və yaşadığı mənzilə hər hansı qaz, işıq və suyun verilməsi ilə bağlı xidmətlərin göstərilməsi müəyyən edilməmiş, eləcə də kommunal xidmətlərin göstərilməsinə görə onlar arasında hər hansı müqavilə bağlanmamışdır. Odur ki, məhkəmə "xxxx" Firmasına qarşı Bakı şəhəri Səbail rayonu X1 küçəsi, ev 52C, korpus 12, mənzil 14 ünvanında yerləşən mənzildən istifadəyə yaradılmış maneələrin, yəni suyun və işığın verilməsinin dayandırılması kimi hərəkətlərin aradan qaldırılması və bu cür hərəkətlər qanunsuz hesab edilməklə qadağan edilməsi hissəsində iddianı əsaslı hesab edir və belə nəticəyə gəlir ki, "xxxx" Firmasına qarşı iddia təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, mənzil sahibi və ya mülkiyyətçi istifadə etdiyi məhz cavabdehin göstərdiyi xidmətlərə görə haqq ödəmədiyi halda, Firmaya dəyən zərərin əvəzi ilə bağlı mübahisə məhkəmədən kənar həll edilə bilmədikdə məhkəmə qaydasında xidmətlərdən istifadə edən sakinlər və ya mülkiyyətçilərdən qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dəymiş zərərin əvəzi tələb edilə bilər. Məhkəmə, "xxxx" MMC-yə qarşı iddia tələbinin irəli sürülməsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC podratçı olaraq Bakı şəhəri Səbail rayonu X1 küçəsində yerləşən binaların tikintisini həyata keçirmiş və onun binanın idarə edilməsi ilə bağlı hər hansı öhdəliyi və ya fəaliyyəti olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" MMC-yə aid hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus, Bakı şəhəri Səbail rayonu X1 küçəsi, ev 52C, korpus 12, mənzil 14 ünvanında yerləşən mənzildən istifadəyə yaradılmış (suyun, işığın kəsilməsi kimi) maneələr aradan qaldırılmalı və gələcəkdə belə qanunsuz hərəkətlər edilməsi cavabdeh "xxxx" Firmasına qadağan edilməli, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi "xxxx" Firmasından tutularaq İddiaçı ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi, ev 52C, korpus 12, mənzil 14 ünvanında yerləşən mənzildən istifadəyə yaradılmış (suyun, işığın kəsilməsi kimi) maneələr aradan qaldırılmaqla gələcəkdə belə qanunsuz hərəkətlərin edilməsi cavabdeh "xxxx" Firmasına qadağan edilsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi "xxxx" Firmasından tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-176/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-176/2024
27.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver