Məhkəmə qərarları › İş №e-2(009)-1808/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1808/2021

08.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1808/2021 08.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi K.V.Əliyevin iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Milli X6 İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli X6 İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Azərbaycan Milli X6 İdarəsi arasında 19.02.2020-ci il tarixdə xxxxxxx000202 nömrəli əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 630 manat maaş ilə Azərbaycan Milli X6 İdarəsində “baş mütəxəssis” vəzifəsində çalışmışdır. 19.02.2020-ci il tarixli xxxxxxx000202 nömrəli əmək müqaviləsinə 20.05.2021-ci il tarixdə qanuna zidd olaraq xitam verilmişdir. Əmrin surətini və əmək kitabçasını dəfələrlə tələb etsə də, hələ də ona təhvil verilməmişdir. Cavabdeh onu xəstələndiyi üçün işdə olmadığı vaxt işdən çıxartmışdır. Bu durumu kobud qanun pozuntusu olduğunu hesab etmişdir. Belə ki, 17.05.2021-ci il tarixdən o, xəstələndiyi üçün iş yerinə gedə bilməmişdir. Həmin gün bədənindəki ağrılar vç yüksək hərarət səbəbi ilə özünü halsız hiss etmişdir. Covid-190da da şübhələnmişdir. Bu durumu 17.05.2021-ci ildə açılmış və 22.05.2021-ci il tarixdə bağlanmış bülleten də təsdiq etmişdir. Bülleten açılandan sonra, yəni 17.05.2021-ci il tarixdə xəstə olduğunu və işə gələ bilmədiyini, gələndə bülleten gətirəcəyini telefonla iş yerinə bildirmişdir. Buna baxmayaraq, 20.05.2021-ci il tarixdə, yəni iddiaçı xəstəliyi ilə əlaqədar iş yerində olmadığı vaxt onu işdən çıxartmışlar. O, bu günə qədər əmək funksiyasını yüksək peşəkarlıq ilə yerinə yetirmişdir, bir dəfə də olsun xəbərdarlıq olmamışdır, əksinə dəfələrlə həvəsləndirici təriflər, təşəkkürnamələr almışdır. Evlidir, 3 azyaşlı övladı var. Başqa heç bir qazanc yeri yoxdur. Azərbaycan Milli X6 İdarəsinin 20.05.2021-ci il tarixdə o, xəstəliyə görə işə gələ bilmədiyi vaxt əmək müqaviləsinə müddətinin bitməsini əsas götürərək xitam verilməsi tamamilə qanuna ziddir. Görünüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq onunla Azərbaycan Milli X6 İdarəsi arasında bağlanmış 19.02.2020-ci il tarixli əmək müqaviləsinə o, xəstəliyə görə məzuniyyətdə olduğu dövrdə xitam verilməsi qadağandır. Lakin Azərbaycan Milli X6 İdarəsi qanunvericiliyin tələblərinə məhəl qoymayaraq əmək müqaviləsinə xitam verilmişdir. Göstərilənlərə nəzərə alaraq iddiaçı cavabdeh Azərbaycan Milli X6 İdarəsinin 20.05.2021-ci il tarixli əmri ləğv edilərək İddiaçı Azərbaycan Milli X6 İdarəsinin “baş mütəxəssisi“ vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azəərbaycan Milli X6 İdarəsindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, xəstəliyi ilə bağlı kadrlar şöbəsinin işçisi Svetlana xanıma məlumat vermişdir. May ayının 5-də may ayının 16dan əmək məzunyyətinə çıxması üçün ərizə ilə müraciət etmişdir. Lakin onun müraciəti cavabsız qalmışdır. 20.05.2021-ci il tarixdə onu iş yerinə dəvət etmişlər, kadrlar şöbəsində olmuşdur və ona bildirmişlər ki, əmək münasibətlərinə xitam verilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, qanunvericiliyin imperativ normasıdır ki, əmək qabiliyyətini müvəqqəti itirən şəxslər xəstə olduqları müddətdə işdən azad oluna bilməzlər. İşəgötürən iddiaçının sağalmasını gözləmədən əmək müqaviləsinə xitam vermişdir. Bu isə qanunun tələbinə zidd olmuşdur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X17 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, 20.05.2021-ci il tarixdə İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında olmuş, bu zaman Azərbaycan Milli Elmlər Akademiyasının girişində tibbi xidməti işçisi Mütəllimova Rüqiyyə tərəfindən onun hərarəti yoxlanılmış, onda heç bir xəstəlik əlamətləri aşkar olunmamışdır. İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında olarkən, Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra vətəndaşları, o cümlədən X2 aparıcı mütəxəssisi X7, Kadrlar Şöbəsinin müdiri vəzifələrini icra edən X3 və digər şəxslərlə ünsiyyətdə olmuşdur. Həmin şəxslər ünsiyyətləri zamanı iddiaçı X1 heç bir xəstəlik və ya xəstəlik əlamətləri müşahidə etməmişlər. Xəstə olmasını heç kəsə bildirməmişdir. 20.05.2021-ci il tarixdə iddiaçı X5 Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında olarkən, ona Azərbaycan Milli Elmlər Akademiyası ilə bağladığı əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar ona yazılı xəbərdarlıq təqdim olunmuş, lakin o, heç bir əsas gətirmədən xəbərdarlığı imzalamaqdan və qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən də Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən 20.05.2021-ci il tarixli müvafiq akt tərtib olunmuşdur. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, xəstəliyi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir şəxsə məlumat verilməmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Azərbaycan Milli X6 İdarəsinin 18.02.2020-ci il tarixli 37-i.i. nömrəli əmrin surətindən görünür ki, İddiaçı 19.02.2020-ci il tarixdən AMEA Rəyasət Heyətinin tabeliyində İnzibati binaların istismarı və təsərrüfat idarəsinin Nəqliyyat-təsərrüfat şöbəsinə baş energetik vəzifəsinə işə qəbul edilmiş, AMEA İşlər İdarəsinin Mühasibatlığı əmrin icrasından irəli gülün maliyyə məsələlərini həll etmiş, aylıq əmək haqqın ştat cədvətinə müvafiq olaraq 457 manat müəyyən edilmişdir. Əsas: İddiaçı ərizəsi və əmək müqaviləsi. İş üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 126 nömrəli, 14.05.2020-ci il tarixli sərəncamına əsasən AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədovun 12.05.2020-ci il tarixli 01-M-435 nömrəli təqdimatını nəzərə alaraq AMEA Rəyasət Heyətinin tabeliyində İnzibati binaların istismarı və təsərrüfat idarəsinin Nəqliyyat-təsərrüfat şöbəsinin baş energetiki X4 18.05.2020-ci il tarixdən AMEA İşlər İdarəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmiş və əmək haqqı ştat cədvəlinə uyğun ödənilmişdir. AMEA-nın İşlər İdarəsinə (Elton Məmmədov), AMEA Rəyasət Heyəti aparatının Maliyyə şöbəsinə (İlqar Quliyev) və AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquq təminat şöbəsinə (Elmira Əliyeva) sərəncamın icrasından irəli gələn məsələləri həll etməsini tapşırılmışdır. Əsas: AMEA-nın İşlər idarəsinin müdiri E.Məmmədovun 12.05.2020-ci il tarixli, 01-M- 435 nömrəli təqdimatı, İddiaçı ərizəsi və onunla bağlanmış əmək müqaviləsi. İş üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə İddiaçı arasında bağlanmış 18.05.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul olunmuş, aylıq əmək haqqı 630 manat müəyyən olunmuş, həmin əmək müqaviləsi bir il müddətinə 18.05.2021-ci il tarixədək bağlanmışdır. İş üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 20.05.2021-ci il tarixli sərəncamına əsasən AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin baş mütəxəssisi İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə 20.05.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (müddətin bitməsi) xitam verilmişdir. AMEA Rəyasət Heyəti aparatının rəhbəri (filologiya üzrə fəlsəfə doktoru, dosent Sefəl Həsənov), AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsi və Maliyyə şöbəsi (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) sərəncamın icrasından irəli gələn məsələləri həll etməsini tapşırılmışdır. İş üzrə AMEA Rəyasət Heyəti aparatı rəhbərinin xidmətinin baş mütəxəssisi X11, AMEA Rəyasət Heyəti aparatının Kadrlar Şöbəsinin müdir müavini X3 və AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin baş mütəxəssisi X9 tərəfindən tərtib edilmiş 20.05.2021-ci tarixli aktdan görünür ki, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin baş mütəxəssisi İddiaçı 20.05.2021-ci il tarixdə AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinə gəlmişdir. Onunla bağlanılmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar İddiaçı yazılı xəbərdarlıq təqdim edilmiş, lakin İddiaçı xəbərdarlığı imzalamaqdan və xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. İş üzrə 26 No-li RŞX tərəfindən verilmiş SN 00007 seriyalı 128016 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin kserosurətindən görünür ki, İddiaçı 17.05.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək xəstə olmuşdur. İş üzrə AMEA-nın Rəyasət Heyəti aparatının işlər idarəsinin tibb işçisi Ruqiyə Mütəllimova tərəfindən yazılmış izahatdan görünür ki, o, xüsusi karantin rejimi ilə bağlı olaraq hər gün AMEAnın Rəyasət Heyəti binasına daxil olan şəxslərin sağlamlığına nəzarət edir və hərarətlərini yoxlayır. Həmçinin 20.05.2021-ci il tarixdə, saat 13.20-də İşlər idarəsinin işçisi İddiaçı da hərarəti yoxlanılmış və xəstəlik əlamətləri müşahidə olunmamışdır. İş üzrə AMEA-nın X14 İdarəsinin inzibati binaların istismarı və təsərrüfat idarəsinin X2 aparıxı mütəxəssisi X8 tərəfindən yazılmış izahatdan görünür ki, İşlər İdarəsinin baş mütəxəssisi vəzifəsində çalışan İddiaçı 20.05.2021-ci ildə saat 13.20-də AMEA Rəyasət Heyəti binasına daxil oldu və Kadrlar şöbəsinə gələcəyini bildirmişdir. Həmin vaxt onda narahatçılıq müşahidə etməmiş, 14.20-də isə binadan çıxmışdır. İş üzrə AMEA Rəyasət Heyəti aparatı oKadrlar şöbəsinin müdiri vəzifəsini icra edən Kərimova Svetlara tərəfindən yazılmış izahatdan görünür ki, AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin baş mütəxəssisi İddiaçı 20.05.2021-ci io tarixdə nahar vaxtı, təxminən saat 13.30-da AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinə gəlmişdir. Onunla yarım saatdan çox davam edən danışıq zamanı onda narahatçılıq və ya xəstə vəziyyətində olmasını müşahidə etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 18.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdehin tabeliyində olan İnzibati binaların istismarı və təsərrüfat idarəsinin Nəqliyyat-təsərrüfat şöbəsinə baş energetik vəzifəsinə işə qəbul edilmişdir. 18.05.2020-ci il tarixdə müvafiq əmrlə AMEA İşlər idarəsinin baş mütəxəssisi vəzifəsində keçirilmiş və bu vəzifə üzrə onunla bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 20.05.2021-ci ildə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmiş və iddiaçı işdən azad edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh onunla əmək müqaviləsinə qanunsuz əsaslarla xitam vermişdir. Belə ki, 17.05.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək iddiaçı xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirmişdir və bu səbəbdən üzrlü səbəbdən işdə olmamışdır. Buna baxmayaraq işəgötürən 01.06.2021-ci il 20.05.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Bu səbəbdən iddiaçı 20.05.2021ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslardan biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin maddənin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi işəgötürən əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verə bilər. Lakin işçi müqavilənin müddəti qurtardığı hallarda üzrlü səbəblərdən (xəstələnməsi, ezamiyyətdə olması və sair) işdə olmazsa, bu halda işəgötürən onun işə çıxmasını gözləməli və ondan sonra əmək müqaviləsinə xitam verməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 20.05.2021-ci il tarixdə AMEA Rəyasət Heyətinin inzibati binasında olmuşdur və ona, əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı yazılı xəbərdarlıq təqdim edilmişdir. Lakin iddiaçı xəbərdarlığı imzalamaqdan və qəbul etməkdən imtina etmişdir. Bununla bağlı AMEA Rəyasət Heyəti aparatının baş mütəxəssisi Rzaqulu Hacıyev, kadrlar şöbəsinin müdir müavini Sevtlana Kərimova və hüquq şöbəsinin baş mütəxəssisi Teymur Əliyevin iştirakı ilə akt tərtib edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş əmək qabiliyyətinin olmaması vərəqində onun 17.05.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək əmək qabiliyyətinin itirilməsi göstərilsə də, iddiaçı 20.05.2021-ci il tarixdə işlədiyi müəssisənin inzibati binasında olmuşdur. Digər tərəfdən iddiaçı xəstələnməsi ilə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə işəgötürənə hər hansı məlumat verməmiş və belə məlumatın verilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçı 20.05.2021-ci il tarixdə işə gəlmiş, AMEA-nın inzibati binasında onun xərarəti yoxlanılmış və onda heç bir xəstəlik əlamətləri aşkar olunmadığı üçün inzibati binaya buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əmək qabiliyyətinin olmaması barədə işəgötürənə lazımi məlumat vermədiyi üçün, eyni zamanda əmək qabiliyyət olmadığı halda işlədiyi müəssisənin inzibati binasında olduğu üçün, işəgötürən əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı əmək müqaviləsinə xitam verməkdən tam haqlı olmuşdur. Yəni cavabdeh iddiaçının xəstələnməsi barədə məlumatlı olmadığı üçün, əmək müqaviləsinə müddətinin bitməsi ilə əlaqədar xitam verilməsi barədə sərəncam (əmr) tam qanuni və əsaslı hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının tələbi işə bərpa hissəsində təmin olunmadığı üçün, məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də tələb əsassız hesab edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli X6 İdarəsinə qarşı 20.05.2021-ci il tarixli 106 nömrəli əmrin ləğvi, iddiaçının əvvəl tutduğu vəzifəyə Azərbaycan Milli X6 İdarəsinin baş mütəxəssisi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar