Məhkəmə qərarları › İş №e-2(009)-1797/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1797/2022

22.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1797/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi F.Ə.Məmmədovanın iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 1973-cü ildən hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində ilk əmək fəaliyyətinə zal növbətçisi vəzifəsindən başlamış, daha sonra laborant, böyük laborant və elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Bir sıra elmi məqalələrin, elmi işlərin müəllifi olmuşdur. Bakı şəhəri 1 saylı tibb məktəbində (əvvəlki adı) müəllim işləmişdir. Ölkəsinin ən çətin dönəmində milli ruhun yaranmasında əməyi olmuşdur. Lakin 2019-cu ildən başlayaraq ona rəhbərlik tərəfindən mənəvi təzyiqlər olmuş, 2019-cu ilin 16 aprel tarixində X3 Fond Şöbəsinin 12-ci dərəcəli elmi işçisi olduğu halda heç bir əsas göstərilmədən kitabxanaya 9-cu dərəcəli Böyük Laborant vəzifəsinə keçirilmişdir. 2021-ci ilin iyun ayının 25-də kitabxana 9-cu dərəcəli Böyük Laborantı vəzifəsindən Etnoqrafiya və Elmi Fond şöbəsinə keçirilmişdir. Demək olar ki, Nailə Vəlixanlı 2019-cu ildən 2022-ci ilə qədər muzeyin daxilində gah vəzifəsi aşağı salmış, gah da bir şöbədən digərinə keçirilərək mənəvi təzyiqin altında qoymuşdur ki, könüllü olaraq ərizə yazıb işdən azad olsun. Lakin bunun baş vermədiyini gördükdə 2022-ci ilin 5-8 aprel tarixlərində keçirilmiş Attestasiyanın nəticələrinə əsaslanaraq Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Hesab edir ki, onun vəzifəsindən azad edilməsi qərəzlidir, ədalətsizdir. Əmək kitabçasından da aydın görünür ki, onun işdən könüllü getməsi üçün muzey rəhbərliyi bütün təsir vəzifələrindən istifadə etmişdir. 2019-cu ilin 16 aprel tarixindən başlanmış vəzifəsinin aşağı salınmasını, 2021-ci ilin iyun ayında başqa şöbəyə keçirilməsi ölkə Nazirlər Kabineti tərəfindən tətbiq edilən sərt karantin rejiminin tətbiq edildiyi dövrə təsadüf edir, yaşının 65dən yuxarı olduğunu da nəzərə alaraq demək olar ki, həmin vəzifələrdə işləmək imkanı olmamışdır. Hesab edir ki, sərt karantin rejiminin tələblərinə görə İddiaçı həmin keçirildiyi vəzifələrdə normal əmək şəraiti olmamış və həmin vəzifələrə görə də attestasiya olması qanunsuz və əsassızdır. Əmək Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə görəyalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaq attestasiyadan keçirilə bilər. İş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Baxmayaraq ki, təqvim üzrə onun çalışdığı müddət 1 ildir, lakin sərt karantin rejiminə görə həmin vəzifələrdə heç bir il də çalışmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Muzeyin Baş Direktorunun (X5) xx.xx.2022-ci il tarixdə, 57-k saylı əmrinin etibarsız hesab edilməsi, onun məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunması, hüquqların kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5000 manat pulun, eləcə də ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X7 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, nümayəndəsi olduğu şəxs onun anasıdır. Özü İstanbul Universitetinin doktorantıdır. 2019-cu ildən Tarix Muzeyinin direktoru anasına qərəzli münasibət göstərmiş, 1973-cü ildən ən kiçik vəzifədən elmi işçi vəzifəsinədək yüksələn bir şəxsi aşağı vəzifəyə keçirmiş, işlədiyi müddət ərzində anasına normal iş şəraiti yaradılmamış, attestasiya qərəzli surətdə keçirmiş və anası qanunsuz olaraq işdən azad olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazı təqdim edərək etirazda göstərilmişdir ki, iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 1973-cü ildən hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyində ilk əmək fəaliyyətinə zal növbətçisi vəzifəsindən başlamış, daha sonra laborant, böyük laborant və elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Bir sıra elmi məqalələrin, elmi işlərin müəllifi olmuşdur. Bakı şəhəri 1 saylı tibb məktəbində (əvvəlki adı) müəllim işləmişdir. Ölkənin ən çətin dönəmində milli ruhun yaranmasında əməyi olmuşdur. Lakin 2019-cu ildən başlayaraq ona rəhbərlik tərəfindən mənəvi təzyiqlər olmuş, 2019-cu ilin 16 aprel tarixində X6 fond şöbəsinin 12-ci dərəcəli elmi işçisi olduğu halda heç bir əsas göstərilmədən kitabxanaya 9-cu dərəcəli böyük laborant vəzifəsinə keçirilmişdir. 2021-ci ilin iyun ayının 25-də kitabxananın 9-cu dərəcəli böyük laborantı vəzifəsindən Etnoqrafiya elmi fond şöbəsinə keçirilmişdir. Demək olar ki, Nailə Vəlixanlı 2019-cu ildən 2022-ci ilə qədər muzeyin daxilində İddiaçı gah vəzifəsini aşağı salmış, gah da onu bir şöbədən digərinə keçirərək mənəvi təzyiq altında qoymuşdur ki, könüllü olaraq ərizə yazıb işdən azad olsun. Lakin bunun baş vermədiyini gördükdə 2022-ci ilin 5-8 aprel tarixlərində keçirilmiş Attestasiyanın nəticələrinə əsaslanaraq Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Hesab edir ki, onun vəzifədən azad edilməsi qərəzlidir, ədalətsizdir. Əmək kitabçasından da aydın görünür ki, onu işdən könüllü getməsi üçün muzey rəhbərliyi bütün təsir vasitələrindən istifadə etmişdir. 2019-cu ilin 16 aprel tarixindən başlanmış vəzifəsinin aşağı salınması, 2021-ci ilin iyun ayında başqa şöbəyə keçirilməsi ölkə Nazirlər Kabineti tərəfindən sərt karantin rejiminin tətbiq edildiyi dövrə təsadüf edir, yaşının 65-dən yuxarı olduğunu da nəzərə alsalar demək olar ki, həmin vəzifələrdə işləmək imkanı olmamışdır. Hesab edirlər ki, sərt karantin rejiminin tələblərinə görə İddiaçı həmin keçirildiyi vəzifələrdə normal əmək şəraiti olmamış və həmin vəzifələrə görə də attestasiya olunması qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə görə yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Baxmayaraq ki, təqvim üzrə İddiaçı çalışdığı müddət bir ildir, lakin sərt karantin rejiminə görə həmin vəzifələrdə heç bir il də çalışmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Cavabdeh tərəfindən İddiaçı əmək hüquqlarının kobud şəkildə pozulması onun qanuni işindən və gəlirindən məhrum etməsi ciddi qanunun pozuntusu olmaqla ona mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Buna görə də cavabdehdən həm də ona vurulmuş mənəvi zərərin əvəzi də alınmalıdır. Birincisi, 2022-ci il aprelin 5-də AMEA Milli Tarixi Muzeyində keçirilmiş attestasiya zamanı muzeydə böyük laborant vəzifəsində çalışan İddiaçı işi Attestasiya komissiyası tərəfindən yoxlanılmış və onun əmək funksiyalarını yerinə yetirmədiyi müəyyən olunmuşdur. Komissiya yеkdilliklə İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərarına gəlmiş və onun işdən azad olunmasını muzeyin rəhbərliyinə tövsiyə etmişdir. İkincisi, iddiaçı qeyd edir ki, sərt karantin rejiminin tələblərinə görə İddiaçı həmin keçirildiyi vəzifələrdə normal əmək şəraiti olmamış və həmin vəzifələrə görə də attestasiya olunması qanunsuz və əsassızdır. 2022-ci il aprelin 5-də sərt karantin rejimi olmamışdır. Bundan başqa attestasiya qanunun tələblərinə uyğun keçirilmiş və İddiaçı attestasiyanın nəticələrini mübahisələndirməmişdir, hal-hazırda qüvvədədir. Üçüncüsü, xüsusi ilə qeyd edir ki, İddiaçı başqa vəzifələrə keçirilməsi onun əmək funksiyalarını yerinə yetirmədiyi ilə bağlı olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğundan təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iş üzrə iddiaçının nümayəndələrinin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, iddiaçını 19 ildir tanıyır. xx.xx.2022-ci il tarixdə Həmkarlar Təşkilatı Komitəsi iclasında iştirak etmiş, lakin məhkəməyə təqdim olunan həmin iclas protokolunda əks olunan onun çıxışı düzgün deyil, o, həmin ifadələri işlətməmişdir, bildirmişdir ki, əgər Səadət xanımın iş qabiliyyəti yoxdursa başqa işlə təmin olunsun. Müdiriyyətlə Səadət xanım arasında hansı münasibətin olmasını bilmir. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1977-ci ildə Azərbaycan SSRnin Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyinin zal növbətçisi vəzifəsinə işə qəbul olunmuş, Azərbaycan SSR-nin X2 Heyətinin xx.xx.1979-cu il tarixli 6 nömrəli qərarının 7-ci bəndi əsasında muzeyin təmirə bağlanması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-cı ildə Azərbaycan SSR-nin Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyinin zal növbətçisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1982-ci ildə baş laborant vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə attestasiyasının başa çatması ilə əlaqədar kiçik elmi işçi vəzifəsinə təsdiq edilmiş, xx.xx.1993cü ildə elmi işçisi vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə X6-Fond şöbəsinin 9-cu dərəcəli böyük laborantı 5-8 aprel 2022-ci il tarixlərdə keçirilmiş attestasiyanın nəticəsinə əsas tutaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyinin işçisi İddiaçı attestasiya üzrə xx.xx.2022-ci il tarixli attestasiya vərəqəsinin surətindən görünür ki, attestasiya vərəqəsinin “Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar”ını nəzərdə tutulan 7-ci bəndinə əsasən “Sizin Etnoqrafiya fondunda fəaliyyətiniz nədən ibarətdir? - Dissertasiya oxuyub rəy bildirirəm. Bəs əmək funksiyanıza uyğun hansı işləri görürsünüz? - Şöbə əməkdaşlarının suallar olan zaman onları cavablandırmışam. Başqa işiniz yoxdur? - Xeyr.Sizin məqalələri, topluda nəşr olunan məqalələri oxuyuram. Əgər şöbədə sizə sual olunmasa belə çıxır ki, siz heç bir işlə məşğul olmursuz? – Bəli” kimi qeydlər göstərilmişdir. Attestasiya vərəqəsinin “Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi”ni nəzərdə tutulan 10-cu bəndinə əsasən Attestasiya komissiyası tərəfindən “Tutduğu vəzifəyə uyğun deyil” kimi qeyd edilmişdir. İş üzrə 5-8 aprel 2022-ci tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş işçilərin attestasiyasının nəticələrinin surətindən görünür ki, attestasiyanın nəticələrinə əsasən tutduqları vəzifəyə uyğun bilinən işçilərinin sayının 97 nəfər, attestasiyanın nəticələrinə əsasən tutduqları vəzifəyə uyğun bilinməyən və başqa vəzifəyə keçirilməsi tövsiyyə olunan işçilərinin sayının 4 nəfər olması qeyd edilmiş və həmin şəxslər siyahısında attestasiya nəticələrinə əsasən vəzifəsinə uyğun olmayıb işdən azad olunması tövsiyyə edilən Etnoqrafiya elmi fond şöbəsinin böyük laborantı İddiaçı adı da qeyd edilmişdir. İş üzrə AMEA Milli Azərbaycan Tarixi X8 iclasının 3 No-li protokolundan xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyində 5-8 aprel 2022-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələrinin təsdiq edilməsi qərara alınmışdır. İş üzrə AMEA Milli Azərbaycan Tarixi X1 komitə iclasının xx.xx.2022-ci il tarixli 29 saylı protokolun surətindən görünür ki, İddiaçı 2006-cı ildən sonra əlilliyi ilə əlaqədar təkrar tibbi müayinədən keçib-keçməməsi, əlilliyinin qüvvədə olub-olmaması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilməsi Milli Azərbaycan Tarixi Muzeyinə tövsiyyə olunması qərara alınmışdır. İş üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 57-K saylı əmrin surətindən görünür ki, X6-fond şöbəsinin 9-cu dərəcəli böyük laborantı İddiaçı 5-8 aprel 2022-ci il tarixində keçirilmiş attestasiyanın nəticələrinə əsasnalaraq, 13 .05.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa tapşırılmışdır. Əsas: AMEA Milli Azərbaycan Tarixi X8 iclasının xx.xx.2022-ci il tarixli 3 nömrəli protokolundan çıxarış. İş üzrə Bakı 12 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/12-00025 saylı arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarix Muzeyinin səlahiyyətli nümayəndəsi İddiaçı səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən təsvir edildiyi kimi işə bərpa tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixdə 17.00-17.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı uzun illər Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarix Muzeyində müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2019-cu il tarixdə X6 fond şöbəsinin 12-ci dərəcəli elmi işçisi vəzifəsindən kitabxanaya 9-cu dərəcəli böyük laborant vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə X6 fond şöbəsinin 9-cu dərəcəli böyük laborantı vəzifəsinə keçirilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki,Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin işçilərin attestasiyadan keçirilməsi ilə bağlı komissiya yaradılmış və komissiya tərəfindən muzeydə böyük laborant vəzifəsində çalışan İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına (peşəsinə) dair uyğunluğunu müəyyən etmək üçün suallar verilmişdir. Həmin attestasiyada İddiaçı cavabları attestasiya komissiyasını qane etməmiş və komissiya tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun olmaması qənaətinə gəlinmiş, keçirilmiş attestasiyanın nəticələrinə görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixdə əmr qəbul edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuş, işlədiyi vəzifədə normal əmək şəraiti olmamış, həmin vəzifəyə görə onun attestasiyanın keçirilməsi qanunsuz və əsassız olmuşdur. Sərt karantin rejiminə görə o vəzifəsində bir il də çalışmamışdır. Bu səbəbdən iddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsini və işə bərpa olunmasını,dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində mənəvi təzminatın ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Göstərilən Məcəllənin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “a” və “ə” bəndlərinə əsasən əmək müqaviləsi üzrə işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək kimi əsas hüquqları vardır. Həmin Məcəllənin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən əmək funksiyalarının düzgün yerinə yetirilməsi işçinin əmək vəzifəsinə aiddir . Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “c” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüquqları vardır. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “a” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Eyni Məcəllənin 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir (bənd 1). Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir (bənd 3). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən:

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olub-olmadığını müəyyən etmək məqsədilə keçirilir. Məhkəmə ilk növbədə iddiaçının iddianın əsası kimi gətirdiyi dəlillərindən biri kimi vəzifəsində işlədiyi müddətin bir il olsa da, sərt karantin rejiminə görə həmin vəzifədə bir il işləməməsi və bu səbəbdən onun attestasiyadan keçirilməli olmaması barədə dəlilləri üzrə qeyd edir ki, həmin hal işçinin həmin müddətdə işləməməsi və iş stajına daxil olmaması kimi qiymətləndirilə bilməz. Bu səbəbdən həmin dəlillər əsassız hesab edilməlidir. Digər tərəfdən məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması ilə bağlı yaradılmış attestasiya komissiyası və həyata keçirilmiş attestasiya AR Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olduğundan və attestasiya keçirilərkən qanunun göstərilən tələblərinin pozulması halları aşkar olunmadığından, cavabdeh attestasiya komissiyasının qiymətləndirilməsi barədə tövsiyyəsini nəzərə alaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində tam səlahiyyətli olmuşdur. AR Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinini «c» bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə xx.xx.2022-ci il tarixli əmri tam qanuni olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr AR Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2022ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab edildiyindən, məcburi işburaxmaya görə əmək haqqının tutulması barədə tələb də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassız hesab edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi işə bərpa olunması hissəsində əsassız olduğundan, həmçinin iddiaçının işdən azad olunması barədə əmrin tam qanuni olması təsdiq olunduğundan, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçının işdən azad olunması barədə xx.xx.2022-ci il tarixli əmri AR Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Bu səbəbdən mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə tələb də təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

Q Ə T E T D İ:

İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə qarşı Muzeyin Baş Direktorunun (X5) xx.xx.2022-ci il tarixdə, 57-k saylı əmrinin etibarsız hesab edilməsi, onun məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunması, hüquqların kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5000 manat pulun, eləcə də ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun alınaraq ona verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar