Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1770/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının qanuni nümayədəsi C.A.Əfəndiyevin, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı kommunal xidmət haqqı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kommunal xidmət haqqı borcun tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının idarəçiliyi müqavilə əsasında İddiaçı MMM tərəfindən həyata keçirilir. Sözügedən yaşayış binası 20 mənzil və 2 qeyri-yaşayış sahələrindən ibarətdir. Binada nəzərdə tutulan kommunal xərclər (nəzarətçi-dispetçerlər, xadimə, liftin servisi, texniki avadanlıqlara xidmət və s.) toplanaraq, mülkiyyətçilər arasında sahələrə uyğun olaraq mütənasib şəkildə bölünür. 2017-ci ilin aprel ayına qədər həmin binada kommunal xidmətlərin 1 kv.m.üçün dəyəri 0,63 manat təşkil edirdi, xx.xx.2017ci il tarixdən etibarən isə (tarif şurasının müvafiq qərarlarına əsasən, minimum əmək haqqının artmasını və digər xərcləri nəzərə alaraq) 1 kv.m.üçün dəyər 1,10 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq mülkiyyətçilərə yeni kommunal xidmət haqqında müqavilələr və qiymət artımının əsaslandırılmasına dair bildirişlər təqdim edilmişdir. Cavabdeh ona məxsus və ünvan 2 ünvanda yerləşən yaşayış binasının 10 və 12 saylı mənzillərinə görə hesablanmış yeni tariflə razılaşmamış, kommunal xidmət haqlarını əvvəlki tariflə belə ödəməkdən imtina etmiş, lakin ödənişin yeni qayda üzrə həyata keçirməməsinin səbəbini açıqlamamışdır. Məsələnin həll edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin 2(006)-4648/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Mehdiyev) Cavabdeh "xxxx" MMM-nin xeyrinə 6146,69 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-4079/2019 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi İlham Kərimli) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-7460/2019 saylı qərarı ilə "xxxx" MMM-nin xeyrinə tutulan 6149,69 manat azaldılaraq 3520,40 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar olaraq binanın sahə mülkiyyətçilərinin müvafiq qərarı olmadığına görə cavabdehə məxsus 10 və 12 saylı mənzillərə göstərilən xidmət köhnə xx.xx.2017-ci il tarixə qədər olmuş və hər kv.m.üçün 0,63 manat təşkil edən hesabla ödənilməlidir. Bununla belə sahə mülkiyyətçilərinin 0,63 manat hesabı ilə kommunal xidmət haqlarının müəyyənləşdirilməsinə dair qərarın olmaması Ali Məhkəmə tərəfindən nədənsə nəzərə almamışdır. Ali Məhkəmənin qeyd edilən qərarı qəbul edildikdən sonra da cavabdeh kommunal xidmət haqqını hər kv.m. üçün 0,63 manat hesabı ilə ödəməkdə davam edir. Halbuki binada yaşayan digər sahə mülkiyyətçiləri hər kv.m. üçün təyin olunmuş 1,10 manat tarifi ilə vaxtında ödənişlərini edirlər. Cavabdehin xidmət haqqını kəsirlə ödəməsi nəticəsində sentyabr 2018-avqust 2023 dövrü üçün 9060,63 manat borcu yaranmışdır. Belə ki, hər kv.m. üçün 1,10 manat təyin olunmuş tarifə əsasən cavabdeh 10 və 12 saylı mənzillərə görə aylıq 361,57 manat ödəməli olduğu halda, o, sentyabr 2018 - avqust 2023 dövrü ərzində hər ay 208 manat ödəyib. Göründüyü kimi, aylıq ödəniş tam ödənilmədiyi üçün kəsirin məbləği hər ay üçün 153,57 manat təşkil edir (sentyabr 2018 - avqust 2023 dövrü = 59 ay x 153,57 = 9060,63 manat). Cavabdehin nümayəndəsi ilə bununla bağlı danışıqlar aparılıb. İzah edilib ki, xərclər binanın sahəsinə uyğun olaraq mütənasib şəkildə bölünür və mövcud olan tarif məhz belə formalaşır. Bundan əlavə cavabdehə bir neçə dəfə xidmət müqaviləsi təqdim edilsə də, o, müqaviləni imzalamaqdan imtina edib. Səbəb kimi isə Ali Məhkəmənin qərarında məhkəmə mübahisəsi dövründə olan borcun 0,63 manat tariflə hesablanmasını göstərir. "xxxx" MMM hesab edir ki, Cavabdeh tərəfindən kommunal xidmət haqqının 1 kv.m. üçün 0,63 manat hesabı ilə ödəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-7460/2019 saylı qərarından sonrakı dövrə tətbiq edilməməlidir. Qeyd edilənlər mövcud qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında Cavabdeh 10 və 12 saylı mənzillər üçün qərardan sonrakı dövrdə kommunal xidmət haqqının 0,63 manat tarifi ilə ödənilməsi nəzərdə tutulmamışdır və sonrakı dövrdə şamil oluna bilməz. Belə olan halda, "xxxx" MMM hesab edir ki, Cavabdeh tərəfindən aylıq ödəniş hər kv.m. sahə üçün 0,63 manat yox, 1,10 manat ödənilməlidir. Bundan əlavə Cavabdeh tərəfindən kommunal xidmətin dəyərini hər kv.m. üçün 0,63 manat ödənilməsi digər mülkiyyət sahiblərinin maraqlarına toxunmaqla bərabər, xidmət səviyyəsinin aşağı düşməsinə, vergi və sosial ödənişlərin vaxtında ödənilməməsinə və s.problemlərə səbəb olur. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 3 ünvanda 10 və 12 saylı mənzillərə görə sentyabr 2018 – avqust 2023 tarixləri ərzində kommunal xidmət haqqı qismində yaranmış 9060,63 manat borcunun, iddia ərizəsinə görə ödənilmiş 110,61 manat məbləğində dövlət rüsumunu, cəmi 9171,24 manat pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" MMM-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, cavabdeh tərəfindən hər iki mənzilə görə kommunal xidmətlərlə bağlı yalnız hər kv.m. görə 0,63 manatdan ödəniş həyata keçirilmiş, onun hər kv.m. görə 0,47 manat ödənilməmiş borcu qalmışdır. Binanın digər mənzil mülkiyyətçiləri ilə müvafiq müqavilələr bağlanılmış, həmin mülkiyyətçilər, hətta müqavilə bağlamayan bir neçə mülkiyyətçi də kommunal xidmətlərlə əlaqədar mənzil sahələrinin hər kv.m. üçün 1,10 manat məbləğində ödəniş həyata keçirir. Eyni zamanda binanın sahə mülkiyyətçilərinin kommunal xidmətlərin 1 kv.m. üçün 1,10 manat təşkil etməsi barədə qərar mövcud deyil. Lakin 63 qəpik məbləğində kommunal xidmətlərə görə ödənişlərlə də əlaqədar da belə bir qərar mövcud deyil. Yəni Ali Məhkəmənin qərarında istinad edilən halları hazırki münasibətdə əsas kimi götürmək olmaz. Əgər cavabdeh onlar tərəfindən müəyyən edilən məbləğlə razı deyilsə bununla bağlı araşdırma apara bilər. Onlar tərəfindən tərtib edilən korkulyasiya realdır, məbləğlər də əsaslıdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh tərəfindən kommunal xidmətlərlə bağlı ödənişlər edilir, bundan imtina edilmir. Lakin iddiaçının tələb etdiyi həddə ödənişin edilməsindən imtina edir. Tərəflər arasında müqavilə münasibəti mövcud deyil, cavabdeh kommunal xidmətlərlə bağlı real ödənişi həyata keçirir, ona görə də təklif olunan müqaviləni imzalamır. Əgər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti sakinlər tərəfindən yaradılarsa və ümumi yığıncaqda kommunal xidmətlərlə əlaqədar məbləğ müəyyən edilərsə, cavabdeh həmin məbləği ödəyəcək. Hər hansı hüquqi şəxsin ödəniş məbləğinin hansı həddə olmasına dair apardığı korkulyasiya qəbul oluna bilməz, digər hüquqi şəxs gəlib başqa məbləğ tələb edə bilər. Cavabdehin iddiaçı qarşısında kommunal xidmətlərlə əlaqədar hər kv.m üçün 1,10 manat ödəniş etmə öhdəliyi yoxdur. Hər kv.m üçün 0,63 manat ödəniş edir. Məhkəmə qətnaməsində də həmin məbləğ qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli**********811400 saylı X6 Reyestrindən Çıxarışının notarial qaydada təsdiq edilmiş surətinə əsasən, İddiaçı MMM xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmiş, qanuni təmsilçi (əvvəlki) X5r. İş üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli**********811400 saylı X6 Reyestrindən Çıxarışının notarial qaydada təsdiq edilmiş surətinə əsasən, İddiaçı MMMnin qanuni təmsilçi (hazırki) X7r. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 19 saylı evin ümumi sahəsi 166,7 kv.m. olan 12 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 17909 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə-mühasibatlıq rəyinin surətindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh ilə İddiaçı MMM arasında bağlanmış xx.xx.2017-ci il tarixli “mənzil-kommunal xidməti haqqında” müqavilələr üzrə Cavabdeh İddiaçı MMM-ə xx.xx.2018ci il tarixə 6146,69 manat, xx.xx.2018-ci il tarixə 5061,98 manat məbləğində kommunal xidməti borcu olduğu müəyyən edilmişdir. İş üzrə İddiaçı MMM tərəfindən tərtib edilmiş ünvan 4 ünvanda xərclərin açıqlanmasına dair hesabatdan görünür ki, binada kommunal xidmətlərin 1 kv.m. üçün dəyəri 1,104 manat təşkil etmişdir. İş üzrə İddiaçı MMM tərəfindən Cavabdeh ünvanlanmış 10 və 12 nömrəli bildirişlərin surətlərindən görünür ki, hazırda Cavabdeh yaşadığı bina xx.xx.2006-cı il tarixdə sakinlərin istifadəsinə verilmiş və bu müddət ərzində kommunal xidmət haqqı hər kv.m. üçün ayda 63 qəpik məbləğində tətbiq olunmuşdur. Sakinlər tərəfindən kommunal xidmət xərcləri mütəmadi olaraq ödənilməsinə baxmayaraq, həmin binanın 1-ci mərtəbəsində yerləşən 215,04 kv.m. qeyri-yaşayış sahəsi üzrə kommunal xidmət xərcləri hər kv.m.üçün nəzərdə tutulmasına baxmayaraq, 2006-cı ildən bu günə kimi yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsini icarəyə verən şəxslər tərəfindən təmin olunmamış, beləliklə də, xx.xx.2017-ci il tarixə olan müddət ərzində 13,095 manat borc yaranmışdır. Bütün bunlar isə mütəmadi olaraq problemlər yaratmaqla bərabər, sakinlərə göstərilməsi nəzərdə tutulan xidmətin keyfiyyətinə müəyyən dərəcədə təsir etmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 19 və 20 saylı qərarları, göstərilən xidmətlərin vəziyyətini və iş şəraitinin yaxşılaşdırılması, işçilərin əmək haqqlarının artırılması, eləcə də digər məsələlərlə əlaqədar olaraq, hər kv.m.yaşayış sahəsi üzrə kommunal xidmət haqqlarına yenidən baxılması zərurəti yaranmışdır. Yuxarıda qeyd edilən məsələ ilə əlaqədar olaraq, "xxxx" MMM tərəfindən müvafiq hesablama aparılmış və müəyyən olunmuşdur ki, sakinlərə göstərilməsi nəzərdə tutulan 19 növ, o cümlədən: mənzil istismar sahəsi işçilərinin əmək haqqı, vergisi və Dövlət Sosial Müdafiə Fondu, komendantın əmək haqqı, vergisi və Dövlət Sosial Müdafiə Fondu, mühafizəçilərin əmək haqqı, vergisi və Dövlət Sosial Müdafiə Fondu, elektrik enerjisi, liftlərə xidmət, məişət tullantıların daşınması, torpaq vergisi, təsərrüfat, su və kanalizasiya xərcləri, telefon (abunə haqqı), amortizasiya xərcləri, müxtəlif növ vergilər (ƏDV, Mənfəət, Əmlak), nəzərdə tutulmayan digər xərclər kommunal xidməti qismində həyata keçirməkdədir. Qeyd etmək lazımdır ki, İddiaçı MMM-nin illik qazancı hazırda 10% nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2017-ci il tarixdən etibarən Cavabdeh yaşadığı bina üzrə hər kv.m. sahə üçün sakinlər tərəfindən ayda 1 manat 10 qəpik, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi üzrə 1 kv.m.üçün kommunal xərclər 49 qəpik, 2-ci mərtəbə üzrə isə 78 qəpik kommunal xidmət haqqının ödənilməsi nəzərdə tutulmaqla bərabər ödənişlər hər ayın 5-i tarixdən gec olmayaraq ödənilməlidir. Daha sonra bildirilir ki, yeni tarif sisteminin tədbiri ilə əlaqədar olaraq istədiyi vaxt yaşadığı binaya kommunal xidməti həyata keçirən ünvan 6 ünvanda yerləşən İddiaçı MMM ofisində Cavabdeh maraqlandıran sənədlər və məlumatlarla tanış ola bilər. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7460/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği 6146,69 manatdan azaldılaraq 3520,4 manat müəyyən edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Həmin qərarı ilə müəyyən edilmişdir ki, A.İ.Zeynalova ilə İddiaçı MMM arasında kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin qərarı olmadığına görə Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 31A, 10 və 12 saylı mənzillərə göstərilən xidmətlərə görə kommunal xidmət haqqı tərəflər arasında xx.xx.2017-ci il tarixə kimi şifahi qaydada razılaşdırılmış hər kv.m. görə 0,63 manat hesabı ilə ödənilməlidir. İş üzrə kommunal xidmətlərə dair xx.xx.2020-ci il tarixli müqavilələrin surətlərindən görünür ki, həmin müqavilə "xxxx" MMM ilə Cavabdeh arasında bağlanması üçün tərtib edilmiş, müqavilə İddiaçı MMM tərəfindən imzalansa da, Cavabdeh tərəfindən imzalanmamışdır. Həmin müqavilə şərtində “İcraçı” qismində olan İddiaçı MMM “Sifarişçi” qismində Cavabdeh mənzillərinin sahəkommunal xidmətlərin həyata keçirilməsini, həyətyanı sahənin abad saxlanmasını və s. öhdəliyin üzərinə götürməsini, “Sifarişçi” isə hər ayın 05-i tarixindən gec olmayaraq, hər kv.m. üçün 1,10 manat olmaqla kommunal xidmətlərlə bağlı məbləği “İcraçı”ya ödəməyi öhdəsinə götürürlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 8 ünvanda yerləşən binanın 7-ci mərtəbəsində, ümumi sahəsi 162 kv.m. olan 10 saylı mənzil və ünvan 8 ünvanda yerləşən binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 166,7 kv.m. olan 12 saylı mənzil Cavabdeh məxsusdur. Mənzillərin yerləşdiyi binasının idarəçiliyi İddiaçı MMM tərəfindən həyata keçirilir. 2017-ci ilin aprel ayına qədər həmin binada kommunal xidmətlərin 1 kv.m. üçün 0,63 manat, xx.xx.2017-ci il tarixdən etibarən isə 1 kv.m. üçün dəyər 1,10 manat təşkil etmişdir. Həmin ödənişə mülkiyyətçiyə məxsus mənzillərin yerləşdiyi binanın ümumi saxlanlanılması xərcləri daxil edilmişdir. Həmin qiymət müəyyən edildikdən sonra mənzil mülkiyyətçisi olan Cavabdeh mənzil-kommunal xidməti haqqında yeni müqavilələrin bağlanılması, kommunal xidmətlərlə bağlı aylıq ödənişin 1 kv.m. üçün 1,10 manat olması təklif edilmiş, lakin cavabdeh həmin müqavilələri imzalamamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4648/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı “mülkiyyətə yönəlmiş maneənin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddia tələbi rədd edilmiş, İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 6146,69 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4079/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh məxsus mənzillərə göstərilən xidmətlərə görə kommunal xidmət haqqı tərəflər arasında xx.xx.2017-ci il tarixə kimi razılaşdırılmış hər kv.m. görə 0,63 manat ödənilməsi müəyyən edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği 6146,69 manatdan azaldılaraq 3520,4 manat müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kommunal xidmət haqqının mənzilin hər kv.m. görə 0,63 manat həddində qəbul edilməli olmasının əsası kimi kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin bununla bağlı müvafiq qərarının olmaması göstərilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, hazırda cavabdeh hər iki mənzilə görə kommunal haqqını hər kv.m. üçün 0,63 manat məbləğində ödəməkdə davam edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh kommunal haqqını hər kv.m. üçün 0,63 manat hesabı ilə məbləğində ödəməkdə davam edir. Binada yaşayan digər sahə mülkiyyətçiləri hər kv.m. üçün təyin olunmuş 1,10 manat tarifi ilə vaxtında ödənişlərini edirlər. Cavabdehin xidmət haqqını kəsirlə ödəməsi nəticəsində 2018-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayınadək dövr üçün 9060,63 manat borcu yaranmışdır. Belə ki, hər kv.m. üçün 1,10 manat təyin olunmuş tarifə əsasən cavabdeh 10 və 12 saylı mənzillərə görə aylıq 361,57 manat ödəməli olduğu halda, həmin dövrü ərzində hər ay 208 manat ödəyib. Aylıq ödəniş tam ödənilmədiyi üçün kəsirin məbləği hər ay üçün 153,57 manat (59 ay x 153,57=9060,63 manat) təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında Cavabdeh 10 və 12 saylı mənzillər üçün qərardan sonrakı dövrdə kommunal xidmət haqqının 0,63 manat tarifi ilə ödənilməsi nəzərdə tutulmamışdır və sonrakı dövrə şamil oluna bilməz. Bundan başqa, Cavabdeh tərəfindən kommunal xidmətin dəyərini hər kv.m. üçün 0,63 manat ödənilməsi digər mülkiyyət sahiblərinin maraqlarına toxumaqla bərabər, xidmət səviyyəsinin aşağı düşməsinə, vergi və sosial ödənişlərin vaxtında ödənilməməsinə və s.problemlərə səbəb olur. Bu səbəbdən iddiaçı cavabdehə məxsus 10 və 12 saylı mənzillərə görə sentyabr 2018 – avqust 2023 tarixləri ərzində kommunal xidmət haqqı qismində yaranmış 9060,63 manat borcunun, iddia ərizəsinə görə ödənilmiş 110,61 manat məbləğində dövlət rüsumunu, cəmi 9171,24 manat pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" MMM-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik öhdəliyin yaranma əsaslarını müəyyən etmişdir. Həmin əsaslardan da biri müqavilədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMM tərəfindən xx.xx.2020-ci il tarixli mənzil-kommunal xidməti haqqında müqavilələrin imzalanması üçün Cavabdeh təqdim edilmiş, lakin Cavabdeh tərəfindən həmin müqavilələr imzalanmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kommunal xidmətlərə dair müqavilələrin bağlanmasından imtina etsə də, bu hal onu ümumi əmlakın saxlanılması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, mənzil mülkiyyətçisinin kommunal xidmətlərlə əlaqədar müqavilə imzalanmaqdan imtina etməsi onu binanın saxlanılması üçün mütləq ödəniş və haqların ödənilməsindən azad etmir. Lakin mütləq ödənişlər və haqların ödənilməsi o halda mənzil mülkiyyətçisi üçün məcburi ola bilər ki, həmin mütləq ödəniş və haqların miqdarı mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilsin. Məhkəmə qeyd edir ki, bu yanaşma qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarında da mövcud olmuşdur. Belə ki, Ali Məhkəmənin göstərilən qərarında kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarının olmaması əsas götürülərək, 2017-ci il tarixə kimi şifahi qaydada razılaşdırılmış mənzillərə göstərilən xidmətlərə görə kommunal xidmət haqqı hər kv.m. üçün 0,63 manat hesabı ilə ödənilməli olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı MMM ilə Cavabdeh arasında kommunal xidmət haqqının müəyyən edilməsi ilə bağlı binanın sahə mülkiyyətçilərinin müvafiq qərarı olmadığına görə mənzillərə göstərilən xidmətlərə görə kommunal haqqı xx.xx.2017-ci ilə kimi razılaşdırılmış hər kv.m. görə 0,63 manat tutulması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, həmin hal preyudisial əhəmiyyətə malikdir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh tərəfindən hər ay hər 2 mənzil üzrə mənzilin hər kv.m. üçün preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğ – 0,63 manat ödənişin edilməsi təsdiq olunduğundan, bu hal iddiaçı tərəfindən də etiraf olunduğundan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən mənzilin hər kv.m. üçün 1,10 manat kommunal xidmət haqqının tələb edilməsi əsassız hesab edilməli və bu səbəbdən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iddiaçının binanın digər mənzil mülkiyyətçiləri tərəfindən kommunal xidmətlərə görə 1,10 manat məbləğində ödənişinin edilməsi, məhkəməyə təqdim edilən xidmətlərə görə xərclərin açıqlanmasına dair hesabatda da məbləğin hər kv.m. üçün 1,10 manat təşkil etməsi və cavabdehin də həmin məbləğ üzrə ödənişlər etməsinə dair dəlilləri üzrə qeyd edir ki, digər mülkiyyətçilər azad surətdə bağladıqları müqavilələr üzrə öhdəlik daşıyıcılar olduğundan, cavabdeh isə belə bir müqavilə bağlamadığından, kommunal xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar binanın sahə mülkiyyətçilərinin müvafiq qərarının mövcud olmaması isə cavabdehin belə öhdəlik daşıyıcısı olmamasına səbəb olduğundan, iddiaçının qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumunun tutulması barədə tələb də təmin edilməməli və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 3 ünvanda 10 və 12 saylı mənzillərə görə sentyabr 2018 – avqust 2023 tarixləri ərzində kommunal xidmət haqqı qismində yaranmış 9060,63 manat borcun, iddia ərizəsinə görə ödənilmiş 110,61 manat məbləğində dövlət rüsumun, cəmi 9171,24 manat pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" MMM-nin hesabına ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1770/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1770/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver